Qədir gecəsi
haqqında mülahizələrim
Qədir surəsi
Rəhman Rəhim Tanrı adıyla
1. Biz qədir gecəsində endirdik onu, şəksiz.
2. Nə biləsən nə ola qədir gecəsi.
3. Min aydan xeyirlidir qədir gecəsi.
4. Enir mələklərlə ruh onda Rəblərinin
izni ilə hər bir işdən dolayı.
5. Bir salamatlıqdır o sökülüncə dan
yeri.
OXU-da hikməti yetərincə
açılmamış, incələnməmiş surələrdən
biridir.
1-ci ayədə qədir gecəsində "onu"n
nüzulu bildirilir. "Onu"n, yəni nəyin, yaxud kimin?
Müsəlman aləmində ümümun qəbul
etdiyi fikir "onu" Quran-a aid hesab edir. Fəqət burada
söhbət Quran-dan gedə bilməz, şəksiz.
Əlbəttə, OXU Ramazan ayında enməyə
başlamışdır (2:185). Və əlbəttə, bu
ayın "mübarək bir gecə"sində (44:3).
Bəs bu "mübarək gecə" - "qədir
gecəsi"dirmi? Ola bilməz.
Əvvəla, bu barədə konkret ayə yoxdur.
İkincisi, surədə diqqət Quranın qədir gecəsində
enimi həqiqətinə yönəldilsəydi,
düşünürəm, ən azından peyğəmbərə
müraciətlə "nə biləsən nə ola qədir
gecəsi" ifadəsi səslənməzdi. Deməli, o gecənin
- qüdrət-qədir-tale gecəsinin mahiyyəti peyğəmbərə
də bəlli deyil.
İşarə edilən enimin nəyə aid
olması barədə fərqli ehtimallar ola bilər. Mənim
öz ehtimalım var: "o" işarə əvəzliyi
kimi "ruh"u bildirir. Ruh nədir? Ruh Rəbbin "əmrindən,
işindən..." (17:85). Əmri, işi - Ali, Mütləq
Güc, Ali, Mütləq Enerji... ilə hasilə gəlir.
"Salamatlıqdır o sökülüncə dan
yeri". Bəs dan yeri söküləndən sonra?
Salamatlıq olmayacaq? Nə baş verəcək?
Qədir gecəsi burada Qiyamət öncəsi gecəni
bildirir. Peyğəmbərə yönəlik "nə biləsən"
ifadəsi OXU ayələrində
qiyamətə aid həqiqətlər kontekstində işlənir:
77:14; 82:18; 86:1 və s.
Qüdrət-qədir-tale gecəsi - Yer kürəsinin
mövcud kainatla vida gecəsidir, bir insan ömründən
üstün mahiyyətli və məzmunlu gecə kimi dəyəri
var inanclı insanlara. Yalnız bu sonuncuların Yerlə
vidalaşacaqları gecədir. Necə vidalaşacaqlar?
"Nimçədən-nimçəyə mütləq minəcəksiniz..."
(84:19) vədinin məhz onlara aid olaraq gerçəkləşməsi
ilə.
"Xilaf çıxan sanmayasan Tanrını Öz vədinə
ki, vermiş elçilərinə. Tanrı güc yiyəsi,
öc yiyəsi, şübhəsiz. O gün yer dəyişdirilir
başqa yerlə. Göylər də. Tək olan, qəhr eyləyən
Tanrının hüzuruna çıxırlar" (14:47-48).
Elçilər-rəsullar təkcə peyğəmbərlər
deyil. O-nun risalə-göndərişini-yazılarını qəbul
edən elm, sənət, əxlaq yiyələri də
Tanrı elçiləridir. "Peyğəmbərlik
bitmiş, risalə-göndəriş davam edir" - ilahiyyatda
məşhur ifadədir.
Məhz belələri qiyamət baş verən anda
Yer üzündən səmalara yüksələrək,
zamansızlığın xoşbəxtlik girdabında bir
müddət qalaraq, daldalanaraq dəyişdirilən Yerə enəcəklər.
Yeni yaranış köhnə yaranışı əvəz
edəcək. İlk insanlar elçi xislətli olacaqlar.
Tanrının yaradılış eksperimentinin sonu
görünmür. O, Mütləqdir!
Nəriman QASIMOĞLU
525-ci qəzet .- 2025. -2 aprel(№53).- S.12.