Aktrisanın şirin-acı həyat hekayəti

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Ərə getmək, ailə qurmaq çətinliyi

Lakin həyat təkcə səhnəyə çıxmaqdan ibarət deyildir, onun çox sayda problemləri də mövcuddur. Sirr deyil ki, aktrisaların ailə qurması elə də asan olmur. Tənha qoca aktrisaların mövcudluğu bunu sübut edir. Teatrdakı və ondan kənardakı rəfiqələrimin əksəriyyəti xoşbəxtlikdən ərə gedib, ailə qurmuşlar. Onların heç də hamısını, təəssüf ki, xoşbəxt hesab etmək olmaz. Aktyorla aktrisanın nikahı isə uzun ömür sürmür. Akademik Dram Teatrının işçiləri arasındakı ittifaqlar adətən qısa müddətli olurdu. Boşanma halları ilk nikahların sayından bir neçə dəfə çox olur. Teatrdakı nikahlar metro qapısını andırır, girənləri və çıxanları dəqiq müəyyən etmək mümkün olmur. Bu da teatr kolletivinin malik olduğu daxili xüsusiyyətlərdən biridir. Daha çox ümid bəslənən ailələr daha tez dağılır. Aktrisalar ingilis ordusunda xidmət edən muzdlu yerli hind əsgərləri olan sipahiləri andırırlar, sabah onların hansı cəbhədə, kimin tərəfində vuruşacağını əvvəlcədən müəyyən etmək çətindir. Ona görə də hətta az ömürlü nikahlar da aktrisa üçün uduş hesab olunmalıdır.

Aktrisalar arasında xoşbəxtlər çox olmadığı kimi, müvafiq olaraq, bədbəxtlər də az deyildir. Onların siyahısı böyük olduğuna görə, mən yalnız birinin ürək ağrıdan taleyi barədə danışacağam. Truppamızda bir sakit işçi var idi, yerlimiz olduğuna görə mən onu yaxından tanıyırdım, hal-əhval tuturduq. Bir dəfə o, dərdini söyləmək üçün mənim qrim otağıma gəlmişdi. Mən onu mehribanlıqla qarşıladım, əvvəlki əri vicdansız çıxmışdı, özü işləməsə də, onu ağır işlər görməyə məcbur edirmiş. Beş il ərzində onların uşağı olmamışdı, həkim gizlincə onu başa salmışdı ki, günah ərindədir, sən doğmağa qadirsən. Onlar boşanandan üç il sonra bibisinin zəmanəti ilə özündən on yaş kiçik olan oğlana ərə getmişdi. Oğlan da əvvəlki arvadını iki uşaqla boşamışdı. Oğlanın valideynləri qaçqın olduğuna görə hökumət şəhərin mərkəzindəki yeni tikilən binalarda onlara iki otaqlı mənzil vemişdi. Qızın yeni əri seksual manyak çıxmışdı, gecələr 4-5 dəfə arvadını oyadıb, onunla intim yaxınlıq edirmiş, ona görə də qız teatrda daim mürgülüyə-mürgülüyə gəzirdi. Yalnız uşaqları olana yaxın onun yalvarışı ilə əri intensiv təcavüzünü dayandırıbmış. Qız ona sağlam bir oğlan doğdu. Ərin təcavüzü əvvəlki tək davam edirdi. Qıza məlum olmuşdu ki, əri axşamlar işdən sonra, o, kişi bərbəri işləyirdi, başqa qadının da yanına gedib, sönməyən ehtirasını ancaq bir müddətə zəiflədirmiş. Əri ona uşağı qidalandırmaq üçün də pul vermirmiş, süpürgəçi kimi qara fəhlə işləyən anası qızına qəpik-quruş verirmiş. Çünki bədbəxt ana özü də olduqca pis qidalanıb, əlində olan pulun hamısını dustaqxanada yatan oğluna göndərirmiş. Digər ər funksiyalarını yerinə yetirməyən bu adam gecələr əvvəlki eybəcər ssenarisini davam etdirirmiş. Sonra məlum olmuşdu ki, o, qumarla möhkəm məşğul olub, böyük məbləğdə pul uduzubmuş, ona görə də yaşadıqları iki otaqlı mənzili də satıb, Pirallahıda valideynlərinin komasına köçübmüş. Arvadı isə həmin mənzildə yalnız bir həftə yaşaya bilərdi, mənzilin yeni sahibləri belə şərt qoymuşdular. Axırda qız ərinin bu əclaflıqlarına dözməyib, ondan boşanmış, uşağı ilə birlikdə bədbəxt anasının yanına qayıtmışdı. Ehtiyac və gələcəyin naməlum qorxusu onu boğur, taqətdən salırdı. Mən onun göz yaşlarını silib, cibinə pul qoydum, axı indi onun pula daha çox ehtiyacı vardı. Biz belə faciələrin də şahidi olduğumuzdan, daha ehtiyatlı hərəkət etmək məcburiyyətində qalırıq. Təəssüf ki, boşanmaların sayı da narkomanlarınkı kimi xeyli çoxalmışdır.

