Vətən oğlu
Müharibənin hər hərfindən ölüm
sallanır.
Yaradılanların məhvi, insanların qatili, bəşərin
faciəsidir müharibə.
Müharibə olanları xatirələrə
çevirir. Müharibə uşaqları ata-anasız,
ata-anaları uşaqsız, evləri viran qoyur.
Keçmişlə bağlı bağları qırır,
olanları məhv edir. Dönüb geriyə baxanda, ancaq yoxluq
görürsən. Səni ağrıdan, itkiləri
yaşamağa məcbur edən həyatla baş-başa
qalırsan.
Dərdlər eyni, ağrılar cürbəcür...
Müharibə bütün qanunları susdurur, -
deyirdi, Liken Mark Anney.
İçdən gələn hiss, duyğu insanı
istədiyi yerə dartıb aparır. Ora
yaxşıdımı, pisdimi, səni nələr gözləyir,
bəlkə də, bu, son gedişdir... Fərq etməz. Gedirsən.
Burda suallara cavab verə, danışa bilmirsən. Nitq tutulur.
Baxışlar da suallardan qaçır.
O yerdəki bütün sualların cavabı Vətəndir,
orda susmalı olursan. Vətənin özü ən
böyük cavabdır. Vətən insanı maqnit kimi
özünə çəkir. Ruhun səndən qabaq ona
doğru qaçır. Bu, arzudur, istəkdir, vəfa borcudur.
Torpaq sevgisidir. Bütün məqamlarda yaş tanımayan
torpaq sevdiklərini daha çox özünə çəkir.
Bəlkə də, bu, onları dünyadakı gələcək
əzablardan qorunmaq üçündür. İnsan istəsə
də, bu məqamda özünə hakim ola bilmir. Cazibə
bütün hissləri bloklayır.
lll
Üzündən hələ də məsumluq
yağan Ziyanın içində böyük vətən
sevgisi vardı. Yurd, Qarabağ itkisi, qaçqınların
çəkdikləri müsibətlər onu bir zabit kimi hər
zaman döyüşə, torpaqları geri qaytarmağa səsləyirdi.
Ziya Niyazi oğlu Həsənov 11 oktyabr 1989-cu ildə
Ağdam rayonunun Boyəhmədli kəndində dünyaya
göz açıb. 1993-cü ildə kənd işğal
onunanda Ziyanın 4 yaşı vardı. Həyətləri,
yollar, cığırlar, uşaq vaxtı eşitdiyi güllə
səsləri onun yaddaşına hopmuşdu. Vətən,
torpaq sevgisi doğuluşdan ona siyarət etmişdi. Bəlkə
də, xatırlananlarla bərabər, yurduna, Qarabağa
atılan o güllə səsləriydi onu zabit olmağa səsləyən.
Təhsil aldığı Bərdə şəhər
4 nömrəli məktəbdə yüksək qiymətlərlə
oxuyan Ziya riyaziyyatı daha çox sevirdi. Bu da təsadüfü
deyildi. Çünki gendən gələn şeylər də
var. Uzun müddət Ağdam rayonu Sofulu kənd səkkizillik
məktəbinin direktoru olan Ziyanın ata babası Ziyəddin
müəllim həm də çox savadlı riyaziyyat müəllimi
idi. Onun şagirdlərinin çoxu riyaziyyata daha çox
üstünlük verirdilər. Elə Ziyanın atası da,
sevimli şagirdlərindən olan mənim də mühəndis
olmağımda dəyərli Ziyəddin müəllimin
böyük rolu olub.
Ziya yaxşı oxumaqla yanaşı, vətənpərvərlik
tədbirlərində də fəal iştirak edib. Hamı
onun gələcəkdə başqa ali məktəbə qəbul
olunmasını gözləsə də, Ziyanın arzu və
istəkləri onu Cəmşid Naxçıvanski adına Hərbi
Məktəbə gətirdi.
