"İnkvizisiya məhkəməsi”
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Mətanət Teymurludur.
Onunla məşhur ispan rəssamı Fransisko Qoyyanın
"İnkvizisiya məhkəməsi" əsərindən
danışmışıq.
Fransisko Qoyya (1746-1828) -
yaradıcılığının ilk illərində
(1763-1808) rokoko üslubunda yüngül, dekorativ və parlaq
tonlu əsərlər çəkib, saray freskaları və məişət
səhnələrində bu təsiri əks etdirib. Sonrakı
illərdə isə neoklassizm və romantizmdən (1780-1810) təsirlənərək
daha realist və emosional portretlər yaradıb, 1819-1823-cü
illərdə ekspressionist və tənqidi ruhlu "Qara rəsmlər"
əsərlərini çəkib, 1824-1828-ci illərdə isə
Bordoda litoqrafiya və eksperimental rəsmlərlə məşğul
olub.
Onun "Kapriço" qravür seriyası cəmiyyətin
eybəcərliklərini, cəhaləti və
riyakarlığı ifşa edir, "Müharibənin fəlakətləri"
insan qəddarlığının, müharibənin dəhşətlərinin
canlı salnaməsi idi. "Saturn öz oğlunu yeyir",
"Qarabaş", "İki qoca" kimi tablolar sənət
dünyasında tayı-bərabəri olmayan dərin ekspressiv
gücə malik əsərlərdir.
1792-ci ildə eşitmə qabiliyyətini itirdikdən
sonra Qoyya əsərlərində insan qəddarlığını
və dövrün eybəcərliklərini əks etdirməyə
başlayır. "İnkvizisiya məhkəməsi"
(1812-1819) əsəri də məhz bu mərhələnin məhsuludur.
- Qoyyanın həyatı haqqında məlumatlı
olanlar rəssamın İnkvizisiya mövzusuna təsadüfən
müraciət etmədiyini bilir. Söhbətimizə elə
buradan başlayaq.
- Fransisko Qoyya iki dəfə İspan
İnkvizisiyasının qarşısına çıxmaq məcburiyyətində
qalıb. Bu, ilk dəfə 1799-cu ildə "Los Caprichos"
qravür seriyası səbəbindən, ikinci dəfə isə
1815-ci ildə "Çılpaq maxa" tablosunun inkvizisiya tərəfindən
müsadirə olunması ilə əlaqədar baş verib. Hər
iki halda ciddi cəzadan yayınsa da, bu hadisələr onun sənətinə
və dünyagörüşünə dərin təsir
göstərib. Yağlı boya ilə taxta lövhə üzərində
çəkilmiş bu əsər Qoyyanın
yaşadığı dövrdə liberalların dəyişməsini
arzuladığı, lakin VII Ferdinandın avtoritar siyasəti səbəbindən
qorunan ənənələri əks etdirir.
- Əsərin rəng həlli necədir?
- Əsərdə tünd və tutqun rənglər
üstünlük təşkil edir ki, bu da səhnənin
dramatik və qorxulu atmosferini gücləndirir. Qoya burada
işıq və kölgə oyunlarından istifadə edərək
tamaşaçıda qorxu və narahatlıq hissi oyadır.
Əsas fiqurların üzləri solğun və ifadəsizdir,
bu da onların gücsüzlüyünü və zülmə
qarşı laqeydliyini vurğulayır.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Tabloda İspan İnkvizisiyası məhkəməsinin
həyata keçirdiyi "iman aktı" mərasimi təsvir
edilir. Qoyya bu institutun qəddarlığını öz rəsmlərində
dəfələrlə təsvir edib. "Hubo remedio" -
Kömək yoxdur və "Aquellos polbos" - "O
tozlar" qravüraları da İnkivizasiyanı əks etdirən
vacib əsərlərdəndir. O, eyni zamanda,
dövrünün müharibələrini və sosial kataklizmlərini
rəsmləri vasitəsilə sənədləşdirib.
İspan İnkvizisiyası 1478-ci ildə Katolik inancını
qorumaq məqsədilə yaradılıb. Bu mərasimdə
altı konverso (zorla xristianlaşdırılmış yəhudi)
tonqalda yandırılıb. Mərasimlər
əsasən, bidətçilərin və Katolik Kilsəsinə
qarşı çıxanların ictimaiyyət
qarşısında utandırılması və mənən
sarsıdılması üçün təşkil olunurdu. Məhkumlar
ağır işgəncələrə məruz qalır və
yalnız son anda öz ittihamları ilə tanış
edilirdi. Əsərdə kilsə binasında baş tutan məhkəmə
təsvir olunub. Səhnənin mərkəzində
hündür, sivri uclu Koroza (kapirote) papağı və
sanbenito geyimi ilə dörd müttəhim görünür.
