Ümummilli lider və
Qərbi Azərbaycan həqiqətləri
Azərbaycanı dünyada qalib ölkə kimi
tanıdan cənab Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyev 2020-ci ilin 27 sentyabr tarixində
başlayan 44 günlük Vətən müharibəsi ilə
Qarabağın 30 illik işğalına son qoydu. Bununla da
tarixi ədalət öz yerini tapdı. Daha doğrusu,
İlham Əliyevin uzaqgörən müdrik siyasəti, rəşadətli
Azərbaycan Ordusunun misilsiz gücü və
xalqımızın birliyi sayəsində 30 ilə yaxın
müddətdə erməni tapdağı altında olan
doğma torpaqlarımız öz sahiblərinə
qayıtdı. "Dəmir yumruq" düşmənin
başını elə əzdi ki, çətin ki bundan sonra
bir də özünə gələ. Biz tarixi ədaləti
özümüz bərpa etdik. Qarabağ işğal
altında olduğu illərdə müxtəlif beynəlxalq təşkilatlar,
insan hüquqları üzrə məsul olan qurumlar
sözün həqiqi mənasında lal, kor və kar oldular.
Bu müddətdə yalnız həqiqi dostlarımız,
qardaşlarımız, məsələn, Türkiyə,
Pakistan bizim yanımızda oldular. Bu gün Qarabağda
aparılan geniş abadlıq-quruculuq işləri hər bir
azərbaycanlı tərəfindən rəğbətlə
qarşılanır. Vaxtilə erməni barbarları tərəfindən
viran edilmiş, daşı daş üstə qalmayan
Qarabağda bu gün həyat yenidən başlayır. Bəli,
biz bu gün Qarabağa qayıtmışıq. Cənab
Prezidentin dahiyanə siyasətinin sayəsində Qarabağda həyat
qaynamağa, keçmiş məcburi köçkünlər
dogma yurdlarına qayıtmağa başlayıblar.
Heç kimə sirr deyil ki, Ermənistanın 1987-ci
ildə başlatdığı münaqişə Azərbaycan
xalqını misilsiz əzablara düçar etmişdir. Ermənistanın
təcavüzkar siyasəti nəticəsində bir milyondan
artıq azərbaycanlı doğma yurdlarından didərgin
salınmışdır. Azərbaycanlıların
qaçqın və məcburi köçkün vəziyyətinə
salınması münaqişənin yan təsiri deyil, Ermənistanın
birbaşa hədəflədiyi və planlı şəkildə
həyata keçirdiyi etnik təmizləmənin nəticəsi
idi. Ermənistan Qarabağda azərbaycanlıların mədəni
irsini tam şəkildə məhv edib, Azərbaycanın təbii
sərvətlərini, ictimai və şəxsi əmlakını
talayıb və Azərbaycan ərazilərini məqsədli
şəkildə kütləvi sayda minalarla çirkləndirib.
Uca Allaha şükürlər olsun ki, bu gün Qarabağ
azaddır və Azərbaycan öz dövlət suverenliyini tam
bərpa edib. Qarşıda dayanan əsas məqsəd isə
Qərbi Azərbaycana qayıdışdır. Qərbi Azərbaycan
ərazisi bütöv Azərbaycanın ən qədim, təbiətinə
görə ən zəngin bölgələrindən biridir.
Keçmişdə Azərbaycanın şimalı ilə cənubunu,
bütün Qafqazla Yaxın Şərqi birləşdirən
mühüm karvan yollarının üstündə yerləşən,
hazırda isə şimaldan Gürcüstan, şərqdən
və cənub-şərqdən Azərbaycan Respublikası, qərbdən
Türkiyə, cənubdan İranla həmsərhəd olmaqla
29,8 min km? sahəni əhatə edən bu diyar indi Ermənistan
kimi tanınsa da, onun ərazisi qədim Türk-Oğuz yurdu,
tarixi Azərbaycan torpağıdır.
