Aktrisanın
şirin-acı həyat hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Narkomanlığa qurşananlar ətrafdakı insanlar
üçün, bütün sosium üçün
böyük təhlükədir. Gizli cəmiyyətlər
kimi onlar daim öz sıralarını artırmağa,
böyütməyə çalışırlar. Onlar daha
çox olsalar, böyük və qarşısı
alınmayan təhlükəyə çevriləcəklər
və onlarla mübarizə aparmaq da çətin olacaqdır.
Ona görə də bu bəlanı beşikdəcə məhv
etmək lazımdır, onun yayılmasının
qarşısı alınmalıdır.
Dustaqxanalarda məhbuslara bişirilən şorba iki əsrə
yaxındır ki, "balanda" adlanır. Bu, real həyatdan
götürülmüş addır. Və hətta bu hadisəni
Balzak da qələmə almışdır. XIX əsrin əvvəllərində
Fransa həbsxanalarının birində çox qəddar,
dustaqlara zülm verən bir nəzarətçi var idi. Balanda
adlı bu vəhşi insana bütün məhbuslar nifrət
edirdilər və ondan yaxalarını qurtarmağa
çalışırdılar. Axırı hamısı onu məhv
etmək qərarına gəldi və o, mətbəxdəki
böyük şorba qazanının yanına gələndə,
yaxında toplaşmış dustaqlar onu əllərinə
götürüb qaynayan qazanın içinə atdılar.
Balandanın yanan bədəni əriyib, qazandakı məhlula
qarışdı. Dustaqlar əməllərinin
üstünün açılmaması üçün bir
inqredient kimi Balandanın bədəni də
qatılmış şorbanı iştahla yedilər. O vaxtdan
məhbəs şorbası "balanda" adını
aldı. Narkomanlarla da belə rəftar etmək
lazımdır, onların addım basdıqları torpaq
yanmalıdır.
Mən faşist deyiləm ki, adamların kütləvi
məhvinə çağıram. Mən narkomanların cəmiyyətdən
təcrid edilməsini istəyirəm, onları himayə edənləri
və gizlədənləri də, heç olmasa, maddi cəhətdən
cəzalandırmaq lazımdır. İki narkomanla qısa
müddətli ünsiyyətim hesabına mən onları
yaxşı tanıyıram. Deyirlər ki, hər adamda vəhşi
heyvan gizlənir. Bəzilərində bu, sakit, digərlərində
isə yırtıcı heyvandır. Bir qrup adamda bir neçə
yırtıcı yerləşir. Mənə rast gələn
narkomanlarda mən dişi canavar gizləndiyini hiss edirdim, səhvə
yol versəm, onlar məni parça-parça edərdilər.
Mənə göstərdikləri nəzakətdə də,
quduzluqlarını pərdələdiklərini
görürdüm. Narkotikə qurşananların daxilində
də yırtıcı heyvanların sayı artmağa
başlayır. Onlar, bir qayda olaraq, narkotikin təsirindən
ağıllarını itirirlər. Onları heyvanlar kimi
instinkt idarə edir. İnstinktə tabe olan davranış
çox qorxuludur, hər cür fəsadlar törədə
bilər. Bu dediklərimi mənə həyatda
qazandığım təcrübəm öyrədib, başqa
bir fədəkarlığa isə hazır deyiləm.
Bəlkə, siz istəyirsiniz ki, mən də narkotikə
qurşanıb, iynəyə oturub,
rolu bu yolla təbii canlandırmağa müvəffəq
olum. Mən mikrob dolu stəkanı başına çəkən
Paster olmaq istəmirəm, həyatımı
narkomanlığa qurban vermək istəmirəm. Belə fədakar
aktrisanız varsa, mən roldan imtina etməyə hazıram. Bu
da teatr tarixinndə sizin ixtiranız ola bilər. Mənim isə
elə eksperimentlərə ehtiyacım yoxdur, çünki
çox qorxulu mühitdə yaşamaqla, böyük təcrübə
qazanmışam və rolu oynamaq üçün onlar mənə
kifayətdir.
