Azərbaycan dialektologiyasına dair konseptual tədqiqat

 

Milli-mənəvi mənsubluq kəsb edən elmlərdən bəhs edərkən onların hər birində birbaşa xalqla bağlı olan, onu daha dərindən öyrənən müəyyən bir sahə göstərmək, fərqləndirmək zəruridir. Tarix elmindən danışarkən etnoqrafiyanın, ədəbiyyatşünaslıqdan söhbət açarkən folklorun, dilçilikdən bəhs edərkən dialektologiyanın bu elmlərin fundamentini təşkil etdiyini və ya bir-birindən ayrı mümkünsüzlüyünü vurğulamaq lazımdır. Dialekt və şivələrin öyrənilməsi məsələlərinə diqqət bu gün də öz aktuallığını saxlamaqdadır. Dialektologiya nəzəri dilçiliyin bir şöbəsi olub, dilin dialekt və şivələrini öyrənir. Ötən XX əsrdə elmin və təhsilin intensiv inkişafı və tərəqqisi dialektləri məişət dili çərçivəsində saxlasa da, insanın öz tarixi keçmişini öyrənmək ehtiyacı bütün zamanlarda aktual olmuşdur. Azərbaycan dialektlərinin öyrənilməsi Azərbaycan dövlətinin dil siyasətində də başlıca məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın  tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" 9 aprel 2013-cü il tarixli Dövlət Proqramının 6.3.5-ci bəndində də Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi dialektoloqlar üzərinə məsul vəzifələr qoyub.

Azərbaycan dialektologiyasında öz xidmətləri ilə diqqəti cəlb edən görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor İbrahim Bayramovun bu sahədəki kitab və monoqrafiyaları öz aktuallığı baxımdan qiymətlidir. Alimin Türkiyənin Ankara şəhərində işıq üzü görən "Azərbaycan dialektologiyası" adlı irihəcmli monoqrafiyası bu sahədəki fundamental əsərlərdən biridir. Bu əsər Azərbaycan dialektologiya məktəbinin yaradıcısı, görkəmli dilçi-türkoloq, akademik Məmmədağa Şirəliyevin xatirəsinə ithaf edilib. Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, redaktoru filologiya elmləri doktoru, dosent Könül Səmədova, rəyçiləri filologiya elmləri doktoru, professorlar Məhərrəm Məmmədli, Həcər Hüseynova, filologiya üzrə fəlsəfə doktoru, dosentlər Kifayət İmamquliyeva və Sevinc Sadıqovadır.

Bu əsərdə İbrahim Bayramov Azərbaycan dili şivələrinin tədqiqi tarixindən, təsnifi prinsiplərindən, fonetikası, leksikologiyası, morfologiyası və sintaksisindən geniş şəkildə bəhs edərkən  tamamilə fərqli konsepsiyalar ortaya qoyub. İlk dəfə olaraq Zəngəzur şivələrindən ayrıca bəhs olunan əsərdə Dərbənd, Təbriz şivələri, Qərbi Azərbaycanın və Gürcüstanın Azərbaycan dili şivələrinə aid nümunələr də yer alıb. Əsərdə həmçinin Azərbaycanın etnocoğrafiyasındakı dialektlərin xüsusiyyətləri ümumiləşdirilmiş, müasir ədəbi dillə, digər türk dilləri və dialektlərinin, eləcə də yazılı abidələrin materialları ilə müqayisələr aparılıb.

Professor İbrahim Bayramov "Azərbaycan dialektologiyası" əsərinin "Giriş" hissəsində dialektologiyanın nəzəri məsələlərindən geniş şəkildə bəhs edir, Azərbaycan dili şivələrinin tarixi aspektdə öyrənilməsində qədim abidələrin əhəmiyyətini xüsusi vurğulayır.

Əsərin "Dialektoloji terminlər" bölməsində məhəlli və sosial dialektlərin, yəni qəbilə dialekti, etnik dialekt, ədəbi dialekt (koyne dialekt), peşə dialekti, sinfi dialekt və s. mahiyyəti konkret nümunələr əsasında izah edilir. Ləhcə, şivə, keçid şivəsi kimi terminlərin aydınlaşdırılması məqsədilə yığcam izahlar verilir. Bu hissədə həmçinin dialektologiyanın növləri - təsviri dialektologiya, tarixi dialektologiya və müqayisəli dialektologiyanın da qısa və yığcam tərifi diqqət çəkir.