  Mənim yaşım artıq rasional xətti keçdiyi halda, hələ də kiminsə mənə nişanlı düşəcəyi barədəki tam ciddi bəyanatını gözləməkdən yorulmuşdum. Axı qadın enejisi kişi enerjisinə möhtacdır. Yəqin ki, çoxlarına mənim xarakterim bəllidir, çünki mən nikaha girəndən sonra ərimə, uşaqlarıma xidmət göstərməyə hazıram, lakin heç vaxt ərimin ifrat dominantlığına dözə bilmərəm. Mən ərimin arvadı olsam da, lakin heç vaxt onun qulu ola bilmərəm. Mən belə böyümüşəm, öz taleyim barədə yalnız özüm qərar vermişəm, hətta bu, valideynlərimin istəklərinin və rəylərinin əksinə olsa da belə.

 Düzünü deyək ki, müsəqil xarakterli qadınları kişilər sevmirlər, kiçik narazılıq belə, həmin ailələrin dağılmasına səbəb olur. Ona görə də, qoy heç kəs 8 və ya 5 dəfə ərə getmiş amerikan və rus aktrisalarını qınamasın. Mən hamının yaxşı tanıdığı məşhur aktrisalar Elizabet Teyloru və Tatyana Vasilyevna Doroninanı nəzərdə tuturam  Məşhur rus aktrisası Nonna Mordyukova isə qanuni iki ərdə olduğu halda, ahıl yaşında, hətta ölənə qədər çox sayda kişilərlə, özü də cavan oğlanlarla intim yaxınlıqda olmuşdu.

Ölkədə hamı məni tanıyır, bəzən mənə lazım olduğundan artıq diqqət və qayğı göstərilir. Lakin mən öyünmürəm, anlayıram ki, indiyədək qazandığım uğur seriyasını bir səhvim və ya uğursuzluğum məhv edə bilər. Napoleon yaxşı deyirdi ki, bir iri məğlubiyyətim, döyüş cəbhələrində qazandığım 40 böyük qələbənin üstündən xətt çəkə bilər. Biz sevilən aktrisalar da sərkərdələr kimiyik, bilirik ki, ən böyük qələbədən sonra da bizi məhvə aparan acı məğlubiyyət gözləyə bilər. Necə ki, Napoleon Rusiya kampaniyasında məhvedici məğlubiyyətə düçar olmuşdu, onun işğal məqsədilə oraya gətirdiyi 600 min nəfərlik "Qrand Army"dən Fransaya 5 min nəfər qayıda bilmişdi. Biz nəinki Austerlitsin, İenanın, Vaqramın, heç səhnənin də Napoleonu deyilik. Biz səhnə adlanan olduqca xırda döyüş səhnəsinin kiçik zabitləriyik, bunu isə qürrələnmək hesabına heç vaxt yaddan çıxarmamalıyıq.

