MƏŞHUR NƏĞMƏNİN OXUNMAYAN ÜÇÜNCÜ BƏNDİ

 

Bu dəftərçə Ənvər Əlibəylinin yadigarıdır. Səliqəli xətti ilə gördüyü, eşitdiyi, şahidi olduğu əhvalatları qələmə alıb - hamısı bir-birindən maraqlıdır. Və düşünürəm ki, bəlkə də haçansa onlar qovuşaraq Ənvər Əlibəylinin yeni bir kitabını yaradacaqmış.

Burada elə hadisələrdən bəhs olunur ki, onlar köhnə nəsillərin gedişiylə çoxdan yaddaşın alt qatına çöküb, ya da tamam unudulub: Ənvər Əlibəylidən əvvəlki dövrün - 1920-30-cu illərin təşvişli olmuşları, onun bilavasitə içəridən izləyə bildiyi radio-televiziya həyatının ayrı-ayrı adamların bircə-bircə adlarını-soyadlarını sadalamaqla bəzən qüssəli, bəzən məzəli hekayətləri, ədəbi mühitdə şahid olduğu və yazıya-pozuya düşməmiş nə qədər bilinəsi təfərrüatlar.

Ənvər Əlibəylinin ailə üzvlərindən başqa kimsənin indiyədək görmədiyi və qızı Şəfəq xanımın mənə verdiyi o dəftərdəkiləri üzə çıxarmasaq, yaxın tariximizin səhifələrindəki bir çox şəxsiyyətlər və hadisələr bütövlüyü və bütün çalarlarıyla tanınmaz. Böyük aktyorumuz Mirzağa Əliyev haqqında indiyəcən qələmə alınmış bütün yazıların sırasına Ənvər Əlibəylinin dəftərindəki bu kiçicik, amma düşündürücü xatirə əlavə edilincə, o misilsiz sənətkarın portreti bir az da dolğunlaşır. Çünki bu epizodda həm aktyor Mirzağa Əliyevə xas hazırcavablıq, ani improvizə qabiliyyəti, həm də bir dəyanətli, qeyrətli kişi olaraq qəddar zəmanədə ləyaqətini, sifətini rəzillərdən qoruya bilmək bacarığı var. Yazır ki, günlərin birində teatr mühitində adamsatan, evyıxan kimi tanınan bir həpənd Mirzağa Əliyevə yaxınlaşır. O çağlarmış ki, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb artıq tutulubmuş, ziyalılar sırasından həbslər davam edirmiş və Mirzağa Əliyev də səksəkədəymiş ki, onu da ha bu gün, ha sabah götürərlər. O çuğulu da, ehtimal ki, Mirzağanın qılığına girib söz almaqçün qısqırdıblarmış. Həmin şeytan yaxınlaşır Mirzağa Əliyevə, söhbəti uzaqdan başlayır, ordan-burdan xeyli gəvəzəyəndən sonra gəlir mətləb üstünə. Soruşur ki, sən bilərsən, görən, Abbas Mirzəni, Ülvini nəyin üstündə tutublar, neyləyiblərmiş ki, onlar? Mirzağa qayıdır ki, vallah, xəbərim yoxdur. Qarayaxa əl çəkmir ki, yox, elə demə, hər halda bilməmiş olmazsan, neçə illərdir eyni səhnələrdəsiz, qastrollara çıxırsız, səfərlərə gedirsiz, oturub-durursuz, çörək kəsirsiz, söhbətləşirsiz, mümkün deyil sən bilməyəsən. Mirzağa yenə cavabdan qaçmaq istəsə də, baxır ki, bu hərif qır-saqqız olub əl çəkmir, istədiyini almayınca gedəsi deyil. Əyilir həmin adama sarı ki, hə, səbəbi bilməyinə bilirəm, amma camaat arasında deyə bilmərəm, istəyirsən bir az qırağa çəkilək. Lotunun gözünə işıq gəlir ki, aha, bunu ram eləmişəm, torumdadır: "Lap yaxşı, xəlvətə çəkilək deyirsən, çəkilək də. Elə yad qulaqlar eşitməsə yaxşıdır, ora-bura xəbər apararlar". Bir az dalda yerə çəkiləndən sonra Mirzağa pıçıltıyla deyir ki, amma sən canın, məbada mənim adım ola, sənə ürək qızdırıb söyləyirəm, bilirsən də, hər adama sirr açmaq, söz demək mümkün deyil, birinin üstünə beşini də qoyub hara lazımdır çatdırırlar. O nakişi məqsədinə lap yaxın olmağının əminliyi ilə dərhal irişərək dillənir ki, ay Mirzağa, qəti narahat olma, ürəyini buz kimi saxla, kişi deyilik, daşdan söz çıxar, məndən yox. Mirzağa girir rola, sağa-sola baxıb guya kimsənin onları eşitmədiyinə tam əmin olandan sonra çönür həmsöhbətinə sarı, xısın-xısın deyir: "Bax, yenə təvəqqe edirəm, öz aramızda qalsın, nə diş bilsin, nə dodaq, sən vicdanlı, namuslu adamsan, ona görə bu sirri sənə açıram. Abbas Mirzəni də, Ülvi Rəcəbi də eyni səbəbə tutublar. İkisinin də evində, çarpayılarının altında tank tapılıb".

