"Molla Nəsrəddin"in və
"Şərq qapısı"nın "Bisavad"ı
kimdir?
(Əvvəli ötən sayımızda)
XX əsrin əvvəllərində
Naxçıvanın mədəni həyatında, o cümlədən,
teatr işinin təşkilində, müxtəlif klub və dərnəklərin
fəaliyyətə başlamasında, oxucuların kitab tələbatının
qarşılanmasında, bir sözlə ədəbi-mədəni
mühitin formalaşmasında bir canlanma özünü
göstərirdi. Görülən bu işlərin müsbət
nəticələri də, nöqsanları da qəzetin səhifələrində
işıqlandırılırdı. "Bisavad"ın qəzetin
1924-cü il tarixli 41-ci nömrəsində dərc olunan
"Teatro və musiqi" sezonunun bağlanması"
adlı məqaləsinin tənqid hədəfində Kazım
Ziya dayanır. Naxçıvan Tədqiq və Tətəbbö
Cəmiyyətinin sədri Vahab Həsənzadə tərəfindən
Naxçıvan teatrında işə dəvət olunması
və onun bu işə laqeyd münasibətindən bəhs
olunur: "Naxçıvan Xalq Maarif Komissarı yoldaşı
Vahab Həsənzadə Mərkəzi teatronun halını
yüksəltməkdən ötəri Bakıdan bir nəfər
Kazım Ziya adında Bakı artistlərindən
Naxçıvana gətirib bir ildə 200 manat maaşa
müqavilənamə bağlamışdır. Hansı məbləğdən
və hansı büdcədən verəcək, onu da
özü bilir. Yoldaş Kazım Ziya gərək heç
olmasa ayda dörd teatro verib teatronun aktyor və həvəskarların nöqsanlarını rəf etmək
üçün müntəzəm surətdə repertuar
düzəldib öz bildiyindən aktyorlar və həvəskarlara
öyrədə və teatro işlərini qanuna sala idi. Heyf
olsun ki, yoldaş gələn günlərindən 12 gün
aktyorların və həvəskarların ciddiyətindən
sonra bircə müsamirə verib, o vaxtdan gedib əyləşib
Ordubadda ki, sezon bağlanmışdır. Dəxi onu
düşünməyir ki, Naxçıvana nə sezon? İl
başa-baş Naxçıvanda sezon bağlıdır. Bu az
müddətdə həmin teatroya çox müdirlər və
rejissorlar təyin olunubdur. Onların bərəkətindən
həmişə Naxçıvanda teatro vermək məsələsi
ortaya gəldikdə müdir sezonun bağlı olduğunu
qabağa atıb və yoldaş Kazım Ziya gələn
gündən böylədir".
Göründüyü kimi, Naxçıvanın
qabaqcıl fikirli ziyalıları təkcə sosial-iqtisadi məsələlərin
deyil, həm də Naxçıvanın mədəni
inkişafı ilə bağlı problemlərin də aradan
qaldırılmasına çalışırdılar.
"Bisavad" bu yazısında qonşu ölkələrdə
teatr sahəsinin gündən-günə inkişaf etdiyi halda,
Naxçıvan və Ordubadda isə
sıxışdırılıb aradan
çıxarıldığını "İl
başa-baş Naxçıvanda sezon bağlıdır"
deyərək tənqid edib. Sovet dövründə yeni fəaliyyətə
başlamış qəzetdə belə tənqidi yazılara
yer verilməsi olduqca əhəmiyyətli hadisə idi.
"Şərq qapısı"nın səhifələrində
yer alan bu tipli materiallar Naxçıvan ədəbi-mədəni
mühitinin inkişafındakı nöqsanların aradan
qaldırılmasına müsbət təsir göstərmişdi.
