Ustad izi
Bu il Azərbaycan ədəbiyyatşünaslığının
görkəmli nümayəndəsi, filologiya elmləri doktoru,
professor Bədirxan Əhmədlinin 70 illik yubileyi qeyd olunur.
Bununla əlaqədar olaraq, dövri mətbuatda, internet
saytlarında professorun elmi irsi, tədqiqatları, Azərbaycan
ədəbiyyatına verdiyi töhfələr geniş şəkildə
işıqlandırılır, haqqında dəyərli fikirlər
səsləndirilir, XX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsində
xüsusi rolu olan alim kimi əsərləri geniş şəkildə
təhlil olunur. Lakin 40 ildən artıq bir zamana
yayılmış zəngin və əhatəli
yaradıcılıq yolu haqqında fikir söyləmək, həmin
böyük irsi kiçik bir qəlibə salmaq isə
mümkünsüz görünür. Odur ki, biz bu yazıda
bir qədər fərqli rakursdan çıxış etmək,
Bədirxan Əhmədlinin təkcə bir alim və pedaqoq
kimi deyil, həm də bir insan, bir ustad, bir rəhbər kimi
bizə toxunan tərəflərinə nəzər yetirmək
istərdik. Çünki professor təkcə
yazdığı monoqrafiyalarla, apardığı tədqiqatlarla
deyil, həm də insanlara olan münasibəti,
qayğısı və yaratdığı məktəblə
yadda qalan şəxsiyyətdir.
Müəllimlik yalnız peşə deyil,
böyük bir missiyadır. Bədirxan müəllim bu şərəfli
yola Sabirabad rayonunun Abdulabad kənd orta məktəbində Azərbaycan
dili və ədəbiyyatı müəllimi kimi
başlayıb, sonra isə fəaliyyətini ölkədaxili
və ölkəxarici akademik auditoriyalara daşıyaraq,
yüzlərlə gəncin yetişməsində misilsiz xidmət
göstərib. O, pedaqoji fəaliyyətinin bütün mərhələlərində
öz tələbələrinə sadəcə nəzəri
biliklər vermir, eyni zamanda, onları düşünməyə,
tədqiq etməyə, yazıb-yaratmağa həvəsləndirir.
Professorun dərsləri auditoriyada monoton mühazirə kimi
deyil, qarşılıqlı müzakirələr, elmi debatlar
şəklində cərəyan edir. Professorun ən
böyük keyfiyyətlərindən biri də tələbələrinin
fərdi yanaşmalarını dəstəkləməsi,
onların öz düşüncə və analiz qabiliyyətlərini
inkişaf etdirməsinə imkan yaratmasıdır. Bədirxan
Əhmədlinin pedaqoji fəaliyyəti təkcə universitet
auditoriyaları ilə məhdudlaşmır,
tanınmış alim Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda gənc
tədqiqatçıların formalaşmasında da
mühüm rol oynayır. Elmi rəhbər olmaq təkcə
yazılan araşdırma işini nəzərdən
keçirmək və ona rəy verməkdən ibarət
deyil. Bu, bir məktəb yaratmaq, yeni alimlərin formalaşmasına
yol açmaq deməkdir. Bədirxan Əhmədli həmin mənada
Azərbaycan ədəbiyyatşünaslığında
öz məktəbini yaradan alimlərdəndir. Tədqiqatçı
alimin rəhbərliyi altında onlarla magistr və doktorant elmi
işlərini uğurla müdafiə edərək, filologiya
sahəsində öz yolunu tapıb. Bədirxan Əhmədli
rəhbərlik etdiyi dissertantların hər birinə fərdi
yanaşır, onların tədqiqat sahələrini diqqətlə
seçmələrinə və mövzularına dərindən
yiyələnmələrinə kömək edir və beləliklə,
gənc araşdırmaçılar elmin praktik yönlərini
də öyrənərək, ədəbiyyatşünaslıq
sahəsində möhkəm təməl qurmağı
bacarırlar. Yetirmələri, dissertantları və həmkarları
Bədirxan Əhmədlini təkcə bilik verən müəllim
deyil, həm də mənəvi dəstəkçi,
yolgöstərən, ustad kimi tanıyırlar. Tələbələri
onun elmə olan sevgisini, səbrini və hər kəsə
qayğı ilə yanaşmasını xüsusi
vurğulayır. Dissertantlarından biri belə
deyir:"Professor Bədirxan Əhmədli bizə təkcə
elmi bilikləri deyil, həm də araşdırma
aparmağı, analitik düşünməyi öyrədib.