Bunu deyib aralanır, o mərdümazar da qalır gözünü döyə-döyə...

Şeirlərində bir ayrı görüm bucağından seyr edilən dövr və insanlar Ənvər Əlibəylinin yarıgündəlik-yarıxatirələr toplusu sayıla biləcək bu dəftərində zəmanənin rentgen şüaları altında çəkilmiş, örtülü qatları aşkarlayan şəkilləri kimidir. Elə onunçün evi qədər doğmalaşmış radio-televiziya məkanı da bu balaca dəftərçədə bir başqa cür, kadrlara düşməyən epizodları ilə görünməkdədir

...Möcüzənin 1938-ci ildə 12 yaşı vardı - Azərbaycan radiosu 1926-cı ilin noyabrından gündəlik səslənirdi və onda Ənvər Əlibəyli 22 yaşında idi. Gəldi Azərbaycan radiosuna və bu, taleyin hökmü imiş. Sonra illər boyu Azərbaycan radiosu və televiziyası ilə bağlı oldu. Araya müharibə girdi, getdi davaya, salamat qayıtdı, bir sıra qəzet-jurnal redaksiyalarında çalışdı - "Vətən uğrunda", "İnqilab və mədəniyyət", "Təbliğatçı" jurnallarında məsul katib, "Ədəbiyyat qəzeti"ndə redaktor oldu, oradansa göndərdilər təzə iş yerinə - 1950-ci ildə izahsız cazibənin yönəltməsiylə yenidən Azərbaycan radiosunda idi. Səsləndiyi illər boyunca Azərbaycan radiosunun tarixinə adı məxsusi xidmətləri ilə yazılan bir neçə yaxşı rəhbəri olub. Həmin yaxşıların arasında Ənvər Əlibəylinin məqamı ən yüksəkdədir. Onun radioya rəhbərlik etdiyi dönəmdə fonoteka sözün əsl mənasında "qızıl fond"a çevrilir, millətin səs xəzinəsini yaratmış o incilərin hər birinin araya-ərsəyə gəlməsində Ənvər Əlibəylinin işıqlı izi, zəhməti, təşəbbüskarlığı, eşqi var.

1956-cı ilin fevralında Azərbaycan televiziyası doğulur və Radio-Televiziya Verilişləri Komitəsinin ilk sədri də Ənvər Əlibəyli təyin edilir. Radioda başladığı işləri burada davam etdirir, təbiəti etibarı ilə qurucu olduğundan Azərbaycan televiziyasının da köhnə dost radio kimi insanlara yaxınlaşa, doğmalaşa bilməsindən ötrü usanmadan bütün bacardığını sərf edir, bu millətəxeyir işə istedadlı məsləkdaşlarını da qoşur, çox vaxt gecə saatlarına qədər iş otağında qalır.

İlk yol açanlar o adamlardır ki, əksəriyyət "bunu etmək olmaz, mümkün deyil" düşünərkən onlar həmin addımları atmağa, həmin işləri görməyə özlərində qətiyyət tapırlar. Bu müdrik sözləri özü də yolaçanlardan olan dahi Albert Eynşteyn söyləyib.

Və Ənvər Əlibəylinin də ömrünün radio-televiziyaya rəhbər olduğu illəri ərzində bir çox ilklərə imza atan olmaq şərəfinə yetməyinin gizlinci onun suyu üfürə-üfürə içənlərdən olmamasında, lazım gələndə risk edə bilməsində, mümkün zərbəni üzərinə götürməkdən çəkinməməsindəydi.

Azərbaycan radio-televiziyasının artıq uzun adlandıra biləcək yolu boyunca xalqa daim yaxın olan bu məkanda minlərlə yaradıcı insan çalışıb. Hərəsi özünə görə iz qoyaraq (bəzən yaxşı, bəzən xoş olmayan) neçə-neçə rəhbərlər gəlib-gedib. Əksər üstün ziyalılarımız, ünlü ədiblərimiz milli dəyərimizə dönən bu əziz ünvandan keçib, burada yetişib, böyük ədəbiyyata və sənətə bu uçuş meydanından qanadlanıb

 

İlk gəncliyindən ömrünün son saniyələrinəcən (sözün birbaşa mənasında son saniyələrinəcən! Çünki keçindiyi anlarda əlində axşam radio bayramında edəcəyi məruzənin çap olunduğu və təkrarən gözdən keçirdiyi vərəqlər vardı) teleradio ilə bağlı olmuş Ənvər Əlibəylinin efirə həsr edilmiş ömrünün anlatdığı əsas həqiqət və onu bir rəhbər olaraq bu idarənin bütün tarixi boyu fəaliyyət göstərmiş digər sədrlərin hamısından seçdirən başlıca məziyyət bu insanda yüksək səriştəlilik, kollektivə ailəsi kimi qayğıkeşlik və məhəbbətlə yanaşmaq, yeniliklərə canatmanın fədakarlıqla qovuşması idi.

