"Azərbaycan -
İran münasibətləri yeni bir mərhələyə
daxil olur"
Son aylar ərzində Azərbaycan-İran münasibətlərində
yeni dinamika, müsbət inkişaf özünü göstərməkdədir.
İkitərəfli münasibətlərdə xeyli müddət
idi ki, davam edən soyuqluq aradan qalxıb. Bunu yüksək səviyyəli
qarşılıqlı səfərlər, verilən bəyanatlar
da nümayiş etdirir.
İran və Azərbaycan yaxın qonşulardır,
iki ölkəni tarixi bağlar, ortaq dəyərlər birləşdirir.
Eyni zamanda, tərəflər regional əhəmiyyət
daşıyan mühüm nəqliyyat-kommunikasiya layihələrini
həyata keçirirlər. Təbii ki, bu və digər məqamlar
nəzərə alınmaqla, münasibətlərdə gərginlik
tərəflər üçün arzuolunmazdır.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə
səfərdə olan İran İslam Respublikası
Prezidentinin siyasi məsələlər üzrə
müşaviri Mehdi Sənayini qəbul edərkən bildirib
ki, Azərbaycan və İran ortaq dəyərləri
bölüşür. Dövlət başçısı son
dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin
dinamikasını müsbət qiymətləndirib.
Görüşdə ölkələrimiz arasında
nəqliyyat, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin
inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə
əməkdaşlıq məsələlərinə dair
müzakirələr aparılıb, hökumətlərarası
komissiyanın fəaliyyətinə toxunulub. Söhbət
zamanı Ağbənd istiqamətində Araz çayı
üzərində körpünün tikintisi prosesi ilə
bağlı fikir mübadiləsi aparılıb.
Öz növbəsində Mehdi Sənayi İranın
qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni
bağlılığı olan Azərbaycan ilə əlaqələrin
inkişafına mühüm əhəmiyyət verdiyini
vurğulayıb, hazırda ölkələrimiz arasında
münasibətlərin bütün sahələrdə
inkişafından məmnunluğunu bildirib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev ilə Mehdi Sənayinin
görüşündə iki ölkənin dövlət
başçılarının qoyduqları
tapşırıqlara uyğun olaraq Azərbaycan və İran
arasında ikitərəfli siyasi münasibətlərə
dair geniş fikir mübadiləsi aparılıb.
Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki
hesabında yazıb ki, görüşdə, həmçinin
2025-ci ilin fevralında İrana səfər zamanı
aparılmış danışıqların davamı olaraq
qarşılıqlı maraq doğuran beynəlxalq və
regional məsələlər müzakirə edilib.
Xatırladaq ki, cari ilin fevral ayında Prezidentin köməkçisi
H.Hacıyev, daha sonra Baş nazir Əli Əsədov İranda
səfərdə olublar. Həmin səfər zamanı
H.Hacıyev Mehdi Sənayi ilə görüşüb və
Azərbaycan ilə İran arasında qarşılıqlı
etimad artırılması tədbirlərini davam etdirmək
barədə razılıq əldə olunub.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan
İranla heç bir məhdudiyyət olmadan və
qarşılıqlı fayda əsasında mehriban qonşuluq
şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri
inkişaf etdirməkdə maraqlıdır. Onun sözlərinə
görə, iki ölkə arasında münasibətlərdə
əsas məqam etimadın gücləndirilməsi və
anlaşılmazlıqların aradan
qaldırılmasıdır. H.Hacıyev qeyd edib ki, Azərbaycan
tərəfdən İrana heç bir təhdid olmayacaq.
Azərbaycan İranla bağlı hər zaman
açıq siyasət aparıb, qonşuluq münasibətlərini
əsas götürüb və əlaqələrin
inkişafında maraqlı olduğunu göstərib. "Azərbaycan
tərəfdən İrana heç bir təhdid olmayacaq"
fikri də ölkəmizin İran siyasətinin mahiyyətini
ifadə edir.
İran Prezidentinin müşaviri Mehdi Sənayi isə
həmin görüşdə bildirib ki, Azərbaycan İran
üçün təkcə mühüm və dəyərli
qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və
dostdurlar. Onun fikrincə, iki ölkə arasında münasibətlərin
səviyyəsi sırf diplomatik formatdan kənara
çıxmalı, digər dövlət və özəl
sahələrə də yayılmalıdır:
"İnsanlar arasında təmasların dərinləşməsi
əməkdaşlığın inkişafına böyük
təsir göstərəcək. İranın öz
qonşuları, o cümlədən Azərbaycan ilə
münasibətlərdə əsas məqsədi strateji əlaqələr
qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır".
