Bakıda “...Bahar
naxışlı Novruz” sərgisi
açılıb
Bakı Fotoqrafiya Evində “Güllü-çiçəkli,
bahar naxışlı Novruz” adlı sərginin
açılışı olub.
"Azərbaycan Xalçaçıları”
İctimai Birliyi və “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə
təşkilatçılığı ilə keçirilən
sərgidə torpağın zənginliklərini sənətdə
əks etdirən və baharın füsunkar gözəlliyini
yaradıcılıqda canlandıran əsərlər yer
alıb.
Tədbirdə “Azərbaycan
Xalçaçıları” İB-nin sədri, professor
Röya Tağıyeva, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparat rəhbərinin
müavini Rəna Nəsirova, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin sektor müdiri Araz Bağırlı
çıxış ediblər.
Daha sonra modelyer Tünzalə Ağabalayevanın “Azərbaycan
bayrağı” milli geyim kolleksiyası, İB üzvlərinin
“Keçə inciləri”, rəssam və dekorativ-tətbiqi sənət
ustası Pərvanə Əliyevanın “Azərbaycan milli
geyimlərinə müasir baxış” kolleksiyaları
nümayiş olunub. Defilenin təşkilatçısı
İB-nin idarə heyətinin üzvü, Məmməd Səid
Ordubadinin Xatirə Muzeyinin direktoru vəzifəsini icra edən
Rasimə Əhmədovadır.
Sərgidə professor Röya Tağıyevanın rəhbərliyi
ilə birlik üzvlərinin xovlu və xovsuz xalçalar, bədii
tikmə, bədii hörmə, keçə sənəti,
miniatür sənəti, dəri rəngkarlığı, xəttatlıq
və rəngkarlıq nümunələri nümayiş
olunub.
Ekspozisiyada idarə heyətinin üzvləri -
xalçaçı-rəssam Eldar Hacıyev, bədii tikmə
və bədii hörmə ustası Elmira Qasımova, bədii
tikmə ustası Şəhla Əsgərova və digərlərinin
əsərləri yer alıb.
AB-nin üzvü Aynur Yunusova Azərbaycan Milli
Konservatoriyası nəzdindəki Musiqi Kollecinin müəllim-konsertmeysteri
Könül Abdullayevanın müşayiəti ilə
Üzeyir Hacıbəylinin “Arşın mal alan”
operettasından Gülçöhrənin naləsini və
Asiyanın nəğməsini ifa edib.
525-ci qəzet .- 2025. -2 aprel(¹53).- S.9.