Azərbaycanın nüfuzunu daha da
yüksəldəcək beynəlxalq tədbir - COP29
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək.
Bununla bağlı qərar COP28-in ötən il dekabrın
11-də Dubayda keçirilmiş plenar iclasında qəbul
olunub. COP iqlim dəyişikliyi ilə mübarizədə
çox vacib və dünyanın ən əhəmiyyətli
tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə
Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla
ev sahibi seçilməsi ölkəmizə yüksək
etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq
tədbirlərə ev sahibliyi etmək sahəsində
özünə yetərincə müsbət imic qazanıb. Tədbirin
Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm
də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın
lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib.
Bu isə dünya ictimaiyyətinin Azərbaycanın
atdığı addımlara, dolayı da olsa, dəstəyindən
xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi
olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə
prioritet sahə kimi gördüyünü bütün
dünyaya sübut edəcək. Tədbirin Bakıda
keçirilməsi Azərbaycanın nüfuzunun daha da
artmasına və ölkə reallıqlarının dünya
ictimaiyyətinə birbaşa və asan
çatdırılmasına böyük təkan verəcək.
"Azərbaycan Turizm Agentlikləri
Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin
sədri Göydəniz Qəhrəmanovun dediyinə görə,
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına - COP29-a turizm sektoru da yüksək səviyyədə
hazır olmalıdır: "2023-cü il Azərbaycan turizmi sənayesi
üçün qlobal arenada tanınmaq baxımından
uğurlu il olub. İqtisadiyyatın dəyər zəncirinə
daxil olan sahələrin böyük qismini özündə
birləşdirən turizm qeyri-neft sektorunun aparıcı qolu
olaraq ölkə iqtisadiyyatının inkişafında, Azərbaycanın
regional və beynəlxalq turizm bazarında xüsusi mərkəzlərdən
birinə çevrilməsində, ölkənin müsbət
imicinin formalaşdırılmasında, məşğulluğun
təmin olunmasında, biznes mühitinin
yaxşılaşmasında əhəmiyyətli rol oynayır.
COP29-a turizm sektoru da yüksək səviyyədə hazır
olmalıdır. Bu cür miqyasda tədbirlərin keçirilməsi
yalnız nüfuzlu, təşəbbüskar, stabil və təhlükəsiz
dövlətlərə həvalə edilir ki, məhz bu
üstünlüklər Azərbaycanı digər ölkələrdən
fərqləndirir. Turizm sənayesi olaraq biz də bu
böyük tədbirə hazırlıqlı olmalı,
qonaqların ən yüksək səviyyədə
qarşılanmasını təmin etməli, Azərbaycan
haqqında müsbət təəssüratlarla geri dönmələrinə
nail olmalıyıq".
O qeyd edib ki, hamı bir hədəfə vurmalı,
güclü və qalib ölkəmizin belə bir
dünyamiqyaslı tədbirə ən yüksək səviyyədə
ev sahibliyi etməsində üzərimizə düşən
vəzifələrin öhdəsindən layiqincə gəlməliyik:
"Bu tədbir ölkəmizin tanınmasında, onun turizm
potensialının dünyaya çatdırılmasında
imkanlar açır. COP29-a həm də turizmin
inkişafına təkan verəcək bir fürsət kimi də
baxmaq lazımdır. Odur ki, tədbirin ən yüksək səviyyədə
keçirilməsi üçün turizm sənayesi olaraq əlimizdən
gələn dəstəyi göstəməyə
hazırıq".
Millət vəkili Kamilə Əliyeva bildirib ki,
dünya dövlətləri tərəfindən COP29-un
sessiyasının gələn il Azərbaycanda keçirilməsinə
dair qərarın qəbul edilməsi Azərbaycan dövlətinə
və onun rəhbərinə olan böyük hörmətin və
etimadın nümunəsidir. Onun dediyinə görə,
Prezident İlham Əliyevin apardığı uğurlu daxili və
xarici siyasət nəticəsində beynəlxalq aləmdə
ölkəmizin nüfuzu günbəgün artmaqdadır. Azərbaycanın
müstəqil siyasət aparması, beynəlxalq hüququn
norma və prinsiplərinə hörmətlə
yanaşması, eləcə də öz ərazi
bütövlüyünü və suverenliyini bərpa etməsi
ölkəmizə hörməti artırıb.
