Şotlandiyada Azərbaycan filmi nümayiş olunub
Şotlandiyanın Qlazqo
şəhərində “Caspian Circle” təşkilatının
təşkilatçılığı ilə “Miras” bədii-sənədli
filminin nümayişi keçirilib.
Təqdimatdan əvvəl təşkilatın rəhbəri
Fuad Ələkbərov tamaşaçılara Bakı Media Mərkəzinin
istehsalı olan ”Miras” filmi barədə məlumat verib, həmçinin
Şotlandiyada azərbaycanlı diasporunun fəaliyyəti ilə
bağlı gələcək planlarını
bölüşüb. Tədbirdə həmçinin
Qlazqodakı Azərbaycan icmasının üzvü Rəşadət
Əliyev Şotlandiyada yaşayan soydaşlarımızın
uğurlarından danışıb.
Qeyd olunub ki, filmin məqsədi Nobel
qardaşlarının Azərbaycanda gördüyü işlərin
həm regionda, həm də dünya miqyasında əhəmiyyətini
və tarixi rolunu vurğulamaq, eləcə də Bakıda neft
hasilatı tarixinin işıqlandırılması və təbliği
işinə töhfə verməkdir.
Filmin təqdimatına Qlazqo, Edinburq, Danfermlayn və
Londonda fəaliyyət göstərən Azərbaycan
icmasının və universitetlərin təmsilçiləri
qatılıb.
Ekran işi maraqla qarşılanıb.
Qeyd edək ki, 2018-ci ildə lentə alınan “Miras” bədii-sənədli
filminin prodüseri Orman Əliyev, ssenari müəllifi və
quruluşçu rejissoru Zaur Qasımlı, quruluşcu
operatoru Vladimir Artemyev, quruluşçu rəssamı isə
Şahin Həsənlidir. Filmin hazırlanmasında yerli
mütəxəssislərlə yanaşı, Rusiya, Belarus və
Gürcüstandan dəvət olunmuş
kinematoqrafçılar iştirak ediblər.
525-ci qəzet .- 2025. -2 aprel(¹53).- S.9.