Balabəyin əl
işləri qalib olmağı vəd edir
Mütəmadi olaraq mətbuatımızda yayımlanmış
Azərbaycandakı yeniliklər haqda və bir çox məlumatlarla
tanış olmaqdayam, əziz oxucularım. Bir neçə
gün öncə yayımlanan
bir məqalə “Türkiyədə dahi Azərbaycan şairi
Nizami Gəncəviyə dair layihələr
reallaşdırılacaq” adlanırdı. Tanış olub
çox sevindim. Anladım ki, bu il Şeyx Nizami Gəncəvinin
yubileyi münasibəti ilə Türkiyədəki səfirliyimizin
nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi
Ankara şəhər Mədəniyyət və Turizm İdarəsi
ilə Türkiyə Mədəniyyət və Turizm
Nazirliyinin işbirliyində, il ərzində Türkiyədə
“Nizami Gəncəvi əsərləri miniatürlərdə”
adlı rəsm müsabiqəsi və fərqli kateqoriyadan olan
əsərlərin sərgisi açılacaq. Bu məlumatı
oxuduqdan sonra oğlum Əlinin telefonu ilə Ankaradakı səfirliyimizin
əməkdaşı, mədəniyyət mərkəzində
çalışan, milli konservatoriyamızın
keçmiş məzunu Günay xanıma zəng etdim. Fəqət
telefona cavab verməkdə problem olduğunu duyub səsli mesaj
göndərdim. Məramım, məhz Nizami Gəncəvinin
yubiley ilində müsabiqədə iştirak etmək
üçün Balabəy Balabəyovun dəvət edilməsini
və tar üzərində sədəflərlə rəsm
etdiyi şahanə əsəri ilə müsabiqəyə
qatılmasını məsləhət bildim.
Şəkil 1. Balabəy Balabəyovun Nizaminin “Xəmsə”sinin
motivləri əsasında sədəflədiyi şahanə
tar.
Zatən 2 həftə öncə mənə zəng
edib məsləhət verməyimi xahiş etdi Günay
xanım. Türkiyədəki sənətkarlarımızın
əl işlərinin hansı muzeylərdə sərgiləndiyi
barədə qısaca məlumat verdim. 1893-cü ildə
toxunmuş Azərbaycan xalçasının Amasya muzeyində
olduğu haqda bildirdim. Daha sonra istedadlı rəssam, professor Mənsur
Cəfərovun “Qanuni Sultan Süleyman”ın rəsminin
möhtəşəmliyi yüksək dairələrdə
qiymətləndirilib daha sonra bir muzeydə
saxlanıldığı barədə məlumat verdim. Daha
geniş bilgi almaları üçün 2017-ci ildə
yayımladığım “Bir millət, iki dövlət Azərbaycan-Türkiyə”
adlı kitabımın Ankaradakı Səfirliyimizin
kitabxanasına bir nüsxə hədiyyə etdiyimi də
bildirdim. Səfirlikdəki əməkdaşlarımızın
diqqətlərinə çatdırdım ki, bu kitabda 65-dən
artıq rəssamlarımızın fotoları olmaqla hansı
universitetdə, hansı qurumlarda fəaliyyət göstəmələri
haqda qısa məlumat var.
Şəkil 2. İlqar İmamverdiyevin İksad
yayım evi tərəfindən yayımladığı “Bir
millət, iki dövlət, Azərbaycan-Türkiyə”
kitabı.
Bir sənətşünas, eləcə də Balabəyin
yaradıcılığına yaxından bələd olan
mütəxəssis kimi Şeyx Nizamiyə həsr olunmuş
bu müsabiqənin qalibi olacağına inanaraq, səfirlikdə
çalışan əməkdaşlarımızın diqqətini
çəkmək istədim. Yekun fikrimi önə
salmağımın məramını əsaslandırmaq istərdim
dəyərli oxucularımıza.
“Balabəyin əl işləri qalib olmağı vəd
edir” başlığının bu məqaləmdə yer
almasının səbəbi var. Təxminən 1991-1992-ci illərdə
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasında çalışdığım zaman Balabəyin
ilk əl işi olan sədəfli tarını
gördüyüm zaman heyrətimi gizlədə bilmədim və
təcili “Xalq qəzeti” vasitəsi ilə xalqımıza
tanıtmış oldum. Həmin tar qısa zamanda Ulu öndərimiz
Heydər Əliyev cənablarının da diqqətini çəkmişdi.
Və bu səbəblə də Fransaya rəsmi səfəri
zamanı həmin tarı cümhurbaşqanı Mitteranda hədiyyə
etmişdi. Mitterand da Azərbaycan tarının “Luvr” muzeyində
sərgilənməsini məsləhət bilmişdi. Məhz
Balabəyin əl işinin sayəsində həmin muzeydə
ilk dəfə Azərbaycan bölməsi yaradıldı.
