"Xios qətliamı"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Şəfiqə
Mustafayevadır. Onunla məşhur fransız rəssam Ejen
Delakruanın "Xios qətliamı" əsərindən
danışmışıq.
Ejen Delakrua 1798-ci il aprel ayının 26-da Fransada anadan
olub. O, hələ erkən yaşlarda Aleksandr Düma ilə
dost olmuş və hətta Düma öz yazılarında Ejen
Delakrua yaradıcılığını yüksək qiymətləndirmişdi.
Delakrua əsərlərini daha çox klassik ədəbiyyatdan
götürdüyü mövzular əsasında çəkirdi.
"Sardanapalın ölümü", "Xios qətliamı",
"Azadlıq barrikadalarda" kimi tabloları rəssamın
məşhur əsərlərindəndir.
- Şəfiqə xanım, "Xios qətliamı"
necə yaranıb? Mənbələrdə əsərin yaranma
tarixçəsi haqqında dəqiq məlumat varmı?
- "Xios qətliamı" Ejen Delakruanın ikinci
böyük əsəridir. Rəsmdə Osmanlı imperiyasi ilə
Yunanıstan arasında baş verən hadisə təsvir
edilib. 1821-ci ildə Delakrua öz dostu Reymon Sulyeyə bildirir ki,
Osmanlı-yunan mövzusunda əsər işləyib, Paris
salonunda nümayiş etdirmək istəyir. O dövrdə
Delakrua elə də məhşur deyildi və əsərləri
nümayiş olunmurdu. Xios hadisələrini Delakrua 1823-cü
ilin mayında işləməyə başlayır. Rəssam
qeydlərində yazır ki, bu əsərində o, əzəli
bədənlərin təsvirindən uzaqlaşmaq qərarına
gəlib. Ön planda can verən, tonal çılpaq qadın
bədəni sxematik Veroneze üslubunda olan uşaq bədəni
ilə kontrast təşkil edir. Tablo Paris salonunda Enqrin
"XIII Lüdovikin andı" əsəri ilə bir yerdə
asılmışdı. Formaların, ifadə üslubunun fərqinə
görə əsərlər iki rəssamın ictimai rəqabətinin
əsasını qoydu. Delakrua hesab edirdi ki, məhz bu andan o,
Akademiyanın antipatiya obyektinə çevrildi.
Aleksandr Dümanın fikrincə, elə qrup təsviri
yoxdur ki, rəssamlar arasında mübahisəyə səbəb
olmasın. Lüksemburq muzeyi əsəri yüksək qiymətləndirmiş
və onu əldə etmək üçün 600 frank ödəmişdi.
1874-cü ilin noyabrında əsər Luvra
köçürülmüşdü.
Delakrua bu əsərdə qədim yunan
simvolikasından istifadə edib. Təsvir olunan yaralı
kişinin bədənindən axan qan torpağı sanki
sulayır. Qırılmış xəncər artıq
bitmiş gücü göstərir. Boş torba isə
torpağın maddi boşluğunun başlanğıcına
işarədir.
- Əsərin rəng həlli necədir?
- Rəng həlli işıqlıdır. Burada firuzə
və zeytun rənglərindən istifadə olunub. Bu
tonları biz gənc yunan oğlanın və gənc yunan
qızın geyimlərində görə bilirik. Onlar təsvirin
sol hissəsində dayanıblar. Yaşıl mavi tonlar və
şərabi qırmızı tonlar isə sağ tərəfdəki
yaşlı qadının geyimində təsvir edilib.
- Əsər yarandığı dövrdə necə
qarşılanmışdı?
- Bu rəsm Fransa cəmiyyətində birmənalı
qarşılanmırdı. Əsəri solğun, boz
çalarlı və lazımsız adlandıranlar da
vardı. Stendal qeyd edir ki, əsərdə əzab qaranlıq
təsvir olunub. Lakin tənqidlərin sayı artdıqca əsərə
baxmaq istəyənlərin də sayı artırdı.
- Kompozisiya haqqında nə deyə bilərsiniz?
- Ön hissədə frizvari kompozisiya quruluşunda
insanların əzabı təsvir edilib. Bu mövzuda işlənmiş
digər əsərlərdən fərqli olaraq burada baş qəhrəman
yoxdur. Əsəri işləyərkən Delakrua Jerikonun
"Meduza Sali" əsərindən ilhamlanmışdı.
