YALQUZAQ ÜÇÜN OXUNMUŞ "SEGAH"  

 

Bir ananın balasından ötrü canını fəda etməsinin nə demək olduğunu bütün əyaniliyi ilə təsəvvür etmək istəsəniz, Müslüm bəy Maqomayevin "Şah İsmayıl"ını ayaq üstə qoymaq yolunda çəkdiyi əziyyətlərin tarixçəsini bilmək yetər. Bir ana övladını dünyaya gətirmək yolunda hansı ağrıları çəkirsə, əslində hər böyük sənətkar da canından qan verdiyi hər əsərini doğmaqçün eyni məşəqqətə tablaşır. Müslüm bəyə Tanrı iki yavru bağışlamışdı və o qoşa oğluyca sevdiyi digər iki balası - "Şah İsmayıl"la "Nərgiz"i araya-ərsəyə gətirmək yolunda çəkdikləri zavallı Müslüm bəyin ömrünü tükətdi...

Xeyli macəralarla üzləşəndən sonra, nəhayət ki, 1919-cu ildə Müslüm Maqomayevin "Şah İsmayıl"ı səhnəyə gəlir. Şah İsmayıl rolunda Hüseynqulu Sarabski çıxış edirdi. Və 21 yaşlı Hüseynağa Hacıbababəyova Gülzarı tapşırırlar. Tamaşadan iki gün sonra "Səda-yi həqq" qəzeti səhnədə baş verənləri təhlil edərək yazırdı ki, qadınlarımızın səhnədə olmaması teatrımız üçün, operamız üçün böyük kəsirdir. Ancaq Gülzar rolunda çıxış edən Hüseynağa Hacıbababəyov elə məharətlə oynadı, elə məlahətlə oxudu ki, bu kəsir hiss olunmadı. Onun ifası qadın rolunu bir kişinin oynadığını büsbütün unutdururdu. Elə zənn edirdin ki, səhnədəki elə gözəl bir qızdır.

Lap az keçəcək, dövr dəyişəcək, Azərbaycan şuralaşandan sonra mədəni yüksəlişə və müasirləşməyə də xüsusi diqqət ayrılacaq, qadınlar ictimai-siyasi həyatda, mədəni mühitdə getdikcə daha geniş fəaliyyətə cəlb ediləcəklər, çox ötmədən səhnədə bir-birinin ardınca gənc Azərbaycan qadınları görünəcək - həm Dram Teatrında, həm operada, həm kinoda.

Hüseynağa Hacıbababəyova da qismət olacaq ki, bir vaxtlar qadın libası geyib Leyli, Əsli, Gülnaz, Gülçöhrə... surətlərini yaratdığı tamaşalarda Məcnuna da, Kərəmə də, Sərvərə də, Əsgər bəyə də... çevrilsin, artıq onun özünün də xanım tərəfdaşları olsun. Xalq artisti Gülxar xanım Həsənova onlardan biri idi və Azərbaycan radiosunun səs xəzinəsində Gülxar xanımla 1970-80-ci illərdə Hüseynağa Hacıbababəyov haqqında etdiyimiz çox söhbətlərin lent yazısı qalmaqdadır. Gülxar xanım söyləyirdi ki, Hüseynağa Hacıbababəyovla şəxsən tanışlığı 1940-cı illərdən başlayıb. Onda hələ Gənc Tamaşaçılar Teatrında işləyirmiş: "O vaxtlar hərdənbir konsertə gedərdim. Bir gün "Dənizçilər klubu"nda mən Hüseynağa Hacıbababəyovla tanış oldum. Onun konsert ifası bütün tamaşaçıların nəzərini cəzb etmişdi. O, əvvəllər pianonun müşayiəti ilə əsasən romansları və ariyaları ifa edərdi, sonralar isə xalqın tələbinə görə Azərbaycan xalq mahnılarını da oxumağa başladı və onun repertuarında muğamlar, təsniflər, "Süsən sünbül", "Yaxan düymələ" kimi xalq mahnıları sabit yer tutdu. Bir gün Hüseynağa mənə dedi ki, ay qız, sənin belə güclü səsin var, nə üçün Opera Teatrına gəlmirsən? Gəl, sənə orada ehtiyac var. Mən bu sözə o qədər də bənd olmadım. Çünki məqsədim Dram Teatrında işləmək idi. Ancaq görünür, qismət beləymiş. Nəhayət, 1942-ci ildə Üzeyir Hacıbəyov və Mirzə İbrahimov məni operaya gətirdilər. Beləliklə, mən Hüseynağa Hacıbababəyovla daha tez-tez görüşməli oldum. Əvvəllər mən onunla əsasən konsertlərdə birgə çıxış edirdim. Mən yolunu təzə başlayan aktrisa, o isə teatrın təcrübəli sənətkarlarından biri. Onun əsas tərəf-i müqabili Həqiqət xanım Rzayeva idi. Hüseynağa ilə "Arşın mal alan" operettasında birgə çıxışımız da oldu. O, Əsgər rolundaydı, mən isə Telli idim. Sonralar hətta mən baş rollar alanda da Hüseynağa ilə tərəf-i müqabil olmadıq. Çünki mən boyca bir qədər hündür olduğumdan bir-birimizə yaramırdıq, ona Həqiqət xanım daha uyğun idi. O dövrdə opera yay mövsümündə yez-tez rayonlara səfər edər, tamaşalardan parçalar göstərər, konsertlər verərdik. Onunla Azərbaycan rayonlarında, eləcə də qonşu Tbilisidə, Yerevanda dönə-dönə konsertlərdə olmuşuq. Bir dəfə yenə Hüseynağa Hacıbababəyovla mən Göyçay, Ağdaş rayonlarında çıxış edirdim. Orada tarzənimiz gözəl sənətkar Hacı Məmmədov idi. Hüseynağa Hacıbababəyov və vaxtilə gözəl səsə malik olan Arif Məmmədov o konsertlərdə çox böyük rəğbətlə qarşılanırdılar".

