"Gözləmirdik"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Şəfiqə
Mustafayevadır. Onunla məşhur rus rəssamı İlya
Repinin "Gözləmirdik" əsəri haqqında
danışmışıq.
İlya Repin XIX əsr rus incəsənətinin
görkəmli realist rəssamıdır.
Yaradıcılığının erkən dövründə,
Repin əsasən müasir həyata və cəmiyyəti
narahat edən problemlərə müraciət edirdi.
Çiçəklənmə dövrü 1880-ci illərə
təsadüf edən yaradıcılığında isə
müasirlərinin portretləri, tarixi janr əsərləri və
məişət mövzulari əsas yer tutur. Tarixi janrda
yaratdığı əsərlərdə əsas məqsəd
təsvir edilən hadisənin emosional ifadəliliyini
tamaşaçıya çatdırmaq idi. Müasirlik
mövzusu Repin yaradıcılığının ana xəttidir.
- Şəfiqə xanım, söhbətimizə elə
əsərin hekayəsindən başlayaq.
- Rəsmdə sürgündən qəfil qayıdan
inqilabçının ailəsi ilə görüşü təsvir
edilib. Əsər dərin psixoloji məzmuna malikdir. Geri
qayıdan inqilabçının ailəsi onu artıq
ölmüş bilirdi, ona görə də
dönüşünü xüsusi bir həyəcan və təəccüblə
qarşılayırlar.
Bu əsərin yaranma səbəbi çar
Rusiyasında baş qaldıran inqilab hərəkatı idi.
Repin bu mövzudan yan keçə bilməzdi.
- Əsərin iki variantı mövcuddur. Təbii ki,
iki variant arasında oxşarlıq və fərqlər də.
- Əsərin ilk varianti 1883-cü ilə aiddir. Burada
Repin baş qəhrəmanı qadın obrazında təsvir
edib. Sonra Repin bu təsvirin o dövrün
reallığını tam əks etdirmədiyini
düşünür və ikinci variant üzərində
işləməyə başlayır. İkinci variantda rəssam
kişi obrazına müraciət edir. Bu əsər də məşhurluq
qazanır. İkinci rəsm 1884-cü ilə aiddir. Əsər
öz monumentallığı ilə seçilir, böyük
ölçüdə işlənib və qəhrəmanların
sayı da artıb. 1884-cü ildə səyyar rəssamların
sərgisində nümayiş olunan tablonu tənqidçi
Stasov sərginin ən yaxşı əsəri
adlandırır. Amma mövzusuna görə rəsmi tənqid
edənlər də az deyildi. Qeyd etdiyim kimi, əsərdə
inqilabçının sürgündən geri dönməsi səhnəsi
təsvir olunub. Burada müxtəlif emosiyalar - qorxu, həyəcan,
sevinc hissləri öz əksini tapıb. Birinci planda kreslodan
qalxan yaşlı qadın obrazı verilib. Bu,
inqilabçının anasının obrazıdır. Həmçinin
masa arxasında əyləşən uşaqları və
qulluqçuları görürük. 1887-ci ildə Repin
baş qəhrəmanın obrazını yenidən işləmək
qərarı verir. O, Tretyakov qalereyasına gəlir və
gizlincə əsər üzərində işləməyə
başlayır. Pavel Tretyakov rəssamın bu hərəkətini
bəyənmir. Amma sonra onlar razılığa gəlirlər
və Repin baş qəhrəmanın obrazı üzərində
işləməyə davam edir. İlk variantda qəhrəmanın
üz ifadəsi əzabla dolu idi. Sonrakı variantda isə qəhrəmanın
obrazı daha çox əminlik ifadə edir. Əsərdə
kimin təsvir olunması sual altındadır. Çünki
Repin bu haqda bizə konkret məlumat vermir. Stasov bu obrazı
"Geri dönmüş missiya" adlandırır və
A.İvanovun "İsanın zühuri" əsəri ilə
müqayisə edir. Qeyd edək ki, əsərdəki interyer rəssamın
bağ evindən götürülüb. Bu cür oxşar
kompozisiyaya digər rəssamların əsərlərində
də rast gəlinir.
- Əsərin rəng həlli necədir?
- Biz əsərə baxarkən eyvanın
açıq qapısından içəri dolan təmiz
havanın yaratdığı ab-havanı hiss edirik. Peyzaj
dramatizmlə dolu səhnəyə xüsusi poetik və lirik
xarakter qatır. Təsvir açıq tonlardan ibarətdir.
Baş qəhrəmanın geyimi tünd tonlarda verilib ki, bu da
tamaşaçının diqqətinin baş qəhrəmana
yönəlməsinə səbəb olur.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Təsvir fərqli iki hissəyə ayrılıb.
