Tarixə ehtiramla, elmə hörmətlə...
Bu günlərdə Azərbaycan Dillər Universitetində
Eldar Əzizovun "Difai: XX əsrin
əvvəllərində erməni-azərbaycanlı
münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri"
kitabının müzakirəsinin keçirilməsi haqqında KİV-də dərc
olunan bir xəbər diqqətimi çəkdi. Məsələnin
aktuallığını, problemlə
tanışlığımı və bu barədə
vaxtı ilə mətbuatda (bax: Abid Tahirli. "Difai-təcavüz
və terrordan müdafiə" "525-ci qəzet", 26 may
2001-ci il) bu mövzuda yazdığımı nəzərə
alaraq, adı çəkilən kitaba münasibət bildirməyi
qərara aldım.
İxtisasca tarixçi olan Eldar Əzizovun "Difai:
XX əsrin əvvəllərində erməni-azərbaycanlı
münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri"
kitabının (Bakı - 2009. 364 səh.) "Giriş"ində
müəllif SSRİ-nin
süqutundan sonra "epoxal", "gözlənilməz",
"sensasiyalı" hadisələrin baş verdiyini qeyd edir
və yazır: "SSRİ dağılandan sonra postsovet məkanında
yaranmış yeni dövlətlərin xalqları öz
tarixini yenidən dərk etməyə ehtiyac duyurdular".
Müəllifin haqlı qənaəti yeni sual doğurur: Bəs
bu ehtiyac, tələbat yeni dövrün tələblərinə
uyğun kifayət qədər ödənilirdimi?
Açığını desək, səmimiyyətlə
etiraf etsək, yox! Bunun obyektiv və subyektiv səbəbləri
vardı. Onların bir qismi aşağıda qeyd etdiyim şəraitdən
qaynaqlanırdı:
- 1986-cı ildə SSRİ-də yenidənqurma,
"perestroyka" dövrü başlanandan az sonra mənfur
erməni qonşular növbəti dəfə xəyanət
yolunu tutdular, torpaqlarımıza göz dikdilər, himayədarlarının
maddi, mənəvi dəstəyi ilə separatçılar,
Dağlıq Qarabağda yenidən baş qaldıran quldur xislətli
qəbilə azərbaycanlıları əzəli və əbədi
torpaqlarından didərgin saldı, mülklərini, sərvətlərini
taladı, yandırdı, yüz minlərlə qaçqın
evsiz-eşiksiz qaldı, maddi-mədəni, tarixi, dini abidələrimizi,
şəhər, kənd və qəsəbələrimizi,
elm, təhsil, səhiyyə, mədəniyyət müəssisələrini
yerlə-yeksan etdi, viran qoydu, xarabazara çevirdi, körpə,
uşaq, qadın, xəstə, qoca demədən azərbaycanlılara
qarşı ağlasığmaz vəhşiliklər, cinayətlər,
soyqırımı törətdilər;
- respublikada yaranmış ictimai-siyasi, sosial-iqtisadi
mühit əhalinin bütün təbəqəsini, o cümlədən,
elm adamlarının fəaliyyətini iflic vəziyyətinə
salmışdı;
- müstəqilliyin ilk illərində daxili və
xarici pozucu, düşmən
qüvvələr ölkəni vətəndaş
müharibəsi həddinə
çatdırmışdılar;
- tarixlə məşğul olan həvəskarlar
eyforiyaya qapılır, arxiv sənədlərinə və mənbələrinə
istinad etməkdənsə, fantaziyalarına güc verir, bəzən
arzularını reallıq kimi təqdim edir, peşəkarların
əksəriyyəti isə sovet düşüncə tərzinin,
kommunist ideologiyasının buxovlarından xilas ola bilmir, nəticədə
həqiqətlər təhrif olunurdu.
Yalnız Ümummilli lider Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə gəlişindən, daha sonra - 2003-cü ildən
isə Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən
etibarən respublikamızda bütün sahələrdə
olduğu kimi, elmin, o cümlədən, tarix elminin
inkişafı istiqamətində də dönüş,
dirçəliş və yeni mərhələ
başlandı. Haqqında bəhs etdiyimiz kitabda E.Əzizov
toxunduğu problemin aktuallığını əsaslandırakən
bu prosesi də tarixi-xronoloji baxımdan ardıcıl, obyektiv
izləyib, düzgün dəyərləndirib.