Gülxar xanımın danışdığı bir ayrı əhvalatsa o nəsil insanların səhnəyə hər dəfə yenidən çıxmalarına, hər yeni ifaya necə tələbkar münasibət bəsləmələrinin, onlardakı sənət ciddiyyətinin əyani sübutudur. Bir dəfə belə gözlənilməz hadisə baş verir: "Əsli və Kərəm" operasının afişaları şəhəri bəzəyib, tamaşada, adətən olduğu kimi, Hüseynağa Hacıbababəyovla Həqiqət Rzayevanın çıxış edəcəyi xəbər verilir. Biletlər satılıb, tamaşa günü yetişib. O çağlarsa Opera Teatrı hər növbəti tamaşada ağzına kimi dolu olarmış. Ancaq narahat vəziyyət yaranır. Həqiqət xanım bərk soyuqlayır, teatra zəng vurur ki, heç cürə gələ bilməyəcəyəm, səsim çıxmır, naxoşam. Nə olar ki! Birinci dəfə deyil, aktyorların hərdən xəstələnməsi də, qəfil təxirəsalınmaz işinin çıxması da mümkündür, belə hallar üçün adətən irəlicədən ehtiyat tədbirləri də nəzərdə tutulur. Rejissor İsmayıl Hidayətzadə Gülxar Həsənovanı çağırır ki, bu axşam tamaşanı sən oynamalısan. Gülxar əvvəlcə tərəddüd edir, ehtiyatla qayıdır ki, İsmayıl müəllim, axı Hüseynağa müəllimlə mənim boyum tutmur, bu, nə təhər olacaq? Hidayətzadə onu sakitləşdirir: "Narahat olma, mən mizanları elə düzəldərəm ki, boyunuzdakı fərq hiss edilməz".

Gülxar razılaşır və illər ötəndən sonra da etiraf edirdi ki, bir tərəfdən Həqiqət xanımın xəstələnməsinə təəssüflənsəm də, digər tərəfdən sevindim ki, mənə bəxt qapısı açıldı, Hüseynağa müəllimlə birgə baş rollarda çıxacağıq.

Hüseynağa Hacıbababəyov Həqiqət xanımla sabit tərəfdaşlar olduqlarından bir-birini işarədən duyurdular və onların tamaşalardan öncə əlavə məşq etmələrinə lüzum yoxdu - dəfələrlə oynadıqları, hər anını əzbər bildikləri opera idi. Ancaq bu axşam Gülxar Həsənova ilə səhnəni ilk dəfə bölüşməli idilər, ona görə rejissor iştirakçıları yığıb tamaşadan qabaq yaxşı bir məsq keçirməyi vacib sayır. İşin nə yerdə olduğunu bilincə Hüseynağa boyun qaçırır: "Yox, inciməyin, mən oynamayacam, o qızın boyu ilə mənimki tutmur. Nə qədər mizan qurursan-qur, istənilən halda fərq hiss ediləcək, tamaşaçıda arzuladığımız təəssürat yaranmayacaq. Məni məzur tutun!"

Neynək, buna da ehtiyat seçim vardı, maşallah, operada sanballı Şah İsmayıllar sarıdan bolluq idi. Hüseynağa oynamaq istəmir, Əlövsət Sadıqov var, bəlkə də Gülxarla oynamaqçün bu, ondan da yaxşı. Əlövsəti arayırlar və pəjmürdə olurlar - o, Bakıda yoxdur, rayonda toydadır.

Neyləməli, yoxdur yoxdur da, teatrın Şah İsmayıl olası Şirzad Hüseynovu da var. Ona xəbər yollayırlar və gələn cavab lap dilxor edir. İş tərs gətirməsin - Şirzad, Həqiqətdən də betər kefsizləyib, boğazına elə soyuq dəyib ki, oxumaq nədir, heç danışan halı yoxdur.

Naçar qalıb yenə Hüseynağaya müraciət edirlər, hal-i qəziyyənin necə olduğunu söyləyirlər, "başqa çıxış yolu yoxdur, gərək özünü çatdırasan", - deyirlər.

Hüseynağa üzrxahlıq edir: "İsmayıl, özün bilirsən ki, mən teatrın yolunda hər çətinliyə dözməyə həmişə hazır olmuşam. Ancaq rəva bilmərəm ki, səhnəyə çıxam, tamaşaçı gendən baxa və nəyəsə dodaq büzə, nəyisə bəyənməyə. Mən onillərlə qazandığım hörməti bir axşama itirmək istəmirəm. Nə qədər ustalıqla mizan qurursan-qur, gizlədə bilməyəcəksən, Şah İsmayılla Ərəbzənginin qarşılaşdığı, çarpışdığı səhnədə o qızla mənim boyumuzdakı təfavüt aşkar görünəcək, bütün tamaşa yaddan çıxacaq, hafizədə qalan bir o olacaq, sonra mən hər dəfə Həqiqətlə çıxanda da camaatın yadına Gülxarla qarşılaşdığımız bu səhnə düşəcək".

