Milli hərəkatın
tarixi və çağdaş yol xəritəsi
Zaman keçdikcə hər bir xalqın inkişaf
yolunu bəlirləyən ideoloji, məfkurəvi, ictimai-siyasi
yol xəritəsinin olmasının vacibliyi əsas rol
oynayır. Son iki yüzillik tariximiz göstərir ki, türk
xalqları çox zaman hadisələrin dalınca gedib, ideoloji
və məfkurəvi cəhətdən baş verə biləcək
hadisələri qabaqlaya bilməyib və ona qarşı
ideoloji mövqe ortaya qoya bilməyib. Halbuki cəmiyyətin
qarşıdakı hadisələri doğru qiymətləndirməsi,
ideoloji, siyasi hədəflərə çatması
üçün buna nəzəri cəhətdən hazır
olmaq lazım gəlir. M.F.Axundzadənin fikirlərində bunun
konturlarını görmək mümkündür. Əli
Süavi, Cəmaləddin Əfqani, Həsən bəy Zərdabi,
İsmayıl bəy Qaspıralı, Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğlunun fikirlərində
də bəzən Şərq, bəzən isə türk
toplumunun gələcək yol xəritəsi
cızılır, inkişaf yolları aranırdı. Ziya
Göyalpın "Türkçülüyün əsasları"
kitabında və "Türkləşmək, islamlaşmaq,
müasirləşmək" adlı silsilə məqalələrində
türk cəmiyyətlərinin mənəvi düşüncə
arenasında yeni bir mərhələ yaşanır.
Z.Göyalp türkçülüyün, türk cəmiyyətlərinin
inkişaf istiqamətlərini müəyyənləşdirməyə
çalışırdı. M.Ə.Rəsulzadə isə bu
konsepsiyanı Azərbaycan modelində dövlətçilik
kontekstində inkişaf etdirdi.
Sonrakı yüzildə bu proses yavaşıdıldı,
türk xalqları gələcək hadisələrə hazır
olmadı. Bu gün də belədir; biz hələ də
İ.Qaspıralının, Ə.Hüseynzadənin,
Ə.Ağaoğlunun, Z.Göyalpın, M.Ə.Rəsulzadənin
nəzəri-ideoloji irsinə müraciət edir, oradan
yararlanmağa çalışırıq. Halbuki zaman, hadisələr
dəyişdiyi kimi, nəzəri irs də dəyişməli
və yeniləşməlidir. Yüz il əvvəl söylənən,
yazılan fikirlər bugünkü cəmiyyətlərə
yalnız nəzəri irs kontekstində lazım ola bilər.
İndi cəmiyyətlərin qarşısında yeni hədəflər
qoyulmalı, bugünkü reallıqlara uyğun nəzəri,
ideoloji, siyasi, mənəvi yol xəritəsi hazırlanmalıdır.
Keçmişdə olduğu kimi, bu gün də siyasi, tarixi
hadisələr çox zaman ideologiyanı qabaqlayır. Yəni
çağdaş nəzəri, ideoloji altyapı türk
xalqlarının yeni reallıqlar kontekstində gələcəyini
müəyyənləşdirmir. Bu mənada Arif Rəhimoğlunun
"Yaşmaqlı panfarsizm, yaxud şahmat taxtasında Azərbaycan
və Farsıstan" adlı kitabının olduqca
böyük əhəmiyyəti var.
Arif Rəhimoğlu bu araşdırmasında
bütövlükdə türk xalqlarının deyil, konkret
olaraq Azərbaycan, onun millətləşmə sürəci,
milli kimlik və Farsıstanla (mən də bu adın işlənilməsini
təqdir edirəm!) qarşıdırmasının tarixi, nəzəri,
siyasi milli model arayışları ortaya qoyur. Ona görə də
bu araşdırmanı indiki halında Z.Göyalpın yüz
il əvvəlki arayışları ilə müqayisə etmək
olar. Sadəcə olaraq, Z.Göyalp əgər siyasi, ideoloji
yol xəritəsini türkçülük kontekstində
götürürdüsə, A.Rəhimoğlu Azərbaycanın
bugünkü durumuna görə konkretləşdirir. Deyə
bilərəm ki, bu problem də türkçülük qədər
böyük əhəmiyyət daşımaqla yanaşı,
olduqca vacibdir, hətta çağdaş elmi-nəzəri
düşüncəmizin vazkeçilməz problemidir.