Rejissor bizim məşqləri bir gün keçəndən
sonra təxirə saldı, yenidən hazırlığa
başlayanda məni yanına çağırıb,
başqalarının eşitməməsi üçün
pıçıltıya bənzər bır səslə dedi
ki, mən çox fikirləşəndən sonra, sənin rol
barədəki traktovkanla barışmaq qərarına gəldim.
Sənə heç bir düzəliş verməyəcəyəm,
özün bildiyin kimi dona gir. Mən hiss edirəm ki, sən
bu rolu oynamaq yox, onda yaşamaq istəyirsən. Teatr
sınaqlar, həll yollarını axtarıb tapmaq
meydanıdır, qoy bu dəfə xəstə qız rolunu
aktrisa-rejissor özü bildiyi kimi oynasın. Güman edirəm
ki, tamaşa bundan qazanacaqdır, heç nə itirməyəcəkdir.
Niyə ki, yeni bir üsulu sınaqdan keçirməyək.
Bizdə rejissorlar vardır ki, quruluşa qoyduğu pyeslərin
sayının çoxluğu ilə öyünür, belələrinə
sual vermirlər ki, onların bəs hansı tamaşası
yadda qalmışdır, teatra hansı bir şərəf gətirmişdir,
yəqin ki, bu vaxt onun dili susar, əvəzində vicdanı
hesabına üzü qızarar.
Tamaşanın uğuru mənim üçün
öz reputasiyamın toxunulmazlığından daha
üstündür. Bu pyesə müraciət edərkən, mən
böyük ümidlərlə yaşayırdım, bəlkə
də, sənin təbii oyunun tamaşanın ad-san
qazanmasına kömək edəcək, onda baş rolun
ifaçısı ilə yanaşı, rejissorun da
ünvanına xoş sözlər deyiləcəkdir. Qoy bizim
səhnə oyunumuz səviyyəli tamaşaçını
düşünməyə məcbur etsin. Xalqı bu bəlalara
qarşı mübarizəyə səsləsin və birləşdirsin.
Onda teatr öz funksiyasından kənar olan bir işə
girişərək, təhlükəli sosial problemin həllinə
kömək etməli olacaqdır.
Trafalqar dəniz döyüşündə qalib gəlib,
elə həmin vaxt həlak olan məşhur ingilis admiralı
Horatsi Nelson ölərkən "Lövbər, lövbər!"
deyə qışqırırdı. Mən isə sənə
uğur diləmək üçün deyirəm: "Yelkənləri
qaldır, yelkənləri qaldır". Onlar küləklə
dolduqda, bizim teatr adlanan gəmimiz ətalətdən
çıxıb, iti sürətlə hərəkət edəcək,
quduz dalğaları dəf edərək irəli doğru
üzəcəkdir. Mənim də başlıca amalım
öz dominantlığımı göstərmək deyil,
teatrı, çox arzusunda olduğum bir uğura
çatmaqdır. Bu işdə mən bütövlükdə
tamaşanın uğuruna, sənin qəlblərə və
şüurlara təsir edəcək oyununa böyük
ümid bəsləyirəm. Bu ümidlər doğrulduqda mən
sənin istedadın qarşısında baş əyib, sənin
sənətinə təzim edəcəyəm. Bu, təkcə
sənin yox, hamımızın zəfəri olacaqdır, bu
uduş naminə yeni eksperiment aparmaq kimi bir riskə getməyə
də dəyər.