İsmayıl Hidayətzadə ömrü boyu özünə də, ətrafındakılara da elə həmin vasvasılıq və məsuliyyətlə yanaşmış sənətkar idi və Hüseynağanı çox yaxşı başa düşürdü.

Bu qədər bilet satılıb, artıq tamaşaya da bir neçə saat qalıb, tamaşanı ləğv etmək opera üçün böyük qüsurdur, amma hər halda buaxşamkı "Şah İsmayıl"ı təxirə salırlar - "Aktyorlarımız xəstələnib, eyni biletlə başqa gün gələ biləcəksiniz, tamaşanın vaxtı sizə ayrıca xəbər veriləcək..."

Gülxar xanım mənimlə Hüseynağa Hacıbababəyov haqqında xatirələrini bölüşəndə özü də artıq oturuşmuş sənətkarlardan, operanın ağbirçəklərindən idi. Səhnə həyatı boyu onun da işi oyunu, oxusu ilə qarşısındakıları həyəcanlandırmaq, təsirləndirmək olmuşdu və belə insanların özünü həyəcana gətirmək, duyğulandırmaq asan iş deyil. Ancaq etiraf edirdi ki, o vaxt - gəncliyində də Hüseynağanı dinləyərkən kövrəlirmiş, indi, üstündən onillər ötərkən o avaza bürünən axşamları anarkən boğazından bir qəhər keçir: "O çıxardı səhnəyə, əvvəldə bir Azərbaycan xalq mahnısı oxuyardı. Sonra keçərdi klassik operalara. Məsələn, "Riqoletto"dan oxuyardı, "Sadko" operasından oxuyardı. Mən eşitmişdim ki, Müslüm Maqomayev "Şah İsmayıl" operasını Hüseynağa Hacıbababəyovun səsinə uyğun yazıbmış. Həqiqətən, mən bunun dəfələrlə şahidi olmuşam ki, Şah İsmayıl onun ifasında çox fərqli səslənirdi. Hüseynağanın "Arşın mal alan" operettasında birinci pərdədə ifa etdiyi Əsgərin ariyası ki var, onun avazında, özünəməxsus yapışıqlı oxumasında indiyə qədər mənim xəyalımdadır. Hüseynağa zərif səsə, gözəl görkəmə malik müğənni idi. Teatrın ona böyük ehtiyacı vardı. "Şah İsmayıl"da Ərəbzəngi ona qalib gələndən sonra Gülzarı yada salaraq, Allaha yalvararaq oxuduğu "Ya Rəbb, Gülzarımı sən ağlar qoyma" parçası o qədər təsirli idi ki, inanın, mən zalda oturanda şəxsən özümün gözüm yaşarırdı, yada salıram, indi də qəhərlənirəm. Müharibə vaxtı hospitallarda, çağırış məntəqələrində konsertlərimiz olardı. Usta müğənni idi. O yerlərdə oxuyanda səsində olan təbii hüznlülüyü sanki dərinə çəkərdi, avazında cəngavərlik artardı, elə oxuyardı ki, müharibə işində olan insanları daha çox ruhlandırsın, dinləyənləri qələbəyə ilhamlandırsın, hər şeyin yaxşı olacağına ümidləndirsin".

"Leyli və Məcnun" gedirdi. Hüseynağa Hacıbababəyov Məcnunu da oynaya bilərdi, amma Leyli idi. "Əsli və Kərəm" çıxırdı səhnəyə. O, böyük məharətlə Kərəmi də ifa edə bilərdi, amma Əsli idi. Səhnəyə "Şah Abbas və Xurşidbanu" gəlirdi. Şah Abbası ifa eləməyə hazırdı, ancaq Xurşidbanu idi. "Arşın mal alan" gedirdi. Yaxşı Əsgər ola bilərdi, ancaq Gülçöhrə idi. "Aşıq Qərib" oynanırdı, Hüseynağa Hacıbababəyov ən bəyənilən Qərib də ola bilərdi, ancaq Şahsənəm idi. "O olmasın, bu olsun" çıxırdı səhnəyə. Sərvər də ola bilərdi, ancaq Gülnaz idi. Bəla bunda idi ki, o kişi surətlərini Hüseynağa kimi, hansınısa ondan bir az yaxşı, hansınısa ondan bir az zəif ifa edə biləcək aktyor-müğənnilər vardı, o tamaşalardakı qadın rollarını oynamaq, həm də bunu Əhməd Ağdamski kimi etmək, Hüseynağa Hacıbababəyov səviyyəsində yerinə yetirmək hər kəsin - hətta əksər ən püxtə aktyorların, müğənnilərin xörəyi deyildi. Ona görə də necə ağır olsa belə, başqa aktyorlar sayaq xoşladıqları, məharətlə də yarada biləcəkləri bir çox rollar ürəklərindən nə qədər çox keçsə də, Əhməd Ağdamski də, Hüseynağa Hacıbababəyov da çəkilməli olan yükə mətanətlə çiyin verirdilər, daha gözəl günlər arzusu ilə səbirlə yolu davam etdirirdilər. Çünki bu əməlin milli vəzifə, borc olduğunu anlayırdılar. Əhməd Ağdamski səhnədən və Bakıdan 1920-ci ildə ayrılası oldu, köçdü Qarabağa, daha sonra oradan da Ağdaşa yığışdı və böyük səhnələrdəki böyük rollar arzusu elə ürəyindəcə qaldı. Hüseynağa Hacıbababəyova isə tale səhnə ömrünün yeni səhifəsini də yaşamaq, dilədiyi rolların hamısında çıxış etmək macalını da verdi. Ancaq bu da çox təəssüfləndiricidir ki, Hüseynağa Hacıbababəyovun ona tarixin qismət ediyi fövqəladə missiyanı nə təhər istedadla, necə şövqlə yerinə yetirməsini, bir-birindən fərqli qadın rollarının hər birini hansı təkrarsız ustalıqla ifa etməsi haqqında bizə qalan yalnız XX yüzilin əvvəllərinin saralmış qəzetlərindəki xəsis sətirlərdir. Nə kino lenti qalıb, nə bir səs yazısı. Ancaq heç olmazsa bu tarixi fürsət də düşdü ki, Hüseynağa Hacıbababəyovun qadın rollarıını necə ifa etməsi haqda yalnız əski qəzetlərdəki soraqlarla kifayətlənməyim, onu həmin rollarda canlı görmüş həmkarlarını dinləyim.