Əsərdə diqqətimi çəkən bir
mühüm cəhət də Eldar Əzizovun "Difai" təşkilatı,
onun yaranması, rəhbərliyi, fəalları, fəaliyyəti,
şöbələri barədə fikir yürüdərkən etibarlı arxiv sənədlərinə,
mötəbər mənbələrə, tarixi faktlara diqqətlə
yanaşması, mövzu ilə bağlı mövcud materiallara yerli-yerində
istinad etməsi, onlara ədalətli, obyektiv və elmi
münasibət bəsləməsidir.
Yeri gəlmişkən bir məsələni qeyd etməyi
lazım bilirəm. Xalqımızın tarixində və
taleyində misli görünməmiş erməni vəhşiliklərinin
əsl mahiyyəti, mənzərəsi on illər boyu gizlədilmiş,
saxtalaşdırılmışdı. Sovet rejimi, kommunist
ideologiyası bir tərəfdən tarixin təhrif edilməsinə,
qərəzli qələmə alınmasına rəvac
vermiş, digər tərəfdənsə, xəstə erməni
təxəyyülünün, məkrli erməni təbliğat
maşınının işləməsinə göz
yummuşdu. Nəticədə üzdəniraq "partiya və
dövlət xadimi, alim, pedaqoq, kommunist və vətəndaş"
(Henri Azadyan) Con Kirokosyanın "Gənc türklər tarixin
məhkəməsi qarşısında" (Yerevan,
"Ayastan" nəşriyyatı, 1986-cı il) kimi
cızmaqaralar kütləvi tirajlarla nəşr olunmuş,
milyonlarla insanı yalanlarla məlumatlandırmış, əsl
həqiqətlərdən elmi ictimaiyyətin diqqətini
yayındırmış, ermənilərə qarşı
regionda ardıcıl şəkildə genosid həyata
keçirildiyi, Bakıda və Azərbaycanın digər
bölgələrində onlara divan tutulduğu həyasızcasına
qeyd olunmuş, qatillər - erməni terrorçuları,
başkəsənlər, qaniçənlər, o cümlədən,
cəllad Andronik isə "xalq qisasçıları"
adı ilə təqdim və təbliğ olunmuşdu. Bu bəladan
xilas olmaq çarəsini axtaranlar, eləcə də Əhməd
bəy Ağaoğlu kimi nəhəng tarixi şəxsiyyət
isə haqsız yerə ittiham edilmişdi.
Eldar Əzizovun qələmə aldığı
kitabla bağlı fikrimizi davam etdirərək bildiririk ki, əsər
"Giriş", "XX əsrin əvvəlində erməni-azərbaycanlı
münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri",
"1905-1906-cı illərin erməni-azərbaycanlı
münaqişəsi "Difai" partiyasının
yaranmasının əsas səbəbi kimi",
"Qarabağ Birlik Məclisi": təşkilati strukturu və
proqramı", "1906-1908-ci illərdə "Qarabağ
Birlik Məclisi" - "Difai"nin fəaliyyəti",
"Nəticə", "Əlavələr",
"İstifadə edilmiş ədəbiyyatın
siyahısı"ndan ibarətdir və struktur, dil-üslub,
metod baxımından sanballı, dolğun elmi əsərdir.
Problemin tədqiqi tarixi və
araşdırılması vəziyyətindən bəhs edən
müəllif sovet tarixşünaslığında məlum səbəblər
ucbatından 1905-1906-cı illərin erməni-azərbaycanlı
münaqişəsinə həsr edilmiş fundamental
araşdırmaların olmadığını, mövzuya dair
az da olsa, rast gəlinən əsərlərin sovet
ideologiyasının güclü təsiri altında
yazıldığını vurğulayır və
Z.İbrahimovun, V.Səmədovun, Q.Mustafayevin tədqiqatlarının
müsbət və qüsurlu cəhətlərini obyektiv dəyərləndirir.
Erməni-azərbaycanlı qarşıdurmasının səbəbləri
barədə, "Difai" təşkilatı haqqında E.Əzizov Əhməd
Əhmədovun, A.Ağalarovun, V.A.Lernerin, Məmməd Səid
Ordubadinin, Mir Möhsün Nəvvabın, A.F.Mayevskinin,
Tadeuş Svetoxovskinin, Odri Alştadın və başqa müəlliflərin
elmi, publisistik əsərlərini, arxiv materiallarını nəzərdən
keçirir, təhlil edir, müqayisələr aparır,
münasibət bildirir.