1957-ci il iyulun 9-da Azərbaycan televiziyası birinci dəfə studiyadankənar verilişi təqdim eləyir.

Və bu, sevimli "Neftçi"nin oyunundan ilk futbol reportajı idi ki, onu da həmin anlarda Azərbaycan televiziyasının ilk futbol şərhçisinə çevrilən Ənvər Əlibəyli aparırdı. Qızı Şəlalə xatırlayır ki, atası çoxlu məktublar alırmış və həmin məktublardan birini açanda iri zərfdən ustalıqla çəkilmiş rəsm çıxır. O şəkli göndərən özünü çəkibmiş: diz üstə çöküb, əllərini göyə açıb. Yazırmış: "Ənvər müəllim, bu mənəm və sizinçün dua edirəm ki, "Neftçi"nin oyunlarını şərh edəndə "qool" deyən, azarkeşləri sevindirən səsiniz tez-tez gəlsin!"

Futbol matçlarının ardınca Azərbaycan televiziyası Hökumət Evinin qarşısındakı Lenin (indiki Azadlıq) meydanından birbaşa yayımla bayram nümayişlərini göstərir. Respublika rəhbərliyinin tribunalardan zəhmətkeşləri salamladığı bu canlı yayımların siyasi çəkisini və xüsusi məsuliyyətini nəzərə alaraq həmin reportajların ilk aparıcısı da Ənvər Əlibəyli özü olur.

 İndi Azərbaycan teleradiosunun vətənə xidmətdə ötən onillərini əks etdirən kitabxanalar dolduracaq qədər bolluca, yüzlərlə məqalələr, araşdırmalar, dissertasiyalar, kitablar var. İllər ötdükcə daha da sıxlaşacaq bu silsilədən "Danışır Bakı" adlı ilk kitabsa 1968-ci ildə işıq üzü görüb və müəllifi yenə həmin Ənvər Əlibəyli (Və o, sonranın bəzi sədrləri kimi başqalarının yazdıqlarını mənimsəməmişdi, ayrı-ayrı redaksiyaların hazırladığı fəsilləri bir-birinə culayaraq üstünə öz imzasını qoymamışdı - kitab ilk sətrindən son cümləsinədək öz qələmindəncə çıxmışdı).

Radioda elektromaqnit səsyazma texnikası 1949-cu ildən tətbiq edilməyə başlayır və 1950-ci ildən radioya rəhbərlik edən Ənvər Əlibəyli bu istiqamətdə də mühüm bir ilkin bünövrəsini qoyanlardandır: Azərbaycan teatr sənətinin şanlı yolu 1873-cü ildən - Mirzə Fətəli Axundzadənin əsərlərini Həsən bəy Zərdabi, Əsgər ağa Gorani, Nəcəf bəy Vəzirov kimi nurluların ilk dəfə səhnəyə gətirməsindən başlanırdısa, Ənvər Əlibəylinin də payına milli teatrımızın büsbütün yeni səmtinə - teatrın səslə "görünən" dövrünə ilk imza atanlardan olmaq xoşbəxtliyi düşdü.

Ənvər Əlibəylinin Azərbaycan radiosuna rəhbərlik etdiyi çağlarda ilk dəfə efirdən radiotamaşalar səsləndi. Məşhur aktyorları ilə Azərbaycan Dram Teatrı radioya gəlmişdi. Radio adətən göstərmir, eşidilir. Ancaq üzdən ziddiyyətli təsir bağışlayan "radiotamaşa" deyimi istedadlı rejissor, Ənvər Əlibəylinin sadiq dostlarından olan Rauf Kazımovskinin hazırladığı radio teatrı nümunələriylə məcazi mənasından aralanaraq lap sərrast deyiş kimi qavranılırdı. Çünki həmin ilk səslənişlərin hər birində dinləyici sanki evində deyil, teatr salonunda oturan kimi idi və tamaşaları bütün əyaniliyi ilə "görürdü". Həm də kimlər oynayırdı o tamaşalarda! Bu gün hamısının adı teatrımızın əbədiyaşar klassikləri cərgəsindədir. Yaşarı olmalarının bir səbəbi də məhz həmin radiotamaşalardır. Dinləyirik, "görürük", valeh oluruq. Bu lentlər olmasaydı, onların əksərinin böyüklüyü haqqında heyran xatirələrə inanmaqdan başqa çarəmiz qalmayacaqdı.