1978-ci il idi. Azərbaycan opera səhnəsinin ilk qadın Leylisi Sona Hacıyeva (1907-1979) ilə söhbət edirdik. Həmin söhbətimizin də lent yazısı Azərbaycan radiosunun səs xəzinəsində qalır. Sona xanım ilk dəfə səhnəyə necə gəlməsinin tarixçəsini söyləyir. 1923-cü il, Hüseynqulu Sarabski gəlir Sona Hacıyevagilə. Əvvəlcə anası Əzizə xanımla söhbət edir, sonra Sonanı uzun-uzadı dilə tutur və axırı onu da yola gətirir ki, "Leyli və Məcnun"da çıxış eləsin: "Bizə qəti şərt qoyublar ki, nəyin bahasına olur-olsun gərək Leylini qadın oynaya!"

Əzizə xanım Məmmədova (1892-1961) məşhur xanəndə Əbdülbaqi Zülalovun - Bülbülcanın (1841-1927) nəvəsi idi və artıq 1921-ci ilin payızından Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olununca səhnədəydi və oradan da Akademik Dram Teatrına gəlmişdi. Sona xanım anasının oynadığı çox tamaşalara da baxmışdı və öz söyləməsincə, yenə anası ilə bərabər operada az olmamışdı. "Leyli və Məcnun"u başdan-sona əzbər bilirmiş. Xanəndə nəvəsi Əzizənin səsi olduğundan Sarabski xəbərdardı, Sonanın ardınca gəlməmişdən üstünü vurmadan yüngülvari əvvəl kəşfiyyat da aparıbmış, elə sözarası Əzizədən soruşubmuş ki, sizin nəsildə səs həmişə güclü olub, babanın zənguləsi oxuyanlar arasında dillə deyilirdi, görən, sənun qızına da səs keçib, ya yox? Əzizə də qayıdıbmış ki, keçib nədir, Sona məndən min pay yaxşı oxuyur.

Sona xanım nağıl edirdi ki, o vaxt Bakıda Səttar adlı məşhur faytonçu vardı, günortadan bir az keçmiş gördüm ki, Hüseynqulu Sarabski həmin Səttarı göndərib ardınca ki, teatra gedəm.

Və Sona xanım Leyli rolunda çıxış elədiyi o ilk tamaşadan sonrakı əvvəlinci dəqiqələri xatırlayırdı. Deyirdi ki, içərimdə bir təlaş olduğundan tamaşa vaxtı ara-sıra sözlər yadımdan çıxırdı, ancaq səhnənin küncündəki çuxurda suflyor yerləşmişdi, o, mütəmadi olaraq mənə də, digər oynayanlara da kömək edirdi. Amma oxumağım qaydasındaydı, özü də iki-üç dəfə Hüseynağa Hacıbababəyovun Leylisini gördüyümdən işim asan idi, o, necə oxumuşdusa, eynən o cür oxuyurdum, hərdən qalxan alqışlardan hiss eləyirdim ki, camaatın da xoşuna gəlir. Axırıncı pərdə örtüləndən sonra zal lərzəyə gəlmişdi. Zarafat deyil, ilk dəfə idi Leyli rolunda səhnəyə qadın çıxmışdı. Hüseynqulu Sarabskinin gözü gülürdü. Hökumət adamları da vardı, onlar da çox məmnun idilər, amma hamıdan çox sevinən, gözlərindən ixtiyarsız sevinc yaşları axan Hüseynağa Hacıbababəyov idi.

Sona xanım riqqətlə bunu da yada salırdı ki, Hüseynağa onu xəfifcə qucaqlayaraq qulağına pıçıldayıbmış: "Üzün ağ olsun, şükür Allaha, qadın paltarı geyinməkdən canımız qurtardı!"