Ağrını, yurd itkisini duyan, yaşayan insanın
torpaq sevgisi bambaşqadır. Ona görə də atası
Niyazi müəllim, anası Tərlan xanım da Ziyanın bu
istəyinə qarşı çıxmadı. Bir anlıq
gözləri qarşısında onu zabit formasında
gördülər, qələbədə payı
olacağının sevincini yaşadılar.
Zabit atası olmaq qürurdu. Mən onu atamın
baxışlarında görmüşəm. Zabit oğlunu
bağrına basmaq ata-ana üçün böyük fəxarətdir.
Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi
bitirdikdən sonra Ziya Heydər Əliyev adına Ali Hərbi Məktəbə
(indiki Heydər Əliyev adına Ali İnstitut) daxil oldu. Orta
məktəbdə olduğu kimi, burada da müəllim və
kursant yoldaşlarının rəğbətini qazandı. Bu
da təbii idi. Nəsildən gələn adət-anənələr,
qayda və davranışlar özünü göstərməli
idi.
Ziyanın həyat yoldaşı Ayişə xanım
Ziyanın xoş xasiyyətli, mehriban, ailəcanlı, mənəviyyatı
çox təmiz, saf olan insan, əsgərinə dəyər
verməyi bacaran bir zabit olduğunu söyləyir. Kiməsə
əziyyət verməsini, narahat etməsini istəməyən
Ziya iki il yarım Ağdam cəbhəsində xidmət etsə
də, valideynlərinə Ağdamda yox, Ağcabədidə
olduğunu deyir.
Ziya harda xidmətdə olurdusa, arzusu, istəyi
torpaqları geri qaytarmaq, qələbədə bir zabit kimi
iştirak etmək idi. Çünki o, vətənini çox
sevirdi.
İstək insanı gec, ya tez arzusuna qovuşdurur.
lll
Aprel 2016-cı il.
Aprel ayının 1-dən 2-nə keçən gecə
Ermənistan silahlı qüvvələri Füzuli-Xocavənd
və Ağdərə istiqamətində ordumuzun mövqelərinə
hücuma keçdilər. Ordumuz düşmənin hücumuna
əks-həmlə ilə cavab verdi.
Hərbi hissə komandirinin "Kim döyüşə
könüllü getmək istəyir?" - əmr-sualına
ilk "Mən!" deyən Ziya oldu. Əsgərlərinin,
zabit yoldaşlarının "sən getmə, səkkiz
aydır ailə qurduğun" fikir və baxışları
da onu sözündən döndərə bilmədi. Arzusu
reallaşmağa başlayırdı. Torpaqlarımıza
qovuşmaq məqamı, düşməni susdurmaq
vaxtıydı.
Dörd gün davam edən döyüş son illərin
ən ağır döyüşü oldu. Gənc əsgər
və zabitlərin ilk dəfə döyüşə girmələrinə
baxmayaraq, təlimlərdə aldıqları təcrübədən
yararlanaraq onlar əzmlə döyüşürdülər.
Ürəklərindəki Vətən-Torpaq sevgisi onlara əlavə
güc verirdi.
Ziyanın dəstəsi artıq Lələtəpə
yüksəkliyində idi. Düşmən yüksəkliyi ələ
keçirməyə çalışırdı...
lll
O gün hamı səksəkədə idi. Gələn
xəbərin nə olacağını təsəvvür etsələr
də, qəbul etmək fikrində deyildilər. Ola bilərmi?
Olarmı? Odurmu? sualları bu gecə fasilə vermirdi. Sanki həyatın
sonuydu, bitmişdi hər şey, sabah açılmayacaqdı.
Ara-sıra sızan məlumat gecənin
qaranlığını artırırdı. Zamanı
içinə çəkən, adamı boğmağa aparan
sükutun daxili hayqırtısı bəzən
qışqırıqdan daha dəhşətli olur.
Hərdən küləyin döydüyü qapı
ürəkləri döyürdü. Artıq için,
çölün döyüntüləri bir-birinə
qarışmışdı.
Gecənin narahatlığı gündüzün həyəcanından
xəbər verirdi.
Kimsə sükutu pozmağa cəsarət etmirdi.
İlin son gecəsi kimi uzanan gecə qurtarmırdı
ki, qurtarmırdı...