Bu faktı həmin ərazidəki
saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət
nümunələri - qədim yaşayış məskənləri,
kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar,
körpülər, at-qoç heykəlləri, məscid, pir və
ocaqlar da təsdiq edir. Tarixi mənbələr göstərir
ki‚ məhz çarizm dövründə ermənilər bura məqsədli
və düşünülmüş şəkildə
kütləvi halda köçürülərək Çar
imperiyası üçün etnik dayaq
yaradılmışdır. Bu siyasət rus çarı I Pyotrdan
başlamış və sovet-bolşevik hökuməti
dövründə də daha ciddi şəkildə davam
etmiş və sovet hökumətinin ermənipərəst
siyasəti nəticəsində Qərbi Azərbaycan
torpaqları qeyri-qanuni şəkildə tamamilə ermənilərə
verilərək burada‚ yəni bu Azərbaycan torpaqları üzərində
sovet hökuməti tərəfindən indiki Ermənistan
dövləti yaradılmışdır. Amma və lakin
heç bir tarixi mənbə burada erməni
varlığını və tarixdə hər hansısa bir
erməni dövlətinin mövcudluğunu təsdiq etmir. Yəni
bütün tarixi mənbələr Qərbi Azərbaycan torpaqlarının
məhz Azərbaycana aid olmasını mötəbər dəlillərlə
sübut edir.
Tarixə ekskurs etsək görərik ki, azərbaycanlıların
Qərbi Azərbaycandan deportasiyası və
köçürülməsi hələ XVIII əsrdən
başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların,
ümumiyyətlə müsəlmanların deportasiyası
üç mərhələdə birinci mərhələ:
1905-1920-ci illər; ikinci mərhələ: 1948-1953-ci illər;
üçüncü mərhələ: 1988-1992-ci illərdə
aparılıb. Deportasiya etnik təmizləmənin digər
formaları, xüsusilə genosidlə birlikdə tətbiq
edilmişdir. Erməni qaynaqları əsasında aparılan
hesablamalara görə, Birinci Dünya müharibəsinin
sonlarında Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan
565 mini öldürülmüş və ya buradan
çıxarılmışdı. Erməni müəllifi
Z.Korkadyanın yazdığına görə, 1920-ci ildə
sovet hökuməti dövründə daşnakların hakimiyyətindən
sonra cəmi 10.000 nəfərdən bir qədər artıq
türk (azərbaycanlı) əhali salamat qalmışdır.
1922-ci ildə 60.000 qaçqın qayıtdıqdan sonra azərbaycanlılar
burada 72.596 nəfər təşkil etmişdir. Digər bir
erməni müəllifi A.Lalayan yazırdı ki, Ermənistanın
daşnak hökuməti "özünün 30 aylıq
hakimiyyəti dövründə (1918, may-1920, noyabr) azərbaycanlı
əhalisinin 60 faizini qırmışdır". İngilis hərbi
müxbiri Skotland - Liddelin məlumatı da deyilən fikirləri
təsdiq edir. O yazırdı ki, mən yanvarda Şuşada
olarkən, bir ingilis zabitinə dedim ki, hamısı ermənilərdən
zərər çəkən 40.000 müsəlmanın
hansı vəziyyətdə olduğuna əmin olmaq
üçün Zəngəzur dairəsinə getməyə
hazırlaşıram.
Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda
bir nəfər belə azərbaycanlı qalmamış və
Ermənistan monoetnik dövlətə çevrilmişdir. Ermənistan
Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba
torpaqlarında yaşaması və zəngin mədəni irs
yaratması faktını hər vəchlə danmağa
çalışır. Ermənistan Qərbi Azərbaycanda
xalqımızın min illər ərzində
yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları,
məscidləri, tarixi yaşayış yerlərini
dağıtmış, UNESCO tərəfindən ümumbəşəri
mədəni dəyər kimi tanınan Azərbaycan
aşıq sənətinə ciddi zərər vurmuşdur.