Sol hissədə sürgündən qayıdan
inqilabçının obrazı verilib, onun arxasında
qulluqçular dayanıb. İnqilabçı otağa girdiyi
anda iki işıq axını arasında görünür.
Birinci işıq axını qapıdan
tamaşaçıya, ikincisi isə soldan sağa - eyvanın
qapısından sağ pəncərəyə yönəlib.
Açıq fon sürgündən gələn
inqilabçının obrazını vurğulayır. Fonda
inqilabçının geyimi diqqəti cəlb edir. Onun
qohumlarının təsvir olunduğu sağ hissə daha
qapalıdır. Sağ və sol hissədə üfüqi xətlər
fərqli yüksəklikdə təsvir olunub ki, bu da təsvirin
tematikasına uyğun gərginliyi yaradır. Rəssamın əsas
məqsədi sürgündən qayıdan
inqilabçının dönüşünün gözlənilməzliyini
və qəhrəmanların narahatlığını
göstərməkdən ibarətdir. Təsvirin bir çox
xırda detalları əsərə xüsusi həyatilik
verir. Məsələn, divarı bəzəyən
reproduksiyalar ev sakinlərinin siyasi baxışlarını
göstərir.
- Əsər hazırda harada saxlanılır?
- Əsər Tretyakov Qalereyasında qorunur.
- Rəssamın yaradıcılığına xas
ümumi cəhətlər sözügedən əsərdə
də özünü göstərir. Ancaq biz konkret olaraq bir əsərin
adını çəksək, bu, hansı olardı?
- Repin rus incəsənətində realizmin
yaradıcısı hesab olunur. Rəssam əsərlərində
insan xarakterini yüksək səviyyədə ifadə edir. O,
rəsmlərdə yalnız tekstura və detalları deyil,
insanın hisslərini və əhval-ruhiyyəsini də
böyük ustalıqla təsvir edib. Repin
yaşadığı dövrün təsviri incəsənətinə
və onun inkişafına böyük təsir göstərib.
Rəssam yalnız gördüyü dünyanı deyil, onun məzmununu
da çatdırmağa çalışıb. Adını
çəkdiyimiz əsər Repin yaradıcılığına
xas olan realizm üslubundadır və dövrünün siyasi
mövzusuna müraciət edilib. Bu o dövrdür ki, çar
Rusiyasında hərəkat baş qaldırıb, həmçinin
imperator II Aleksandra qarşı sui-qəsd törədilib.
Əgər bu əsərdə rəssamın digər əsərləri
ilə oxşarlıq axtarsaq, onda yada Repinin "İvan
Qroznı və oğlu İvan" əsəri düşəcək.
Hər iki obraz üçün Repin natura kimi rus
yazıçısı Qarşindən istifadə edib. Onun qəm
dolu qara gözləri hər iki əsərdə əksini
tapıb. Repin Qarşin haqqında qeydlərində yazır:
"Həyatım boyu belə təmiz qəlbli insana rast gəlməmişdim.
O, büllur qədər təmiz ürək sahibidir". Repin
psixoloq kimi yazıçının faciə və pessimizm dolu
xarakterini yaxşı hiss edə bilmişdi.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsər öz dövrünün siyasi həyatını
əks etdirir. Əsərin adı da çox böyük maraq
doğurur: "Gözləmirdik". Niyə gözləmirdilər?
Ailə üzvləri həbs müddətinin bitməsindən
xəbərsiz idi. Əslində, onu çoxdan
ölmüş bilirdilər. Qəhrəmanın anidən
qayıtması ailə üzvlərini həyəcanlandırmışdı.
- Yaranan suallardan biri də budur ki, qəhrəman niyə
azadlığa çıxandan sonra ailəsinə teleqram
göndərməmişdi?
- Çox güman o, Sibirə sürgün
olunmuşdu. Qeyd etdiyimiz kimi, əsərdə təsvir olunan
hadisələr II Aleksandra qəsd dövründə
yaradılıb. O dövrdə qəsddə ittiham olunanlar
ağır cəzalandırıldı. Onların geri dönməsi
demək olar ki, mümkün deyildi. Baş qəhrəman geri
dönübsə, deməli, sui-qəsddə yaxından
iştirak etməyib. Rəssam bu əsər vasitəsilə
bizə çar Rusiyasında baş verən hadisələr
fonunda adi insan talelərini, onların qorxularını, həyəcanlarını,
sevinclərini, əzablarını danışır.
Aytac SAHƏD
525-ci qəzet.- 2024.- 24 yanvar,№13.- S.12.