"Rəqəmsal məktəb"
təhsildə hansı yenilikləri vəd edir?
Məlum olduğu kimi, fevralın 7-dən etibarən
ümumi təhsil müəssisələrində proseslərin
elektronlaşdırılması çərçivəsində
"Rəqəmsal məktəb" platforması istifadəyə
verilib. Bu platforma rəqəmsal mühitdə öyrənmə,
tədris, ünsiyyət və əməkdaşlıq
platformasıdır. Yeni sistem şagird, valideyn, müəllim
və direktorun iştirakı ilə tədris
resurslarının idarəedilməsi və tənzimlənməsi
imkanlarını təmin edir. Platformaya giriş digital login
üzrə aparılır. Belə ki, valideyn, müəllim və
məktəb rəhbərləri "SİMA" rəqəmsal
imza vasitəsi ilə bütün digital login imkanlarından təhlükəsiz
istifadə edərək şəxsi səhifəsinə
giriş imkanına malikdir. Giriş üçün
www.reqemsal.edu.az ünvanına keçid etmək
lazımdır.
"Rəqəmsal məktəb" layihəsi ilk
olaraq Bakıda test rejimində tətbiq edilir. Platformada
şagird, valideyn, müəllim və direktor üçün
bölmələr var. Şagirdlər burada günün dərsi,
dərs cədvəli, dərsliklər, videodərslər, ev
tapşırıqları, testlər, qiymətlər, şəxsi
iş bölmələri ilə tanış ola bilərlər.
Valideynlər isə platforma vasitəsilə məktəblə
birbaşa ünsiyyət qura, övladının nəticələri
ilə tanış ola, həmçinin tədrislə
bağlı rəy və təkliflərini verə bilərlər.
Həmçinin müəllimlər və direktorlar da
öz vəzifələrinin icrası ilə bağlı
işləri elektron formada yerinə yetirə biləcəklər.
"Sima" və identifikasiya kodu ilə valideyn
övladının təhsil göstəricilərini onlayn izləmə
imkanına sahib olacaq. Giriş məlumatları hər bir
şagird üçün valideyni tərəfindən təyin
edilmiş şifrə və UTİS kod vasitəsilə
mümkündür. Şagirdlərin elektron resurslardan istifadəsi
imkanının təmin olunması məqsədilə hər
fənn üzrə mövzuya uyğun elektron resurlar - video dərslər,
tapşırıqlar və kvizlər (test) yerləşdirilib
ki, şagirdlər məktəbdə keçirilən hər
hansı mövzu üzrə çətinlik çəkdikdə
və yaxud müəyyən səbəblərdən dərsdə
iştirak etmədikdə platforma üzrə
yaradılmış elektron resurslardan istifadə edə bilsinlər.
Tədris prosesini daha maraqlı və cəlbedici edən,
həmçinin şagirdlər tərəfindən məlumatın
qavranılmasını asanlaşdıran video dərslərin
önəmli rolu var. Bu proses fizika, kimya, Azərbaycan dili, təbiət,
riyaziyyat və sair məktəb proqramını və ibtidai
sinifləri əhatə edir. Videodərslər hər bir
şagirdə olduğu məkandan asılı olmayaraq
geniş öyrənmə imkanları yaradır. Eyni zamanda,
platforma şagirdə dərs tapşırıqlarının
həllini müəllimin dilindən vizual izahlı şəkildə
dinləmək imkanı da verir.
Elm və Təhsil Nazirliyi yanında İctimai
Şuranın sədri, professor Hikmət Əlizadə deyir ki,
müasir dünyada informasiya kommunikasiya texnologiyalarının
inkişafı məktəbin rəqəmsallaşmasını
aktuallaşdırıb. Məktəbin rəqəmsallaşması
rəqəmsal məktəb platformasının
yaranmasını şərtləndirib. İnkişaf etmiş
ölkələrdə rəqəmsal məktəb
platforması artıq uğurla aprobasiyadan keçib:
"Artıq bir müddətdir ki, bizim məktəblərimizdə
də bu platformaya keçidlə bağlı hazırlıq
işləri həyata keçirilir. Daha dəqiq ifadə etsək,
təhsil işçilərinə məlumdur ki, rəqəmsal
məktəb platformasının müxtəlif elementləri tədricilik
prinsipinin tələbləri müstəvisində artıq məktəb həyatına daxil olubdur. İndi
onun tam formatda həyata keçirilməsi üçün zəruri
şərait yaranıb. Rəqəmsal məktəb
platformasının tətbiqi sadə proses deyil. Bəs bu
prosesin tətbiqinin çətinlikləri nədən ibarətdir?