Kitabda diqqətimizi çəkən məqamlardan biri
də E.Əzizovun mühacirət irsindən, onun tədqiqatçılarının
ərsəyə gətirdiyi əsərlərdən
yerli-yerində, məharətlə bəhrələnməsidir.
Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məhəmmədzadənin,
Nağı Şeyxzamanlının, Hüseyn Baykaranın əsərlərində
"Difai" Partiyasının təşəkkülü, fəaliyyəti
ilə bağlı məqamlara diqqəti çəkən
E.Əzizov qeyd edir ki, həmin müəlliflərin irsində
XX əsrin əvvəllərində Azərbaycanda baş
vermiş hadisələr, erməni-azərbaycanlı
münaqişələrinin səbəbləri, siyasi
partiyaların yaranması məsələləri ətraflı
işıqlandırılıb.
Əsəri maraqlı edən xüsusiyyətlərdən
biri də Eldar Əzizovun erməni-azərbaycanlı
münaqişələri barədə erməni
tarixşünaslığının,
"Daşnaksütun" Partiyasının irəli
sürdüyü çürük, saxta, qərəzli və
qondarma müddəaları tutarlı dəlillərlə, təkzibolunmaz
faktlarla, tarixi sənədlərlə alt-üst etməsidir.
Tarixə ehtiramla, elmə hörmətlə qələmə
alınmış bu əsərin fərqli və üstün
keyfiyyətlərindən biri də odur ki, "Difai"nin
qurucuları, Partiyanın Mərkəzi Komitə üzvləri,
partiya üzvləri, fəalları, təbliğatçıları,
döyüş drujinaları, onların sayı, partiyanın
qəza, şəhər şöbələri barədə,
eyni zamanda "Difai"nin davamçısı, 1907-ci ildən
fəaliyyətə başlayan "Qarabağ Birlik Məclisi",
onun strukturu, proqramı, rəhbərləri, səlahiyyətləri ilə bağlı daha geniş bəhs
edir. Coşqun, fədakar fəaliyyəti ilə tarixdə silinməz iz
qoymuş Əhməd bəy
Ağaoğlu, Qarabəy Qarabəyov, Məmmədhəsən
Hacınski, İsa bəy Aşurbəyov, Ələkbər bəy
Rəfibəyov, Behbud Cavanşirski, Ələkbər və
Ələsgər Xasməmmədov, Nağı
Şeyxzamanlı və başqa tarixi şəxsiyyətlər
haqqında kitabdakı məlumatlar böyük maraq
doğurur. Əsərin müəllifi üçün
toxunulan mövzu həm də, o cəhətdən doğma və
diqqətçəkicidir ki, "Difai" partiyasının
"Qarabağ Birlik Məclisinin" rəhbəri Eldar
Əzizovun yaxın qohumu, ixtisaca alitəhsilli həkim,
Qarabağın nüfuzlu ictimai xadimi Kərim bəy
Mehmandarovdur.
Tarix elmləri doktoru, Əməkdar elm xadimi
Süleyman Əliyarlı ilə tarix elmləri doktoru Sevda
Süleymanovanın kitab haqqında birgə yazdıqları
"XX əsrin başlanğıcında erməni təcavüzü
haqqında yeni tədqiqat əsəri" adlı məqalədə
(Bakı Dövlət Universiteti, Tarix və onun problemləri",
¹ 3, 2009, s.433-435) müəlliflər istifadə edilmiş mənbələrlə,
istinaddan kənarda qalmış bir sıra araşdırmalarla
bağlı bəzi qeydlər etsələr də, onların
yazdıqları kimi, "hələ də aktuallıq kəsb
edən erməni-azərbaycanlı münaqişəsinin
tarixinə həsr edilmiş belə bir tarixi sənədli
kitabın Azərbaycan türkcəsində və rusca nəşr
edilməsi böyük önəm daşımaqdadır. Eldar
Əzizovun əsərinin tarixşünaslıqda öz layiqli
yerinin tutacağına tam əminlik bildiririk".
Abid TAHİRLİ
525-ci qəzet.- 2024.-16 yanvar,¹7.- S.11.