Xalq
şairi Rəsul Rzanın məzarı ziyarət olunub
Xalq şairi Rəsul Rzanın vəfatının
44-cü ildönümü ilə əlaqədar Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar başda olmaqla
qurumun rəhbərliyi, mərhumun ailə üzvləri,
dostları və poeziya həvəskarları şairin Fəxri
xiyabandakı məzarını ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən
məlumat verilib.
Qələm adamları Xalq şairi Rəsul Rzanın məzarı
üzərinə tər güllər düzüb, onun xatirəsini
anıblar.
Mərasimdə Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza Fondunun sədri
akademik Rafael Hüseynov unudulmaz şairin zəngin
yaradıcılığından söz açıb, onunla
bağlı xatirələrini bölüşüb. O, Rəsul
Rzanın ədəbiyyatımızda öz sözü, yeri, fərdi
yaradıcılıq siması və orijinal yazı manerası
ilə fərqləndiyini vurğulayıb. Qeyd edib ki, bu il
böyük Rəsul Rza ilə ayrılığın
44-cü ili tamam oldu. Şairin may ayında 115 illiyi qeyd ediləcək.
Onsuz keçən hər bir ildə şairin şəxsiyyətinin
də, sözünün də yeri həmişə
görünüb: “Nə qədər ki, insanlarda şeirə
sevgi, sözün gücünə sayğı var, Rəsul
Rza yeri daim görünəcək. Dünya tanınmayacaq qədər
dəyişilməyəcəksə, köhnə insan vərdişləri
yenə var olacaqsa, bəşər övladı süni
intellektin tam əsarətinə düşməyəcəksə,
Rəsul Rzaya və Rəsul Rzalara ehtiyac mütləq yenə
qalacaq. O ehtiyac yaşadıqca isə biz olduq-olmadıq, nə
məzarının üstündən çiçəklər
əskik olacaq, nə də Rəsul Rzanın sevənləri
tükənəcək”.
Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri
Rəşad Məcid çıxış edərək Rəsul
Rzanın böyüklüyü, Azərbaycan ədəbiyyatına
gətirdiyi yeniliklərdən bəhs edib.
Mərasimdə çıxış edən
tanınmış ədəbi tənqidçi Əsəd
Cahangir, şair Tahir Taisoğlu, Əməkdar mədəniyyət
işçisi, şair Qəşəm Nəcəfzadə Rəsul
Rza haqqında xatirələrini bölüşüblər.
525-ci qəzet .- 2025. -2 aprel(№53).- S.9.