Əsərdəki "Azərbaycan dili şivələrinin öyrənilməsi tarixi" başlıqlı hissədə indiyədək aparılan tədqiqatlara ümumi baxış ifadə olunur. Aydın olur ki, Azərbaycan dili şivələrinin öyrənilməsi dörd yolla aparılır: Azərbaycan dili şivələrinin ekspedisiya yolu ilə öyrənilməsi; Azərbaycan dili şivələrinin monoqrafik yolla öyrənilməsi; Tədris ədəbiyyatı vasitəsi ilə öyrənilməsi; Leksikoqrafik yolla öyrənilməsi.

Əsərin günümüz üçün də aktuallıq kəsb edən bölmələrindən biri də "Qərbi Azərbaycan şivələrinin tədqiqi tarixi" məsələsidir. Məlumdur ki, Qərbi Azərbaycan şivələrinin tədqiqinə XX əsrin ikinci yarısından başlanıb. Bu tədqiqatlar üç istiqamətdə aparılıb: Qərbi Azərbaycan şivələrinin ümumi şəkildə tədqiqi; Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrinin şivələrinin tədqiqi; konkret bir kəndin şivəsinin tədqiqi.

İ.Bayramov Qərbi Azərbaycan şivələrini aşağıdakı kimi qruplaşdırıb: Qərb şivələri - bu şivələrə Çəmbərək, Karvansaray, Basarkeçər, Böyük Qarakilsə, Dağ Borçalısı (Calaloğlu, Kalinino), Ağbaba, Quqark rayon ərazisinin şivələri daxildir; Cənub şivələri - bunlar Dərələyəz, İrəvan, Zəngibasar, Vedibasar, Qarakilsə, Meğri, Qafan rayonu şivələrini əhatə edir.

Azərbaycan dili şivələrinin təsnifi - bölünməsi Azərbaycan dialektologiyasında həmişə aktual və mübahisə doğuran problemlərdən olub. "Azərbaycan dilinin şivələrinin təsnifi prinsipləri" başlıqlı bölmə bu baxımdan daha maraqlıdır. Müəllif burda təsnifat apararkən Azərbaycan dili şivələrinin  özünəməxsus fonetik, morfoloji, sintaktik və leksik xüsusiyyətlərinə görə biri-birindən oxşar və fərqli xüsusiyyətlərini göstərir və müşahidə olunan dil faktlarını nümunə gətirir.

İbrahim Bayramov əsərin "Azərbaycan dilinin dialektoloji atlası" bölməsində dialektologiyanın tədqiqat metodlarından biri kimi dilçilik coğrafiyası metodunun mahiyyətini diqqətə çatdırır. Şivələrdə rast gəlinən dil materiallarının toplanması, onların xəritə üçün işlənib hazırlanması, dil hadisələrinin xəritələrə köçürülməsi, bu sahədə görülən işlərdən geniş bəhs edir. Qeyd olunduğu kimi, Azərbaycan dilinin dialektoloji atlası eyni zamanda türk dillərinin müqayisəli tədqiqi, eləcə də tarixçilər, etnoqraflar, arxeoloqlar üçün də qiymətli material verir.

Monoqrafiyanın növbəti bölməsi Azərbaycan dialektologiyasının fonetik sisteminə həsr olunub. Məlumdur ki, fonetika həm ədəbi dilin, həm də dialekt və şivələrin xüsusi bir bölməsini təşkil edir. Müəllif bu bölmədə ədəbi dilin fonetikası ilə Azərbaycan dili şivələrinin fonetikasının bir-birindən fərqli xüsusiyyətlərini izaha cəlb edib. Bu fərq danışıq səslərində, diftonqlarda, ahəng qanununda, hecada, fonetik hadisə və qanunlarda özünü göstərir. Azərbaycan dili şivələrinin fonetikası dilimizin tarixini mühafizə etməklə yanaşı, ədəbi dildən fərqlənən xüsusiyyətlərə malikdir. Bu, özünü həm sait, həm də samit səslərdə göstərir. İbrahim Bayramov şivələrdə danışıq səslərinin ədəbi dildən çox olmasını qeyd edir və ədəbi dildə 34 danışıq səsinin olmasına baxmayaraq, şivələrimizdə 72 danışıq səsi olduğunu nümunələrlə göstərir.

