Qiymətli irsdən yadigar əlyazmalar  

 

Cəlil Məmmədquluzadənin müasiri və Nehrəm məktəbində işləyərkən müəllim yoldaşı olmuş Mirzə Cəlil Mirzəyev (1874-1915) həm də "Şürbi" təxəllüsü ilə şeirlər yazıb. Keçən əsrin 80-ci illərinədək C.Mirzəyevin həyatı və ədəbi-pedaqoji fəaliyyəti, demək olar ki, öyrənilməyib. Düzdür, həmin vaxtadək onun haqqında M.S.Ordubadinin bir xatirəsi və M.Nəsirlinin bir oçerki oxucularda müəyyən təsəvvür yaradıb. Lakin bu mənbələrdə, xüsusilə M.Nəsirlinin oçerkində C.Mirzəyevin həyatı və fəaliyyəti tam şəkildə əhatə olunmur, eyni zamanda bir sıra səhv və həqiqətə uyğun olmayan fikir və məlumatlara rast gəlinir. Hətta M.Nəsirli C.Mirzəyevin şəkli kimi təqdim etdiyi fotoşəkil də ona məxsus deyil. Bu fotoşəkildə əks olunan şəxs bütün tədqiqatçıların təsdiq etdiyi kimi, vaxtilə M.T.Sidqi ilə birlikdə "Məktəbi-Tərbiyə"də müəllim işləyən Mirzə Ələkbər Süleymanovdur.

C.Mirzəyev haqqında arxiv materiallarına istinad olunaraq aparılan ilk və hələlik son sistemli və elmi yeniliyi ilə fərqlənən tədqiqat işi akademik İsa Həbibbəyliyə məxsusdur. Elmi dövriyyəyə daxil etdiyi materiallar - C.Mirzəyevin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan məktubları, Ermənistan Respublikası Mərkəzi Dövlət Tarix Arxivində qorunan şəxsi işi və xidməti fəaliyyətinə dair formulyar siyahı, C.Mirzəyevin oğlu jurnalist Əli Mirzəyevin şəxsi arxivində saxlanılan şeirləri, muzeyşünas Fikrət Sultanovun şəxsi arxivindəki atası Əbülqasım Sultanovun "Ədəbi nümunələr müntəxabatı" alimə imkan verib ki, mövcud tədqiqat işlərində yol verilən bir sıra təhrifləri aşkara çıxarmaqla bərabər, onun həyatı, fəaliyyəti və şeir yaradıcılığı haqqında dəyərli, orijinal və dəqiqləşdirilmiş obyektiv fikir və mülahizələr söyləyə bilsin.

İ.Həbibbəylinin araşdırmalarından sonra C.Mirzəyevin həyat və fəaliyyəti haqqında yeni fikir söyləmək çətin olsa da, son zamanlarda əldə etdiyimiz avtoqrafı yox, ərəb əlifbası ilə üzü köçürülmüş16 qəzəli onun şeir yaradıcılığı barəsində indiyədək söylənilən fikir və mülahizələrə bəzi əlavələr etməyə imkan verir. Həmin qəzəllər AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda şair Müzəffər Nəsirlinin şəxsi arxivində saxlanılır. Qəzəllər göy mürəkkəblə, nəstəliq xətti ilə 20x30 ölçülü tək-tək cizgisiz ağ vərəqlərə yazılıb. Hər vərəqin aşağıdan sağ küncündə "Köçürən Ağa Ağayev Rza oğlu. Naxçıvan şəhəri" sözləri yazılıb. Qəzəllərin hansı mənbədən köçürülməsi qeyd olunmayıb. Ağa Ağayevin vaxtilə Naxçıvan şəhərində yaşaması ehtimal olunur.

Haqqında söhbət açdığımız qəzəllərin bəzi beytlərindən M.Nəsirlinin oçerki və İ.Həbibbəylinin məqaləsində istifadə olunub.

M.Nəsirli və İ.Həbibbəylinin oçerk və məqalələrində nümunə verdiyi beytləri A.Ağayev nüsxələrindəki eyni beytlərlə müqayisə edərkən bəzi yanlış oxunan və ya fərqli söz və ifadələrə, həmçinin mətndə edilən ixtisar və əlavələrə rast gəlmək olur. Bu hal M.Nəsirlinin misal gətirdiyi beytlərdə daha çox özünü göstərir. Şübhə yoxdur ki, M.Nəsirlinin istifadə etdiyi beytlər onun öz arxivindən tapdığımız A.Ağayev nüsxələrindən götürülüb. M.Nəsirli variantı ilə A.Ağayev nüsxələri arasında fərqli söz və ifadələr, hətta misralar varsa, deməli, o, istinad etdiyi mənbəyə ya mətnşünaslıqda qəbuledilməz sayılan sərbəstliklə yanaşıb, ya da bəzi söz və ifadələri düzgün oxuya bilməyib. Bəzi nümunələri nəzərdən keçirək:

 

A.Ağayevdə: Yenə bəlayi-başım mehri-yar ilən doludur

M.Nəsirlidə: Yenə bəlayi-başım eşq-yar ilə doludur

A.Ağayevdə: Səni xəyala salıb çəkmişəm o qədər mən ah

M.Nəsirlidə: Məni xəyala salıb yenə unutdun sən

A.Ağayevdə: Suzi-eşqi çün təlim edib üşşaqə pərvanə

M.Nəsirlidə: Hər sözü eşqə təlim edibdir çün pərvanə.

 

Bu nümunələrdə M.Nəsirlinin qəzəllərin mətninə müdaxiləsi özünü göstərir. "Viran", "mehri-yar", "dövreyi-gül"ü "viranə", "eşq-yar", "rui-gül" kimi yazması isə onun söz və ifadələri düzgün oxumamasından irəli gəlir

İ.Həbibbəylinin nümunə gətirdiyi beytlərə gəldikdə isə o, bu beytləri özünün şəxsi arxivində saxlanılan həmin şeirin əslindən götürdüyünü qeyd edir. Onun nümunə gətirdiyi beytləri A.Ağayev nüsxələri ilə müqayisə edərkən belə bir mənzərənin şahidi oluruq:

 

A.Ağayevdə: Bu xərabə könlümü verdim yenə dildarə mən

İ.Həbibbəylidə: Bu xərabə köhlümü verdim yenə bir yarə mən

A.Ağayevdə: Bu bəlaya tapmadım ölməkdən özgə çarə mən

İ.Həbibbəylidə: Bu bəlayə tapmadım özümdən özgə çarə mən.

 

Yeri gəlmişkən həm M.Nəsirli, həm də İ.Həbibbəyli Şürbinin A.Ağayev nüsxələrində olmayan bəzi qəzəllərindən də istifadə edib. M.Nəsirlinin nümunə gətirdiyi aşağıdakı beytlərin haradan götürməsi bəlli deyil.

 

Ruzigarın gərdişindən hər zaman dad eylərəm,

İsmini daim dilimdə zikri-övrad eylərəm

İstərəm badi-səbadan göndərəm peyğamını,

Tutmaz əl, yazmaz qələm hərçəndi fəryad eylərəm.

 

İ.Həbibbəylinin isə bir beytini misal çəkdiyi qəzəlin avtoqrafı AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda M.Ə.Sidqinin şəxsi arxivində mühafizə olunur. Şeirin tam mətni filologiya elmləri doktoru Nailə Səmədovanın tərtib etdiyi "Məmmədəli Sidqinin şəxsi fondu" adlı kitabına daxil edilmişdir.

İ.Həbibbəylinin həmin şeirdən nümunə gətirdiyi beyt budur:

 

İndi ki, eşq çəkər haileyi-cəngə səni,

Özünü eylə fəda mərdeyi-mərdanə genə.

 

Əslində həmin beyt avtoqrafa uyğun olaraq belə yazılmalı idi:

 

İndi ki, eşq çəkür mərhəleyi-cəngə səni,

Özünü eylə fəda firqeyi-mərdanə genə.

 

N.Səmədovanın təqdim etdiyi həmin şeirin aşağıdakı misrasında da bir səhvə yol verilib və bir söz buraxılıb:

 

Aşiq ol... kimi bir nəzər oğlanə genə.

Beyt avtoqrafda belədir:

 

Aşiq ol həşrə kimi bir nəfər oğlanə genə.

Bu qəzəllə bağlı bir məsələnin də üzərində dayanmaq istərdik. N.Səmədova həmin qəzəli nəzərdə tutaraq yazır: "Müəllifi qeyd edilməsə də, bu sənədin (qəzəlin - F.X.) Cəlil Mirzəyevin xəttinə bənzədiyini və onun məktubları saxlanılan sənədlərlə bir saxlama vahidi altında yerləşdiyini əsas götürülərək şeirin Cəlil Mirzəyev tərəfindən yazıldığını ehtimal etmək olar".

Əvvəla, onu qeyd edək ki, N.Səmədovanın "bu sənəd Cəlil Mirzəyevin xəttinə bənzəyir" iddiasına rəğmən, elə onun öz xətti ilə yazılıb. Bu fikrin doğruluğunu sübut etmək üçünuzağa getmək lazım deyil, onun xəttini həmin qovluqda saxlanılan M.Ə.Sidqiyə yazdığı məktubların xətti ilə tutuşdurmaq kifayətdir. İkincisi, Şürbi qəzəl ədəbiyyatının ənənəsinə əməl edərək məqtə beytində öz təxəllüsünü işlədib:

Gəlmisən Şürbiyü kafir necə imanə genə?