1940-cı illərin məktəblisi olmuş qocaman insanlar danışırdılar ki, onların dərsliklərində Bülbülü Koroğlu rolunda, at belində ekranda göstərən şəkil vardı və altında da yazılmışdı ki, "Gün gələcək, siz mənzilinizdə əyləşərək "Koroğlu" operasını seyr edə biləcəksiniz". Anına görə sanki xəyal, əlçatmaz arzu olan bu niyyət iri zaman parçası sovuşmadan gerçəkləşdi. Televiziyanın azərbaycanlıların həyatına daxil olması bir yana, elə tezliklə ana dili dərsliyinin vəd etdiyi hadisə də baş tutdu. Camaat evindən çıxmadan, televiziya ekranı qarşısında əyləşərək teatra da getmiş kimi oldu, operaya da. Elə Azərbaycan Televiziyasında 1956-cı ilin iyulunda birinci dəfə nümayiş etdirilən irihəcmli dram əsəri "Şamdan bəy"in efirə qanadlanmasına səbəbkar da Ənvər Əlibəyli idi. Dostu və silahdaşı Rauf Kazımovskiyə dünən radioda səxavətlə verdiyi meydanı bu gün televiziyada açmışdı və Rauf da etibarı artıqlaması ilə doğruldurdu - az öncə radioda nə qədər parlaq idisə, hələ imkanları bəsit televiziyanın da sanki boyundan ucaya qalxaraq o çağ üçün heyrətamiz sayılası yeniliklər edirdi.

Bilmirəm, bu, haçansa elə doğrudan olmuş və sonra sivilizasiya ilə birlikdə qeybə çəkilmiş televiziyanın nağıllara çökən əks-sədasıdır, ya insanların öncəgörümlü diləklərinin ifadəsi - hər halda televiziya anlayışı təsəvvürlərdə qədimlərdən varmış. Belə olmasaydı, Qərbin və Şərqin nağıllarında, rəvayətlərindəki uzaqları yaxına gətirərək göstərməyi bacaran "Sehrli güzgü", "Əfsunlu cam", "İsgəndər aynası" da yaranmazdı. Azərbaycan televiziyasının da, kinosunun da tarixində ən yüksək təriflərə layiq bəhrələri qalan, 1958-ci ildə yaradılmış "Azərbaycantelefilm"də çəkilən əvvəlinci bədii filmlərdən birinin də ssenari müəllifi Ənvər Əlibəyli idi. Həm də Kamil Rüstəmbəyovun quruluş verdiyi, 1964-cü ildə Bakı televiziyası ilə ilk dəfə göstərilən "Zəncirlənmiş adam" adlı bu bədii televiziya filmi dublyaj edilərək 1968-ci ildə Sovet İttifaqı ekranına çıxan ilk Azərbaycan telefilmi idi.

Azərbaycanın bu gün sahib olduğu misilsiz xəzinələrdən biri Milli Radio və Televiziyamızın səslər və təsvirlər dəfinəsidir. Haqlı olaraq "Qızıl fond" adlanan bu qiymətəsığmaz sərvətlər toplusunun ən seçmə incilərinin lentə alınması, bu xəzinənin ilk dəfə təməlinin qoyulması da radio-televiziyamızın 1950-1960-cı illərdəki "altun dövrü"nə təsadüf edir ki, burada yenə ilk göz önünə gələn o çağlarkı efir məkanımızda bütün bu qəbil irəliçi təşəbbüslərə bilavasitə rəhbərlik etmiş Ənvər Əlibəylidir.

Fotolar qalıb - neçə radio və televiziya verilişinin yazılışında gedişatı kabinetindən izləməklə ürəyi soyumayan Ənvər Əlibəyli yazılış otağında, ya da çəkiliş meydanındadır.

...Azərbaycan efirində bu ənənənin də təməlini Ənvər Əlibəyli qoyub və o dövrdə - 1960-cı illərdə sovet televiziyasında bu, heç də rahatca baş tutan və başağrısız ötüşüləcək təşəbbüs deyilmiş: hər bahar gələndə Azərbaycan televiziyasında, radiosunda qatar-qatar Novruz verilişləri və konsertlərini seyr edib dinləyəndə Ənvər Əlibəylini də yada salın.

O zamanlar yeganə olan Azərbaycan televiziyasında ilk Novruz verilişləri və çəkilişlərinin təşəbbüskarı Ənvər Əlibəyli idi. Novruz bayramı Azərbaycan televiziyasına bütün təntənəsi ilə ilk dəfə 1967-ci ilin martında Ənvər Əlibəylinin bu quruma rəhbərlik etdiyi vaxt çıxıb - Ənvər Əlibəylinin bayram çəkilişləri gedən əsnada komitədə iş otağında əyləşərək oradan xəbərlər gözləməyə səbri çatmamışdı, yollanmışdı Qız qalasının böyründə qurulmuş, İçərişəhəri, Bakı küçələrini bayram ovqatı ilə dolduran insanları lentə alan kameraların yanına, çəkilişlər başa çatanacan oradan aralanmamışdı.

 

Azərbaycan radiosunda sonralar onillərl

 

ə davam edəcək bir çox bəyənilən, gözlənilən verilişlər də 1960-cı illərin əvvəllərində ilk dəfə Ənvər Əlibəylinin sayəsində həyat vəsiqəsi qazandı. Sonralar adları dəyişilsə də, mahiyyəti, vəzifəsi yerində qalan, daha heç vaxt bircə gün belə efirdən ayrılmayacaq son xəbərlər proqramları: "Günün səsi" 1960-cı il iyunun 13-də, "Günün ekranı" 1967-ci ilin noyabrında ilk dəfə Teleradio Verilişləri Komitəsinin sədri Ənvər Əlibəylinin xeyir-duası ilə efirə çıxdı.