Xalqın az qala kütləvi sevgisi müqabilində evdə qalmağıma, ərə getmədiyimə görə anam da çox dərd çəkirdi. Böyük, hündür, çətiri hamını heyran edən bar ağacı niyə bir meyvə də gətirməsin, o, mənə olan kütləvi sevgini nəzərdə tuturdu, axı iri gövdəli bu ağac çox gur çiçəkləmişdi. Ancaq başa düşmürdü ki, axı çiçək heç də meyvə demək deyildir, o, mayalanmalıdır, kiçik meyvə rüşeyminə çevrilməlidir, daha sonra isə yetişməlidir, bütün bunlar isə əsasən təbiətdən, onun mərhəmətindən asılıdır. Bizim istəklərimizə təbiət bütünlüklə məhəl qoymaya da bilər. Buna mən öz taleyimdə əmin olmuşdum. Axı insanlar da təbiətin bir hissəsidir.

 Anamın təşvişinin səbəblərindən biri də, oğlundan çox mənə ümid bəsləməsidir. Məgər biz həyatda azmı fərasətsiz, fərsiz oğullara rast gəlirik, onların bəziləri həyatda deyil, ancaq araq qədəhi yanında şirə çevrilirlər. Lakin heç kəs hətta beləsinin də üstündən xətt çəkmək istəmir, artıq onlar özləri də valideynlərdir. Bəs nəvələrin acı taleyi necə olsun?

 Rəfiqələrimin də mənə namizəd, türklər bunu "talib" adlandırırlar, axtarmaq sahəsindəki canfəşanlıqla kömək göstərmək cəhdləri də indiyədək elə bir nəticə verməmişdir. Səhnə fəaliyyətimə görə məni çoxları sevirsə də, mənə ailə qurmaq barədə heç bir tutarlı və ciddi təklif gəlməmişdir. Axı mən bu məsələyə həssas yanaşıram, bu, heç də uşaq oyuncaqlarıyla baş aldatmaq deyildir, ailə quranda onun məsuliyyətini yaxşı dərk etməlisən, öz azadlığını, sərbəstliyini də ailə prinsipi naminə qurban verməmək perspektivini də yaddan çıxarmamalısan.

 

Fərhadla tanışlıq

 

Bir gün aktyor dostumla tamaşadan sonra teatr binasını tərk edəndə, lap qapının yanında o, bir uzunboylu, qədd-qamətli adamla görüşdü. Hal-əhval tutduqdan sonra aktyor kolleqam məni öz dostuna təqdim etdi. Biz əl sıxmaqla tanış olduq, əslində isə mən onu teatr xadimi kimi tanıyırdım, onun öz truppası var idi, onlar tez-tez Rusiyanın vilayətlərinə qastrola gedir, tamaşaları rus dilində oynayırdılar. Yerli əyalətlərin qəzetləri, deyilənlərə görə, truppa barədə tərifli rəylər çap edirmiş. Truppanı yaradan bu rejissor oğlan özündən razı adam olduğundan,  Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə ziddiyyətli münasibətdə olurmuş. Başqalarından fərqli olaraq, ümumiyyətlə o, rəsmi orqanlara tabe olmaqdan imtina edirmiş, bu isə olduqca təhlükəli mövqe idi. Lakin o, bunu özünün fərqlənən cəhəti, az qala "qəhrəmanlığı" hesab edirdi.