Aydındır ki, belə bir problemi araşdırmaq və
doğru qənaətlərə gəlmək
üçün problemin içində olmaq, hadisələrə
nəzəri və təcrübi baxış sərgiləmək,
ən əsası isə elmi-nəzəri, ideoloji erudusiyaya
malik olmaq lazım gəlir. A.Rəhimoğlunun həyatı, fəaliyyəti,
məşğul olduğu iş bu problemi bütün yönlərdən
görməyə və dəyərləndirməyə imkan
verirdi. 90-cı illərdən bəri məşğul
olduğu bir problemi sistemli şəkildə
araşdırıb ortaya qoymaq ona müyəssər olub. Bunu
kitabın istər nəzəri bölümlərində, istərsə
də çağdaş hadisələrin qiymətləndirilməsində
görmək mümkündür. Bu cür yanaşmanı
ancaq demokratik hərəkatın başlanğıcından bu
yana hadisələrin içində olmuş, millət, cəmiyyət
problemlərini dərindən bilən, ideoloji, siyasi
düşüncəyə malik bir düşünür yaza
bilərdi. Onun buna qədər Azərbaycan dilinin tarixi problemi
ilə məşğul olması və filoloji sahədə fəlsəfə
doktoru elmi dərəcəsi alması da mövzunu müqayisəli
şəkildə hərtərəfli işləməsinə
imkan yaratmışdır. Nəticədə A.Rəhimoğlu
Azərbaycan konseptini (tarixi, ideolojisi, milli kimliyi, siyasi
düşüncəsi, qarşısında duran maneələrə
müqavimət yolları və sair) sistemli şəkildə
işləyib hazırlamağa nail olub.
Arif Rəhimoğlu Azərbaycan konseptini müxtəlif
istiqamətlərdə araşdırır; toplumsal, yaxud milli
model axtarışları, model axtarışında dəyişən
mövqelər, model axtarışında
bölücülük və toplayıcılıq, milli hərəkat
və millətləşmə sürəci, demokratikləşmə
dalğasında millətləşmə prosesinin xüsusiyyətləri,
pantürkizm və panfarsizm, fars şovinizminin boyqırım
(etnosid) siyasəti və sair. Bütün bu problemlərin Azərbaycan-Farsıstan
qarşıdurması kontekstində ortaya qoyulması Azərbaycanın
çağdaş reallıqlarından irəli gəldiyi hər
fürsətdə anlaşılır. Müəllif sanki bizi
haçan və nə zaman baş verəcəyindən
asılı olmayaraq, bu regionda gerçəkləşəcək
hadisələrə hazırlayır, mövcud formulları nəzərdən
keçirir, bəzən tarixə - yüz il əvvələ
ekskurs edir və yeni modellər təklif edir. Yeri gəlmişkən,
yaxşı olardı ki, ölkənin siyasi, elmi fikir
adamları A.Rəhimoğlunun son dərəcə qapsamlı
bu araşdırmalarına münasibət bildirəydi və
diskurslar açaraq bu modelləri bir qədər də təkmilləşdirəydi.
Çünki əsərdən də göründüyü
kimi, bu araşdırma A.Rəhimoğlunun ölümündən
sonra əlyazması əsasında dərc edilir. Yəqin ki,
özü nəşrə hazırlamış olsaydı, bəzi
məsələlərə fərqli münasibət bildirərdi.
Bu diskursun genişlənməsi fərqli konsepsiyaların
ortaya çıxmasını şərtləndirən amillər
olardı.
Arif Rəhimoğlu milli model arayışlarında bir
neçə mümkün ssenari üzərində dayanır.