Rəqəmsal məktəb platformasının tətbiqi
üçün ilkin şərt məktəblərin
informasiya-kommunikasiya texnologiyaları və internet ilə təmin
olunmasıdır. Sevindirici haldır ki, bu gün məktəblərimizin
demək olar ki, mütləq əksəriyyəti həm
internet şəbəkəsi, həm də informasiya
kommunikasiya texnologiyaları ilə təchiz olunubdur. İkinci əsas
şərt müəllim və şagirdlərin kompüter
bacarıqlarının inkişaf etdirilməsidir. Bu istiqamətdə
düşünürəm ki, məktəblərimiz çətinlikləri
keçib. Bu gün kompüter bacarıqlarına malik olmayan
müəllim və şagird tapmaq çətindir. Rəqəmsal
məktəb platformasının tətbiqi üçün
valideynlərin kompüter bacarıqlara malik olması da əsas
şərtlərdən biridir. Bu istiqamətdə hər
hansı bir çətinliklər ola bilər.
Düşünürəm ki, müəllimlərin valideynlərlə
əməkdaşlığı bu
çatışmazlığın aradan
qaldırılmasının məhək daşı ola bilər".
Professorun sözlərinə görə, zəruri
şərtlər ödənildiyi üçün artıq
bir müddətdir Bakı şəhərinin 324 məktəbində
"rəqəmsal məktəb" platformasının tətbiqinə
başlanılıb. İlk təcrübə olduğu
üçün bu, təbii ki, pilot layihə kimi tətbiq
edilib. Görülən işlər bu layihənin uğur
qazanma ehtimalının yüksək olduğuna və yaxın
gələcəkdə bütün məktəblərdə
onun tətbiq olunacağına əminlik yaradır. Belə ki,
rəqəmsal məktəb platforması milli onlayn təhsil
platforması olub, təhsilimizin yeni keyfiyyət mərhələsinə
keçiddir: "Rəqəmsal məktəb platforması
informasiya-kommunikasiya texnologiyalarının məktəbə tətbiqinin
daha geniş miqyasda tətbiqidir. Təbii ki, sınaq müddətində
məktəblərdə aidiyyəti qurumlar tərəfindən
monitorinqlər həyata keçiriləcək, yarana bilən
gözlənilən və ya gözlənilməyən
çatışmazlıqlar aşkar edilib, aradan
qaldırılacaqdır. Bu rəqəmsal məktəb
müstəvisində zəruri təcrübənin əldə
edilməsinə kömək edəcəkdir ki, bu təcrübə
də öz növbəsində bu platformanın əhatəliliyinin
artırılması, yəni digər regionlara tətbiq olunarkən
işlərin daha səmərəli təşkilinə şərait
yaradacaqdır".