Amma daha bir təsirli, həm də elə yenə "Leyli və Məcnun"la bağlı xatirə Rübabə xanım Muradovanın söhbətlərindən yadımda qalıb. Azərbaycan səhnəsində bir neçə onil boyunca əvəzedilməz Məcnun Hüseynqulu Sarabski idi. Ancaq sonralar operamızın özünəməxsus qəlbəyatan ifası ilə tamaşaçı məhəbbəti qazanan başqa parlaq Məcnunları da yetişib. Təbii ki, "kişi Leylilər" epoxası bitəndən sonra sıra-sıra yeni əsl Leylilərimiz - qadın Leylilərimiz də yaranırdı. Sürəyya Qacar da, Yavər Kələntərli də, Həqiqət Rzayeva da, Simuzər Hətəmova da və onlardan sonrakı nəsillərin neçə parlaq təmsilçisi də Leyli rolunu məlahətlə, yeni cazibələr qataraq ifa etdilər. Amma "Leyli-Məcnun"ların bütün tarixini göz önünə gətirəndə ən yaxşı Məcnun, ən üstün Leyli barədə düşünərkən həmişə ən ucada dayanan iki ad var. Məcnun - Hüseynqulu Sarabski, Leyli - Rübabə Muradova. Rübabə xanımın xatirəsi də, elə Sona xanımın söylədikləri kimi, lentin yaddaşında qalır. Rübabə xanım söyləyirdi ki, artıq yaşlı vaxtlarında Hüseynağa Hacıbababəyov mənə müraciət etdi ki, səndən bir təvəqqem var. Dedim, buyurun, nə desəniz hazıram. Söylədi ki, XX əsrin əvvəllərində mən "Leyli və Məcnun"da dəfələrlə Leylini yaratmışam. Sonra qismət oldu, Məcnunu da oxudum. Amma ürəyimdən çox keçir ki, Leylilərin ən yaxşısı olan Rübabə ilə bir səhnəyə çıxım, o, Leyli olsun, mən Məcnun, "Leyli və Məcnun"la belə vidalaşım. Əvvəlki vaxtlarım olsaydı, ömründə nəinki belə xahiş edərdim, hətta məni vadar da etsəydilər, razı olmazdım ki, yaşca məndən xeyli cavan xanımla belə əziz əsərdə tərəf-i müqabil olum. Ancaq artıq yol bitir. Yəqin, elə bu, "Leyli və Məcnun"da səhnəyə axırıncı çıxışım olacaq. Ona görə də istəyirəm bu arzum da ürəkdə qalmasın.

Rübabə xanım bunu da deyirdi ki, mən razılıq verməyinə verdim, çünki eşitmişdim Hüseynağa müəllim lap yaxınlarda təqaüdə çıxacaq, teatrın rəhbərliyi ilə də danışdım, onlar da "hə" dedilər və növbəti tamaşalardan birində ikimiz səhnədə birlikdə idik - bir tərəfdə mən Leyli, o biri tərəfdə də Hüseynağa Hacıbababəyov Məcnun rolunda. Həqiqətən də bu tamaşa zamanı onun nə qədər mahir bir sənətkar olduğunu lap yaxın məsafədən, bütün xırdalıqlarıyla hiss elədim.

Ancaq Hüseynağa Hacıbababəyovun o vida "Leyli və Məcnun"u ilə bağlı bir başqa hadisə də olmuşdu. O da görkəmli sənətkarın sənət tərcüme-yi halındakı bir qüssəli andır ki, üstündən sükutla aşmaq istəmirəm. İnanıram ki, Hüseynağa ilə Rübabənin həmin "Leyli və Məcnun"u lentə alınaraq montaj edilsəydi, radioda səsləndirilsəydi, dinləyənlər üzbəüz dayanmış o iki sənətkarı elə yaşıd, ikisini də öz yaşlarından da daha gənc təsəvvür edər, Rübabə ilə Hüseynağanın oxularındakı bir-birini tamamlayan yanğıya, zərifliyə görə bu cütlüyü Leyli-Məcnunların ən yaxşısı sayardılar. Çünki o çağlar Hüseynağa yaşlanmışdısa da, avaz elə əvvəlki təravətində, qabaqkı şaqraqlığında idi. Ruh da ki, öz yerində! Lakin əsər səhnədə göstərilirdi. Opera Teatrına toplaşanlar yalnız eşitmirdilər, həm də görürdülər. Gözdən gözəsə, söz yox ki, fərq var. O fərqli gözlərdən bir cütünün necə görüb yazdığını oxumuşam, digər cütünün isə necə görüb duyğulandığını həmin gözlərin sahibindən eşitmişəm. Hüseynağa Hacıbababəyov ahıl kişi, bədəncə də dolu, Rübabə Muradovasa sütül, nərmə-nazik, cavan qız. O səs də gözəl, bu səs də qəşəng - gözünü yum, dinlə, ayrı aləmə düşəcəksən, ətrafda nə var, eyninə gəlməyəcək, amma səhnəyə baxınca oxunan sözlər, yaşanan hadisələrlə görünüşün təzadı hökmən narahat edəcək. O bir cüt şahid göz ki sahibi həmin tamaşa ilə əlaqədar mənə illər sonra da səngiməmiş hərarətli yaşantılarını çatdırıb, unudulmaz bəstəkarımız, özünün də anası Həqiqət xanım operamızın korifeylərindən olmuş Azər Rzayevin xeyirxah gözləri idi. Azər müəllim söyləyirdi ki, mən niyə bu gün səhnədə məhz bu cütlüyün olmasının səbəbini bilirdim, ata-anamla Opera Teatrına ayağım açılan uşaqlıq illərimdən başlayaraq o günəcən "Leyli və Məcnun"a yüz dəfələrlə baxmışdım, ancaq o axşamkı tamaşa qədər mənə təsir edəni, haldan-hala salanı olmamışdı, çünki Hüseynağa müəllimin bu tamaşaya qədərki bütün yoluna da bələd idim, bu tamaşanın onun axırıncı Məcnunluğu olmasından da xəbərim vardı, ürəyimdə Allahımdan razılıq edirdim ki, nə yaxşı, qocaman sənətkara bu arzusuna çatmağına da imkan verdi.

