Yaşamağa gecikən
adam...
Səbuhi Məmmədliyə
rekviyem
xəbər-adamın son xəbəri
Bir uca qamətli, sarışın bənizli, canı
ağrılı, gülər üzlü reportyor var idi.
Ömür boyu xəbərin dalınca qaçdı.
Ayaqlarını itirənə qədər qaçdı,
qaçdı... Axır bir gün özü xəbər oldu.
Özünün son xəbəri.
İndi bu yoxluğun şəkilli xəbərini
eşidən-bilən, bu fotonun başına toplaşıb,
bircə cümlə qurur: "Allah rəhmət eləsin!"
Mən də qurdum bu cümləni. Sən demə, qələm
adamı əslində nə qədər çox
danışır-danışsın, nə qədər
çox çəkir-çəksin, nə qədər
çox yazır-yazsın, bu dünyada özündən sonra
cəmi-cümlətanı bircə cümlə qoyub
gedirmiş!
...Bir gün bir cızmaqaramı oxuyub zarafatla
yazmışdı: "Biz cavanlara master-klass
keçirsiniz". Mən də zarafatla soruşdum ki, o qədər
qocalmışam? Gülüş işarəsi atdı. Mən
bu təbəssümü özümə sərf edən məzmunda
yozdum: "Yox, Siz qocalmamısınız, biz cavan
qalmışıq yəqin".
Bəlkə də onun özünü öz
yaşından da cavan hiss etməsini hiss etmək istəmişdi
şüuraltım. Hərçənd onda canı ilə əlləşən
vaxtı başlamışdı. Öz yaşından daha
yaşlı görünürdü artıq. Ya da mən
özümün yaşımdan cavan qalmağımı
başqa birinin göz (və ya Söz) "notariatında"
təsdiqlətmək istəmişdim. Elə isə çox
eqoistəmmiş o anda!
Sizə bir şey deyim?!
Biz elə bilirik, qocalanda istirahət etmək
lazımdır. Adam düşündü ki, nə qədər
cavandır, qaçsın, bədəninin resurslarını sərf
etsin. Neynək, yaşlananda ayaqlarımızı uzadıb
dincələn vaxtımız da çox olacaq.
Amma əfsus! Bir də ayılıb gördü ki, nə
yaşlanmağa vaxtı qalıb, nə də uzadıb dincəltməyə
bir ayağı var. Ömrü boyu xəbər dalınca
qaçan ayaqları xəbər olmuşdu manşetlərə.
İndi də özü.
Əlinə təzəcə qələm alan cavanlar
onun yolu ilə getsin, ancaq onun yolunu getməsin: qocalmağı
gözləmədən elə cavan yaşlarda dincəlmək
lazımdır; orqanizmin ehtiyatlarını gənc
dövründə mümkün qədər ehtiyatla və
insafla xərcləyəsən gərək. Yaşlananda
ayaqlarımızı uzadıb dincələcəyimizə
arxayın olmayaq. Yaşlanmağa vaxtımız, dincəltməyə
ayaqlarımız qalmaya bilər.
Bu da Səbuhinin adından cavanlara bir qoca məsləhəti
olsun. Qocalmağa fürsəti olmamış, yaşlanmağa
yaşı çatmamış Səbuhinin dilə gətirməyə
macal tapmadığı məsləhəti.
Müəlliflik hüququmu halal edirəm.
...Yoxluğunun üzüntüsü çoxdur, bəli.
Bizimlə bir dönəmdə yaşasa da, özü
özlüyündə ayrıca bir dönəm olan
insanların yoxluğu üzücü bir boşluqdur bu
dünyada. Amma...
Düzü, daşımağa layiq olmadığı
taledən, dözməyə qadir olmadığı
ağrılardan qurtulmasına sevinmək də istəyirsən
bir yerdə.
Bəlkə də bir az amansız alındı bu
cümlə. Ancaq elə bilirəm, cümlə-camaatın
içindən keçən bir hissdir. Hətta bir məsləkdaşımız
onu dilə gətirib, yazıb, paylaşıb da.
Varlığını sevdiyimiz - varlığına
sevindiyimiz adamın yoxluğuna da ürəkdən
üzülərək ürkəkcə sevinmək?! Bu da
varmış qismətində. Ya da bizim qismətimizdə.
İndi nə deyim?! Hansı cümləni qurum?!
"Yaşamağa gecikdi" deyim, ya "əcəlinə tələsdi"
deyim?!
Biri bəlkə də anlamsız olar. O biri də
çox amansız olar.
Qoy elə birincisini deyim. Bir azca anlamsız olursa da,
olsun. Təki çox amansız olmayım.
Hərçənd istəsəm də, Səbuhini
bizdən alan fələk qədər amansız ola bilmərəm...
Bahəddin HƏZİ
525-ci qəzet.- 2024.- 19 yanvar,№10.- S.10.