Fərhad adlı yeni tanışım mənim yaratdığım bəzi obrazlar barədə təsirli sözlər söylədi, görünür, o, bizim tamaşalara baxmışdı. Təəssüflə qeyd etdi ki, indiyədək sizinlə tanış olmadığımdan, sizə bəzi fikirlərimi, həm də iradlarımı bildirmək imkanım olmamışdı. Telefon nömrənizi etibar edib, mənə versəniz, sui-istifadə etməmək şərtilə, sənətiniz barədə sizinlə fikir mübadiləsi etmək mənə yalnız xoş olardı. Mən telefon nömrəmi dedim və o, öz bahalı telefonunda rəqəmləri yazdı və əlavə etdi ki, bəzən sizi narahat etsəm, güman edirəm ki, inciməyəcəksiniz. Çünki söhbətimizi, yəqin ki, yaradıcılıq barədəki şəxsi fikirlərimizə həsr edəcəyik. Mən cavab olaraq bildirdim ki, səsinizi eşitməyə mən ancaq şad olardım. O, bu cavabdan çox razı qaldı və lütfükarlığıma görə razılığını bildirdi.

Üç gün sonra onun zənginə cavab verdim, olduqca nəzakətli qaydada hal-əhvalımı, hansı tamaşa üzərində işlədiyimi soruşdu. Mən tutula-tutula cavab verirdim, ona görə dedi ki, yəqin vaxtında zəng etməmişəm. Mən onun səsini tanımamaqla, səhvə yol vermişdim, ona görə də üzrxahlıq edən sözlər söylədim. O güldü və bildirdi ki, bizim bir-birimizi yaxşı tanımağa ehtiyacımız vardır, yəqin ki, siz də buna etiraz etməyəcəksiniz

 Onun pafoslu, bəlağətli sözləri mənim darılmış əsəblərimi, bütünlükdə könlümü sığallayırdı, sakitləşdirirdi. Görünür, o, təkcə ziyalı adam deyil, həm də ədəb-ərkanlı imiş. Sonradan bizim telefon danışığımız hər gün baş verməklə, intensivləşdi, həm də əhatə dairəsinin genişlənməsi ilə söhbətimizin mahiyyəti də bir qədər dəyişdi. Onun barəsində deyə bilmərəm, mənə isə elə gəlirdi ki, bu insanı çoxdan, həm də yaxşı tanıyıram. Onun sözlərində müsahibinə hörmət bəsləmək istəyi də yox deyildi, deyəsən, o, özünü sevdirməyi də bacarır. Bəlkə də, onun təcrübəsi buna imkan verir, axı teatr dünyası, ən azı, onun sakinləri arasında yüngül flirtsiz, mazaqlanmamış ötüşmür. Mən öz kiçik kollektivimizin üzvləri arasında olan münasibətdən də bunu hiss etmişdim. Aktyor və aktrisaların görüşəndə bir-birini bərk-bərk qucaqlaması, öpməsi adi hal hesab olunurdu, yad adama isə elə gələ bilərdi ki, bu adamlar, bəlkə də, uzun həsrətin yandırdığı alovu, elə bil ki, guya arzuladıqları və əslində, hər gün təkrar olunan görüşlə söndürürlər.

Son zəngində o, məni çox sevdiyi italyan restoranına dəvət etdi, mən götür-qoy etmədən razılıq verdim. Axı biz restoranlarda nadir hallarda olurduq, bizim məskənimiz adətən, ucuz kafelər olurdu, bu da maddi vəziyyətimizlə əlaqədar idi.

Restoranın xidmətçisi onu tanış adam kimi salamlayıb, mənə də baş əyməklə "xoş gəlmisiniz" dedi. O, karbonara və kyanti şərabı sifariş verdi və izahat üçün bildirdi ki, bu kömür mədənində işləyən şaxtaçıların yüksək kalorili xörəyi olduğundan, axı "kömür" karbon deməkdir, onların adı ilə adlanmışdır. Kyanti şərabını isə o, italyanların nisbətən ucuz və populyar olan içkisi kimi qələmə verdi, onu da bildirdi ki, bu şərab şüşəsi adətən, toxunmuş zənbilə bürünmüş olur.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2024.-31 yanvar, №18.- S.14.