Bu gün Qərbi Azərbaycana qayıdış məsələsi
Azərbaycan dövlətinin qarşısındakı duran
prioritet məsələlərdən biridir. Ermənistan
hakimiyyəti, xaricdəki erməni diasporu etnik ermənilərin
Qarabağa qayıdışını tələb edən bəyanatlar
yayanda, məsələni əllərində siyasi bayrağa
çevirəndə heç Qərbi Azərbaycandan deportasiya
olunmuş soydaşlarımızın hüquqlarını
yada salmırlar. Yəni onlar bütün bu "təşəbbüsləri"
birtərəfli qaydada aparırlar. Amma beynəlxalq hüquq bu
təməl haqlara milli, dini, etnik yanaşmanı
tanımır. Qərbi Azərbaycana qayıdış məsələsi
hələ Ulu öndər, Ümummilli lider Heydər
Əliyevin hakimiyyəti illərində aktuallaşmış
və Ulu öndər Qərbi Azərbaycan həqiqətlərini
dünyaya çatdırmışdı. Yaxın
keçmişə nəzər salsaq görərik ki, 1995-ci
ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının
qəbulu ilə bağlı iclaslarda Qərbi Azərbaycan məsələsinə
toxunan Heydər Əliyev həmin ərazilərin tarixi Azərbaycan
torpaqları olmasını vurğulamaqla həm dünyaya
önəmli mesajlar verirdi, həm də yetişməkdə
olan gənc nəslin tarixi yaddaşını oyadırdı.
Digər bir nümunə Ümummilli liderin birbaşa təşəbbüsü
və iştirakı ilə 1998-ci il dekabrın 9-dan 11-dək
Bakıda "İslam sivilizasiyası Qafqazda" Beynəlxalq
simpoziumundakı çıxışı idi. Heydər
Əliyev beynəlxalq auditoriyaya müraciət edərək Qərbi
Azərbaycanla bağlı tarixi gerçəkliklərə
toxunur. O, deyir: "İndi Ermənistan adlanan ərazi, Qərbi
Azərbaycan - İrəvan mahalı, Göyçə
mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı -
bunlar hamısı müsəlmanlar, azərbaycanlılar
yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən,
diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə
bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan
millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi
siyasətinin nəticəsidir. Əgər Qafqazda İslam
sivilizasiyası haqqında danışırıqsa, həqiqəti
demək lazımdır". Heydər Əliyev 18 dekabr 1997-ci
il tarixində də 1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından
kütləvi surətdə deportasiyası haqqında Fərmanı
ilə Qərbi Azərbaycana qayıdışın hüquqi
təminatlarının yaradılması ilə bağlı
ilk və mühüm addımı atdı. Heydər Əliyev
bu fərmanla məsələyə siyasi-hüquqi qiymət
verməklə eyni zamanda, bu etnik təmizləmənin öyrənilməsi
məsələsini dövlət və tarixşünaslıq
qarşısında ümdə vəzifə kimi qoydu.
Ulu öndər Heydər Əliyev hər zaman, əlinə
düşən hər fürsətdə Qərbi Azərbaycan
həqiqətlərini dünyaya çatdırırdı. Məsələn,
Ulu öndərin 5 fevral 1991 Azərbaycan Respublikası Ali
Sovetinin birinci sessiyasındakı çıxışınə
xatırlayaq: "1918-ci ildə Azərbaycan
Respublikasının ərazisi 114 min kvadratkilometr olub. İndi
isə 86 min kvadratkilometrdir. Gör əlimizdən nə qədər
torpaqlar gedib. Əsrlər boyu Vətən, torpaq
anlayışı xalqımızın ləyaqətini, mənliyini,
şərəfini əks etdirib. Xalq öz
torpağının müqəddəsliyini qorumaq
üçün onun uğrunda ölüm-dirim mübarizəsi
aparıb. Ulu babalarımız Vətən
torpağının hər bir qarışını namus
simvolu kimi qoruyub, onun yolunda canlarını və
övladlarını qurban verməkdən belə çəkinməyiblər.
Təəssüf ki, biz bu ənənələri unuduruq. Buna
artıq dözmək olmaz. Ona görə də təklif edirəm
ki, bir Dağlıq Qarabağ məsələsi yox,
bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən
Ermənistana verilmiş torpaqların hamısının
haqq-hesabı aparılsın. Hansı dövrdə, hansı sərhəd
sahəsində, hansı torpaqlar verilib? Bu torpaqların
hansı qərarlarla, kim tərəfindən verilməsi
müəyyən olunsun. Və biz Ermənistana qarşı
artıq müdafiə mövqeyində yox, hücum
mövqeyində duraq və burada deputatların dediyi kimi, o
torpaqların geri qaytarılması üçün mübarizə
aparaq. İndi biz mübarizəyə keçməliyik və
mən də bu mübarizəyə hazıram. Əgər
deputatlar razı olarsa, bizim sessiyamız Ermənistanı təcavüzkar
dövlət adlandırmalıdır. Biz bu barədə
xüsusi qərar çıxarmalı və onu bütün
dünyaya bəyan etməliyik. Soruşdular ki, o torpaqları
kim verib? Mən təklif edirəm ki, aydınlaşdırılsın.
