Bəlkə
robotlaşırıq?
Esse
İnsan səsi həmişə sükutu yararaq yol
tapıb. Amma indi sükut fərqli bir anlam daşıyır,
boşluğun içində itib gedən səslərin əks-sədasıdır
elə bil. Artıq sakitlik rahatlıq deyil,
anlayışsızlığın, əlaqəsizliyin,
unutqanlığın simvoludur. O, içində milyonlarla
boğulmuş səs saxlayan qaranlıq boşluqdur.
İnsanlar daha çox danışır, daha az
eşidir. Mesajlar yazılır, statuslar paylaşılır, səslər
yüksəlir, amma heç nə deyilmir. Bir vaxtlar məktublar
qəlbin ritmi ilə yazılır, cavablar gözləntilərin
içində yetişirmiş. Gözləntilər uzun idi,
cavablar qısa olsa da kifayət edirdi. İndi isə hər
şey əksinədir – cavablar sürətlidir, həm də
qısa və hissiz.
Bir masada oturub susuruq, eşidilən tək
klaviaturalarımızın səsidir. Hər gün sosial
mediada saysız mesaj göndərir, statuslar, şəkillər
paylaşırıq. Sanki dünyaya var olduğumuzu sübut
etməyə çalışırıq, amma içimizdə
bir boşluq var. Bu boşluğun adı nədir? Tənhalıq,
yoxsa unudulmaq qorxusu?
Bir vaxtlar ailə münasibətləri qayğı
içində nəfəs alırdı. Birinin yorğun
olduğunu hiss etmək üçün sözlərə
ehtiyac yox idi – baxış yetərliydi. Uşaq səhər
yuxudan duran kimi atasını axtarırdı, ana hər kəsi
süfrə başına yığırdı. Axşamlar
günün necə keçdiyi danışılır, uzun
söhbətlər olurdu. İndi hər kəs öz
otağına çəkilib, öz ekranına baxır. Bir
evin içində mesajla ünsiyyət qurur bu günün ailəsi.
Tənhalıq artıq tək olanların deyil, birlikdə
yaşayanların da problemidir. 1990-cı illərdə ailələr
birlikdə gün ərzində ortalama 90 dəqiqə
danışırdı, indi bu rəqəm 35 dəqiqəyə
düşüb. Oksford Universiteti tədqiq edib bunu.
Valideyn-övlad münasibətləri də dəyişib.
Bir vaxtlar ata-ana sözləri mütləq idi, nəsihətlər
həyatın yol xəritəsi kimi qəbul olunurdu. İndi isə
valideynlər övladları ilə dost olmaq istəyir.
Uşağın isə ailədə dostdan qabaq anaya, ataya
ehtiyacı var.
Uşaqlar evin içində deyil, ekranların
arxasında böyüyür. Eyni evdə fərqli dünyalar
qururuq.
Dostluqlar da mahiyyətini dəyişib. Bir vaxtlar dostluq
illərlə formalaşır, sınaqlardan keçirdi, indi
isə “onlayn” dünyada baş verir hər şey.
Çünki artıq heç kimin heç kimə izah edəcək
bir şeyi yoxdur. Artıq getməyin səbəbləri belə
deyilmir, çünki sükut daha asan həll edir bunu.
İtirdiyimizi anlayana qədər susuruq. Sonra artıq
danışmağın da mənası qalmır. Sosial mediada
dostlarımızın şəkillərinə “super
görünürsən” yazırıq, emojilər göndəririk,
nə hiss etdiklərini isə soruşmuruq.
Bir vaxt küçədə saatlarla söhbət edən
insanlar indi bir-birinin həyatını virtual izləməklə
kifayətlənir. Çünki bu günün insanı
klassik anlamda dostluqdan çox görünməyə önəm
verir. Həqiqi dostluq isə görünmək yox, hiss edilməkdir.
Dostluq artıq eyni stol arxasında oturub gülmək deyil, eyni
paylaşımın altında şərh yazmaqdır.
Paylaşım çoxdur, paylaşmaq az.
Virtual dünyada min dostun olar, bəs darıxanda zəng
vurmağa neçə adam taparsan? Kim səni gerçəkdən
dinləyir? İsveçdə aparılan bir araşdırmaya
görə, geniş sosial şəbəkəyə sahib
insanlar real həyatda özlərini tənha hiss edirlər.