Qəzetin 1925-ci il tarixli 52-ci nömrəsini nəzərdən
keçirərkən görürük ki, həmin dövrdə
ziyalıların mübarizə etdiyi əsas məsələlərdən
biri də bütün idarələrdə işlərin
türk dilində aparılmaması idi. Xüsusən də
yerli idarələrə əcnəbilərin rəhbərlik
etməsi dil bilməyən əhaliyə iki qat əziyyət
olduğundan "Bisavad" "İdarələrimiz
türkləşməli, ya ruslaşmalı?" adlı məqaləsində
həyata keçirilən ruslaşma siyasətinə
qarşı çıxır və idarələrdə
işlərin türk dilində aparılması vacibliyini irəli
sürərək yazırdı: "Ölkəmizdə idarələrin
türkləşməsi məsələsi üstündə
çoxdan bəri götür-qoylar edilir. Fəqət bu yolda
atılan hər bir addımın əks nəticə verdiyi
göz qabağındadır. Bu xüsusda mərkəzi idarələr
tərəfindən dəfəat ilə qətnamələr qəbul
edilib ki, İdarələrimiz türkləşməklə kəndçilərimizin
işi asanlaşdırılsın. Ərizə vermək istəyən
bir yerli kəndçi artıq öz dilində yazdırıb
versin. Əfsus ki, bunların heç biri həyata
keçirilməmişdir. Kəndçilərdən bəzisi
birdən savadsız olduğu üçün öz dərdini
zəbani olaraq demək istədikdə gərək yanınca
bir tərcüman da gətirsin ki, idarə başında duran
ilə danışa bilsin. Hələ
idarə başında duran türkcə bilməsə eybi
yoxdur. Dərd burdadır ki, kiçik və ən kiçik
qulluqçular belə təmiz türkcə bildikləri halda
kəndli ilə rusca danışırlar ki, nə var
ağanın başını ağrıtmasınlar: bu
növ işlərdən kəndçilərin ən
çox işləri düşən kənd təsərrüfat
bankasından daha çox-çoxdur. İndi gəlin görək
öz dilində belə savadsız olan kəndli başına
nə daş salsın, dərdini necə desin?
Türkləşdirmə komissiyonu bir kənd təsərrüfat
bankının qapısından baxsa, çox yaxşı
olar".
"Şərq qapısı"nın 1926-cı il
32-ci nömrəsində "Bisavad" imzalı yazıda
göstərilir ki, Aza və Cəhri kəndində, iki aydan
artıqdır, işçilərin "haqları
verilmir", onlar məzuniyyət pulunu ala bilməməkdən
şikayətlənirlər: "Naxçıvan Mərkəzi
İcrayə Komitəsinin axırıncı dairə ictimaiyyətinin
qərarı mocibincə Aza və Cəhri dairə İcraiyyə
Komitələri ləğv edilmiş olduğundan həman
dairələrdə xidmət edən xidmətçilərdən,
vəzifələrdən
çıxarılmışlardır. Bu məsələdən
2 aydan artıq bir müddət keçməsinə baxmayaraq
çıxarılanların məzuniyyət haqqı,
çıxış paraları hələ də indiyə qədər
verilməmişdir".
Sonra müəllif işçilərin şikayətinə
baxılmadığını, daxili işlər
komissarlığı və maliyyə idarəsindən onlara
"bu paraları almağa" haqları olmadığı
deyildiyini bildirir: "Cəhri dairəsindən
çıxarılan 7 nəfər xidmətçi 15 gün
tamam dolanaraq Tumbul dairə İcraiyə Komitəsinə,
daxili işlər komissarlığına və maliyə idarəsinə
müraciət etmişlərdir. 15 gün gedib gələndən
sonra onlara cavab verilmişdir ki, siz seçki ilə
seçildiyinizə görə bu paraları almağa
haqlı deyilsiniz. Halbuki zəhmət qanununda böylə bir
şey göstərilməmişdir. Aza dairəsində olan
xidmətçilərin bir qismi qabaqcadan işi bildiklərinə
görə öz tədarüklərini də
görmüşlər. Orada haqqını almayan yalnız
İcraiyyə Komitəsinin katibi elə məhəlli komitə
katibidir. Hər halda lazımi idarələr bunların
halına fikir verərək xidmətçilərin
haqqını verməkdə "qənaət" etməməlidirlər".
Əkbər Abbasov
Məqalədə "Bisavad" imzalı müxbirin
bütün yazılarına yer vermək mümkün olmasa
da, onun "Şərq qapısı" qəzeti və
"Molla Nəsrəddin" jurnalındakı bəzi məqalələrini
müqayisə etdikdə, aydın olur ki, müəllifin
ifşa xarakterli yazılarının tənqid hədəfində
əsasən Naxçıvan dövlət idarələrindəki
vəzifə sahibləri və onların qanunsuz işləri
dayanır. "Bisavad"ın nəzər yetirdiyimiz
yazılarının təhlili göstərir ki, o öz
dövrü üçün aktual olan problemlərə
toxunmuş və nöqsanları oxucuların diqqətinə
çatdıra bilmişdir. Müəllif sadəcə
nöqsanları bildirməklə kifayətlənməmiş,
onların həll edilməsi vacibliyini də
vurğulamışdır.