Piramida kompozisiyasını da ondan mənimsəmişdi.
Piramidal kompozisiyadan ön planda qəhrəmanları yerləşdirmək
üçün istifadə olunub. Bir az qeyri-təbii yerləşdirməni
Delakrua belə izah edir: təbiilik nə qədər az olarsa,
gözəllik və obrazın tamlığı da bir o qədər
çox olar. Bütün obrazların bir yerə toplanması
və arxa planda olan açıq dəniz və quru sahil
bir-birilə kontrast təşkil edir. Delakrua sanki perspektiv
qanunlarından imtina edir. Buludların dəqiq konturları ifadə
olunmur. Ümumi plan arxada sərhədsiz məkan effekti
yaradır, sanki uzaqda sonsuzluğa qovuşur. Sənətşünas
Elizabet Freyzer qeyd edir ki, arxa plan sanki kompozisiyanın mərkəzi
hissəsini dəlib keçir və onunla ümumi vəhdət
təşkil edir. Bu cür quruluş əsərin dramatizmini
artırır və tamaşaçının diqqətini əsərin
fraqmentinə cəlb edir. Orta fonda dəhşətli
mübarizə gedir. Uzaq dəniz üfüqündə biz
yanan evləri və at başlarını görürük.
13 personaj - qadınlar, uşaqlar və kişilər bir yerə
toplanıb. Onların yerləşdirilməsi piramida
yaradır. Sol piramidanın başında qırmızı
feskalı insan təsviri verilib. Sağ piramidanın
başında əsgər dayanıb. Sol piramidadan fərqli
olaraq sağ piramida daha çox yuxarı yönəlib.
Bütün bunlar əsərə xüsusi dinamika verir.
- Əsər hazırda harada saxlanılır?
- Əsər indi də Luvr muzeyində qorunur.
- Delakrua yaradıcılığında tarixi
mövzuların aktuallığını nəzərə
alsaq, "Xios qətliamı" ilə hansı əsər
arasında paralellər apara bilərik?
- Delakruanın yaradıcılığında romantizm
üslubu əsas yer tuturdu. Romantizm 19-cu əsrdə Fransa
burjua inqilabından sonra meydana gəlmiş və akademizm
qanunlarına qarşı olan bir cərəyan idi. Romantizmin əsas
məqsədi insanların hiss və həyəcanlarını
ifadə etməkdən ibarətdir. Tarixi janr Delakrua
yaradıcılığının əsasını təşkil
edirdi. Bu janr rəssamdan güclü fantaziya və tarixi biliklər
tələb edir. Rəssam müharibə zamanı
döyüşlərdə iştirak etməsə də,
güclü fantaziya sayəsində parlaq obrazlar yaratmağa
müvəffəq olur. Yeni döyüşün bütün
dinamikasını, döyüşən insanların
emosiyalarını ifadəli şəkildə
tamaşaçıya çatdıra bilir. Delakruanın
işləmə texnikasında dinamik kompozisiya, qeyri-bərabər
quruluş xarakterik idi. Bu xüsusiyyətlər onun
yaradıcılığına Afrika incəsənətindən
keçmişdi. Sözügedən yanaşmanı "Xiosda
qətliam" əsərində də görə bilərik.
Rəssamın tarixi janrda yaradılmış əsərlərindən
"Azadlıq barrikadalarda" əsərini də qeyd edə
bilərik. Hər iki əsərdə bir qədər tutqun
fondan istifadə edilib.
- Sizcə, bu rəsm bizə nə deyir?
- İlk dəfə nümayiş olunduğu dövrdən
etibarən tablo haqqında müxtəlif fikirlər söylənilib.
Kimi əsəri birmənalı qarşılamayıb, kimi də
maraqla seyr edib. Stendal isə deyirdi ki, bu rəsmdə, əslində,
vəba xəstələri təsvir olunub, sadəcə
Delakrua əsəri "Xios qətliamı" kimi təqdim
edib.
Aytac SAHƏD
525-ci qəzet.- 2024.-31 yanvar, №18.- S.12.