Elçin sənətkarlığı: detallar, motivlər və bədii mükəmməllik  

 

 

(Əvvəli ötən sayımızda)

 

"Baladadaşın..." ardınca Elçin "Qış nağılı"nı yazır və bəlkə, özü də fərqinə varmadan Abşeron silsiləsini davam etdirir. Bu hekayənin ruhu bəzi məqamları ilə mənə yazıçının özünün də bəyənib "Mənim hekayə antalogiyam"a daxil etdiyi hörmətli yazıçmız  Salam Qədirzadənin "Xəzan yarpaqları" əsərini xatırladır. Hər iki hekayədə hadisələr bağ mövsümündən kənar cərəyan edir. Adından məlum etdiyi kimi, "Xəzan yarpaqları" payızda, "Qış nağılı" qışda. Hər iki hekayənin qəhrəmanları ahıl yaşında tək qalmış insanlardır ki, bütün mehirlərini bağa salıblar. "Kərim kişi pensiyaya çıxdığı vaxtdan, Bilgəhdəki... dədə-baba bağları ilə sidq-ürəkdən dostluq edirdi; bağ kişini başa düşürdü, kişi də bağın işinə yarayırdı". Bağda Kərim kişinin daha bir dostu var idi, Nabran. Kərim kişi küçüklükdən böyütdüyü bu ovçarkaya çox bağlı idi.

"Abşeron təbiətini də, bu bölgənin adamlarını da Elçin qədər real, cazibədar təsvir edən ikinci yazıçı tanımadığını" söyləyən professor Şirindil Alışanlı onu "Abşeronu sənətkarlıqla ədəbiyyata gətirən" yazıçı adlandırmışdı. Bu fikrə qüvvət, yazıçı sənin yaşadığın elə məqamlara toxunur ki, sanki gözü ilə görüb, iştirakçısı olub. Bu da, regionun hər qarışına bələdlikdən, Abşeron insanını, onun yaşam tərzini, adət-ənənəsini yaxşı tanımaqdan, bilməkdən qaynaqlanır.

Elçinin Abşeron silsiləsi Bakı bağlarının ən gözəl vaxtını əks etdirir. O vaxtları ki, "Bir görüşün tarixçəsi"ndəki kimi, küləyin istiqamətini dəyişmək üçün ağacı tərpədirdilər... (Qarpızı kəsəndə də, tələsmədən fal atırdılar. İndi hər iksi unudulub. Həyatın ritmi, məişətin tərəqqisi unutdurub). Və buna inanırdılar... Yalnız Abşerona məxsus bu ritual o qədər təbii və canlı verilmişdir ki, özüm eləmiş kimiyəm. Anamın ilkisi kimi vaxtilə mən də çox xəzrilər yatırıb gilavarlar gətirmişəm.

 

 " Məmmədağa dedi:

- Xəzri bərkiyir deyəsən...

Məsməxanım:

- İstəyirsən dayandırım bu küləyi?

Məmmədağa soruşdu:

- Sən cadugərsən?

- Bu saat küləyin işinə baxacağam!

 

...Məsməxanım ...üzünü ağaca tutub budağını silkələyə-silkələyə dedi:

 

Mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm,

Xəzri get, gilavar gəl!..

 

Mirzoppanın Məsməxanıma göstərdiyi tərbiyəsiz, əxlaqsız, qeyri-mənəvi münasibət belə, onu mentalitetin kanon kimi diktə etdiyi sərt standartlardan çıxara bilmir. Məmmədağanın "Gedək mənimlə Bakıya" təklifinə, gənc qadın  həyatının alt-üst olacağından (guya bir həyatı var idi) ehtiyat edib "Məndən Tamilla olmaz...", - deyə cavab verir. Xəyal edək ki, zaman metamarfozu baş verib, gənclər mühafizəkar cəmiyyətdən qopub xeyli demokratik mühitə düşüblər... Əlbəttə, "Bir görüşün tarixçəsi" nağıl deyil ki, xoşbəxt sonluqla başa çatsın... Hərçənd ki, akademik Nizami Cəfərovun hələ sözügedən zaman üçün təxmini belə idi: "Məmmədağa ilə Məsməxanım, hələ ki, son addımı atmırlar, ancaq oxucuda heç bir şübhə qalmır ki, bu addım atılacaq..." Yaxşı da ki, atılacaq... "Çox olub ki, ömür boyu - əlini uzadıb götürə biləcəyin "SUYU" içməyə cəsarət tapmamısan. Şimşəyin işığı qorxudub səni... Susuzluğunuza güvənin..." Taleyə yeni ssenari təqdim etməkdən qorxmayın...

Necə deyərlər, yaşamaq üçün səbəb varsa, yol özü görünəcək...

Rus tənqidində "Bir görüşün tarixçəsi" haqqında oxuyuruq: "Elçinin özünəməxsusluğu ondan ibarətdir ki, o, "nəhs görüşü" yüksək gərginliyə çatdırır... Milli adət zəminində Məmmədağa ilə Məsməxanım arasında ucalan maneələr haqqında təsəvvür əldə edə bilirik". (V.Novikov). Filologiya elmləri doktoru Sara Osmanlı bu fikri davam etdirərək yazır: "V.Novikovun "dekorativ banta" bənzətdiyi "açıq final" məhz milli amillərlə - qəhrəmanların arasında dağ kimi dayanan, onları qovuşmağa qoymayan şəraitin hökmü, məhəllənin adətləri ilə əlaqədardır". Göründüyü kimi, "bir görüş" haqqında nə qədər fikir, mülahizə yürütmək, "dedi-qodu" etmək olar...