Ənvər Əlibəylinin qısa ömrü ərzindəki ümummilli mənası olan ilklər bir görün nə qədərdir!

Həm də bu ilklərin hər birinə çatmaqçün Ənvər Əlibəyli dönə-dönə "nə olur-olsun" deyib riskə də getmişdi, hərdən gördüyü nəcib işlərin əvəzində yediyi zərbələrin acısını səssiz-səmirsiz, açıb-ağartmadan çəkmişdi. Mərkəzi Komitədəki hansısa qatı mühafizəkar buyurmuşdu ki, filan-filan xalq mahnıları, təsniflər efirdən yığışdırılsın, sözləri kommunist mənəviyyatına tən gəlmir. Ənvər Əlibəyli anlamışdı ki, indi ixtiyar sahibi olan bu cahilə canın çıxsa da, həqiqəti qandıra bilməyəcəksən, o misralardakı ülviyyəti bu dar düşüncəli nə illah etsən də, anlamayacaq, amma mahnıları da xilas etmək lazım idi. Yenə qızlarının mənə nağıl etməsidir ki, bir axşam Mirvarid Dilbazi onlara qonaq gəlibmiş. Ənvər müəllimlə gecədən xeyli keçənədək oturub mahnıların mətnində "cərrahiyyə" aparırlarmış ki, səslənişinə yasaq qoyulmuş bu mahnıların radioya, televiziyaya yolu açılsı.

 

Çox keçmir mətbuatda mahnı mətnlərindəki dəyişikliklərə görə Ənvər Əlibəylini tənqid edən yazılar da görünür, qınaqlar da eşidilir.

Heç nəyi açıb-ağartmır, atəşi götürür öz üstünə, deyirmiş ki, onsuz da bu dəyişmələr müvəqqətidir, vaxt ötəcək, indi məcburən ixtisara salınan, dəyişdirilən tarixi sözlər öz yerini təzədən tutacaq, əsas odur bu mahnıları bu gün qoruyaq, onları dustaqlıqdan qurtaraq.

Haçansa qazanılmış uğurlardan daha parlaqlarını əldə etmək, haçansa yetilmiş zirvələrdən daha qəlbilərini fəth etmək mümkündür, hər rekord haçansa sınır. Ancaq ilk olmaq bəxtəvərliyi həmişə onu qazananlarda qalır.

Və Ənvər Əlibəyli kimi xoşbəxtlər məhz birincilər, ilk yol açanlar kimi daim sayğı ilə anılır. Bu misraları şair Ənvər Əlibəyli, elə bil ki, ölümsüz gələcəyini öncədən görərək, irəlicədən duyaraq yazıb:

 

Bir gün dayanacaq ömür karvanı,

Mənim üçün artıq nə qış olacaq, nə bahar.

Əbədi tərk edəcəyəm insanları, dünyanı,

Onlar da məni tərk edəcəklərmi, görən?

Yox, yox, adım yaşayacaqdır.

Nə dünya məni unudacaq, nə insanlar,

Qəbrimə gül daşıyacaqlar.

O güllərdən duyacağam səni,

bahar, səni, bahar.

 

...Bu şeirlərin hərəsini yüz, bəlkə min dəfə görmüsünüz, eşitmisiniz. "Oxumusunuz" yox, "Görmüsünüz, eşitmisiniz" ona görə yazıram ki, bu misralar hər azərbaycanlının yaddaşına, ruhuna kitab səhifələrindən daha əvvəl ekran pəncərəsindən hopub.

 

Bir vaxt uşaq idin, dost idin mənə,

Biz birgə gəzirdik yaşıl bağları.

Səni gördüm, dostum, yad etdim yenə,

Şirin yuxu kimi həmin çağları.

Ah, niyə,

Nə üçün

Mən beləyəm bəs bu gün?

Ah, niyə

Sənin mən

Tuta bilmirəm əllərindən?

 

Əlbəttə ki, gözləriniz sətirlər üzərində gəzə-gəzə bu misraları eşidirsiniz. Əfsanəvi Rəşiddir oxuyan. "Bəxtiyar" filminin bu nəğmənin səsləndiyi andakı kadrları, söz yox ki, bu anda gözləriniz önündən keçir. Bu saya sözlər lap çoxdan elə həmin filmin hər lövhəsi kimi ömrümüzün parçalarıdır. Biz bu cür azərbaycanlıyıqsa, bunda həmin filmin, o filmin içərisindəki hər təsvirdən, hər ifadədən tutmuş hər nəğməyədək hər ayrıntının təsiri, izi var.

 

Dörd dost, dörd ürək, dörd yoldaşıq biz,

Birdir arzumuz, istəklərimiz.

Hər gün suları tən yara-yara

Birgə gedirik biz buruqlara.

Ayrılmaz dostlarıq biz,

Tükənməzdir qüvvəmiz.

Qarşımızda baş əyir

Mavi, dalğalı dəniz.