Şəkil 3. Tar ustası Balabəy Balabəyovun Azərbaycan
Respublikasının Prezidenti, Ulu öndərimiz Heydər
Əliyevə ərmağan etdiyi sədəfli tar.
Balabəy Balabəyovun dünyəvi şairimiz Nizami Gəncəvinin “Xəmsə”si
əsasında sədəflə və qiymətli
daş-qaşlarla çəkdiyi rəsm isə heyrətvericidir,
dəyərli oxucularım. Bu səbəblə də 2017-ci
ilin 10-12 may tarixində Mərmərə universitetində
düzənlənən “İncəsənətin tədrisi və
ictimai elmlərin qarşılıqlı əlaqələri”
adlı beynəlxalq simpoziumda “Azərbaycanda tar sənətinin
inkişafı tarixinə ümumi bir nəzər” adlı məruzə ilə
çıxış edib tar alətinin keçmişi və
bu günü barədə, ifaçılıq sənətinin
bəzi aktual məsələləri haqda məlumat verib, nəhayət
Balabəyin əfsanəvi sədəfli tarının şəkillərini
də səhnənin bəyaz örtüsünə
yansıdılan görüntülərlə elm
adamlarının da diqqətini çatdırmış oldum.
Şəkil 4. 2017-ci ilin 10-12 may tarixində Mərmərə
universitetində düzənlənən “İncəsənətin
tədrisi və ictimai elmlərin qarşılıqlı əlaqələri”
mövzusundakı beynəlxalq simpoziumda, sənətşünaslıq elmləri
doktoru, professor İlqar Cəmiloğlu “Azərbaycanda tar sənətinin
inkişafı tarixinə ümumi bir nəzər”
başlıqlı məruzə ilə çıxış
edib Balabəy Balabəyovun sədəfli tarı haqda məlumat
verərkən.
Qaziantep Konservatoriyasının magistr tələbələrinə
“Türk dünyasının musiqisi” fənnini tədris etdiyim
zaman qürurlandım ki, Odlar diyarı Azərbaycanımızda
Balabəy səviyyədə sənətkar övladı
yetişmişdir.
Özbək tar ustasının Əlişir Nəvainin
rəsmini sədəflə işlədiyinin
görüntüsünü və Balabəyin Nizami Gəncəvinin
tar alətindəki görüntüsünü təqdim
etdiyim zaman bu təsbitimə haqq vermiş olarsınız, dəyərli
oxucularım.
Şəkil 5. Özbək tar ustasının klassik
özbək şairi Əlişir Nəvainin sədəflə
işlədiyi görüntü və Balabəy Balabəyovun
sədəflə və qiymətli daş-qaşlarla işlədiyi
tarı, şair-filosof Şeyx Nizami Gəncəviyə həsr
edilmişdir.
Dünya şöhrətli filosof-alim, şair Nizaminin əsərlərinə
müraciət edərək, sənət əsəri
yaratmış Balabəyin “Nizami” adlı tar əsəri” barədə
dəyərli fikirlərlə zəngin, bir mütəxəssis
alimin peşəkarcasına əl işçiliyinə
yansımış ən yüksək səviyyədə,
Türk təbiri ilə demiş olsaq, “harika”
görüntüsünü əks etdirir.
Yeri gəlmişkən, 200 il öncə İran
şahının, rus çarının xanımına
göndərdiyi hədiyyələr arasında Azərbaycan
sazı da Sankt-Peterburq musiqi alətləri muzeyində sərgilənir.
Sazın çanaq hissəsinə baxdığımız
zaman məşhur bir rəssamın kətan üzərinə
fırça ilə rəngli boyalarla çəkdiyi musiqi məclisi
öz əksini tapmışdır.
Şəkil 6. Sankt-Peterburq musiqi alətləri muzeyində
sərgilənən Azərbaycan sazının arxa
çanağının əlvan boya ilə çəkilmiş
şənlik məclisindən bir görünüş.
Bu rəsmi təqdim etməyimizdəki məramımız
Balabəyin sədəflə məclis törənini necə
də dəqiq, bir rəssam kimi, sanki bir rəsm əsəri
çəkməsinə diqqət yetirməmizdir. Əl
işçiliyində bu tərzlə də Balabəy, dahi şair Nizaminin “Xəmsə”sinin
motivlərinə istinad edərək tarın hər
bölümündə fantaziyasını doğru, dəqiq
yansıda bilməsində uğur qazanmasıdır. Hələ ki, sədəflə rəsm
çəkə bilmək qabiliyyəti başda Balabəy
olmaqla güneyli sənətkar qardaşımız Yunis
Meşinciyə də aiddir. Əslində biz Balabəyi rəssamlar
içərisində rəssamlıq qabiliyyətinə malik zərgər
və sədəf ustası adlandıra bilərik. Və yaxud
da sədəsaz sənətkarlar arasında həm zərgər,
həm də rəssam adlandırmaqda haqlıyıq. Balabəyin
tar rəsmlərini təqdim etdiyimiz zaman xalqımız mənimlə
razılaşa bilər və fikirlərimin haqlı
olduğuna inanarlar.