Özü də bu model axtarışları təkcə
müstəqil Azərbaycan üzərindən deyil,
bütövlükdə xalq üzərindən
aparılır. Bu, doğru yanaşmadır; çünki ədəbiyyat,
sənət, mədəniyyət kimi, xalqın siyasi yolunun da
nə zamansa birləşməsi mümkün olacaq. Ona görə
də bütün hesabları bu yöndə aparmaq bütövlük
üçün ən doğru yanaşma ola bilər. Bu cəhətdən
müəllifin milli model axtarışlarının mərkəzində
Azərbaycan türkü durur. Məsələyə
aydınlıq gətirmək üçün tədqiqatçı
mövcud siyasi, ideoloji
terminologiyalara da öz münasibətini bildirir. İran
adı arxasında gizlənilmiş fars mərkəzli yol izləniminin
anatomiyası yaxşı açılır və bu siyasətin
əslində İranda fars hakimiyyətini qorumağa xidmət
olduğu arqumentlərlə əsaslandırılır. Müəllifin
belə bir fikri ilə razılaşmamaq olmur: "XX
yüzilin başlarında toplumsal model axtarışları Azərbaycan
mərkəzli idi və daha çox Azərbaycan türklərinin
qatıldığı öncül (mütərəqqi)
güclər Türk Qacar dövlətinin
çağdaşlaşması, azadlıq və vətəndaş
haqlarına sayğılı bir dövlətə çevrilməsi
uğrunda mübarizə aparırdı".
A.Rəhimoğlu son yüzillikdə indiki İran ərazisində
baş verən siyasətin görünən və
görünməyən tərəflərini açmağa
çalışır, Tehran mərkəzli gerici güclərlə
Təbriz mərkəzli mütərəqqi güclərin
mübarizəsini və bu mübarizədə türklərin
məğlubolma səbəblərini açır. Bunun
başlıca səbəblərindən biri kimi Azərbaycan
türklərinin milli modelinin olmamasında görür. Bu
dövrdə buraxılan səhvlər (daha doğrusu, əvvəlcədən
bu kimi hadisələrə nəzəri baxış müəyyən
olunmadığından!) farsların xalqın ərazi,
hüquq və azadlıqlarını nəzərə almadan mərkəzçi
dövlət yaradılmasına gətirib çıxardı.
"İmperiya dövləti" anlayışı
sonrakı hadisələrdə (Xiyabani və Pişəvəri
hərəkatı!) də üstün gəldi. Bu tarixi
ekskursdan sonra müəllif "İmperiya dövlətimi,
yoxsa millətmi?" diskursunu qoyur. Aydın məsələdir
ki, hər bir toplum üçün öncə dövlətdir,
lakin milli kimliyini hələ tanımayan bir dövlətdə
bu etnosun millət anlayışı önə
çıxır. İmperiya dövləti içində
öncə milli kimliyini bəlirləməli, sonra isə
dövlətini qurmalısan. XX yüzilin başlarında da
demək olar, eyni yolu keçdik və dövlətçiliyimizi
qazandıq. Bu nədənlə də A.Rəhimoğlunun
imperiyaçı baxış əvəzinə millətçi
baxışı önə keçirməsi təbiidir.
Buradan da milli istiqlal davasına milli hakimiyyət davası da əlavə
olunduğunu deyə bilərik. Artıq Azərbaycanın
quzeyində belə bir təcrübə də
qazanılıb. A.Rəhimoğlu bütövlükdə
çağdaş millətçiliyin anatomiyasını
açır, onun fəlsəfəsini, arxeologiyasını
üzə çıxarır. Milli dövlətin bir-biri ilə
bağlı iki başlıca özül daşı-milli
istiqlaliyyət və milli hakimiyyət davasının paralel
aparılması ən doğru yol kimi müəyyənləşdirilir.