O, bir müəllimdən daha çox, elm fədaisi idi - bizim
hər bir işimizə öz işi kimi yanaşır, bizi
istiqamətləndirirdi. Onun rəhbərliyi altında işləmək
böyük bir şans idi".
Bədirxan Əhmədlinin pedaqoji fəaliyyəti, tələbələrinə
və gənc tədqiqatçılara verdiyi dəstək onun
elmi irsinin yalnız akademik çevrələrdə deyil,
bütövlükdə Azərbaycan ədəbi-elmi
mühitində davam etməsini təmin edir. Bu gün Azərbaycan
ədəbiyyatşünaslığı sahəsində
çalışan bir çox alimlər onun yetirmələridir.
Bədirxan Əhmədlinin elmi irsi yazdığı
monoqrafiyalar və elmi əsərləri ilə yanaşı,
yetişdirdiyi alimlərlə də yaşayacaq. O, yeni nəslin
yetişməsində bir körpü, ustad və fədakar ziyalıdır.
Professor Bədirxan Əhmədli uzun illərdir ki, AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
"Azərbaycan-Asiya ədəbi əlaqələri"
şöbəsinə rəhbərlik edir. Rəhbərlik
ancaq idarəetmə deyil, eyni zamanda, bir məktəb
yaratmaqdır. Bu vəzifə yalnız idarəetməni deyil,
həm də kollektivin bir ailə kimi birləşməsini, əməkdaşlar
arasında sağlam, elmi və mehriban mühitin
formalaşdırılmasını tələb edir. Bədirxan
müəllimin rəhbərliyi altında çalışan
gənc tədqiqatçılar özlərini sərbəst,
dəstəklənən və dəyər verilən mütəxəssislər
kimi hiss edirlər. Çünki professor elmin inkişafı
üçün, ilk növbədə, sağlam, səmimi və
ruhlandırıcı bir mühitin vacib olduğuna inanır.
O, əməkdaşlarını sadəcə işçi
kimi deyil, bir ailənin üzvləri kimi görür. Onun
üçün şöbədə çalışan hər
bir insan fərqli bir taledir, fərqli bir yoldur. O, hər bir əməkdaşın
potensialını görməyə, onların
bacarıqlarını üzə çıxarmağa
çalışır. Bədirxan Əhmədli şöbəsində
çalışanların problemləri ilə maraqlanır,
çətinlikləri olduqda onlara yol göstərir,
onları qoruyur və dəstəkləyir. Əməkdaşları
onu tələbkar, lakin mehriban və qayğıkeş rəhbər
kimi tanıyırlar. Onun yaratdığı iş mühiti,
kollektivinə olan diqqəti və qayğısı Azərbaycan
elminə yeni kadrların qazandırılmasında
mühüm rol oynayır. Çünki yalnız sağlam və
güvənli bir mühitdə tədqiqatçı
özünü tam ifadə edə, elmin inkişafına
töhfə verə bilər.
Bədirxan Əhmədlini - Azərbaycan ədəbiyyatşünaslığının
yorulmaz fədaisini, yüzlərlə gənc tədqiqatçının
yolunu işıqlandıran ustadı "Azərbaycan - Asiya ədəbi
əlaqələri" şöbəsi ailəsi adından
ürəkdən təbrik edirik! Onun elmi və pedaqoji fəaliyyəti
Azərbaycan filologiyasının qızıl səhifələrindən
biridir və bu irs gələcək nəsillər
üçün də bir istiqamət olacaqdır.
Əziz Bədirxan müəllim, insanlara verdiyiniz dəyər,
gənclərə göstərdiyiniz qayğı, elmi
mühitdə yaratdığınız mehriban atmosfer ilə əbədiyaşar
bir iz qoymusunuz. Biz Sizin kimi şəxsiyyətlə qürur
duyuruq! Uca Tanrı Sizə uzun ömür, möhkəm
cansağlığı və tükənməz enerjinizin daim
yanınızda olmasını, tələbələriniz, əməkdaşlarınız
ilə birlikdə uzun illər boyu elmə xidmət etməyi nəsib
etsin!
Yaxşı ki, varsınız, professor!
Gülnar YUNUSOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri"
şöbəsinin aparıcı elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025. -3 aprel(№54).- S.13.