Ancaq həmingünkü pərdəarxası ayrıntılardan bixəbər olan və tamaşanı izləmiş bir müxbirin gözləri səhnəyə ayrı cür baxmışdı və bir neçə gün sonra qəzetdə sərt tənqidi məqalə dərc etdirmişdi ki, insafən, oxumağına yaxşı oxuyurdular, amma biz tarixdən bilirik, əfsanələrdən, rəvayətlərdən hər kəsə məlumdur ki, Leyli ilə Məcnun həmyaş olublar, hər ikisi gənclik çağında sevdaya düşüb, burada isə Leyli gənc, Məcnun onun atası yerində, məgər teatrda aktyor qəhətliyidir ki, ağsaqqal adama Məcnunu həvalə ediblər?

Axı o, haradan biləydi ki, həmin axşamkı Məcnunluğu Hüseynağa Hacıbababəyovçün sadəcə rol oynamaq, oxumaq deyildi, ürəkdən tikan çıxarmaqdı...

 ...Səsinin axıracan Hüseynağa Hacıbababəyovla qalmasının digər bir hekayətini mənə unudulmaz alimimiz, musiqişünas, ədəbiyyatşünas, professor Arif Məmmədov söyləmişdi. Deyir, bir axşam Dənizkənarı bulvarda gəzirdik. 1960-cı illərin sonları idi. Elə sözarası Hüseynağa müəllimdən soruşdum ki, səsiniz qalırmı? Nəsə cavab vermək əvəzinə Hüseynağa Hacıbababəyov başladı oxumağa, bu yaşında elə bir "Üzzal" başladı ki, mən də mat qaldım, ətrafdan keçən neçə adam da ixtiyarsız ayaq saxlayaraq heyranlıqla ona qulaq asmağa başladı. Arif müəllim danışırdı ki, o vaxt Opera Teatrına gələndə ilkin olaraq soruşardılar: "Bu gün Hüseynağa Hacıbababəyov oynayırmı? Şah İsmayıl rolunda bu gün kimdir?" Onun bu operada "Zabul" üstündə "Sürdü Məcnun növbətin, indi mənəm rüsva-yi eşq. Doğru derlər, hər zaman bir aşiqin dövranıdır", - deyə həzin pərdələrdə gəzişmələri heç zaman yaddan çıxmaz. Muğam operalarında əsas aparıcı solist bir dövr o idi və onun 1920-30-40-50-ci illərdə səhnə fəaliyyəti opera tariximizdə məxsusi bir mərhələ təşkil edir. Onun böyük tarzənimiz Qurban Pirimovun, daha sonralarsa mahir ustad Bəhram Mansurovun müşayiəti ilə ifası sözlə təsvir edilməyəcək gözəllik idi.

Uşaqlıq illərindən məlahətli səsi ilə diqqətləri çəkmiş Arif Məmmədova nəsib olmuşdu ki, 1941-ci ildə İrana qastrol səfərinə çıxan Azərbaycan musiqiçiləri dəstəsinə onu da əlavə etsinlər və 3 ay oralarda qalaraq çoxlu konsertlər vermişdilər. Arif müəllim Hüseynağanın, özü demiş, laçın çağlarına da İranda şahid kəsilmişdi. Ona görə də həmişə heyifsilənirdi ki, Hüseynağa Hacıbababəyovun 1940-50-ci illərdəki oxuları lentlərdə, vallarda əbədiləşməyib. Deyirdi ki, sizin eşitdiklərinizin hamısı Hüseynağa Hacıbababəyovun yaşlı vaxtlarındakı lent yazılarıdır. Qulaq asırsınız, qəlbinizə yatır, həqiqətən də gözəldir. Ancaq bunları 1940-50-ci illərdəki səslə eyni tərəziyə qoymaq heç mümkün deyil. O illərin oxuları qalmış olaydı, onda bilərdiniz Hüseynağa necə misilsiz oxuyanmış!

...Hüseynağa Hacıbababəyov insanlarla, hadisələrlə dolu bir ömür yaşadı və həyatından nə qədər şəxsiyyətlər keçdi. Əlbəttə, bunlar gecikmiş təəssüflərdir. O, 1972-ci ildə dünyadan gedib. Elə dövr idi ki, artıq kinolentə çəkmək, radioda studiyaya çağıraraq söhbətlərini də yazmaqçün hər şərait vardı. Kimsənin yadına düşməyib. Oxularından az-çox heç olmazsa ortada nəsə var. Ancaq onun mədəniyyətimizin, musiqimizin, ziyalılığımızın dünəni ilə bağlı nə qədər boşluqlarını doldura biləcək xatirələri, teatr tariximizin macəralı, keşməkeşli və şərəfli bir dövrü haqqında hekayətləri lentləşdirilsəydi, görün indi əlimizdə əvəzsiz sərvətə dönən necə mühüm sənəd, necə müstəsna salnamə qalardı.

