Efemera dağları: ötərilikdən əbədiyyətə

 

Esse

 

 

Xəritələrdə planetimiz lap xatasız görünür: yəni daşqınlardan, vulkanlardan, torpaq sürüşmələrindən heç bir əsər-əlamət yox kimi. Dağlar yerindədir; elə dənizlər də, düzənliklər və səhralar da.

"Dağ" demiş, hələ beşinci sinifdə fiziki coğrafiya fənnində bizi belə öyrədirdilər: ətəyi, yamacları və zirvəsi nisbətən aydın görünən hər hansı bir yüksəkliyə dağ deyilir. Başqa sözlə, yerin - hündür, dik yamaclı və zirvəli hissəsi dağ adlanır.

Lakin - omonim olaraq - bir "dağ" sözü də var ki, bunun yuxarıdakı "dağ"la deyilişi və yazılışı eyni olsa da, mənası fərqlidir; çünki bu "dağ" - ağır dərd, qüssə, kədər, ürək yarası deməkdir:

 

Vidadi xəstəyəm, ey gözüm sağı,

Artıbdır sinəmin düyünü, dağı.

 

Oxuyursan və dağım-dağım olursan. Çünki əgər "dağı dağ üstə qoymaq" ifadəsinin anlamı "çox böyük və ağır bir işin öhdəsindən gəlmək"dirsə, "dağı çəkmə dağ üstdən" ifadəsi azından "kədərimi artırma" deyə yara yalvarmaqdır.

Söz sənətində bəzi əsərlərin sadəcə olaraq libası dağlardır, kökündə sənətkarın ağrıları, duyğuları dayanır. Başqa sözlə, dağlar - yaşına görə cavan və qədim-qoca dağlar - təbiətin bir parçası olaraq bədii ədəbiyyatda ucalıq və vüqar rəmzinə, simvola çevrilir.

Dağlar, dağlar, -qurban olum, yol ver keçim! -

Barış Manço oxuyur bunu. Bu mahnı ilə kamançanı (hüznü) topluma yenidən tanıdan Barış!

İnsan oğlu əsrlər uzunu və arada-sırada da əsrə bərabər günlərdə üstü ilə karvan yeriməz, yıxılan və yıxılmayanhansı dağlardan keçmədi? Himalay, Altay, And, Qafqaz, Tanrı dağları (Tyanşan) və daha başqa dağlar...

Əgər yerin zirvəli hissəsi olan dağlar Günəşə nə qədər yaxındırsa, bir o qədər də soyuq olursa, poeziyada "efemera" hesab olunan xiffət, dərd dağları isə Günəşə yaxın olduqca daha artıq atəşlənir. Başqa sözlə, fizikanın qanunları ilə poeziyanın "qanunlar"ı fərqli işləyir. Məsələn, poeziyada şairin - olsun Verlen, Xuan Ximenes, Tomas Eliot, ya da Brodski və sairə - Cazibə (Qravitasiya) qanunu istiqamətinə qarşı getmək cəhdləri indi təəccüb doğurmur; yaz yağışı, ya da qış qarı misilli, aşağılara deyil, altdan yuxarılara yağmağı, ulduzlara, qalaktikalara meyillənməyi, Qalaktionun timsalında, özünün də günün birində bir bədii təmizlik qalaktikasına çevrilməyi göz doldurur!

Amma burası da var ki, xəritələrdə mənim burada başlığa çıxardığım "Efemera dağları" adında dağ yoxdur. Qədim yunan mənşəli "efemera" "bir gündən çox yaşamayan" mənasını verir. İlkin mənasında isə bir gündən artıq yaşamayan May böcəyi nəzərdə tutulub. Lakin biz tərəflərdə onun şeirlərindən - "efemeralar"ından, "birgünlük"lərindən daha uzunömürlü qalmaq az şeirə nəsib oldu! Əlbəttə, maraq doğuran bir də burasıdır ki, "efemera" sözünün əhəmiyyətsiz əşyalar, lazımsız məhsullar, məsələn, müvəqqəti sənədlər, vizit kartları, avtobus və kino biletləri, bank qəbzləri, siqaret kağızları, afişalar (yenə və sairə) anlamı verən mənası da var. Hələ aparıcı dünya dillərini bir qırağa qoyuram, təkcə Türkiyə türkcəsində əhəmiyyətsiz əşyalar - efemeralar - təbəssüm doğuran "ıvır-zıvır" sözü ilə ifadə olunur. "Efemera"ya "qan qohumluğu" olan "efemerid" sözü isə göy cisimlərinin koordinatlarını, astronomik cədvəllərini nəzərdə tutur. Köhnə qəbzlərin, afişaların, ümumiyyətlə, efemera hesab olunanların kolleksiyaçıları var, lakin təbii ki, hələ ulduz kolleksiyaçıları yoxdur. Tarixdə bir çox şairləri lazımsız əşyalara çevirmək çəhdləri çox olub: "alkaş", "sərsəri" adı da veriblər, dar ağacına sürükləyiblər, sürgünlərə göndəriblər. Lakin bacarmayıblar; hətta tam tərsi -  əksi də baş verib: yəni günlərin bir günü ulduza baxan kimi baxıblar şairə! Dar ağacları da işıq dirəklərinə çevrilib. Buna görə də buradan belə "efemera"nın təkcə ilkin mənasında bir gündən artıq yaşamayan May böcəyini nəzərdə tutan mənası üzərində dururam. Çünki bircə günlük ömrü, qısaca həyatı ilə şeirdə əbədilik simvoluna çevrilən May böcəyi-efemera çoxumuzu Poeziyanın və böyük şairlərin vurğununa çevirmədimi!? Və masa arxasında yaşamaqla Yazı da həyat tərzimizə dönmədimi!?