İndi tərəflərin artıq gərginlikdən
uzaq olduqlarını deyə bilərik. Həm səfərlər,
həm verilən bəyanatlar münasibətlərdə yeni
bir dostluq, əməkdaşlıq səhifəsinin
açıldığını deməyə əsas verir.
Azərbaycan-İran siyasi münasibətlərində
gərginliyin geridə qalması müxtəlif sahələrdə
əlaqələrin inkişafına da öz təsirini
göstərəcək. Xüsusilə, ticari-iqtisadi əməkdaşlıq,
ticarət dövriyyəsinin həcminin artması aktuallıq
kəsb edir. İran rəsmisi Mehdi Sənayi Azərbaycan Prezidentinin
köməkçisi Hikmət Hacıyevlə Tehran
görüşündə bu məqama diqqət çəkərək
deyib ki, iki ölkə arasında ticarət dövriyyəsinin
həcmi çox kiçikdir: "Biz makroiqtisadi və ticarət
layihələrini müəyyən etməklə, iş
adamlarını mədəni-iqtisadi əlaqələrin
inkişafı və genişləndirilməsinə cəlb
etməyə çalışmalıyıq. İki ölkənin
mənafeyi naminə iqtisadi əlaqələr və ticarət
şəbəkəsi yaratmaq üçün lazımi
imkanlar və vacib platformalar mövcuddur".
Bu gün iki ölkə mühüm nəqliyyat-kommunikasiya
layihələrini həyata keçirirlər. Avtomobil və dəmir
yolları bağlantılarının yaradılması,
İran ərazisindən keçməklə Şərqi Zəngəzur-Naxçıvan
nəqliyyat infrastrukturunun tikintisi, müvafiq sərhəd-gömrük
infrastrukturunun inşası, Naxçıvanla ən qısa əlaqəni
təmin edəcək və beynəlxalq nəqliyyat dəhlizlərinin,
xüsusilə Şərq-Qərb dəhlizinin
inkişafına töhfə verəcək Ağbənd-Kəlalə,
eləcə də Siyahrud-Ordubad avtomobil
körpüsünün inşası regionun logistika
potensialının artırılmasına xidmət edir.
Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, habelə
Astaraçay çayı üzərində yeni avtomobil və
piyada körpüsünün tikintisi, Astara yük
terminalının inşası və digər layihələr
ölkələrimizin nəqliyyat əlaqələrinin
genişlənməsi ilə yanaşı, regionun xüsusilə
nəqliyyat və logistika imkanlarının artmasına
hesablanıb. Bununla yanaşı, Araz çayı üzərindəki
"Xudafərin" və "Qız qalası"
hidroqovşaqları və su elektrik stansiyaları, həmçinin
Ordubad su elektrik stansiyası ilə bağlı Azərbaycan-İran
əməkdaşlığı da mühüm əhəmiyyət
daşıyır. Daha bir önəmli layihə isə Şərqi
Zəngəzur iqtisadi rayonunu İran ərazisindən
keçməklə Naxçıvanla birləşdirəcək
elektrik verilişi xəttinin tikintisi layihəsidir.
Onu da vurğulayaq ki, son bir il ərzində İranla
Azərbaycan arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa
dair Birgə Komissiyanın iclası keçirilib, eləcə
də iki ölkə arasında birgə hərbi təlimlər
baş tutub. Göründüyü kimi, Azərbaycanla İran
arasında əməkdaşlıq imkanları çox
genişdir. Bu imkanların tam şəkildə
reallaşdırılması isə hər iki tərəfin mənafelərinə
cavab verir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov
mövzu ilə bağlı "525"ə deyib ki, bir
müddət əvvəl Azərbaycan İran münasibətlərində
müəyyən gərginlik var idi. Artıq bu gərginlik
aradan qalxıb: "Bu gün bizim əlaqələrimiz
sürətlə inkişaf edir. Bu olduqca önəmli bir hadisədir.
Artıq İran-Azərbaycan münasibətləri yeni bir mərhələyə
daxil olur. Nəzərə almalıyıq ki, İran bizim
tarixi qonşumuzdur və güclü dövlətçilik ənənələri
olan bir ölkədir. Bu gün dünyada çox ciddi proseslər
gedir, geosiyasi vəziyyət heç də ürəkaçan
deyil. Geosiyasi vəziyyət dövlətlərdən tələb
edir ki, münasibətlərə yenidən baxsınlar və
tənzimləsinlər. Ona görə biz də
qonşularımızla əlaqələrimizi, münasibətlərimizi
daha da gücləndirməli və inkişaf etdirməliyik".
