İki fərqli Molla Nəsrəddin:
Mirzə Cəlil hansını seçmişdi?
"Madam ki, Xocanı xalq yaratmışdı, o, əlbəttə,
xalqa bənzəyəcəkdi..."
Orhan Veli Kanık
Ümumtürk mədəniyyətinin
tanıdığı Molla Nəsrəddinlər
Azərbaycan türkləri Molla Nəsrəddinin
güney şəhərlərimizdə, həmçinin
Şamaxı, Bakı kəndlərindəki əhvalatlarını,
lətifələrini təmsil və təbliğ edir,
Mollanın Azərbaycan sərhədləri içindəki
taleyini danışır nəsillərə, onun bu
coğrafiyadakı sərgüzəştlərini
araşdırırlar. Anadolu türkləri Xocanın
Eskişehir, Konya, Nevşehir, Akşehir, Kastamonu vilayətlərində
başına gələnləri, orada nazil olan lətifələri
danışır, türkiyəli tarixçilər Molla Nəsrəddin
portretinin Anadolu üfüqlərini kəşf edirlər. Mərkəzi
Asiya türkləri, xüsusən də, özbəklər
Xocanın Buxara sərgüzəştlərinin təbliğ-tədrisinə
üstünlük verirlər. Lakin Molla Nəsrəddin
obrazının əhatə etdiyi, təsir dairəsində
olduğu torpaqlar təkcə türk torpaqları ilə məhdudlaşmır.
Albaniyalılar da Mollanın ününə şərik
çıxırlar. Tarixçi Tahir Alanqu "Albaniyada Molla Nəsrəddin"
məqaləsində albanların mənimsədikləri, məktəblərdə
tədris etdikləri Molla Nəsrəddin lətifələrindən
yazır. Tarixçinin iddiasına görə, Xoca, həqiqətən,
Balkan ölkələrini gəzib. Bu, əlbəttə, sadəcə
bir iddiadır. Araşdırmaçı yazar Halil Demirci isə
Nəsrəddin Xocanın Almaniyada məşhur olan 323 lətifəsini
və almanların bu lətifələri necə
yozduqlarını qələmə aldığı "Molla
Nəsrəddin Almaniyada" adlı kitabında Avropaya qədər
səs salmış bu türkmən obrazının Qədim
Dünyadakı məşhurluğundan söz açır. Təkcə
türk mədəniyyəti ilə deyil, həm də
İslam mədəniyyəti ilə birbaşa əlaqə
qura biləcəyimiz bu fövqəl bəşəri obraz ərəblərə
görə isə Cuha ləqəbli yəhudi bir tacirdir. Lakin
nə qədər türklərin Molla Nəsrəddininə bənzətmək
istəsələr də, Cuhanın sərgüzəştləri
ilə Molla Nəsrəddin idrakı və tərbiyəsi
arasında dağlar qədər fərq var. Ərəblərin
bəzən Cuhanı "Yəhudi Cuha" deyə
adlandırması da, əslində, ərəb folklorunda bu
obraza qarşı olan kini, nifrəti açıq-aydın
ortaya sərmiş olur. Səbəbi isə yəqin ki,
gerçək həyatda Molla Nəsrəddin kimliyində
tanıdığımız hikmət sahibinin ərəb və
fars mədəniyyətinə deyil, qədim türkmən mədəniyyətinə
istinad etməsidir. Bu barədə bir azdan.
Qeyd edim ki, Molla Nəsrəddin lətifələrinin ən
qədim əlyazması 1557-ci ilə aid olan nüsxədir ki,
hazırda Oksford Milli Kitabxanasında saxlanılır. Digər
qədim əlyazma isə 1676-cı ilə təsadüf edən
nüsxədir. Bu nüsxə
Paris Milli Kitabxanasının Şərq əlyazmaları
nümunələri arasında saxlanılır. Bu günə
qədər gəlib çatan 3000-dən artıq Molla Nəsrəddin
lətifəsi bilinsə də, onların bir çoxu sonradan
quraşdırılmış, ya da müxtəlif el sözlərinin
müəllifləşdirilmiş halıdır.
Azərbaycanlı Molla Nəsrəddin və ya Ahi Evrən...