Sevgi gözləməkdir: bir insanın gəlişini,
bir mesajın cavabını, bir toxunuşun icazəsini
gözləmək. Əvvəllər belə idi. Hər
şeyin öz axarı, öz ritmi vardı. Sevgi zamanla
yayılırdı, böyüyürdü, dərinləşirdi.
İndi sevgi “bir baxışla, toxunuşla seçim etmək”
olub, əlavə enerji tələb edən bir şeyə
çevrilib. Flirt etməyə (xoş münasibət
qurmağa can atmaq deyərdim buna) zaman yoxdur, çünki
bunun üçün rahat tətbiqlər var – Bumble, Tinder,
Hinge. İnsanlar artıq real həyatdakı cazibəni deyil,
profildə yazılan keyfiyyətləri axtarır. Əvvəllər
tanışlıq üçün cəsarət lazım idi,
indi profil təsdiqlənməsi kifayətdir.
Sevgi indi az risk, çox qazanc gətirən biznes
kimidir. Həmişə başqa bir seçim var. Münasibətlərin
davamlılığı qeyri-müəyyəndir,
çünki “Bəlkə də daha yaxşı biri var”
sualı hər kəsi sınağa çəkir.
Bağlılıq risk, azadlıq isə rahatlıq kimi
görünür. Sosial media sonsuz ehtimalları əlçatan
edib – yanındakı insan belə alternativlərin içində
itib gedir. Seçmək azadlığı itirmək kimi hiss
olunur.
İnsanlar artıq kiməsə bağlanmaq istəmir,
çünki bu münasibət içində dəyişmək,
uyğunlaşmaq, kompromisə gəlmək özündən
imtina kimi hiss olunur, başa düşülür. Birlikdə
olmaq üçün yox, təkliyin səsini azaltmaq
üçün görüşürük.
İnsanlar artıq süni intellektlə ünsiyyət
qurur, robotlarla danışır. Çünki süni intellekt
mübahisə etmir, küsmür, incimir. Onlar daha səbirli,
daha anlayışlı, daha “insan” kimidirlər. “Google
Aİ”nin araşdırmasına görə, 2035-ci ilə qədər
süni intellektlə dostluq, hətta romantik münasibətlərin
yayılması ehtimalı 65 faizdir. Bu, təəccüblü
deyil. Çünki insanlar bir-birlərindən anlayış
gözləsələr də, bunu bir-birlərinə vermirlər.
Bu halda süni intellekt daha mükəmməl
görünür, çünki o, səndən heç nə
istəmir.
Biz insan münasibətlərinin mürəkkəbliyindən
yorulmuşuq. Sevgini, dostluğu, ünsiyyəti belə sadələşdirməyə
çalışırıq. Amma sevgi həmişə çətin
olub, ona görə də dəyərli idi.
Bəs gələcəkdə sevgi nə olacaq?
Bir-birimizə mesaj yazaraq sevgimizi ifadə edəcəyik, yoxsa
sadəcə süni intellektin hazırladığı romantik
cümlələrə güvənəcəyik?
Dostlarımız bizi dinləyən insan əvəzinə,
duyğularımızı analiz edən proqramlara çevriləcək?
Bəlkə artıq bir-birimizə danışmaq
üçün yox, cavab almaq üçün yazırıq?
Bəlkə ünsiyyət artıq əlaqə
yaratmaq deyil, sükutun ağırlığını
yüngülləşdirməkdir?
Bəlkə dostluq daha etibar deyil, məlumat mübadiləsidir?
Bəlkə bağlılıqdan qaçmaq bizi azad
etmir, daha böyük boşluğa sürükləyir?
Bəlkə sevginin gələcəyi artıq
proqramlaşdırılıb, biz isə hələ də onu
axtardığımızı düşünürük?
Bəlkə biz artıq real münasibətlərdən
bezmişik, onları daha sadə, daha “effektiv” bir şeylə əvəz
etmək istəyirik?
Bəlkə biz robotlaşırıq, amma bunu qəbul
etmək istəmirik?
Səsin sükutu pozan era bitdimi? Üzümüz əbədi
sükunətəmi doğrudur?
Bu suallara cavabım yoxdur. Bəlkə elə buna
görə mən hələ də insana, onun səsinə,
isti nəfəsinə, sevgi dolu ünsiyyətinə
inanıram.
Nərgiz Qazi
525-ci qəzet .- 2025. -2 aprel(¹53).- S.13.