Deputat xatırladıb ki, son günlər Azərbaycan
rəsmiləri İranda səfərdə olublar. Bir müddət
əvvəl Azərbaycan Prezidentinin köməkçisi -
Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev, sonra Baş
nazir Əli Əsədov İranda səfərdə olublar:
"Bu səfərlər zamanı çox müsbət, səmərəli,
faydalı görüşlər keçirildi,
qarşılqılı müzakirələr aparıldı.
İkitərəfli əlaqələr yeni bir mərhələyə,
yeni bir dövrə daxil oldu. O mənada İran İslam
Respublikası Prezidentinin siyasi məsələlər üzrə
müşaviri Mehdi Sənayinin də Azərbaycana səfəri
çox önəmli bir səfərdir. İranlı rəsmi
Prezident tərəfindən qəbul edildi. Eyni zamanda,
Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici
işlər naziri Ceyhin Bayramovla görüşlər
keçirildi. Bu səfərlər, qarşılıqlı təmaslar
bir daha onu təsdiq edir ki, hər iki tərəf münasibətlərin
daha da inkişafında maraqlıdırlar".
Deputat xatırladıb ki, bir müddət bundan əvvəl
cənab Prezident ikitərəfli əlaqələrin, dövlətlərarası
münasibətlərin önəminə toxundu. Bu gün Azərbaycan
məhz bu prinsipi əsas götürərək İranla
münasibətləri daha da inkişaf etdirir: "Bizim enerji təhlükəsizliyi,
nəqliyyat, kommunikasiyalar və digər sahələr üzrə
bir çox birgə layihələrimiz var. Bu gün bilirsiniz
ki, Ağbənddən keçməklə İran ərazisi
ilə marşrut üzərində çox ciddi işlər
gedir. Bu təmaslar nəticəsində eyni zamanda, gözlənilən
odur ki, digər İran rəsmiləri də Azərbaycana səfər
etsinlər. Xüsusilə söhbət İran Prezidentinin səfərindən
gedir. Aprel ayında bu səfərin baş tutacağı
gözlənilir. Bununla bağlı mətbuatda müəyyən
fikirlər yer alıb. Əslində bu, cənab Prezidentin rəhbərliyi
ilə Azərbaycanın xarici siyasətinin növbəti bir
önəmli uğurudur ki, bizim aramızda mövcud olan
çox ciddi gərginlik aradan qalxdı. Biz gərginlik
haqqında danışmaq istəmirik, çünki artıq
nikbin bir yanaşmaya köklənmişik. Əlaqələrimiz
artıq həmin böhran vəziyyətini keçərək
inkişaf mərhələsinə daxil olub. Hər iki dövlət
əlaqələrin inkişafının önəmli
olduğunu bilir və qeyd etdiyim kimi, bizim tarixi qonşuluq əlaqələrimz
olub, ortaq dəyərlərimiz, ənənələrimiz var.
Bu mənada hesab edirəm ki, səfərdən sonra da iki
dövlət arasında olan bir sıra məsələlər
ətrafında müzakirələr davam edəcək, hətta
bilirsiniz ki, bir müddət bundan əvvəl biz birgə hərbi
təlimlər də keçirdik. Bunlar artıq çətin
dövrün, çətin günlərin arxada
qaldığını göstərir. Biz yaxın günlərdə
bu əlaqələrimizin daha da inkişaf edəcəyini
görəcəyik. Bir daha onu xüsusi qeyd etmək istəyirəm
ki, bu əlaqələrin inkişafı bizim üçün
də önəmlidr. Azərbaycanın bölgədə
planlaşdırdığı layihələrin həyata
keçirilməsi, - burda söhbət həm də
böyük infrastruktur layihələrindən gedir -, bu Azərbaycan
iqtisadiyyatın öz ciddi müsbət təsirini də
göstərəcək".
C.Məmmədov hesab edir ki, bütün bu addımlar əlaqələrimizin
daha da inkişaf etdiyini göstərir: "Əlaqələrin
inkişafı həm Azərbaycana lazımdır, həm də
İrana. Ona görə də düşünürəm ki,
bu, cür əlaqələrin inkişafını biz yüksək
qiymətləndirməliyik, bunu cənab Prezidentin rəhbərliyi
ilə Azərbaycanın xarici siyasətinin növbəti
uğuru kimi nəzərdən keçirməliyik və
inanırıq ki, bu uğurun növbəti mərhələsində
əlaqələrimiz daha da inkişaf edəcək, möhkəmlənəcək,
güclənəcək, bütün fikir
ayrılıqları aradan qalxacaq".
Pərvanə
525-ci qəzet .- 2025. -3 aprel(№54).- S.5.