 

Əminəm, bu sətirləri görüncə içərinizdə onları səslə, nəğmə kimi oxuyursunuz, əminəm ona görə ki, elə bu anda mən özüm də böyük Rəşidə qoşulub ürəyimdə o mahnını zümzümə edirəm və bu, səndən-məndən asılı deyil, sövq-təbii oxuyuruq. Çünki bunlar lap çoxdan hamımızın olan Vətən nəğmələridir. Hər dəfə artıq həyatımızın, zövqümüzün ayrılmaz parçasına çevrilmiş "Bəxtiyar" filminə baxanda, böyük Rəşid Behbudovun doyulmaz oxusunda misilsiz Tofiq Quliyevin nəğmələrindən feyziyab olanda Ənvər Əlibəylini də anın. O filmdəki nəğmələrin əksərinin sözləri Ənvər Əlibəylinindir. Hər dəfə Nərminə Məmmədovanı, Şövkət Ələkbərovanı, Mirzə Babayevi, Gülağa Məmmədovu... eşidəndə Ənvər Əlibəylini də yada salın. Onların mehriban səsində onillər boyunca ömrümüzün və ruhumuzun daimi müşayiətçisinə çevrilmiş neçə-neçə gözəl nəğmənin sözləri Ənvər Əlibəylinindir. XX yüzildə doğulmuş o nəğmələr yarım əsrdən çoxdur ki, bizimlədir və vaxtın pıçıldadığı gerçək də budur ki, onlar elə müdam bu xalqla qalacaqlar. Sevimli nəğmələrin, solmaz şeirlərin, minnətdarlıqla anılan nəcibliklərin ünvanı olmaq Ənvər Əlibəylinin məsud qismətidir!

...Rauf Hacıyevin musiqisini, Ənvər Əlibəylinin sözlərini yazdığı, zamanının axışıyla nimdaşlaşmayan, solmayan bir nəğmə də var. Ənvər Əlibəylinin nəğmələşmiş digər silsilə şeirləri kimi, bu da ekrana çıxınca xalq rəğbəti qazanan bir kinofilmlə ilk dəfə ömrümüzə daxil oldu. Mahnı 1962-ci ildə bəstələnmişdi, lakin onu birinci kərə 1963-cü ildə "Əhməd haradadır?" filmində eşitdik. Kadrlardan Mirzə Babayevin məlahətli avazı gəlirdi. Rauf Hacıyevlə Ənvər Əlibəylinin yazdığı həmin "Azərbaycanım" mahnısını oxuyurdu:

 

Özün kimi vüqarlıdır uca dağların,

Hüsnünə bir yaraşıqdır yaşıl bağların.

Bizimlə bir başlamışdır gözəl çağların.

"Yurdum, yuvam, məskənimsən,

Azərbaycanım",

Anam, doğma vətənimsən,

Azərbaycanım!

 

Çox keçmədi ki, bu mahnı ekrandan ayrılıb müstəqil həyatını yaşamağa başladı. "Azərbaycanım"ı Gülağa Məmmədov oxudu, ardınca Şövkət Ələkbərova, daha sonra Flora Kərimova, İlhamə Quliyeva və neçə-neçə başqaları. 1969-cu ildə isə o mahnının həyatında büsbütün yeni mərhələ başladı. Estrada simfonik orkestrinin müşayiəti ilə "Azərbaycanım"ı misilsiz Rəşid Behbudov ifa etdi.

Mahnının sürətlə hamınınkılaşmasına öz gözəlliyi və məziyyətlərindən savayı, bir mühüm səbəb də vardı: 1960-70-ci illərdə orta məktəblərdə nəğmə dərslərində şagirdlərə öyrədilən seçmə mahnıların sırasında bu da yer alırdı və böyüklər kimi, uşaqlar da onu həvəslə əzbərləyib oxuyurdular.

1960-cı illərdən bəri yurdumuzu tərənnüm edən onlarla, yüzlərlə uğurlu nəğmələr yaransa da, Rauf Hacıyevlə Ənvər Əlibəylinin "Azərbaycanım"ı köhnəlmir, sevilməkdə, səslənməkdə, məclislər bəzəməkdə davam edir. Bu mahnının musiqisi də, sözləri də yalnız onu oxuyanların deyil, təxminən elə bütün azərbaycanlıların yaddaşındadır:

 

El bilir ki, tükənməyən sərvətin vardır,

Sinən üstü ağ pambıqlı göy tarlalardır,

Buruqların göy Xəzərdə qatar-qatardır,

"Yurdum, yuvam, məskənimsən, Azərbaycanım",

 

Anam, doğma vətənimsən, Azərbaycanım!

Bu nəğmə lap çoxdan xalqınkılaşıb, lakin az adama bəllidir ki, bu iki bəndlik mahnının yazılmış, di gəl, heç vaxt oxunmayan bir bəndi də var.