"Talvar" hekayəsi də 70-ci illərin məhsuludur və Moskvada "1977-ci ilin ən yaxşı hekayəsi" mükafatını almışdı. Hekayənin süjeti sadə olduğu qədər kövrək, mistik, nağılvari-sehli, Elçinin əsərlərinə xas sürprizlidir. Köhnə Bakı bağlarının arxetiplərindən birincisi tut ağacıdır. Klassik Bakı bağı deyəndə anturajı mütləq qaydada qocaman, qollu-budaqlı xartut tamamlayır. Məncə, heç bir ağacın nə bu qədər canlı xatirəsi var, nə ədəbiyyatda, incəsənətdə obrazı,  yeri... Şifahi xalq ədəbiyyatından başlamış ("Tut ağacı boyunca, tut yemədim doyunca..."), atalar sözlərinə (Tut yarpağı açdı, soyun; tökdü, geyin), kimin olduğunu xatırlamadığım uşaq şeirinə ("Qara tut dənə-dənə, ağacdan baxır mənə"), mərhum Aygün Bəylərin "Tut ağacı" mahnısına qədər...

Hekayə dülgər Əliabbasın həyətindəki qocaman xartutun parçalanması ilə başlayır. Əsərin iki qəhrəmanı var: 100 yaşı hekayədə tamam olan tut ağacı və Əliabbas kişi. Onlar hardasa bir-birinə bənzəyirlər... Bu əyani yaxınlıq, elə ilk səhifədən bəlli olur. İkisi də gövdəli, qolu-budaqlı... Hər ikisi barlı-bəhərli. İkisi də yaşlı, qüruba doğru... Və bu prosesi heç kim, heç nə saxlaya bilməz.

"Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi, qara tut həyətin asfaltına töküldü". Və bu məişət hadisəsi kənddə bir olay kimi yaşanır. Hətta, Əliabbas kişi bu münasibətlə böyük gəlininə aş bişirməyi tapşırır (Necə ki, Ağababa oğlu Ağagüldən məktub alanda eynən bu cür demişdi: "Sabah aş bişir!" Bu tərəflərdə aş yalnız ad günlərində, toyda-bayramda bişirilmirdi... Həm də tut ağacının 100 illiyində, əsgərdən məktub gələndə və bu qəbildən olan başqa hallarda dəmə qoyulardı). Dərhal da, onun böyük ailəsi, kənd camaatı əlinə qazan, vedrə alıb bu tutu dənəsinə qədər yığmağa başlayır. Bu yerlərdə tutdu, əncirdi, tək yeməzdilər, bölüşərdilər. Tut çox vaxt ehsan, savab niyyəti ilə əkilərdi. Əncir yarpağını peyğəmbər əlinə bənzədirlər. Əncir dəyəndə nənəm qonum-qonşunu, qohum-əqrəbanı bağa dəvət edər, "gəlin, aparın, aparmasaz, şuğzümbəsiz" deyərdi. Əncir ağacının yola baxan tərəfinə toxunmazdılar. Bu, yoldan keçənlərin payı idi. Tək adamlar yox, quşlar da bu nemətlərdən faydalanırdılar. Yazıçı da bunu gözəl bilirdi. Hamımızın əsli-kökü "uşaqlıq" adlanan möcüzələr diyarındandır. Buranın "öz coğrafiyası, özünəməxsus ruhi ərazisi var". Elçinin də uşaqlığı Bakının köhnə məhəllələri, Abşeron bağları ilə üzvi surətdə bağlı olub. Necə deyərlər, lokasiya, mövzu, mühit onunkudur. Yazıçı "illər boyu yığılıb qalan xatirələri, müşahidələri, düşüncələri" canlandırıb, onlara yeni həyat verib. Elçinin Moskvada nəşr olunmuş "Əncir ağacı" hekayələr və povestlər kitabı SSRİ Lenin Komsomolu mükafatına layiq görülmüşdü. Bu kitabın uğuruna  M.Əziz şeir də həsr etmişdi:

 

Önündə milyon diz çökürdü onun,

Rəssamlar rəsmini çəkirdi onun,

Hərə öz evində əkirdi onu,

Şimalda bitirdi "Əncir ağacı".

 

"Dolça", "Toyuğun diri qalması", "Bir görüşün tarixçəsi" əsərlərində meşşanlıq, əxlaqsızlıq ("Dolça"), şiddət, məişət zorakılığı, kifli düşüncələr ("Bir görüşün tarixçəsi"), mənəvi korluq, vaxtı boşuna xərcləmək ("Toyuğun diri qalması") kimi xüsusiyyətlər qamçılanır, Kələntər, Əminə, Mirzoppa, Zübeydə kimi şərəf və ləyaqətdən yoxsul ünsürlər yazıçının tənqid hədəfinə tuş gəlir.

 

Dilarə ADİLGİL

525-ci qəzet.- 2024.-31 yanvar, №18.- S.15.