4 günlük Aprel
döyüşləri - Zəfərə aparan yolun təməli
2016-cı ilin Aprel döyüşləri Azərbaycan
tarixinin şanlı səhifələrindən biridir. Dörd
gün davam edən bu döyüşlər əslində 4 il
sonra ordumuzun 44 gün ərzində qazandığı
böyük zəfərin təməl daşı oldu. Eyni
zamanda, təkcə Ermənistana deyil, bütün dünyaya
Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi.
Ermənistan tərəfi 1994-cü ildə əldə
olunmuş atəşkəs razılaşmasına baxmayaraq,
mütəmadi olaraq hərbi təxtibatlar törədirdi.
Doqquz il əvvəl, aprelin 1-dən 2-nə keçən gecə
Ermənistan silahlı qüvvələri növbəti dəfə
təmas xəttində ardıcıl təxribatlara əl
ataraq, ön xətt mövqelərimizə və
yaşayış məntəqələrimizə intensiv
artilleriya atəşi ilə hücuma başladı. Bu,
1994-cü ilin atəşkəs razılaşmasından sonra ən
irimiqyaslı və şiddətli döyüşlər idi.
Buna cavab olaraq ordumuz əks-hücum əməliyyatı həyata
keçirdi və düşməni geri çəkilməyə
məcbur etdi. Aprel döyüşləri ordumuzun qələbəsi
ilə nəticələndi. Belə ki, Tərtər rayonunun
Talış kəndi ətrafındakı yüksəkliklər,
Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi
və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun
Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan
kəndi istiqamətində bir sıra mühüm və
strateji əhəmiyyətli mövqelər, işğaldan azad
olundu.
Aprelin 4-də Ermənistan ordusu itirilmiş mövqelərini
geri qaytarmaq məqsədilə cəbhənin əsasən
Ağdərə-Tərtər və Xocavənd-Füzuli
istiqamətlərində mövqelərimizə yenidən
hücum etdi, o zaman mövcud olan təmas xəttinə
yaxın yaşayış məntəqələrimizi intensiv
atəşə tutdu. Amma hərbçilərimiz bu hücumun
qarşısını şücaətlə alaraq, Ermənistan
ordusunu ağır məğlubiyyətə uğratdı və
qarşı tərəf öz məqsədinə nail ola bilmədi.
Aprel döyüşləri həm də illərlə
təbliğ olunan Ermənistan ordusunun gücü, keçilməz
erməni səngərləri haqqında mifləri alt-üst
etdi. Məlum oldu ki, Ermənistanın "güclü",
"yenilməz" ordusu 4 gün belə Azərbaycan Ordusu ilə
döyüşə tab gətirmək imkanında deyil.
Prezident İlham Əliyev bununla bağlı bildirib ki,
uzun illər Ermənistan öz ordusu haqqında miflər
yaradırdı, uydurmalar irəli sürürdü ki, guya
bunların yenilməz ordusu var. Aprel döyüşləri
göstərdi ki, kimin ordusu yenilməzdir.
Aprel döyüşlərində
işğalçı ölkə ordusunun "məğlubedilməzliyi"
haqqında uzun illər boyu erməni cəmiyyətinə yalan
təbliğat yolu ilə sırıdılmış uydurmalar
Azərbaycan Ordusu tərəfindən darmadağın edildi.
Bu, bir daha göstərdi ki, Azərbaycan ərazilərinin
işğal altında qalması müvəqqətidir,
işğala son qoyulacaqdır, ordumuz bu vəzifəni yerinə
yetirməyə qadirdir. Qələbə, eyni zamanda, Azərbaycan
hərb sisteminin, hərbi kəşfiyyatının
işğalçı ölkənin hərb sistemindən və
kəşfiyyatından qat-qat üstünlüyünü, Azərbaycan
əsgər və zabitinin döyüş ruhunun yüksəkliyini
və qəhrəmanlığını göstərdi. Azərbaycan
əsgəri mərdliyini, mübarizliyini və
döyüşkənliyini ortaya qoymaqla bir qəhrəmanlıq
məktəbi yaratdı.