Yəqin ki, ikisinin də - həm şairin, həm bəstəkarın rəyi bu məsələdə yekdil olmuşdu. Ənvər Əlibəyli də, Rauf Hacıyev də o vaxt bu şeirin bəlkə də ən təsirli olan üçüncü bəndini kənara qoymağı daha münasib saymışdılar. Çünki yaxşı anlayırdılar, lap özləri saxlasalar da, senzura həmin bəndi qayçılayacaq, lap o sətirlər mahnıda qalsa belə, həmin sözlərin ucbatından mahnının hər kəsə eşidilməsinin yolu qapanacaq.

1950-60-cı illərdə Azərbaycanın tarixi taleyinin ən düyünlü məsələsi, ikiyə bölünməkliyimiz haqqında açıq danışmaq, yazmaq olmurdu. Xüsusilə Bəxtiyar Vahabzadənin "Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda vuruşan Səttarxan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə" ithaf etdiyi, 1813-cü il oktyabrın 24-də şahlıq İranı və çarlıq Rusiyası ilə bağlanmış, Azərbaycanın ikiyə parçalanmasına bais olan müqavilənin növbəti ildönümünə "hədiyyə" kimi qələmə aldığı "Gülüstan" poemasının yerli redaktor Məhsəddin Abbasovun cəsarəti sayəsində Şəkidə "Nuxa fəhləsi" qəzetinin 1960-cı il 23 və 26 oktyabr saylarında işıq üzü görməsindən, bu etirazçı, coşdurucu əsərin Azərbaycanda əl-əl gəzməyə başlamasından sonra sovet "KQB"-si daha da xoflanmışdı, Cənub mövzusu bir az da qapalılaşmış, siyasi cəhətdən ən xatalılar zümrəsinə qatılmışdı.

 

Və o vurhavurda mahnıda belə bir bənd:

Sənə şirin arzum deyim, diləyim deyim,

Havam deyim, suyum deyim,

çörəyim deyim,

İki yerə parçalanmış ürəyim deyim.

"Yurdum, yuvam, məskənimsən,

Azərbaycanım",

Anam, doğma vətənimsən, Azərbaycanım!

 

Ənvər Əlibəyli şair olsa da, onun sərbəstlik dərəcəsi müasiri olan başqa şairlərin azadlıq həddindən əsaslı şəkildə seçilirdi. Televiziya və Radio Komitəsinin rəhbəri kimi o, siyasi vəzifə daşıyırdı. Günün şərtlərinə görə, aydındır ki, hər sözünü daha ehtiyatla dilə gətirməli, yazılarında ideoloji tələblərə daha səliqəli riayət etməli idi. Bütün bunları bilə-bilə belə yazmışdı. Yazdığı anda da, yəqin ki, anlayırdı bu təhər yazmaq siyasi baxımdan məqbul deyil. Ancaq o, şair idi, əsl şair idi və onu idarə edən başlıca qüvvə ürəyi, duyğuları idi. Şairlərinsə heç də həmişə isti ürəyi soyuq ağla tabe etməyə gücləri çatmır.

Ənvər Əlibəylinin radio-televiziya illərinin bir başqa unudulmaz yadigarı da Azərbaycanın ikiyə şaqqalanmasının onun hər zaman qəlbində daşıdığı ağrılardan olmasına dəlalət edir

Araz bir çaydır ki, yüzillər, minillərdir burula-burula axıb keçir. Dünyanın yüzlərlə, minlərlə başqa çayları kimi, Arazın da nə zaman yarandığını bilən yoxdur. Heç kəsə bəlli deyil ki, bu adı bu çaya kim, nə zaman verib. Amma dünyanın başqa "Araz" çayı var ki, onun dəqiq doğum tarixi bəllidir. İli də, günü də, hətta axtarsan, saatı da məlumdur. O adı o çaya kim verib, o da naməlum deyil: 1964-cü il oktyabr ayının 15-də Azərbaycan efirindən "Araz" adlı bir çay axmağa başladı. Özünün məxsusi çağırtı musiqisi vardı. O başlıq eşidilən kimi bütün Azərbaycanda və Azərbaycanın sərhədlərindən uzaqda hər kəs səsindən tanıyırdı ki, bu danışan "Araz"dır - Azərbaycan Respublikasının "Araz" radiosu. Musiqili, ədəbi-bədii verilişlər, zövqlü konsert proqramları, müəyyən saatlarda səslənən qısa xəbərlərdən ibarət bu kanal tezliklə dərin rəğbətlər qazandı. Və ən ümdəsi - illərin təcrübəsi sübut etdi ki, məhz "Araz" adına uyğun əhəmiyyətlidən-əhəmiyyətli bir vəzifəni yerinə yetirməyi, musiqimizin, sənətimizin, ədəbiyyatımızın qanadlarında sərhədlərin ən qapalı çağlarında otaylı-butaylı Azərbaycanı qovuşdurmağı, daha yaxın etməyi bacarıb. Bu radio adaşı Araz çayı kimi ayıran deyildi, uzaqları yaxın edən, qovuşdurandı. 1990-cı illərin lap əvvəllərində Böyük Britaniyada idim - Mançester şəhərində. Əslən Cənubdan olan, indi ABŞ-da, Vaşinqtonda yaşayan kompüter texnologiyaları üzrə mütəxəssis və rəssam dostum Əbülfəz Bahadurinin uzun mənzilindəki rəflərdə saymaqla qurtarmayacaq qədər çoxlu kaset düzülmüşdü. Əksəri 1960-70-ci illərdə Azərbaycan radiosunda səslənmiş verilişlərin, konsertlərin yazıları idi. Soruşdum ki, bunları necə toplamısan, haradan əldə eləmisən? Cavab verdi ki, vaxtilə Təbriz bazarında bu kasetləri satırdılar. Adamlar vardı ki, "Araz" radiosundan müəyyən verilişləri, konsertləri lentə alırdı, sonra çoxaldıb bazarda satırdı. İnsanlar da bunları bir dərslik, doğma dilimizdəki bədii kitablar kimi alırdılar və beləcə, Güneydə özünəməxsus anadilli kaset mədəniyyəti formalaşmışdı.