Mərkəzdəki fiqurların geyimlərinin üzərində
alov təsvirləri var bu, onların tonqalda
yandırılacağını göstərir.
Qoyyanın tablosunda hakim rahat şəkildə, sanki
bir tamaşa izləyirmiş kimi oturub, inkvizitor isə Roma
imperatorları kimi hökm oxuyaraq insan həyatını əlinin
içində tutan qətiyyətli bir jest edir. Arxa planda
gözləri bağlı, itaət etməyə məcbur
edilmiş kütlə isə totalitar rejimin gücünü və
fərdi azadlığın məhv olduğunu simvolizə
edir. Əsərdə heç bir fiqurun üzü aydın
şəkildə verilməyib. Nəticədə,
insanların günahsız yerə ittiham edilmələri əsrlərdən
gələn bir haldır. Bu vəziyyətə heç kim səs
çıxartmır, məhbusları ölümə tərk
edirlər.
İnkvizitorlar və ruhanilər məhkumları əhatə
edib, arxa planda isə sıxlıq içində kilsə interyerini
dolduran bir izdiham görünür. Ön plandakı fiqurlar
detallı və aydın işıqlandırılıb, fon isə
qaranlıqda itən insan kütləsi və qotik üslublu
memarlıqla doludur. Rəng kontrası ilə vəziyyət
daha da gərginləşib.
- Tablo hazırda harada saxlanılır?
- İlk sahibi Manuel Qarsiya de la Prada olan bu əsər
hazırda Madridin "Real Academia de Bellas Artes de San Fernando"
kolleksiyasında saxlanılır.
- Bu rəsmdə Qoyya
yaradıcılığının hansı xarakterik
xüsusiyyətlərini aydın görürük?
- Qoyya burada da digər əsərləri kimi,
ölüm və qorxu mövzularını üzə
çıxarır. Əsərdəki qaranlıq atmosfer, onun
"Qara Rəsmlər"i ilə oxşardır; həm
burada, həm də digər əsərlərində
insanın içindəki dəhşət və qorxu
vurğulanır. Qoyyanın saray rəssamı olaraq
çalışdığı dövrdə çəkdiyi
portretlər və məişət səhnələri
çox daha işıqlı və harmoniyalı olsa da,
İnkvizisiya Məhkəməsində təzahür edən
qaranlıq, tənqidi yanaşma, onun zamanla öz bədii
dilini necə dəyişdiyini göstərir. Sarayın zənginliyi
və nəcibliyini tərənnüm edən əsərlərinin
əksinə olaraq rəssam bu tabloda cəmiyyətdəki ədalətsizlik
və zorakılığı göz önünə sərir.
Rəsmin üstündəki sosial və dini tənqid,
Qoyyanın yaşadığı dövrün çətinliklərini
və ölkə daxilindəki qarışıqlıqları
əks etdirir. Rəssamın "İnkvizitor Məhkəməsi"
ilə digər əsərləri arasındakı əsas fərq,
burada daha çox ekspressionist bir yanaşma, daha qorxulu və
mürəkkəb simalar ilə üzləşməyimizdədir.
Nəticə etibarilə, bu əsər yalnız Qoyyanın bədii
inkişafını deyil, həm də zamanla onun dünyaya
baxışını dəyişdiyini göstərir.
- Bu əsər bizə nə deyir?
- "İnkvizisiya məhkəməsi" tablosu
yalnız tarixi bir hadisəni təsvir etmir, həm də
azadlıq və hakimiyyət arasındakı
qarşıdurmanı simvolizə edir. Bu baxış tərzi
Fyodor Dostoyevskinin Karamazov qardaşları əsərində
İvanın "Böyük inkvizitor" şeirindəki fəlsəfəsinə bənzəyir. Dostoyevski və Qoyya
əsərlərində dini hakimiyyətin əsl mahiyyətini
ifşa etməyə çalışıblar. Hər iki sənət
əsərində inkvizitorlar insanlara itaət etməyi, fərdi
iradədən imtina etməyi və kilsənin avtoritetinə
tabe olmağı məcbur edirlər. İnkvizitorların əsas
arqumenti budur ki, insan azadlığı ağır bir
yükdür və əksər insanlar bunu daşıya bilməzlər.
Azadlıq qorxulu və çarəsizlik gətirən bir
gücdür. Buna görə də insanlar güclü bir iradəyə
və rəhbərə ehtiyac duyurlar.
Qoyyanın yaradıcılığı təkcə sənət
deyil, həm də bir epoxa, bir düşüncə tərzi və
bir insanın daxili mübarizəsinin əks-sədasıdır.
Aytac SAHƏD
525-ci qəzet .- 2025. -2 aprel(№53).- S.12.