Ziyadan həmişə xoş xəbərlər
eşidən valideynləri, ailəsi, doğmaları gecənin
qaranlıq sükutundan narahat idilər.
Lələtəpədə döyüşlər
gedirdi. Aprel ayının 4-dəki şiddətli
döyüşlərdə yüksəkliyi geri qatarmaq istəyən
düşmən bütün vasitələrdən istifadə
edirdi. Düşmənin atdığı minamyot mərmisi
Ziyanın yanına düşdü. Əsgərlərini
ölümdən xilas edən Ziyanın özünü
qorumağa vaxtı çatmadı. Ziya qəhrəmancasına
şəhid oldu. Bu xəbər təkcə döyüş
yoldaşlarını, ailəsini, onu tanıyanları yox,
hamını sarsıtdı.
Vətən yolunda şəhid olan Ziya artıq bir ailənin
deyil, Vətənin övladı oldu.
Baş leytenant Ziya Niyazi oğlu Həsənov Bərdənin
Şəhidlər xiyabanında Azərbaycan
Respublikasının Dövlət Himninin sədaları
altında və yaylım atəşinin müşayiəti ilə
son mənzilə yola salındı. Mərasimdə Müdafiə
Nazirliyi, Bərdə rayon icra hakimiyyəti, hərbi hissənin
nümayəndələri də iştirak edirdilər. Bu
böyük izdihama ölkənin hər yerindən gələnlər
vardı.
Cəbhənin Füzuli-Xocavənd istiqamətində
- Lələtəpə yüksəkliyi uğrunda gedən
döyüş əməliyyatında böyük fədakarlıq
və qəhrəmanlıq göstərərək şəhid
olan baş leytenant Ziya Niyazi oğlu Həsənov
ölümündən sonra göstərdiyi qəhrəmanlığa
görə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə "Hərbi
xidmətdə fərqlənməyə görə" III dərəcəli
medalı ilə təltif olundu.
Sən "Qanım sənə halal olsun, Vətən!"
- deyənlərdənsən.
Sən Vətəni canından çox sevənlərdənsən,
Şəhidim!
Xalqın çiynində getmək əbədiyyət
qazanmaqdır.
Əbədiyyətin mübarək,
ŞƏHİDİM!
Doğmaları Ziyanın özüylə necə fəxr
edirdilərsə, onun Vətən yolundakı rəşadəti,
qəhrəmanlığı, şəhidliyi ilə də, eləcə
fəxr edir, qürur duyurlar. "Vətən, xalq sağ
olsun!" - deyirlər!
Bərdədə Niyazi müəllimin evində
"Ziya muzeyi" yaradılıb. Muzey Ziyanın şəxsi
əşyaları, hədiyyə olunan müxtəlif
eksponatlar, onun haqqında yazılan kitablar, yazılarla zəngindir.
Muzeyi təkcə Ziyanın dostları, doğmaları,
döyüş yoldaşları deyil, kiçikdən-böyüyə
onu sevənlərin hamısı ziyarət edir. Bərdə və
ətraf rayonların sakinləri də bu məkanı ziyarətə
gəlirlər.
Muzeydə haradan baxırsansa, Ziya oradan sənə
baxır. Bəlkə də, bizə elə gəlir. Məncə,
o, hər yerdən Yağmura baxır.
Ziyanın toyunun 26 iyuna - Silahlı Qüvvələr
Gününə düşməsi təsadüf deyildi. Bu,
zabit üçün qürur, şərəf və peşəsinə
bağlılığın göstəricisidir. Ziyanın ailə
həyatı uzun olmasa da, yadda qalan oldu. Bu, zabit, hərbçi
həyatıdır, burda nəyəsə qarant durmaq, qərar
vermək olmur. Zabitin həyat yoldaşı bunu mütləq nəzərə
almalıdır. Torpağı işğalda olan ölkədə
müharibə qaçılmazdır.
Ziya şəhidliyindən iki ay sonra dünyaya gələn
Yağmurunun "Ata" kəlməsini eşitmədi. Ruhu isə
Yağmurunun onun şəklini öpüb bağrına
basdığını mütləq görür. Yağmur
böyüdükcə qəhrəman atasıyla daim fəxr
edəcək.