Hikmət Əlizadə hesab edir ki, rəqəmsal məktəbin
üstünlükləri çoxdur. Bu ilk növbədə təhsil
iştirakçılarının hamısı
üçün əlçatanlığı təmin
olunmasında öz təcəssümünü tapır. Belə
ki, əlçatanlığın təmin edilməsi təhsil
iştirakçılarının hamısı
üçün (müəllimlər, valideynlər,
şagirdlər, məktəb direktoru və s.) şəxsi
kabinetlərin açılması yolu ilə həyata
keçiriləcəkdir. Məktəb rəhbərliyi, müəllimlər
və valideynlər şəxsi kabinetlər vasitəsi ilə
hər bir şagirdin gündəlik təlim fəaliyyəti,
qiyməti, o cümlədən dərs cədvəli, tədris
edilən fənlər üzrə materiallar, evə verilən
tapşırıqlar və sair məsələlərlə
tanış olmaq imkanı əldə edəcəklər:
"Məlum olduğu ki, şagirdin hər hansı bir
uğur qazanması valideynin məktəblə əlaqəsindən
çox asılıdır. Bu gün, bazar iqtisadiyyatı
şəraitində bir çox valideynin məktəblə əlaqə
saxlaması çətinləşib. Tıxacların
çoxalması da valideynlərin məktəblə əlaqəsinin
daha da zəifləməsini şərtləndirmişdir. Rəqəmsal
məktəb platformasının tətbiqi valideynlərin məktəblə
əlaqəsinin yaxşılaşması imkanlarını
genişləndirir, o, övladının təlim fəaliyyəti,
ona verilən tapşırıqlar tanış ola bilir. Bununla
yanaşı, valideynlər məktəb rəhbərliyi, sinif
rəhbəri, fənn müəllimləri ilə əlaqə
saxlaya bilirlər, məktub yazaraq, övladı ilə
bağlı onlardan onu maraqlandıran məsələləri
öyrənmək imkanı əldə edirlər. Şagird
üçün də bu platformanın üstünlükləri
çoxdur. Birinci növbədə bu platformada valideynlərin
məktəblə əlaqəsinin
yaxşılaşdırılması şagirdin məsuliyyətini
artırır. Şagird müəyyən üzrlü səbəbə
görə dərsə getməyəndə, ona verilmiş
tapşırıqlar haqqında məlumat əldə edir. Bu
platformada müxtəlif fənlər üzrə məlumatlar
elektron formatda şagirdlərin ixtiyarına verilir. Hazırda
bu platforma ibtidai siniflər və V-VII siniflərdə tətbiq
olunur. Bu siniflər üzrə artıq müəyyən fənlər
üzrə materiallar platformada yerləşdirilib. Bizdə olan
məlumata görə, ibtidai siniflər üzrə Azərbaycan
dili, ingilis dili və riyaziyyata, V-VII siniflər üzrə isə
Azərbaycan dili, Azərbaycan tarixi, fizika fənlərinə
aid zəruri məlumatlar artıq platformada yerləşdirilib.
Şagird dərsi yaxşı başa düşmədiyi
hallarda da, bu platforma vasitəsi ilə lazımi biliklər əldə
edirlər. Valideynlər SİMA imza və ya xüsusi kod vasitəsi
ilə bu platformaya daxil ola bilirlər. Bu platformadan istifadə
etmələri üçün sinif rəhbərləri onlara
müəyyən konsultasiyalar verirlər. Şagirdlər isə
valideynlər tərəfindən yaradılan şifrə ilə
platformaya daxil ola bilirlər. Valideynlərin
övladlarının təlim fəaliyyətini məsafədən
izləməsi, düşünürəm ki, rəqəmsal məktəb
platformasının daha səmərəli olma ehtimalını
artırır. Rəqəmsal məktəb platformasının
məktəb həyatına tətbiqinin genişləndirilməsi,
düşünürəm ki, yaxın gələcəkdə
rəqəmsal ali məktəbin yaranmasına da rəvac verəcəkdir.
Bu platformanın ali məktəb həyatına daxil olması
hibrid dərslərin həyata keçirilməsinə də
imkan verə bilər. Hazırda dünya təcrübəsində
təhsil sistemində belə dərslər tətbiq olunur. Məsələn,
təhsil alanlar həftənin üç günü ənənəvi
qaydada, iki günü onlayn formada dərs keçirlər. Bu
yolla tədris şəhərlərdə tıxacların
azalmasına hesablanıb. Rəqəmsallaşma başqa
formada da dərslərin təşkilinə imkan yaradır.
Məsələn, bir çox ölkələrdə
hibrid auditoriyalar fəaliyyət göstərir. Tələbə
hər hansı birgün üzrlü səbəbə görə
dərsə gəlmək imkanına malik olmadıqda,
dekanlığın icazəsi ilə dərsə onlayn
qoşulur. Dərsin bu formada təşkili onun əlçatanlıq
imkanlarını genişləndirir".
Professor qeyd edib ki, rəqəmsal məktəb
platforması təhsilin əlçatanlığının
artırılması baxımından geniş imkanlara malikdir.
Əsas məsələ bu prosesin başlanması idi. Rəqəmsal
məktəb platforması təhsilə müasir və yeni
yanaşmadır. Onun fəlsəfəsi müəllim və
valideynlərə şagirdlərin daha yüksək səviyyədə
təhsil alması yeni əməkdaşlıq imkanları
açır.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025. -2 aprel(№53).- S.15.