Həmin dövrdə bəzi müxbirlər
"Bisavad" imzasıyla müxtəlif mətbu orqanlarda
çıxış etsələr də, "Şərq
qapısı" qəzeti və "Molla Nəsrəddin"
jurnalındakı bu imzanın Ə.Abbasova mənsubluğunu
qeyd etməyə bəzi mənbələr bizə əsas
verir.
“Şərq qapısı” qəzetinin 1930-cu illərdəki
əməkdaşları və müxbirləri
Beləliklə, yuxarıda qeyd etdiklərimizə
istinadən, vaxtilə "Şərq qapısı" və
"Molla Nəsrəddin" jurnalında dərc edilmiş məqalələrin
dil, üslub və ideya baxımından oxşar olması, o
cümlədən, məqalələrdə əsasən
Naxçıvandakı hadisələrdən bəhs edilməsi,
həm də filologiya elmləri doktoru Fərman Xəlilovun
"Cəlil Məmmədquluzadənin kitablarına daxil edilməyən
bir məktubu haqqında" (2015) araşdırmasını və
yazıçı jurnalist M.Tarverdiyevin 1985-ci ildə F.Xəlilova
ünvanladığı məktubdakı "Şərq
qapısı"nda "Bisavad" imzasının Əkbər
Abbasova məxsusluğu haqqındakı məlumatı da nəzərə
alsaq, hər iki mətbu orqanda Naxçıvanla bağlı
yazıların sonuna qoyulan "Bisavad" imzasını
Əkbər Abbasova aid edə bilərik.
Bəs Əkbər Abbasov kim olub?
Bir sıra müvafiq qaynaqlara və arxiv sənədlərinə
əsasən Ə.Abbasovun qısa tərcümeyi-halını
oxucuların diqqətinə çatdırırıq:
Əkbər Abbas oğlu Abbasov 1897-ci ildə
Naxçıvan şəhərində yoxsul kəndli ailəsində
anadan olub. Yoxsul bir ailədə doğulan Əkbər valideynlərinə
maddi və mənəvi yardım etmək üçün erkən
yaşda çalışmaq məcburiyyətində qalıb.
Bu səbəblər Əkbəri təhsildən
uzaqlaşdırmış və o, 1916-cı ildə Culfa-Təbriz
dəmir yolunda fəhləlik etməyə başlayıb.
Ə.Abbasov 1918-1920-ci illərdə Məmmədrza bəy
Allahverdiyevin başçılıq etdiyi dəstəyə
qoşularaq Naxçıvan, Ordubad, Şərur-Dərələyəz,
Zəngəzur qəzalarında və Qərbi Azərbaycanda
azərbaycanlılara hücum edən təcavüzkarlara
qarşı döyüşlərdə iştirak edib.
Naxçıvan hökuməti tərəfindən
xüsusi tapşırıqla Təbrizə göndərilən
Ə.Abbasov mühacirlər arasında geniş iş
aparır. Mühacirlərin vətənə
qaytarılması yolunda bir sıra çətinliklərlə
üzləşsə də, mübarizəsini uğurla davam
etdirən Əkbər ona verilən
tapşırığı müvəffəqiyyətlə
yerinə yetirir və 1922-ci ildə Naxçıvana
qayıdır.
Ə.Abbasovun döyüş fəaliyyəti yüksək
qiymətləndirilərək Naxçıvan MSSR
"Qırmızı partizan"ı adı verilib.
"Ədəbiyyat" qəzetinin 1935-ci il 13 yanvar tarixli
nömrəsində onun xidmətləri
işıqlandırılıb.
Naxçıvanda bir sıra vəzifələrdə
çalışan Ə.Abbasov 1924-25-ci illərdə ticarət
müvəkkili işlədikdən, sonra Şəhər
Kommunal Trestində müdir vəzifəsində
çalışıb. O, 1953-1962-ci illərdə Maarif
Komissarlığı və Həmkarlar İttifaqında bir
sıra məsul vəzifələr tutub. 1967-ci ildə 70
yaşında dünyasını dəyişib.
Günel ƏSGƏROVA
AMEA Naxçıvan Bölməsinin elmi
işçisi
525-ci qəzet.- 2024.- 17 yanvar,№8.- S.15.