Erməni silahlı qüvvələri bu
döyüşlərdə böyük itkilərə məruz
qaldı. Ağır döyüşlərin gedişində
düşmənin 30-dək tankı, 25-dən çox
artilleriya qurğusu və digər zirehli texnikası məhv
edildi, erməni tərəfinin ölü və yaralı
olaraq 800-dən çox hərbçisi zərərsizləşdirildi.
Suqovuşan yaşayış məntəqəsinə yerləşən
düşmən qərargahı və əsas hərbi hissələri
dağıdıldı. Bununla da Ağdərə-Suqovuşan,
Cəbrayıl istiqamətindəki yolları nəzarətdə
saxlamaq imkanı əldə olundu.
Döyüşlər Ermənistan tərəfinin
xahişləri, yalvarışları ilə Rusiyanın vasitəçiliyi
ilə 2016-cı il aprelin 5-də dayandırıldı. Eyni
zamanda, döyüşlərdəki ağır məğlubiyyət
Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin
çatların əmələ gəlməsinə səbəb
oldu, silahlı qüvvələrində istefalar baş verdi, həbslər
oldu. Məhz Aprel döyüşlərindən sonra Ermənistanın
müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli
hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı.
Bu, əlbəttə ki, Aprel döyüşlərinin nəticəsi
idi.
Onu da qeyd edək ki, Lələtəpə yüksəkliyinin
azad edilməsi nəticəsində mülki əhalinin Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinə
qayıdışı mümkün oldu. Bu kəndin sakinlərinin
23 illik fasilədən sonra doğma torpaqlarına
qayıtması işğal altındakı digər ərazilərimizin
də tezliklə azad olunacağına dərin inam yaratdı.
Prezident İlham Əliyev Aprel döyüşlərində
əldə edilmiş qələbə ilə bağlı
demişdi: "Aprel döyüşləri bizim şanlı hərbi
qələbəmizdir, dövlətimizin, xalqımızın,
ordumuzun gücünü göstərən qələbədir...
Bu döyüşlər onu göstərir ki, Azərbaycan
xalqı və dövləti heç vaxt işğalla
barışmayacaq, öz ərazi bütövlüyünü
nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Aprel
döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını
göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən
əks-hücum əməliyyatı apararaq strateji mövqelərə
sahib oldu".
Uğurlu Aprel qələbəsindən iki il sonra
ordumuz daha böyük bir uğur qazandı. 2018-ci ilin
mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən
Günnüt kəndi və ətraf ərazilərin nəzarət
altına alınması bir daha göstərdi ki, əsgər
və zabitlərimiz qarşıya qoyulan istənilən
tapşırığı yerinə yetirmək əzmindədir.
2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 100 illik yubileyi münasibətilə
Bakının Azadlıq meydanında təntənəli hərbi
parad keçirildi. Həmin paradda 2016-cı ilin Aprel
döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında
işğaldan azad olunmuş torpaqlarda
qaldırılmış Azərbaycan bayraqları
nümayiş etdirildi. Paradda çıxış edən
Prezident İlham Əliyev dedi ki, gün gələcək bu
gün işğal altındakı torpaqlar azad olunandan sonra
orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq
meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.
O günün gəlməyi üçün isə
çox gözləməli olmadıq. Cəmi iki il sonra,
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən
müharibəsində Qələbəyə həsr
olunmuş Zəfər paradında azad edilmiş torpaqlarda
qaldırılmış Azərbaycan bayraqları
nümayiş etdirildi. Vurğuladığımız kimi,
Aprel döyüşləri Vətən müharibəsində
böyük qələbəyə gedən yolda mühüm əhəmiyyət
kəsb etdi. Bu döyüşdə qazanılan təcrübə
İkinci Qarabağ müharibəsində uğurla tətbiq
olundu.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Aprel
döyüşləri hərbi kitablara salınmalıdır.