Qalaktionun "Efemera" adında bir neçə şeiri var - "Efemera", "Yenidən efemera", "Dəniz efemerası", "Yeni il efemerası" və "Doğma efemera" - və mən onlardakı həzin duyğu dalğalarına dalıb, birdən-birə efemeraları dağlar şəklində gördüm. Bu, möcüzə kimi idi! Necə ki, planetimizin səthində nisbətən isti temperatur günəşin qızdırdığı isti havadan deyil, torpağın və suyun yuxarıdan gələn istiliyi yaxşı udmağından və sonra da onu atmosfer qatına ötürməyindəndir, belə oxşar minvalla, zənn elədim ki, Qalaktionun "efemera"larının -  bütövlükdə də dünya Poeziyasının - verdiyi istilik yığılıb bir günəşə dönür-dönüşür. Gündüz günəş şüaları ilə qızanlar gecələr bu günəşlə də qızına bilərlər.

Bəzi ədəbiyyat simaları Qalaktionun efemeralarına bir Exegi monumentum kimi də baxırlar. Burada sözkökü qədim Roma poeziyasının "Qızıl dövrü"ndə yazıb-yaratmış Horatsinin "Bir heykəl qurdum" odasına - qədim lirik şeir şəkillərindən biri - bağlı hesab olunan "Exegi monumentum"a gedib çıxır.

Yəni o şey (efemera) ki, ani, sürəksiz-ötəri hesab olunur, sən demə, həmin "ani" ilə ölümsüzlük də qazanmaq olurmuş! Bu, Qalaktionun timsalında sübutunu tapıb!

O, heykəl xəstəsi olmasa da, "ani"lərdən-"ötəri"lərdən yaratdığı, gözəlliyi ilə göz oxşayan Niaqara şəlaləsinə bənzətdiyi poeziyası ilə özü öz heykəlini yapdı. Təbii ki, heykəltaraşlıq əsərləri yaradan sənətkarlardan fərqli olaraq, bu heykəl yonma, qazıma, ya da tökmə üsulu ilə deyil, yazmaq-yanmaq üsulu ilə bədii sözdən yaradılmışdı!

Əslində, bütün böyük şairlər kimi Qalaktionun poeziyası da "saniyə zarisovkaları" - anında yaradılmış efemeralar - olaraq, eyni zamanda qəlblərin dərin guşələrini riqqətə gətirən, həyəcanlandıran, hər an insani-bəşəri olanı xatırladan, əbədiyyət zəngləri çalan duyğular dünyasıdır! Dünya ədəbiyyatında poeziya heykəllərinə çevrilmiş şairlərə gəlincə, Qalaktion qalaktikasının çinarları onların bədii sözü qarşısında hər zaman ehtiram göstərərək baş da əyirdi!

Şair şifrçi-şifraçan deyil. Lakin Qalaktion əsl poeziyanı, əsl şairi Həyatla Ölüm arasında bəzən bir münsif, bəzən də bir aralıq qaynaqçısı, duyğular daşıyıcısı olaraq görürdü. O, Şeiri işıqdan da, ilk qardan da, ilk tumurcuqlardan da ilkin bilirdi.

Burası da var: bəzən "gözəl nitq"i olmayan, sözün üstə "rəqs eləmək" bacarmayan şairləri, bəzi müasirlərə görə, hətta anlaşılmaz sözlərlə danışan - nitqində və bəzi əməli-işgüzar yazılarında, məsələn, ərizə, ya da avtobioqrafiyalarında qüsur-defekt, dili ağırlıq göründüyü iddia olunan qələm sahiblərini heçə çıxaran tənqid trollarına da rast gəlinir. Lakin unutmaq olmaz! Qalaktion misilli şairlərin yeganə dili Poeziya dilidir! Hətta möhtəşəm sayılan "tamada şairlər" də özlərini Qalaktionun poeziya dilinin yanında aciz-köməksiz sayırlar!

Yazırlar ki, ömrünün sonlarına yaxın az qala dörd il Qalaktionun qapısını döyən olmayıb. Bilmirəm. Çünki Qalaktionun dəfn mərasimi keçiriləndə mənim cəmi iki yaşım olub. Lakin indi bunu deyə bilərəm: yadlardan tutmuş yaxınlarına qədər bir kimsəni qınamayıb, fikirlərində belə, kimisə tənbeh eləməyib. Qəlbini efemeralar kiridib, qapısını poeziyası döyüb.

P.S. Gürcüstan Yazıçılar Evində biləndə ki, bir nəfər azərbaycanlı - yəni bəndəniz - Qalaktion haqqında kitab hazırlayır, təqdir edib bəyəndilər. Sonra mənə bir nəfər də yaxınlaşdı. Tanış olduq. Şair Quri Otobaya idi. Soruşdu ki, Qalaktionun hansı şeirləri məni daha çox cəzb edir? Mən düşünmədən: - "Efemera" - dedim. Bu, ona maraqlı gəldi. Çünki Qalaktionun azərbaycanlı oxucular arasında daha çox məşhur olan şeirləri "Mən və Gecə", "Meri" və "Öncə Poeziya!" hesab olunur.

Batono Quri dedi ki, sən bu kitabı yazacaqsan, hətta gürcü dilini mükəmməl bilməsən də, yazacaqsan, məsələn, mən inanıram!

"Carpe diem" - "Anı saxla" buyurur efemera, bir göz qırpımı qədər olanı möcüzə kimi gör, - deyir efemera. Bilmirəm Yazıçılar Evindəki həmin əfsanəvi anı, sürəsi bir göz qırpımı qədərcə olanı tuta bildimmi?

...Möcüzəyə həmişə inanıram!

 

İBRAHİMXƏLİL

525-ci qəzet.- 2024.-11 yanvar,№4.- S.8.