COP29-un ölkəmizdə keçirilməsinin həm
də böyük siyasi əhəmiyyəti olduğunu
vurğulayan K.Əliyevanın sözlərinə görə,
bu cür mötəbər tədbirin Azərbaycana həvalə
edilməsi dünya dövlətlərinin ölkəmizə
etimadının bariz nümunəsidir. Deputatın fikrincə,
artıq hər kəs Azərbaycanda möhkəm sabitlik
olduğunu anlayır: "Azərbaycan beynəlxalq hüququn
prinsiplərinə və qanunlarına əsasən öz ərazisində
antiterror tədbirləri keçirməklə suverenliyini bərpa
etdi və separatizmin kökünü kəsdi. Bəzi Qərb
dövlətləri, xüsusən Fransa ölkəmizə
qarşı əsassız, qərəzli bəyanatlar səsləndirir
və bu çirkin əməllərindən əl çəkmir.
Artıq bütün beynəlxalq təşkilatlar, dünya
dövlətləri də Azərbaycanın Qələbəsini
qəbul edib və ölkəmizin haqlı mövqeyini dəstəkləyirlər.
Ermənistan dövləti də bu reallığı qəbul
edib və COP29 konfransının Azərbaycanda keçirilməsinin
lehinə səs verib. Çox təəssüf ki, bəzi Qərb
dövlətləri "ikili standart" siyasəti həyata
keçirirlər. Azərbaycan isə hər zaman dünyada
sülhün, ədalətin yanında olduğunu bəyan
edir. Prezident İlham Əliyevin apardığı müdrik
siyasətin nəticəsində artıq 4-cü ildir Azərbaycan
Qoşulmama Hərəkatına sədrlik edir. Dünyanın
120 ölkəsi yekdilliklə Azərbaycanın sədrliyini dəstəkləyib.
Bu dəfə də dünya dövlətləri ölkəmizi
dəstəklədi".
Ölkəmizin irimiqyaslı və nüfuzlu beynəlxalq
tədbirləri hər zaman çox yüksək səviyyədə
keçirdiyini diqqətə çatdıran deputat gələn
il COP29 konfransının da uğurla keçəcəyini
vurğulayıb: "Gələn il iki həftə
bütün dünyanın gözü Azərbaycanda olacaq. Təqribən
70-80 min xarici qonağın Bakıya səfəri gözlənilir.
Ölkəmiz bu mötəbər tədbirə də
uğurla ev sahibliyi edəcək. Azərbaycan xalqı, mötəbər
təşkilatlar, dövlətlər də ölkəmizin
COP29-a uğurla ev sahibliyi edəcəyindən əmindir".
Kamilə Əliyeva qeyd edib ki, dünyada neft və qaz
ölkəsi kimi tanınan Azərbaycan dövlətimizin
başçısının yürütdüyü siyasət
nəticəsində artıq "yaşıl enerji"
ölkəsinə çevrilir: "Yaxın gələcəkdə
Azərbaycanda istehsal olunan yaşıl enerji də dünya
bazarlarına çıxarılacaq. Bir sıra Avropa dövlətləri
Azərbaycandan alacağı yaşıl enerji sayəsində
öz enerji təhlükəsizliyini möhkəmləndirəcək.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, COP 29-un ölkəmizdə
keçirilməsi xalqımızın növbəti
böyük uğuru olacaq".
