Uzaq Şərqdə
və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ
edilib
Yaponiya, Sinqapur və Avstraliyada yaşayan
soydaşlarımız qədim tarixə malik Novruz
bayramını böyük coşqu ilə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Tanabe və
Osaka şəhərlərində təşkil edilən bayram
tədbirlərinə həmin ölkədə yaşayan
soydaşlarımız, türklər, yaponlar qatılıb.
Vakayama prefekturası Tanabe şəhərinin Təhsil
Komitəsinin “Life long learning” şöbəsinin nəzdindəki
Beynəlxalq Əlaqələr Mərkəzində
(International Exchange Center) baş tutan “Azərbaycanın Bahar
Festivalı – Novruz” adlı tədbirdə adət-ənənələrimizin
nümayiş olunduğu guşə yaradılıb, həmçinin
Novruz bayramının rəmzi olan səməni, müxtəlif
şirniyyat və mətbəx nümunələri təqdim
olunub. Yaponiyada yaşayan diaspor fəalı, tədbirin təşkilatçısı,
milli geyimdə olan soydaşımız Minarə
Şükürlü ustad dərsləri təşkil edib.
Ustad dərslərində yerli qonaqlara Novruzun dadlı təamları
və milli yeməklərimizin bişirilmə qaydası
nümayiş olunub. Soydaşımız tədbir
iştirakçılarına Novruz bayramı, milli geyimlərimiz,
rəqslərimiz, kəlağayı, ölkəmizin qədim
tarixi, zəngin mədəniyyəti, eyni zamanda Azərbaycan
çayı barədə ətraflı məlumat verib.
Yaponiyanın Osaka şəhərində
soydaşlarımız Minarə Şükürlü və
Emil Məmmədovun təşəbbüsü ilə
keçirilən Novruz bayramı tədbirində yapon rəqqasələr
Ayako Date və Akina Doinin ifasında Azərbaycan rəqsləri
təqdim edilib. Soydaşımız Gülnar Məmmədovanın
hazırladığı milli yeməklər, şirniyyatlar,
Novruz atributları ilə bəzədilmiş guşə, azərbaycanlı
uşaqların vətənpərvərlik mövzusunda və
Novruza aid səsləndirdikləri şeirlər qonaqların
marağına səbəb olub.
Sinqapurda yaşayan soydaşlarımız da bir araya gələrək,
ilk dəfə Novruz bayramını qeyd ediblər. Tədbir Cənub-Şərqi
Asiya Ölkələri üzrə Azərbaycanlıların
Koordinasiya Şurasının Sinqapur üzrə koordinatoru Nəcməddin
Nəcəfovun təşəbbüsü ilə baş tutub.
Tədbirdə Novruz bayramının adətlərinə
uyğun olaraq yumurta boyanıb, şəkərbura və
paxlava hazırlanıb. Bu gözəl bayramın və əvəzsiz
ənənələrin gələcək nəsillərə
ötürülməsinin vacibliyi diqqətə
çatdırılıb.
Avstraliyanın Brisben şəhərində türk
xalqlarının Novruz bayramına həsr olunmuş “Azərbaycanlılar
və Türkdilli Xalqların Əməkdaşlıq Tədbiri”
adlı tədbiri keçirilib. Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi və Avstraliya Azərbaycan
Assosiasiyaları Alyansına daxil olan Kvinslenddə Azərbaycanın
Milli Assosiasiyasının təşkilatçılığı
ilə baş tutan tədbirə türk dövlətlərinin
diasporlarını bir araya gətirmək, zəngin mədəni
irsini, ortaq dəyərlərini və dostluq əlaqələrini
nümayiş etdirmək məqsədilə Azərbaycan,
türk, özbək, qazax, qırğız və tatar
icmaları dəvət olunub.
Şənlik çərçivəsində Azərbaycan,
Özbəkistan, Türkiyə, Qazaxıstan,
Qırğızıstan və Tatarıstanın milli geyimlərindən,
sənətkarlıq nümunələrindən ibarət
guşələr nümayiş olunub. Tədbirdə türk
ölkələrindən olan musiqiçilərin ifaları,
eləcə də maraqlı rəqs nümunələri
nümayiş olunub. Qeyd edək ki, Cənub yarımkürəsində
ilk dəfə Brisben şəhərində ardıcıl iki
ildir uğurla təşkil edilən bu layihənin məqsədi
türkdilli icmaların mədəniyyətini geniş
auditoriyaya tanıtmaq, gələcək illərdə daha
genişmiqyaslı tədbirlər üçün əsas
yaratmaq, Avstraliyada yaşayan azərbaycanlılar və digər
türkdilli xalqlar arasında əməkdaşlığı
gücləndirməkdir.
Avstraliyada digər bir Novruz bayramı tədbiri Sidney
şəhərində yaşayan Azərbaycan diaspor fəallarının
təşkilatçılığı ilə qeyd olunub. Azərbaycanın
Dövlət Himninin səsləndirilməsi ilə başlayan
tədbirdə ölkəmizin ərazi bütövlüyü
uğrunda canlarından keçən şəhidlərin əziz
xatirəsi ehtiramla yad edilib. Tədbir çərçivəsində
Novruza aid ənənələr və milli rəqslərimiz
nümayiş olunub. Eyni zamanda Azərbaycan musiqisinə aid
sual-cavab və yarışmalar keçirilib, qaliblər
mükafatlandırılıb.
525-ci qəzet .- 2025. -2 aprel(¹53).- S.9.