Şəkil 7. Balabəyin tarın kiçik
çanağına sədəflə həkk etdiyi “Nuşirəvan
və bayquşların söhbəti” motivi.
Şəkil 8. Balabəyin tarın böyük
çanağına sədəflə həkk etdiyi “İsgəndərin
Nüşabə ilə görüş səhnəsi”.
Şəkil 9. Balabəyin tarın böyük
çanağın sağ yan tərəfinin künc hissəsinə
sədəflə həkk etdiyi Nizami Gəncəvinin “Kərpickəsən
qoca ilə cavan” adlı hekayəsindən görüntü.
Şəkil 10. Sədafsaz Balabəyin Nizami Gəncəvinin
“Xosrov və Şirin” poemasından təsirlənərək sədəfin
imkanlarını açıb göstərən “Şirinin Fərhadla
görüşü” səhnəsindən bir epizod.
Şəkil 11. Balabəyin tarın kiçik
çanağın sol yan tərəfində sədəflə
həkk etdiyi Nizami Gəncəvinin “Xosrov və Şirin”
poemasından “Xosrovun, çimən zaman Şirini görməsi”
adlı əsəri.
Şəkil 12. Balabəyin tarın böyük
çanaqda sədəflə həkk etdiyi Nizami Gəncəvinin
“Yeddi Gözəl” poemasından “Bəhram Gur və qoca
çoban” adlı əsərindən bir fraqment.
Şəkil 13. Balabəy Balabəyovun tarın
çanağının arxasında Nizami Gəncəvinin
“Yeddi Gözəl” poemasından təsirlənərək rəngli
sədəflərlə həkk etdiyi “Bəhram Gur və Fitnənin
ova çıxması” səhnəsindən bir fraqment.
Şəkil 14. Balabəy Balabəyovun tarın
çanağının arxasında Nizami Gəncəvinin
“İsgəndərnamə” poemasından təsirlənərək
sədəflərin əlvan imkanlarıyla həkk etdiyi
“Böyük İsgəndər yeddi filosof alimin əhatəsində”
səhnəsi.
Şəkil 15. Balabəy Balabəyovun tarın
çanağının küp hissəsində Nizami Gəncəvinin “Leyli və Məcnun”
poemasından təsirlənərək sədəflərin əlvan
imkanlarıyla həkk etdiyi “Məcnun Leylini görmək
eşqiylə vəhşi heyvanların əhatəsində
çadırına tərəf gedir”.
Şəkil 16. Qohum-əqrəbalarının Məcnunu
müqəddəs Məkkəyə uğurlaması.
Şəkil 17. Dəvə karvanlarının
sarvanı Məcnun və atası səhrada müqəddəs
Məkkəyə doğru hərəkəti.
Şəkil 18. Tarın qolunda sədəflə həkk
olunmuş müqəddəs Kəbə.
Dəyərli oxucularımıza təqdim etdiyimiz Balabəyin
tar işçiliyi, dünyəvi mahiyyət
daşıdığını göstərməkdir.
Çünki 36 ildir Balabəy
yaradıcılığının tədqiqatçısıyam,
dəyərli oxucularım. Ümidvaram ki, Nizami Gəncəvinin
Ankarada səfirliyimizin əməkdaşlarının,
başda Samir Abbasovun və Günay xanımın
xeyir-duası ilə bu möhtəşəm yarışda
iştirak etməsinə yaşıl işıq yandıracaq
və Azərbaycanımızda bu sahənin mütəxəssislərinin
təmənnasız yardımı ilə Balabəy, “Nizamı
adlı tar” möhtəşəm sənət əsəri ilə
laureat diplomunu almağa layiq görüləcək.
Çünki əl işlərinin yüksək zirvəni fəth
etməsi, təqdim etdiyimiz tar alətində
açıq-aşkar görünməklə bu fikrimi
xalqıma, əlaqədar təşkilatlara böyük səmimiyyətimlə
diktə etməkdədir.
Şəkil 19. Balabəyin “Nizami adlı tar əsəri”.
İlqar Cəmiloğlu İmamverdiyev
Sənətşünaslıq elmləri doktoru,
Qaziantep Universiteti
Türk Musiqisi Dövlət Konservatoriyasının professoru
Türk Xalq Musiqisinə
Xidmət mükafatçısı
525-ci qəzet .- 2025. -3 aprel(¹54).- S.14.