Eyni zamanda arayış verə bilərəm ki, 1969-cu il 14
iyuldan (mən başa düşdüm, o sualı mənə
niyə verdilər), Azərbaycana rəhbərlik etdiyim
dövrdən, 1982-ci ilin dekabrına qədər Azərbaycan ərazisindən
bir qarış da olsa, Ermənistana torpaq verilməyib. Mən
buna cavab verirəm və özümü çox xoşbəxt
hesab edirəm ki, o dövrdə ermənilərin torpaq
iddialarının qarşısını ala bildik".
Ulu öndər Heydər Əliyev həmçinin
Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər
İnstitutundakı 23 fevral 1994-cü il tarixli
çıxışında da Qərbi Azərbaycan məsələsini
xüsusilə vurğulayıb: "Əgər tarixi
faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam
ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan
torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus
olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana
keçmişdir. Bir sözlə, tarixə müraciət etməli
olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox
şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz
Ermənistan ərazisinə, mövcud sərhədlərə
göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər,
biz öz ərazimizin bir metrini də verməyə
razılaşa bilmərik".
Ulu öndərin layiqli davamçısı, ata vəsiyyətini
yerinə yetirmiş dahi sərkərdə, Qarabağın
xilaskarı İlham Əliyevin bütün sahələrdə
apardığı uğurlu siyasət yurd yanğısı ilə
yaşayan Qərbi azərbaycanlılara ən böyük təsəlli
və bizim haqq işimizin öz həllini tapacağına zəmanətdir.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası artıq
hazırdır. 5 müddəadan ibarət Qayıdış
Konsepsiyasının "Hədəf, məqsədlər və
yanaşma" müddəasında Konsepsiya ilə həyata
keçiriləcək fəaliyyətin əsas məqsəd və
prinsipləri öz əksini tapıb. Prinsiplər
bunlardır: indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların
könüllü şəkildə, təhlükəsiz şəraitdə
və ləyaqətlə öz yurdlarına qayıda bilmələri
üçün müvafiq verifikasiya və zəmanət
mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq
razılaşmanın əldə edilməsi; geriyə
qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar,
sosial-iqtisadi yardım proqramları ilə təminat altına
alınması; geriyə qayıtmış əhalinin yenidən
qovulmasına, onlara qarşı hər hansı
ayrı-seçkilik həyata keçirilməsinə və zərər
vurulmasına imkan verməmək üçün beynəlxalq
monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və
digər zəruri fəaliyyətin bərqərar edilməsi və
sair.
Bu məqamda İlham Əliyev cənablarının
yerli televiziya kanallarına müsahibəsində
"Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların
hüquqlarından danışmaq bəlkə də
vaxtından əvvəl atılan bir atəşə bənzəyə
bilərdi" sözləri yada düşür. Qarabağ problemi artıq tarixin
yaddaşına həkk olub. Bu gün əsas hədəfimiz Qərbi
Azərbaycana qayıdışdır. Cənab Prezidentin də
söylədiyi kimi, "Əlbəttə ki, Qərbi azərbaycanlılar
öz dədə-baba torpaqlarına qayıtmalıdırlar,
bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar
bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan
dövləti olaraq əlimizdən gələni etməliyik
ki, bu hüququ təmin edək".
Hər birimiz inanırıq ki, bu haqq davamızda da
sonda biz qalib gələcəyik və Qərbi azərbaycanlılar
öz dədə-baba yurdlarına qayıdacaqlar.
Səyyad ARAN
Milli Məclisin deputatı
525-ci qəzet .- 2025. -3 aprel(¹54).- S.8.