Əgər N.Səmədova "Şürbi" sözünü "şərirü" kimi səhv oxumasa idi, yuxarıda xatırlatdığımız qeyri-dəqiq qənaətə gəlməzdi!

Həm M.Nəsirli, həm də İ.Həbibbəylinin məqalələrində Şürbinin qəzəllərinin təhlilinə cəmi səhifə yarım həsr olunub. M.Nəsirlinin fikrincə: Şürbinin qəzəllərində "insana məhəbbət, təmiz hisslər, həqiqi sevgi tərənnüm edilib"; "Ayrılıqdan doğan ürək çırpıntıları, vüsal həsrəti" ifadə olunub; "O, qəzəllərində klassik şeirimizdən aldığı təşbihlərə yeni məna verərək fikrini səmimi və rəvan surətdə ifadə edib".

İ.Həbibbəylinin qənaətinə görə isə Şürbinin qəzəllərində: "Aşiqanə məzmun orijinal bədii vasitələrlə mənalandırılmışdır"; Klassik qəzəllərdən fərqli olaraq bu bu qəzəllərdə "bədii dilin müəyyən səviyyədə xəlqiləşmə prosesi" baş vermişdir; Həyat eşqi ilə dövran qəmi üz-üzə dayanmışdır"; "Aşiqin şəxsi iztirablarından çox, ümumiyyətlə, ədalət, səadət harayçısı olduğunu, qurtuluş istəyini də görməmək mümkün deyil".

A.Ağayev nüsxələrinə istinad edərək hər iki müəllifin fikir və qənaətlərinə onu da əlavə edə bilərik ki, Şürbinin aşiqi bədbindir, məşuqənin onu fəraq oduna salmasından şikayətlənir, fələyi həsrətin baiskarı sayır, məzarını yarının qazmasını arzulayır, məşuqəsinin ona inamsızlığından gileylənir, rəqibin tənəsindən təngə gəldiyini bildirir, özünü Məcnun kimi divanəyə, şamü səhər ağlayan Yaquba bənzədir, əğyarın tənəsinə məruz qalmasını bəyan edir, vüsala çatmaq üçün allahdan imdad diləyir, "məşuqədə hərgiz vafa olmaz" deyir, qəlbini səbr etməyə çağırır, hicran qəminə çarənin olmamasından təəssüflənir, allahdan yarını bədnəzərdən qorumağı təvəqqe edir, hərdən hicran bəlasından xilas olmağın yolunu ölümdə görür.

Şürbi çox duyğulu bir insan olub. Müasiri M.S.Ordubadinin verdiyi məlumata görə: "O, çox gözəl tar çalır və oxuyurdu, eyni zamanda fəsahətli və şirindilli" idi. Fikrimizcə, onun qəzəllərindəki səmimiyyət öz qidasını məhz bu amillərdən almışdır.

Qəzəllərindəki bədbinliyə gəlincə isə bunun səbəbini onun talesizliyi və şəxsi həyatındakı uğursuzluqlarda axtarmaq lazımdır. Hələ gənc yaşlarında "sısqa, öskürəkli, arıq və dişləri papiros tüstüsündən saralmış" (M.S.Ordubadi) Şürbi sonralar özü demişkən, "dünyanın hər təpiyinə adətkar olsa" da, "zəmanənin sitəmindən" anlamaq dərdi ilə dünyaya göz açan bəzi həmyerliləri kimi, dostu Məmmədəli Sidqiyə yazdığıtək hərdən "oturub müntəzirdir ki, nə vaxt əcəlləri gələcək, öləcəklər".

Belə əhval-ruhiyyədə olan şairin lirik məni nikbin ola bilərdimi?

Elmi ədəbiyyatda Şürbi C.Məmmədquluzadənin "Ölülər" əsərindəki Kefli İskəndərin prototiplərindən biri hesab olunur. Bizcə, qəzəllərindəki aşiqin də prototipi Şürbinin özüdür!

Şürbinin tədqiqata cəlb etdiyimiz qəzəllərinin əlyazma variantlarının tam mətnləri onun şeir yaradıcılığı haqqında indiyədək söylənilən fikir və mülahizələri dolğunlaşdırmaq və bir qədər də əsaslandırmaqla yanaşı, həm də bəzi yeni elmi qənaətlərə gəlməyə imkan verir.

 

Fərman XƏLİLOV

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya üzrə elmlər doktoru

525-ci qəzet.- 2024.- 19 yanvar,№10.- S.12.