Bu onun hələ natamam tərcümeyi-halıdır. Amma hər halda ən dəqiq tərcümeyi-halıdır. Natamamdır ona görə ki, 1937-ci ildə yazılıb. Hələ Hüseynağa Əməkdar artist idi, hələ cavandı, hələ qarşıda yaşanası nə qədər illər dururdu. Bir il ötəcək, Hüseynağa Xalq artisti də olacaq, ömrün daha uğurlu səhifəsi də açılacaq. Həmin dövrdə əslində Əməkdar artist adının özü də çox hörmətli, nüfuzlu bir sənət dərəcəsi idi, Xalq artisti adı isə rəsmi şərəfləndirmənin tək-tək seçmələrə qismət olan və o dövrdə layiq olmayana qətiyyən verilməyən ən ali sənətkar rütbəsiydi.

Hələliksə bir gözü gülən, bir gözü ağlayan 1937-ci ildi. O ilin içində heyrətli bir şəkildə qəmlə sevinc, faciələrlə şadlıq yanaşı addımlayırdı. Hüseynağa Hacıbababəyovun bu tərcümeyi-halı 1937-ci ildə ayrıca vərəq kimi nəşr də edilmişdi. Nüsxələri çoxmuş ki, azı bir dənəsi özündə də qalmışdı. Natamam olmağına natamamdır, tərcümeyi-halının ardının da yazıla bilməsi üçün gərək sonrakı illər də yaşanaydı. Ancaq yarımçıq olsa da, o üzü-bu üzü yazılı bu bircə vərəq əvvəldən-sonacan hər halda Hüseynağa Hacıbababəyovun bəlli olan ən dəqiq, ən doğru tərcümeyi-halıdır. Çünki onu özü yazıb. Bir adamın ömür yolunu, taleyindən keçənləri özündən yaxşı kim bilər?! Həmin qısa ömür tarixçəsindəki iki-üç cümlədə Hüseynağa Hacıbababəyov gəncliyinin mübarizəli və sabahlara ümidli çağlarını belə xatırlayır: "Vətəndaş müharibəsi zamanı Aşqabadda işləyirdim. 1919-cu ildə Müsavat hökuməti zamanı hökumət teatrosu əmələ gətirildi. Məni də buraya bütün operalarda qadın rolu ifa etməkçün dəvət etdilər. O köhnə dövrlər ağır dövrlər idi. Çar hökuməti vaxtı incəsənətə, məxsusən türk incəsənətinə yüksək qiymət və imkan verilmirdi. Xüsusi teatrolar özlərinin cibini dolduraraq bizi istismar edirdilər. Yalnız aprel təbəddülatından sonra incəsənət yüksək qiymət aldı. 1920-ci ildə mən Azərbaycan Dövlət Dram Teatrosuna həmişəlik işə girdim və həmin ildəcə təbliğat briqadası ilə bərabər Dağlıq Qarabağa getdim. Təbliğat məqsədi ilə təşkil edilən müsamirələrdə iştirak etdim. Bu səfərdə mənim yol yoldaşlarımdan Anaplinski, Mirpaşa və sairələrini daşnaklar öldürdülər".

Hüseynağa Hacıbababəyov o çətin əyyamları belə anırdı, qətlə yetirilmiş sənət qardaşlarını qüssə ilə yada salırdı, lakin onun özünün də elə o tərəflərə səfərlərində ölümlə qarşılaşdığı olmuşdu. Ən azı birini artıq sinli çağlarında qızı Suğraya da söyləyibmiş, o da mənə danışmışdı. Qarabağa səfərlərinin növbətisində Hüseynağa labüd və əzablı ölümlə göz-gözə dayanır. Əhvalat baş verir Ağdamda. Yay vaxtıymış, Ağdamın özündə, ayrı-ayrı kəndlərdə tamaşalar göstərir, konsertlər verirlərmiş. 1930-cu illərin əvvəlləriymiş. Bu qəziyyəni qızına söyləyəndə hadisədən 30 ildən də çox keçirmiş. Fəqət həmin günün xofu hələ də Hüseynağanın canından çıxmayıbmış. O illərdə rayonlarda nə mehmanxanalar varmış, nə qonaq evləri. Adətən on günlüyə, iki həftəliyə Bakıdan qastrola gedən artistləri iki-iki, üç-üç Ağdamın özündə, ayrı-ayrı kəndlərdə imkanlı, simsar adamların evlərində yerləşdirirlərmiş. Həmin gün kəndlərdən birində konsert verən artistlərdən Hüseynağa Hacıbababəyovla Dadaş Şaraplının ardınca axşam saat 7-yə qalmış gecələyəcəkləri qonşu kənddən kolxozun yük maşını gəlməliymiş. Konsert bitir, saat 7 olur, baxırlar ki, yarım saat da əvvəl gəlməli olan maşın hələ yoxdur. Yarım saat da gözləyirlər. Hüseynağa qayıdır ki, ay Dadaş, görünür, ya maşın yolda xarab olub, ya benzini qurtarıb ki, belə ləngiyir. Gəl vaxt itirməyək, nədir ki, burdan-buradır, piyada gedək, maşın da gəlsə, yolda qarşımıza çıxar, bizi götürər. İraq olsun, birdən gəlməsə, biz də gözləyə-gözləyə qalsaq, Əli aşından da olarıq, Vəli aşından da, gecəyə düşərik, qalmağa yer də tapmarıq. Dadaş da "düz deyirsən" söyləyib razılaşır, düzəlirlər yola. Bir xeyli gediblərmiş, artıq axşam alatoranında uzaqdan getdikləri kəndin hündür ağacları qaraltı kimi gözə dəyməyə başlayırmış. Birdən Dadaş Şaraplı hövlnak xırıltılı səslə pıçıldayır: "Bir ora bax". Hər ikisinin rəngi qaçır, üşənirlər. Görürlər ki, yaxınlaşmaqda olduqları arxın yanında bir canavar dayanıb düz onlara baxır. Ayaqları sustalır. Nə irəliyə bir addım atmağa heyləri qalır, nə geriyə. Düzənlik, ətrafda haraylayası, dada çatası bir ins-cins yox.