Məşhur türkoloq, ədəbiyyatşünas
Fuad Köprülü "Anadoluda İslamiyyət"
kitabında təriqətlərdən bəhs edərkən
orta əsrlərin ən böyük, ən güclü təriqətlərdən
biri, türkmən irfanının yeganə təmsilçisi
ahilərdən, ahilik təriqətindən və onun
yaradıcısı Ahi Evrəndən söz açır. Bu
həm də Ahi Evrən haqqındakı əsas və ciddi mənbələrdən
biri hesab edilir. Digər ciddi mənbə isə Abdülbaki
Gölpınarlının "Türkiyədəki məzhəblər
və təriqətlər" kitabıdır. Hər iki
kitabda o dövrün iki böyük təriqəti - mövləvilər
və ahilər arasındakı ideoloji və qan davasından
da bəhs edilir. Mövlana Cəlaləddin Rumi və Ahi Evrən
ləqəbli Molla Nəsrəddin arasındakı
münaqişənin Səlcuqlu dövlətini necə
yıxmasından, monqolların Anadolunu işğalından, həmçinin
fars və türkmən irfanın bitib-tükənməyən
ideoloji ziddiyyətlərindən ürək
ağrısıyla yazan hər iki müəllif bu davada Molla Nəsrəddin
tərəfdədir. Bəs kimdir Ahi Evrən və ya Molla Nəsrəddin?
Belə bilinir ki, Molla Nəsrəddin 1171-ci ildə Azərbaycanın
Xoy vilayətində anadan olub və 1262-ci ildə
Anadoludakı Kırşehirdə vəfat edib. Əhməd Yəsəvinin
tələbəsidir. Hacı Bektaş Vəli və
Mövlana ilə eyni vaxtda Anadoluda məşhurluq tapıb.
Tarixi qeydlərdə adı Nasir üd-din Ebül Hakayü
Mahmud el Hay kimi keçir. Hər kəsi qorxudan evrən adlanan
böyük bir ilanın onu görən kimi sakitləşməsi
Nəsrəddinə Ahi Evrən ləqəbini
qazandırır. Orta Asiyadan Anadoluya köçən səlcuqlu
türklərindən biridir. Konya və Kayseridə Ahilik təşkilatının
yaranması və yayılmasında böyük rolu olub.
Böyük türk ozanı Yunis Əmrə də eyni təşkilatın
üzvlərindən biri olub. Anadoluda məşhurlaşan
başqa bir təsəvvüf ustadı Mövlananin fars
ideyaları üzərində qurulan sufilik təriqətini sərt
tənqid edir və beləcə onların arasında soyuqluq
yaranır. Monqolların istilasından Anadoluya qaçan Mərkəzi
Asiya türklərinin təşkilatlanmasına kömək
edir.
Araşdırmaçı yazar Mikayıl Bayramın
1975-ci ildə yayımlanan "Mövlana-Ahi Evrən
davası" kitabı böyük səs-küyə səbəb
olub. Hətta bir müddət kitabın qadağan edilməsi də
müzakirə mövzusu idi. 2005-ci ildə televiziya verilişlərinin
birində yenidən bu mövzuya toxunan tarixçi bir müddət
dindarlar tərəfindən təqib olundu. Mikayıl Bayram
Molla Nəsrəddinin Mövlana tərəfindən
öldürüldüyünü iddia edirdi və
kitablarında bunu sübut edəcək tarixi dəlillər
yayımlamışdı. Həmçinin mövləvilərin
böyük mürşidi Təbrizli Şəmsin öz
arvadını öldürməsi, daha sonra Mövlananın
kiçik oğluyla əlbir olub Şəmsi aradan
götürdən Ahi Evrənin sonralar Bektaşi təkkələrinə
sığınması da mübahisə doğurmuşdu. Bu
qanlı münaqişənin təfərrüatlarını
Mikayıl Bayramdan əvvəl həm Köprülü, həm
də Gölpınarlı yazıb. Ahi Evrən türk
irfanın İslamın qondarma fars milliyyətçiliyinə
baş qaldırmış yeganə şəxsiyyətidir.
Anadolunun Molla Nəsrəddini və ya Nəsrəddin
Xoca...
Bir il davam edən Babailər üsyanı Səlcuqlu
dövlətinin əsas tənəzzül səbəblərindən
biri kimi tarixin yaddaşına yazıldı. 6000 nəfər
üsyankar babai təxminən II Qiyasəddin Keyxosrovun əmrində
olan 60 minlik türk ordusuna qalib gəldi. Üsyanın sonunda
babailərdən cəmi yüz nəfərə yaxın təriqətçi
sağ qalmışdı. Lakin bu qədər ağır
itkinin nəticəsində babailər monqolların dövlətin
dərinlərinə girişini
sığortalamışdılar. Molla Nəsrəddin
obrazı məhz bu üsyandan sonra ortalığa
çıxdı. Məğlub xalqın danışan dili
idi. Əvvəlcə monqollarla, sonra Teymurilərlə.