A.Rəhimoğlun üzərində durduğu məsələlərdən
biri də milli hərəkat və millətləşmə
prosesində toplumun hansı mərhələlərdən
keçməsi və necə hərəkət etməsidir. O,
təkcə milli hərəkat anlayışının mahiyyətini
açmaqla kifayətlənmir, onun mərhələ və
problemlərinə diqqət yetirir. Milli hərəkatın
xarakteri (milli etnik düşüncənin formalaşması, mərkəzləşmiş
bir ideya ətrafında cəmləşməsi və
mübarizə aparması, bəlirli bir zaman aşamasında
bu məqsədə çatması, cəmiyyətin ortaq görüş
və hədəflərə doğru yol getməsi və sair)
millətləşmə prosesini bəlirləyən ən
mühüm faktorlardan biri kimi, bu gün də qarşıda
duran əsas məsələlərdəndir. Müəllifin
milli hərəkatın millətləşmə prosesindəki
mərhələləri (milli hərəkatın
kültür aşaması, milli hərəkatın ideoloji
aşaması, milli hərəkatın ideoloji aşaması və
sair) xalqın, cəmiyyətin varlığını müəyyənləşdirən
amillərdəndir. Millətləşmədə son mərhələ
kimi demokratiya və idarəetmənin mövcudluğu də
A.Rəhimoğlunu narahat etdiyindəndir ki, milli dövlətin
qurulmasını demokratiyasız təsəvvür etmir. Belə
bir fikri doğru səslənir ki, "... öz dövlətinin
qurulması heç də toplumun dərhal millətə
çevrilməsi anlamına gəlməz". A.Rəhimoğlu
dövlətin qurulmasının əsas şərti kimi
toplumda demokratiya kültürünün oturuşması,
demokratik idarəetmə sisteminin qurulmasını əsas
görür. Burada millətçilik və liberalizm
anlayışlarına da yer verilir.
A.Rəhimoğlunun bütün bu problemlərə
tarix və bugün kontekstindən baxması, paralelliklər
aparması problemi görümlü edir, onu daha yaxından
başa düşməyə sövq edir, keçmişdən
dərs çıxarmağa imkan verir. Araşdırmada
türklər və farsların tarixi və bugünkü
durumu, qarşıdurması və ya
qarşılaşdırılmasında buraxılan
yanlışlıqlar və gerçəklər son dərəcə
titizliklə araşdırılır və müəyyən
nəticələrə gəlinir.
A.Rəhimoğlunun bu araşdırması bir çox
yöndən təhlilə cəlb olunmalı və həqiqi
qiymətini almalıdır. Burada ideoloji, ictimai, siyasi yön
başlıca yer tutur. Azərbaycan ictimai fikir tarixində bu
cür əsərlər hər zaman yaranmır. Son
yüzillikdə Ə.Hüseynzadə, Ə.Ağaoğlu,
Z.Göyalp, M.Ə.Rəsulzadə, M.Məmmədzadədən
sonra yeni ictimai-siyasi gerçəkliklər kontekstində
yazılan bu əsər tarix və dilçilik
baxımından da əhəmiyyətlidir.
"Yaşmaqlı panfarsizm, yaxud şahmat
taxtasında Azərbaycan və Farsıstan" nəzəri,
tarixi, ideoloji və həm də strateji araşdırmadır;
xalqın tarixini, bugününü içinə alan strateji,
ideoloji bir atlasdır. Bu atlasda çox geniş qapsamlı
ictimai, ideoloji proseslər təhlil edilir və bəlirli nəticələrə
gəlinir. Lakin demək olmaz ki, burada xalqın gələcək
inkişaf yolunun bütün konturları
cızılmışdır (müəllifin heç belə
məqsədi də olmamışdır!); bu istiqamət bizdə
hələ yenidir. Bu, bir başlanğıcdır; bu istiqamətləri,
cızılma konturlarını daha da inkişaf etdirmək,
xalqın milli birliyi, bütövlüyü naminə milli model
axtarışlarını davam etdirmək lazımdır.
İnanıram ki, A.Rəhimoğlunun bu konsepsiyası yeni
araşdırmalar üçün verimli impulslar olacaq və
milli kimliyin formalaşması istiqamətində fərqli model
axtarışları da ortaya çıxacaq.
Bədirxan ƏHMƏDLİ
525-ci qəzet.- 2024.-16 yanvar,№7.- S.12.