Səsləndiyi onillər boyunca yaradıcısı Ənvər Əlibəyli olan "Araz" radiosu elə zəngin sərvət doğurub ki, gələcək onillər, yüzillər boyunca da o səs saxlancları yaşayacaq, insanları düşündürəcək, duyğulandıracaq, onlara zövq, bilgi verəcək. Sovet dönəmində otaylı-bu taylı Azərbaycanda milli ruhun oyanışı və yüksəlişində, mədəni səviyyənin inkişafında ölçüyəgəlməz xidmətləri olan "Araz" radiosu sadəcə arzulamaqla yaranmayıb. Onun gerçəkləşməsi, həyata vəsiqə alması yolunda inadlı mübarizələr aparılıb. Eləcə də hər bazar günü dinlədiyimiz muğamat konserti. Onillərdir ki, nəsil-nəsil azərbaycanlılar hər saat 14-də radionu Bakı dalğasına tuşlayır, ənənəvi muğamat konsertini dinləyir. Zənn edirsinizsə ki, o muğamat konsertinin Azərbaycan efirinə yol tapması elə gündəlik radio işi kimi baş verib, yanılırsınız. "Araz" radiokanalının da, muğamat konsertinin də Azərbaycan efirində oturuşması uğrunda Ənvər Əlibəyli heç də asan olmayan gərgin iş aparıb. Və o unudulmaz şəxsiyyətə yalnız bizə yadigar qoyduğu solmaz şeirlərə görə deyil, həm də bunlardan ötrü minnətdar olmalıyıq.

 

İnsanlara

Lazım olan insan

Tək qalmaz heç bir zaman.

İstəmərəm ömrümdə

Bircə gün də tək qalam.

Yaşamaq istəyirəm

O qədər -

Nə qədər ki

İnsanlara lazımam!

Ənvər Əlibəy

 

li vur-tut 52 illik ömür sürüb. Amma həmin ömür davam etməkdədir. O, yaşamaqdadır və bu misralarındakı arzusu da gerçəkləşib. Çünki Ənvər Əlibəyli bu gün yalnız xatirə kimi hafizələrdə deyil, yadigar qoyduqları ilə, yaratdıqları ilə də hər an insanlara gərəklidir.

...Ənvər Əlibəyliylə ayrılıqdan yarım əsrdən də artıq vaxt keçir. 52 illik ömür nədir ki! Qurub-yaratmaq, yurduna faydalar vermək eşqi ilə dolu bir insan üçün qısadan-qısa ömür payı. Amma yoxluğundan onillər sovuşsa da, bu illər ərzində o, bir ləhzə də tək qalmayıb! Hər gün, hər an sevimli Azərbaycanı ilə birgə olub. Və yaşayır! Çünki insanlara lazımdır! Xalqın doğmasına, ömür-günümüzün ayrılmaz parçasına çevrilmiş nəğmələri, şeirləri ilə o, bu gün də gərəyimizdir, bütün sabahlarda da hamımıza məhrəm olacaq.

...Balalarının ən böyük arzusudur ki, Ənvər Əlibəylinin çox sevdiyi və tərənnüm etdiyi Bakıda onun adını daşıyan küçə olsun  və övladları da günlərin birində o küçədən keçmək sevincini yaşasınlar. Əlbəttə ki, mədəniyyət tariximizdə öz yolu və silinməz izi olan Ənvər Əlibəylinin xatirəsinə ən azı bir küçə boyda ehtiram vəfa borcumuzdur. Ancaq o unudulmaz aydınımızı düşünərkən ürəkdən keçən və həll növbəsinə durmuş bir dilək də var - bir vaxt, sovet dövründə Rauf Hacıyevlə Ənvər Əlibəylinin məşhur "Azərbaycanım"ının həmin ixtisara salınmış bəndi qayıtsın yerinə. İndi ki bizə o bəndi oxumağa, mahnıya qataraq mətni bütövləşdirməyə mane olan yoxdur.

Daha möhtəşəm bütövləşmələr isə məhz belə-belə qəlpələrdən, ülvi amala aparan müqəddimələrdən başlanır!..

6 yanvar 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2024.- 17 yanvar,№8.- S.10-11.