Anadolunun Molla Nəsrəddini bir çox
tarixçinin yetkil qənaətinə görə
1208-1284-cü illər arasında İç Anadolu bölgəsində
yaşayıb. Doğum yeri Sivrihisar (Eskişehir) göstərilir.
Dəfn olduğu yer isə Konyanın Akşehir bölgəsidir.
Hər il Molla Nəsrəddin günləri bu bölgələrdə
keçirilir. Molla Nəsrəddin lətifələrinin
orijinal variantları da məhz bu coğrafiyada yaranıb. Bu
gün dillər əzbəri olan lətifələrin bir
çoxunun məhz bu kəndlərdən dünyaya
yayıldığı iddia olunur.
Anadolunun dünyaya təqdim etdiyi Molla Nəsrəddinlə
Ahi Evrən arasında bir çox fərqlər var. Əsas fərq
isə Nəsrəddin Xocanın Ahi Evrəndən fərqli
olaraq heç bir ideoloji mənsubiyyətinin olmamasıdır.
Fuad Köprülü Nəsrəddin Xocanı daha çox
maarifpərvər biri kimi təqdim edir. Lətifələrinin
alt qatında tərbiyəvi təməllərin olduğunu
diqqətə çatdırır.
"Molla Nəsrəddin lətifələri" kimi
oxuduğumuz bütün kitablarda bəhsi keçən şəxs
də Sivrihisardan olan Molla Nəsrəddindir.
Azərbaycan maarifçiliyi, Mirzə Cəlil, Molla Nəsrəddin...
"Molla Nəsrəddin" jurnalı və onun xidmətləri
haqqında Azərbaycan mətbuatında da, ədəbiyyat
tarixində də kifayət qədər yazılıb. Bəs
Cəlil Məmmədquluzadə niyə Molla Nəsrəddini
seçmişdi? Və ya seçdiyi Molla Nəsrəddin
kimdir?
Ahi Evrənin türk irafanının təbliğatçısı
kimi qarşımıza çıxdığı tarixi
mühitlə Mirzə Cəlilin yaşadığı
dövr bir-birinə oxşayır. Hər ikisi milli kimliyi yad
ideologiyalardan, əsarətdən xilas etmək niyyətindədir.
Eyni zamanda digər Molla Nəsrəddin idrakı və
maarifçiliyi ilə də Cəlil Məmmədquluzadə
düşüncələri arasında xeyli oxşarlıqlar
var. Bu baxımdan Cəlil Məmmədquluzadə və onun
eşşəyinə tərs minmiş Molla Nəsrəddini
tarixin iki Nəsrəddinin ortaq prototipidir. Mirzənin təqdim
etdiyi Molla Nəsrəddin həm milli kimliyin, həm də
modern düşüncənin təmsilçisidir.
Fars və rus mədəniyyəti arasında öz mədəni
rifahını itirmiş bir cameə üçün Molla Nəsrəddin
obrazı vaxtında edilmiş ürək masajı idi. Yenidən
həyata qaytarmağa kömək etmişdi, amma çox
yaşada bilməmişdi.
Molla Nəsrəddin 600 il sonra gözlərini Qafqazda
açmışdı. Bu, onun son səyahəti idi. Mirzə
Cəlil məhz Molla Nəsrəddin müstəvisində
sonuncu dərviş hesab edilə bilər. Mədəniyyət
carçıları ilə Azərbaycanda döymədiyi
qapı qalmamışdı. Həqiqət isə ona başqa
şeyləri göstərəcəkdi. Bu günün
Anadolusunda yaşanan cəhalət vaxtilə bizim torpaqlarda da
yaşanırdı. Özümüzə gəlmək
üçün azı 100 il lazım idi.
Molla Nəsrəddinin əsrlərlə
yaşamasının səbəbi də budur: həm fərdlərə,
həm toplumlara xitab edir. Bütün qaynaqlar kimi Molla Nəsrəddinin
də yenidən araşdırılması vacib işlərdən
biridir.
Rəvan CAVİD
525-ci qəzet.- 2024.- 19 yanvar,№10.- S.13.