Yenə özünü birinci ələ alan Şaraplı olur. Boğuq səslə dillənir: "Hüseynağa, oxu!" Hüseynağa suallı gözlərini dikir yoldaşına. "Oxu, oxu, bəlkə gendən kimsə eşitdi, yaxınlaşdı". Və Hüseynağa "Segah" başlayır. Bir az qorxudan oxuyurdu, bir az dərddən oxuyurdu, bir az çaşqınlıqdan oxuyurdu və gözü qurdda idi. Oxuyurdu, bayaq onları görüncə mırıldayan canavar səsini kəsmişdi, elə onlar kimi hərəkətsiz dayanıb baxırdı və Hüseynağa daxili bir fəhmlə hiss eləyirdi ki, oxumağı qətiyyən kəsmək olmaz, ömürləri elə bu oxunun uzunluğu qədərdir, dayansa, canavar şığıyacaq onlara sarı... Nə qədər keçir? İllər sovuşandan sonra Hüseynağa Hacıbababəyov heç cürə dəqiqləşdirə bilmirdi: "İki dəqiqəmi keçdi, beşmi, onmu? Ya bundan az, ya çox? Hər saniyə bizimçün saat kimi uzun idi".

Hüseynağa oxuyurdu, bir yay axşamıydı, hələ hava tam qaralmamışdısa da, qaranlıq asta-asta qatılaşmağa doğru gedirdi. Hüseynağa oxuyurdu, o tərəfdə də canavar tərpənməz dayanıb baxırdı. Səsin, oxunun məlahətli səsimi təsir etmişdi Allahın heyvanına, ya bu anlaşılmaz davranış - qarşısındakı hazır şikarın qaçmaq, nəsə hərəkət etmək əvəzinə yerindəcə donaraq oxumağa başlaması onu çaşdırmışdı? Ya bəlkə bu çöllər vəhşisi həmin anda bu insanlarda özünə yaxın, doğma olan nəsə görürdü? Bizim yox saydığımız, amma gerçəkdə var olan şüuruyla dərk, ya hiss edirmiş ki, naləsi ilə bu cür ürək boşaldan adam da onun tayıdır, onun kimi təbiət balasıdır? Axı bu canavar da, onun həmcinsləri də, indi bu bəni-adəm eləyən kimi, beləcə düzənliyin boşluğunda, tənhalığında hərdən-hərdən bizimçün ulamaq kimi gələn səslərini çıxaranda bəlkə elə oxuyurlar, elə insan kimi ürək boşaldırlar?

Hüseynağa "Segah"ını oxuyurdu, canavar baxırdı və birdən düzənliyin səssizliyinə qarışan bu avaza uzaqdan gələn bir səs də qovuşur. Yük maşını idi, Hüseynağagilin yetişməli olduğu kənddən aralandıqları kəndə sarı irəliləyirdi, ləngər vura-vura, çala-çuxuru adlaya-adlaya yaxınlaşırdı, işıqlarını da yandırmışdı. Və Hüseynağa Hacıbababəyov müqəddəratının həll olunduğu o dəqiqələr barədə qızına belə deyirmiş: "Canavar elə bil o maşının işığına, o qəfildən qalxan gurhagur səsə heç hürkmədi də, qaçmağa tələsmədi də, çevrildi, asta-asta aralanmağa başladı".

Maşın yaxınlaşdıqca səs gurlaşırmış, canavar get-gedə aralanırmış, Hüseynağa isə "Segah"ını yarımçıq kəsə bilmirmiş, oxumaqda davam edirmiş...

Maşının səsi bu gözəl oxuya mane olmasın deyə sürücü mühərriki söndürmüşdü, aşağı enib bir papiros yandırmışdı, matdım-matdım baxırdı. Qaranlığa qərq olmuş o düzənliyin zülmətini bir o sürücünün hər qullab vurduqca papirosunun artıb-azalan közərtisi, bir də bu yanıqlı "Segah" dağıdırdı.

Və sonralar Hüseynağa yaxınlarına-dostlarına bu əhvalatı danışıb "Mənim "Segah"a bir can borcum var", - deyəcək.

Heç vaxt heç kimin o cür ürəkdən oxumadığı "Segah"ın da hər halda o məhrəm gecəyə görə bu xanəndəyə borcu olmamış deyildi. Dili yox idi içərisindən keçəni deyə. Amma onun əvəzinə həmin gecənin şahidi Dadaş Şaraplı bunu o hadisədən illər sonra tarzən Bəhram Mansurova söyləmişdi, o da mənə danışdı. Dadaş Şaraplı Bəhram ustada deyibmiş ki, neçə cür "Segah"ın adını çəkirsiniz, amma o "Segah"lar içində bir "Hüseynağa Segahı" da var ki, heç bir başqasına bənzəməz. Obirilərin hamısından təsirli həmin "Hüseynağa Segahı"nı bir mən eşitmişdim, bir kolxoz maşınının sürücüsü, bir də bir yalquzaq...

 

21 yanvar 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2024.-31 yanvar, №18.- S.10-11;12.