Şəhidlər Vətən
sevdalılarıdır. Canlarını Vətən yolunda
qurban verənlər ölmürlər. Nə qədər Azərbaycan
var, VƏTƏN ŞƏHİDLƏRİmiz də var olaraq
yad olunacaqlar.
Ruhlarınız şad olsun, VƏTƏN SEVDALILARI!
Qürurumuzu özümüzə qaytaranlar!
Ziya qısa ömrü ilə tarix yazdı. Şəhidlik
zirvəsinə yüksəldi. Ürəyi bütöv Azərbaycan
boyda olan Ziya Azərbaycanın ziyasına çevrildi.
Ziya mülki həyatda olduğu kimi, hərbidə də
o qədər hörmət qazanmışdı ki, o, şəhid
olanda zabit dostları və əsgərləri Ziyanın
qisasını almağa söz veriblər. Vətən
müharibəsi zamanı onlardan döyüşlərdə qəhrəmanlıq
göstərərək şəhid olanları da oldu. Şəhid
olanlardan biri də, dostu baş leytenant Ziya Həsənov şəhid
olandan sonra Müdafiə Nazirliyinə müraciət edərək
öz istəyi ilə hərbi xidmətini döyüş
bölgəsində davam etdirərək 2020-ci ilin oktyabrın
1-də Talış döyüşləri zamanı şəhid
olan, ölümündən sonra "Qarabağ" ordeni və
"Vətən uğrunda" medalı ilə təltif edilən kapitan
Elçin Tağıyev idi. Allah bütün şəhidlərimizə
rəhmət eləsin.
Artıq Ziyanın və bütün şəhidlərimizin
ruhları şaddır. Ziyanın dostları, yetirmələri,
davamçıları Qarabağda böyük Zəfərlə
qələbə çaldılar. Azərbaycanın
süverenliyi bərpa olundu.
Zəfəri şəhidlər qanlarıyla, qazilər
əzalarıyla, döyüşçülər
mübarizliyi ilə qazandılar.
Zəfər Günündə şəhidlərin
büründükləri bayraqları başımız
üstündə dalğalandıran şəhidlərin sevinən,
şad olan ruhlarıdır. Yoxsa, bayraq belə möhtəşəm
dalğalanmazdı!
Sən üzündəki nurla Tanrının
seçilmişisən, Şəhidim!
Sən bizi məğlub vətəndaş adından
xilas etdin.
Sən torpaqlarımızı geri qaytardın.
Sən bizim qürurumuz, şərəfimizsən! Sən
Vətən sərhədisən!
Heç bir bayraq sənin büründüyün
bayraq qədər öpülmədi, əzizlənmədi,
sevilmədi, Şəhidim!
Sən bayrağı şərəfləndirdin, Bayraq
səni!
Ziyaya
Zəfərə gedən yolun
İlk döyüş şəhidisən,
Sevincə göydən baxan
Sən zaman şahidisən.
Sən şəhidlik zirvəsiylə
Qələbəyə yol açmısan,
Amalınla, diləyinlə,
Zəfərə qoşa baxmısan.
Arzuların çiçək açıb
Qələbənin izlərində.
Ruhun təzə güllər əkir
Qarabağın düzlərində.
lll
Baxışı baxış aparır,
Naxışı naxış aparır,
Sevgini alqış aparır,
Aparır sevdiyi yerə.
Sükutu zaman sözlüdü,
Baxışı qırğı gözlüdü.
Ziyamız təbəssüm üzlüdü,
Gəlmişdi ziyasın verə.
Həsrətlərin sonası yox,
Ölümün "qal" xanası, yox.
İtkilərin anası yox,
"Dayanın!", "Bəsdirin!" - deyə.
Sevginin onudu Vətən!
Zəfərin donudu Vətən!
Bu yolun sonudu Vətən!
Tabutu Bayrağın geyə!
Rəfail TAĞIZADƏ
525-ci qəzet .- 2025. -2 aprel(¹53).- S.14.