Mən qulaqlarıma inana bilmirdim, qarşımda elə
bil əvvəlki tərs adam deyil, olduqca böyük sənət
fədaisi dayanmışdı. O, özünün nüfuzuna
zərbə dəyməsinə də əhəmiyyət verməyib,
axı bundan hamı agah olacaqdı, tamaşanın uğuru
naminə mənə güzəştə getməklə,
özünü və məni öz gözümdə
ağıla gəlməyən bir qaydada
qaldırmışdı. Mən hissə qapılıb, minnətdarlıq
naminə onu qucaqlayıb öpmək istədim. Lakin
özümü saxladım və bircə şeyi dedim:
- Müəllim, siz bu hərəkətinizlə təkcə
mənə deyil, tamaşada zəhmət çəkən
hamıya, hər kəsə nəcib insan, ən
başlıcası isə böyük sənət adamı dərsini
verdiniz. Mən qabaqcadan gələcək uğurdan
danışa bilmərəm, ancaq sizin təəccüb
doğuran qərarınızı və bir şəxsiyyət
olaraq böyüklüyünüzü, əvvəllər
görmədiyim nəhəng hadisə kimi daim iftixarla bəyan
etməyi özümə borc biləcəyəm. Siz həm də
güzəştə getmək barədə də mənə
yaddan çıxmayan bir dərs verdiniz. Donanmanın rəhbərliyini
könüllü olaraq sıravi matrosa həvalə etdiniz. Mən
bunu da heç vaxt yaddan çıxarmayacağam.
Rejissor fikirə dalıb, daim məndən gizlətdikləri
duyğusunu belə bir vaxtda əlverişli sayıb, etiraf
etdi:
- İzolda! Rejissor daim sevimli aktrisaya
vurulmalıdır. Bunu indiyə
qədər mən etiraf etmirdimsə, bu o demək
deyildir ki, mən monastırda xidmət edən rahibiydim,
gözəl qadını inancım hesabına inkar edirdim, ona
tam laqeyd idim. Mən hisslərim barədə intim xarakterdə
olan könül harayımı sənə etibar əlaməti
olaraq açıb danışdım, sən də bunu
yalnız bir ötəri, uzaq, heç vaxt baş tutmayacaq xəyal
kimi qəbul et.
Tamaşa olduqca uğurlu keçdi, qəzetlər,
televiziyalar ünvanımıza təriflər
yağdırırdılar. Bu, mənim ən böyük zəfərim
idi. Hətta biri müvəffəqiyyəti şişirdərək,
yazmışdı ki, tamaşa, Azərbaycan teatr
dünyasının yeniləşdirməklə, təzə
bir başlanğıca qədəm qoyulmasından xəbər
verir. Mənim oyunum haqqında ən böyük tərif ondan
ibarət idi ki, bu gənc aktrisa narkomaniya kimi böyük bəlanın
qarşısını almaq barədə haray qaldırmaqla,
gizlədilməyən. qorxu yaradan şivəsi ilə bizim
hamımızı birləşməyə, bu dəhşətli
epidemiyanı birdəfəlik ləğv etməyə
çağırırdı. Bəlkə də, yalnız
Orlean qızı Janna d`Ark ingilis
işğalçılarına qarşı mübarizəyə
qalxmaq barədə fransızlara belə qüdrətli
çağırış etmişdi. Gənc aktrisa da,
imkanında olan hər şeydən, birinci növbədə, əlbəttə
ki, istedadından istifadə edərək, valideynləri
ehtiyatlı olmağa, övladlarını bu bəladan
qorumağa səsləyərək, millətin bu gününə
və gələcəyinə zərbə vurmağa
çalışan və düşməni sevindirəcək
bu bədbəxtliyi bütün vasitələrlə məhv
etməyə yalvarmışdı. Bu gənc qız səhnədə
qışqırmırdı, hay-küy salmırdı,
çaşqınlıq yaratmağa can atmırdı, lakin
özünün məruz qaldığı acı həyat təcrübəsi
ilə, onu hərtərəfli, olduqca təbii olaraq göstərməklə,
bu virusu aradan qaldırmaq, milləti, onun quduz pəncəsindən
xilas etmək barədəki həzin xahişini edirdi. Və
bizim borcumuz onu eşitməkdir.