Əsərin "Morfologiya" hissəsində də Azərbaycan dili dialekt və şivələrinin əsas və köməkçi nitq hissələrinə məxsus dialekt səciyyəviliyi sistemli şəkildə təqdim edilir. İ.Bayramov göstərir ki, Azərbaycan dili şivələrinin morfologiyası zəngin olmaqla ədəbi dilimizin morfologiyasından bir çox xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, şivələrimizin ədəbi dillə üst-üstə düşən morfoloji xüsusiyyətləri ilə yanaşı, müasir Azərbaycan ədəbi dilində rast gəlinməyən kifayət qədər morfoloji əlamətlər özünü göstərir. Şivələrimizin morfoloji əlamətləri dilimizin tarixi ilə səsləşir və eyni zamanda digər türk dillərində də rast gəlinir. Müasir Azərbaycan ədəbi dilinin morfoloji quruluşunun formalaşması və inkişaf tarixini izləmək üçün şivələrimizin morfoloji xüsusiyyətləri tam təsəvvür yaradır və baş verən morfoloji dəyişikliyi üzə çıxarmağa imkan verir. Bu, şivələrimizdə dilimizin qədim dövrünə xas hal şəkilçilərinin, eləcə də leksik və qrammatik şəkilçilərin mühafizə olunması ilə bağlıdır. Əsərin müəllifi bu kimi morfoloji xüsusiyyətləri bölgələrin dialektal  faktları əsasında təqdim edir.

İ.Bayramov əsərin "Sintaksis" bölməsində Azərbaycan dili şivələrinin sintaktik xüsusiyyətlərini araşdırıb, ədəbi dillə oxşar və fərqli xüsusiyyətlərə malik olduğunu ən mühüm cəhətləri ilə konkret şəkildə izah edib

"Azərbaycan dialektologiyası" monoqrafiyasında "Leksikologiya" bölməsinin yeni formatda təhlilə cəlb edilməsi, dialekt frazeologiyası və Azərbaycan dilinin dialektoloji lüğətləri, yəni leksikoqrafiya məsələlərinə yer verilməsi yenilik kimi təqdirəlayiqdir.

Bu səpkidə əvvəllər ortaya qoyulan əsərlərdən fərqli olaraq burada "Söz yaradıcılığı" bölməsi də öz əksini tapıb. Ədəbi dildə olduğu kimi, Azərbaycan dialekt və şivələrində də derivatoloji proses üç yolla - leksik, morfoloji və sintaktik üsulla baş verir. Monoqrafiyada söz yaradıcılığı məsələsinə xüsusi bölmə ayrılması da yeni bir yanaşmadır.

Azərbaycan Respublikasının müxtəlif yaşayış məntəqələrindən toplanmış və informatorların dilindən olduğu kimi verilən "Dialektoloji mətnlər" əsərin inandırıcılıq gücünü və praktiki əhəmiyyətini artırır.

Monoqrafiyanın maraqlı cəhətlərindən biri də istinadların və istifadə edilmiş ədəbiyyat siyahısının biblioqrafik təsvirinin APA sistemilə verilməsidir.

Son olaraq qeyd edək ki, yeni dövrün yeni elmi dünyagörüşünün formalaşması və elmi tərəqqi ilə bağlı olaraq Azərbaycan ədəbi dili də misilsiz dərəcədə inkişaf edib və zənginləşib. Dilin ictimai determinasiyası, quruluşu ilə yanaşı, hər bir dilin mövcudluğu və inkişafı bilavasitə dilin təzahür formaları ilə (ədəbi dil, dialekt, xalq danışıq dili) bağlıdır. Ümumxalq dili məhz dilin bu təzahür formalarının qarşılıqlı təsiri əsasında inkişaf edir. Məhz buna görə də dilin hərtərəfli öyrənilməsi üçün ədəbi dil, dialektlər və xalq danışıq dili ayrı-ayrılıqda və eləcə də qarşılıqlı şəkildə tədqiq edilməlidir. Bu baxımdan da, professor İbrahim Bayramovun müasir tələblər əsasında ərsəyə gətirdiyi "Azərbaycan dialektologiyası" əsəri dialektologiya elmi üçün əvəzsiz bir töhfədir. Bu kitabdan filologiya, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan bakalavrlar, eyni zamanda Azərbaycan dili ixtisası üzrə təhsil alan magistrantlar, dialektologiya ilə bağlı tədqiqat aparan doktorant, dissertant və gənc tədqiqatçılar istifadə edə bilərlər. Həmçinin əsərdəki təhlil istiqamətləri, nəzəri yanaşma və araşdırma formaları da sonrakı dövrün tədqiqatları üçün əhəmiyyətli elmi-nəzəri mənbə rolunu oynaya bilər.

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü,

Zülfiyyə İSMAYIL

dosent  AMEA Naxçıvan Bölməsi

525-ci qəzet.- 2024.-11 yanvar,№4.- S.10.