Gecələr doğan günəş

 

Yuxudan, xəyaldan ayıl, ey könül,

Dünyada gerçəyi dərk etmək üçün.

Ayıla bilməsən, bayıl, ey könül

Zəkaya qida ver, yenilik yarat,

Kədəri dondurub sevinci oyat.

Möhnətin buzunu əritmək üçün!

Arzular çox, ömür az

Bu dünya hara gecikir?

Zaman nə üçün tələsir

Ölüm də döyür qapını

Qəfildən, gözlənilmədən

Döyür sözsüz-kəlməsiz,

Döyür səssiz-səmirsiz.

Gileyimiz fanilik,

Dərdimiz biganəlik.

Qüssədir, əzabdır ömrün yekunu

Bir ovuc torpaq deyil,

Bir ovuc qan laxtasıdır

Həyatın sonu

Kiməsə "Gülxana" parkı

Kiməsə bazardı Vətən

Dözənə qan çanağı,

Bezənə məzardı Vətən

Bəlkə buna görə də

Zəmanəmiz gələcəyə sürünür

Bəlkə buna görə də

Hər yerdə, hər vaxt,

Keçmişimiz gələcəkdən

Şərafətli görünür.

 

lll

 

Talehi, baxtı unut

Göylərin örtüyünə

Torpağın örpəyinə

Nəzər yetir, göz yetir

Bulaq kimi göz verib

Baldan şirin söz yetir

Gül tapmasan çiçək dər

Dərdi gündöyənə sər.

Sümükləri sındıran

Oyun havası çaldır,

"Tərəkəmə", "Qaytağı"

Dəbdən düşən xəyaldı!

Bu sürəksiz, ötüşən

Ötüb keçən anilik

Şam üçün pərvanəlik

Bəxtini, qismətini

Qoy yusun yağış kimi

Göz yaşına nur qatan

Səmavi naxış kimi.

Qəlbinin pəncərəsi

Günəşə açılanda

Nəfəsin yer üzündə

Şahpər nəfəs tapacaq

Səni yaşatmaq üçün

Hərdən çiskin yağışlar

Hərdən gürşad yağacaq

 

lll

Söylə, sən nəyinlə canlısan, könül?

Zəhmətin, əməyin bəhrəsi nədir?

Sulara yağan yağış!

Söylə, sən nəyinlə canlısan, könül?

Qəlbini qürbətə cəlb edən nədir?

Yüksəkdən əsən külək!

Arxan kim olacaq, könül?

Təzədən dirçəlmək üçün?

Boşluğun qaranlığı!

Sulara yağan yağış

Yüksəkdən əsən külək

Boşluğun qaranlığı

Yağış - göydən yağan göz yaşıdı

Külək - inildəyir ki,

"Zindansaraydı" dünya

Qaranlıq - çarəsizlik çabaları,

Toranlıqdır, boranlıqdır.

Həyat yağışdı, küləkdi

Və qaranlıqdı!

 

Zərifə ŞÜKRAN

525-ci qəzet.- 2024.- 19 yanvar,№10.- S.15.