Binalar tarix
yaşadır
"Milli Dəyərlərin Qorunması"
İctimai Birliyinin sədri, "Azərbaycan Qadınları
Respublika Cəmiyyəti" İctimai Birliyi İdarə Heyətinin
üzvü və sədr müavini Dilarə Ağamusa
Nağıyeva-Muxtarovanın "Tarix yaşadan binalar"
adlı kitabı nəşr olunub. Məşhur Azərbaycan
sahibkarı, milyonçu, neft hasilatçısı və
xeyriyyəçi Ağa Musa Nağıyevin 175 illik yubileyinə
həsr edilmiş bu nəşr müəllifin sayca 10-cu
kitabıdır. Kitab milyonçunun tikdirdiyi 98 bina
haqqındadır. Kitabın müəllif Ağa Musa
Nağıyevin nəvəsidir.
Qeyd edək ki, 28 may küçəsindəki qoşa
imarətlər, həmin küçədə qırmızı
kərpicdən tikilmiş əzəmətli bina, Nizami
küçəsində Opera teatrının yanındakı
yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi
poçt binası, Nigar Rəfibəyli küçəsindəki
əzəmətli yaşayış binası, Səməd
Vurğun küçəsində Qış klubu (indiki
"Zabitlər evi"), "Astoriya" və "Yeni
Avropa" mehmanxanaları kimi tarixi binalar Ağa Musa
Nağıyevin sərmayəsi ilə tikilib.
Xeyriyyəçilik sadəcə pul vermək deyil, vacib olan dəyişikliklərə
sərmayə qoymaqdır. Məşhur xeyriyyəçi
Ağa Musa Nağıyevin təbirincə desək,
"halallıqla varidat qazanmaq bacarıq, onu qoruyub saxlamaq
müdriklik, düzgün işlətmək istedaddır".
Dilarə xanım kitabda Ağa Musa Nağıyevin səxavətini
və mərhəmətini üzə çıxarmaq məqsədilə
milyonçunun bu xüsusiyyətlərinə ustalıqla
toxunub. O, babasının xeyriyyəçi bir insan kimi vətəninə,
dostlarına münasibətini, seçdiyi qərarlara görə
məsuliyyətini əks etdirən xatirə və
düşüncələrini oxucularla bölüşüb.
Ağa Musa Nağıyev üçün gördüyü
işlərin sayı yox, hər zaman məqsəd və nəticə
önəmli olub.
Düşünürəm ki, yeni nəslin nümayəndələrinin
masasından bu cür kitablar əskik olmamalıdır. Ağa
Musa Nağıyev kimi məqsədindən əl çəkməyən,
ağır həyat yolu keçməsinə baxmayaraq, acı
taleyindən gileylənməyən insandan (binalarının
üzərindəki Venzeldə görünən hanbal şələsi
və saman çələngi onun keçmişinə
işarədir) nümunə götürülməlidir.
Dilarə xanım "Tarix yaşadan binalar"
kitabında ölkəmizin bugünkü tarixini qələmə
alaraq, şəhidlərimizin qəhrəmanlıqlarından,
30 ildən artıq işğalda olan torpaqlarımızın
azad edilməsindən, ölkəmizdə gedən quruculuq
işlərindən də söz açıb.
Bu kitabı düşünməyi və nəticə
çıxarmağı öyrədir. Ən əsası,
insanı necə yaşamaq barədə düşünməyə
vadar edir. Ümumiyyətlə, həyatın mənasını
dərk etməyi, insanların istəklərini və hərəkətlərinin
əsl motivlərini anlamağı öyrədən belə
kitabları oxumaq və onlara hörmətlə yanaşmaq
lazımdır. Mən Dilarə xanımın bu
kitabını çox bəyəndim və hər kəsə
oxumağı tövsiyə edirəm. Bu kitabı oxuyarkən
məndə xeyli təəssüratlar yarandı - mənalı
bir həyat, bütöv bir dünya, hisslər, vətənə
və dosta sevgi kimi əbədi hisslər barədə. Elə
kitablar var ki, onları həmişə oxumağa dəyər
- Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın "Tarix
yaşadan binalar" kitabı kimi. Ona görə də
Xalqın tarixini öyrənməyə və özünü
təkmilləşdirməyə can atan insanlara bu kitabı oxumağı
məmnuniyyətlə tövsiyə edirəm.
Bahar QASIMOVA
"Azərbaycan Qadınları Respublika Cəmiyyəti"
İctimai Birliyinin sədri
525-ci qəzet .- 2025. -2 aprel(№53).- S.13.