Millət vəkili Asim Mollazadə deyib ki, BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının (COP29) Azərbaycanda keçirilməsindən
istifadə edərək Ermənistandan ölkəyə gələn
çayların zəhərlənməsi məsələsinə
diqqət cəlb edilməlidir. Onun sözlərinə görə,
Azərbaycanda su ehtiyatları ilə bağlı problem var:
"Azərbaycanı səhra kimi düşünməliyik. Səhrada
bu gün kənd təsərrüfatı məhsullarının
istehsalı üçün yeni texnologiyalar tətbiq edilir,
biz də buna keçməliyik. Suvarma ilə bağlı da
çox böyük problemimiz var. Biz düşünməliyik
ki, hansı istiqamətdə inkişaf edək. Biz su
ehtiyatlarımızı köhnə texnologiyalarla işlədiyimizə
görə itiririk. Bu istiqamətdə müvafiq beynəlxalq
təşkilatların diqqətini cəlb etməliyik".
Millət vəkili Tamam Cəfərovanın sözlərinə
görə, bir neçə gün bundan əvvəl ölkəmiz
növbəti böyük uğura imza atmışdır.
COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda
keçirilməsinə dair qərar qəbul olunub. Beynəlxalq
münasibətlər sistemində çətin və mürəkkəb
proseslərin getdiyi bir vaxtda ölkəmizin öz mövqeyini
gücləndirməsi, həmçinin, geopolitik mərkəzə
çevrilməsi Azərbaycanın qlobal siyasi güc olaraq
nüfuzunu hər gün daha çox artırır.
Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla
sıx strateji əlaqələr və əməkdaşlıqlar
qurmaqda maraqlı olmaları bunun bariz nümunəsidir. Bu
gün Azərbaycan dünyanın bir çox dövlətləri,
aparıcı beynəlxalq təşkilatları ilə sıx
əməkdaşlıq edir. Azərbaycan dünyada qlobal təşəbbüslərin
və beynəlxalq tədbirlərin təşkilatçısı
kimi günü-gündən nüfuzunu daha da artırır.
O qeyd edib ki, sözügedən nüfuzlu, qlobal
xarakterli tədbirin məhz Bakıda keçirilməsinə
dair qərarı bütün dünya ölkələri bir
neçə gün bundan əvvəl qəbul etmişdir:
"Beləliklə, Azərbaycana növbəti dəfə
böyük etimad və böyük hörmət göstərilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının - COP29-un gələn il ölkəmizdə
keçirilməsinin siyasi əhəmiyyəti olduqca önəmlidir.
Bu hadisənin önəmi qərarın antiterror tədbirlərdən
iki ay yarım sonra qəbul olunmasıdır. Bir daha dünya
ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib.
Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq
aləmin hər bir üzvünün razılığı ilə
mümkün olub. Burada yekdil mövqe bir daha özünü
göstərdi. Antiterror tədbirlərindən sonra bəzi Qərb
ölkələri Azərbaycana əsassız ittihamlar irəli
sürürdü. Bu ittihamların heç bir əsası
yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində
separatizmə, işğalçılara qarşı antiterror
tədbirləri həyata keçirərək beynəlxalq
hüququn aliliyini özü təmin edib. Eyni zamanda ölkəmiz
humanitar normalara riayət edərək öz suverenliyini bərpa
edib. Bəzi Qərb ölkələri, onların arasında ənənəvi
olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə
barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq
birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə
barışıb. COP29 konfransının keçirilməsi
bunu bir daha göstərir. Məhz belə bir mötəbər
tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın
üzərinə böyük məsuliyyət qoyur. Lakin onu da
vurğulamaq lazımdır ki, Azərbaycan beynəlxalq tədbirlərə
ev sahibliyi etməkdə böyük təcrübəyə
malikdir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına
uğurlu sədrliyini xüsusilə qeyd etməliyik. Azərbaycan
Qoşulmama Hərəkatına dörd il ərzində
uğurla sədrlik edir və burada da ölkəmizin sədrliyi
120 ölkənin dəstəyi ilə mümkün olub, hətta
bu müddət bir il də uzadılıb".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 24 yanvar,№13.- S.13.