Bu döyüşlərdə Azərbaycan Ordusu həm hərbi
peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir:
"Bütün bu uğurların təməlində
düşünülmüş siyasət dayanır. Ordu
quruculuğu prosesi Azərbaycanda ardıcıllıqla icra
edilir. Həm təminat, təchizat, müasir texnikanın
alınması, döyüş qabiliyyətinin
artırılması, eyni zamanda, bizim hərbi
uğurlarımız siyasi uğurlarla da tamamlanır. Biz bu
gün özümüzü beynəlxalq aləmdə
çox etibarlı tərəfdaş kimi təqdim etmişik.
Bizim dünyadakı dostlarımızın sayı getdikcə
artır. Bizim haqq işimiz barədə dünya ictimaiyyəti
daha da dolğun məlumat əldə edir".
Aprel döyüşlərinin tarixi əhəmiyyətindən
danışarkən həm də o vaxtdan başlayaraq
Böyük Qayıdış prosesinə start verilməsini
xüsusi qeyd etmək lazımdır. Lələtəpə
yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin
yaşayışı üçün təhlükə
tamamilə aradan qaldırıldı. Prezident İlham
Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin
yerləşdirilməsi ilə bağlı 2017-ci ildə
imzaladığı Sərəncama uyğun olaraq Böyük
Qayıdış prosesinə start verildi. Cocuq Mərcanlı
Böyük Qayıdışın ilk ünvanı oldu.
İkinci Qarabağ müharibəsindəki birinci ciddi
uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl
rayonu ilə bağlıdır. Bu ölkəmizin tarixində əbədi
qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində,
oktyabrın 4-də Cəbrayıl şəhəri
işğaldan azad edildi.
Aprel döyüşlərində göstərdikləri
qəhrəmanlıq və igidliyə görə Azərbaycan
hərbçilərinin xüsusi fərqlənən bir qrupu
Prezidentinin müvafiq sərəncamları ilə yüksək
fəxri ada layiq görülüb, orden və medallarla təltif
edilib. Vətən qarşısındakı xidmətlərinə
görə mükafatlandırılanlar arasında "Azərbaycanın
Milli Qəhrəmanı" fəxri adına, "Azərbaycan
Bayrağı" və "Vətənə xidmətə
görə" ordenlərinə, "Vətən
uğrunda", "İgidliyə görə" və
"Hərbi xidmətlərə görə"
medallarına layiq görülənlər var.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı
qüvvələrinin bütün cəbhəboyu
genişmiqyaslı təxribatlar törətməsinə, Azərbaycan
Ordusunun mövqelərinə və mülki yaşayış
məntəqələrinə atəş zərbələri
endirməsinə cavab olaraq əks-hücum əməliyyatı
- 44 günlük Vətən müharibəsi başladı.
Bu müharibə Ermənistanın ağır məğlubiyyəti
ilə başa çatdı. Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə uğurlu hərbi əməliyyatlar
nəticəsində torpaqlarımız işğaldan azad
edildi, ərazi bütövlüyümüz bərpa olundu.
Qarabağ zəfərinin davamı olaraq, 2023-cü il
sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı
bir günlük uğurlu lokal xarakterli antiterror tədbirləri
nəticəsində ölkəmiz həm ərazi
bütövlüyünü, həm də suverenliyini tam bərpa
etdi. Bu gün artıq Azərbaycanın dövlət
bayrağı ölkəmizin bütün ərazisində
dalğalanır. Ordumuzun yazdığı zəfər
tariximizdə Aprel döyüşləri xüsusi yer tutur.
Aprel qələbəsi Vətən müharibəsindəki
böyük zəfərimizin başlanğıcı, təməl
daşı kimi əbədi olaraq tariximizə və
yaddaşımıza yazılıb.
Pərvanə
525-ci qəzet .- 2025. -2 aprel(№53).- S.5.