Səhnədə və ekranda uğurlu rollarım az
olmamışdır, çünki hər roluma, səhnəyə
hər bir çıxışıma xüsusi məsuliyyətlə
yanaşırdım, ona görə də ekranda heç bir
uğursuzluğum olmamışdı. Bunlara görə məni
belə çox sevirlər, axı mən nə Madonna, nə
Naomi Kembell, nə də başqa bir məşhur müğənni
və ya modeləm. Nəyə nail olmuşamsa, birinci növbədə
məni yaradan təbiətə minnətdaram. Çoxları
da təbiətin hədiyyəsini düzgün qiymətləndirib,
məni öz sevgiləri ilə mükafatlandırırlar. Məni
sevənlər nədənsə məni hərtərəfli,
həm daxilən, həm də zahirən gözəl hesab
edirlər. Daxili aləmim təmiz, saf, həm də zəngin
olduğuna görə mən həmin rəylərə etiraz
edə bilmərəm. Deyirlər
ki, gözəllik gözdədir. Zahiri gözəlliyim barədəki
düşüncələri isə birinci növbədə təbii
zərifliyimin, incə hərəkətlərimin nəticəsi
tək izah edərdim, əgər onlar həqiqətən
gözəllik sayılırsa. Gizlətmirəm, küçədə
də hamı mənim yerişimə xüsusi diqqət veirir,
bu, məni həm sevindirir, həm də utandırır. Deməli,
mənə vurulanlar da təbiətimdən irəli gələn
zərifliyimi lazımınca qiymətləndirməyi
bacarırlar, bu münasibəti özüm üçün ən
böyük mükafat sayıram.
Həm də səhnədə və ekranda işləmək
elə də asan deyildir. Axı biz özgə həyatını
təsvir edir, bacardıqca o həyatı səhnədə
yaşamağa çalışırıq. Onların kədərini,
qəmini tamaşaçıya çatdırmağa cəhd
edəndə, bizim könlümüz də həmin hisslərə
biganə qalmır. Rolu oynayıb, başa vurmaqla
könlümüzdə başqalarına məxsus olan qəmginlik,
onun dumanı bir andaca yoxa çıxmır, biz onları
yaşamaqda davam edirik. Bu, bir xəstəliyə bənzəyir,
həkimlərin nikbin rəyindən fərqli olaraq, xəstələr
hələ bir müddət özünü sağlam hesab
etmir. Aktrisanın zəhmətini mən marafon
qaçışı ilə müqayisə edərdim,
çoxları o məsafəni ən azı axıra qədər
şərəflə davam etdirə bilmir. Bəzilərinə
tələsik, elə bir uğura imza atmadan fəxri adlar
verildikdə, bu, stimul rolu oynamaq əvəzinə, onlarda
lovğalıq, özündən razı qalmaq hissləri
yaradır və belələrinin inkşaf tumurcuğu həmin
ianə ilə kəsilmiş olur. Fəxri adı
daşımaqdan başqa, onlar heç nəyə
yaramırlar, teatr üçün isə gəmilərdə
istifadə edilən ballasta çevrilməklə, zəhmət
çəkmədən teatrdan pul alır, havayı maaşa
sahib olmaqla, həqiqi zəhmət çəkənlərin
çörəyinə şərik olurlar.
Yaxşı olar ki, hər aktrisaya istedadına, qabiliyyətinə
görə qiymət verilsin. Qəlbini və ruhunu
bütünlüklə işə sərf etməyi
bacarmayanlara çətin dramatik rolu etibar etmək səhv
olmaqla yanaşı, tamaşanın gələcək taleyini də
uğursuzluq təhlükəsi altında qoyacaqdır. Belə
rollara iddia edənlərə sərt "yox" cavabı
verilməlidir. İstedadlı aktrisalarla isə şahzadələrlə
olan kimi davranılmalıdır, onların hansısa rolda
oynamalarına maneə göstərilməməlidir. Bəzən
olduqca sevdiyim rol mənə verilməyəndə, mən
inciyirəm, belə laqeyd diktatorluq münasibəti məni
narazı salır.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 24 yanvar,№13.- S.14.