Pedaqogika tarixinin
görkəmli tədqiqatçısı
Dünya xalqlarının təhsil və pedaqoji fikir
tarixi sahəsində araşdırmalarım geniş elmi mənbələr
üzərində işləməyimi zəruri edir. Bir
neçə il öncə Moskvada yaşayan həmyerlimiz,
pedaqoji elmlər namizədi Zemfira Mehdizadənin vasitəsilə
çoxdan axtardığım "Pedaqoqika narodov mira"
("Dünya xalqlarının pedaqogikası")
kitabını əldə etdim. Bu əsər yalnız konkret
tədqiqatım üçün deyil, pedaqoji fikir tarixini dərindən
öyrənmək üçün əvəzsiz xəzinəm
oldu.
Kitabın müəllifi Azərbaycanda doğulmuş,
İkinci Dünya müharibəsində könüllü
iştirak etmiş, Rusiyada pedaqogika sahəsində
mühüm elmi nailiyyətlər qazanan, Rusiya Təhsil
Akademiyasının müxbir üzvü, professor, türk
kökənli Qədriyə-Ülkər Səlimovadır. Onun
pedaqoji irsi Şərq, ümumilikdə dünya
xalqlarının məktəb və pedaqoji fikir tarixini əhatə
edir. Bu zəngin irs "Qədim Çində məktəb və
pedaqoji fikir tarixi" mövzusunda apardığım tədqiqatlarımda
fundamental baza rolunu oynadı, eyni zamanda, məni yeni bir
mövzuda - görkəmli alim Qədriyə-Ülkər Səlimovanın
pedaqoji irsi haqqında araşdırmalara yönəltdi.
Araşdırmalarım zamanı məni narahat edən bir məqam
ortaya çıxdı: hələ sovet dövründə
dünyanın pedaqoji ictimaiyyəti tərəfindən
tanınan, nüfuzlu universitetlərdə mühazirələr
oxuyan Qədriyə xanım öz vətənində - Azərbaycanda
yetərincə tanınmır. Düşünürəm ki,
geniş tədqiqat işimin kiçik bir hissəsi olan bu məqalə
Qədriyə-Ülkər Səlimovanın pedaqoji
mirasının Azərbaycan ictimaiyyətinə
tanıdılması baxımından əhəmiyyətli rol
oynacaq. Qeyd edim ki, ötən il görkəmli alimin 100 illiyi
münasibətilə Rusiyada yubiley tədbirləri
keçirilib. Həmyerlimizin pedaqogika elmi
qarşısındakı xidmətlərini unutmayan rusiyalı
alimlərə ürəyimdə minnətdarlıq hissi duydum.
Qədriyə-Ülkər Səlimova 15 fevral
1924-cü ildə Bakıda, Türkiyədən siyasi
baxışlarına görə mühacirət etmiş
İsmayıl bəyin ailəsində dünyaya gəlib.
Uşaqlıqdan dillərə maraq göstərən Qədriyə-Ülkər
alman dilini mükəmməl mənimsəyib, eyni zamanda
"Morze" əlifbasını öyrənib.
1941-ci ildə orta məktəbi bitirən Qədriyə-Ülkər
Azərbaycan Neft Sənayesi İnstitutuna qəbul olub. Lakin
İkinci Dünya müharibəsi səbəbindən təhsilini
yarımçıq qoyub, könüllü olaraq cəbhəyə
yollanıb. 17 yaşında bir qız üçün bu, sadəcə
təhsildən ayrılmaq deyil, həyat və ölüm
arasında bir seçim idi. Yaxınlarının etirazına
baxmayaraq, o, tərəddüd etmədən Vətən
uğrunda döyüş yoluna çıxıb.
Macarıstan, Rumıniya, Bolqarıstan,
Çexoslovakiya, Polşada ağır döyüş yolu keçən
Qədriyə-Ülkər qələbə xəbərini
Vyanada eşidib. O, 1945-ci ildə artıq SMERÇ əks-kəşfiyyat
idarəsinin kapitanı kimi ordudan tərxis olunub. Müharibə
Qədriyə-Ülkərə ordenlər və medallar
qazandırıb, lakin onun ən böyük qazancı həyat
təcrübəsi, mübarizə ruhu olub. Müharibədən
sonra o, silahı qələmlə əvəz edib.
Qarşıda onu pedaqogika elminin inkişafına həsr
olunacaq bir ömür gözləyirdi.
ELM YOLUNDA İNAMLI ADDIMLAR
Müharibədən qayıtdıqdan sonra Qədriyə-Ülkər
neft mühəndisliyi sahəsində təhsilini davam etdirmək
istəmir, Azərbaycan Dövlət Universitetinin fəlsəfə
fakültəsinə daxil olur. Ali məktəbdən uğurla
məzun olduqdan sonra təhsilini Moskva Dövlət
Universitetinin aspiranturasında davam etdirir. Burada o, İkinci
Dünya müharibəsi iştirakçısı, görkəmli
filosof Evald İlyenkovla tanış olur. Onlar ailə həyatı
qururlar. Bu evlilik ömür boyu davam edir. Onların, jurnalist və
psixoloq kimi fəaliyyət göstərəcək Yelena
adında qızları dünyaya gəlir.
Qədriyə-Ülkər Səlimova 1953-cü ildə
"Con Tolandın fəlsəfi görüşləri"
mövzusunda namizədlik dissertasiyası müdafiə edərək
SSRİ Pedaqoji Elmlər Akademiyasında elmi fəaliyyətə
başlayır. Onun tədqiqatları təhsil nəzəriyyələri
və pedaqoji fikrin öyrənilməsinə yönəlmişdi.
Qədriyə-Ülkər Səlimovanın pedaqoji
dünyagörüşü məhz SSRİ Pedaqoji Elmlər
Akademiyasının nəhəng elmi laboratoriyasında
formalaşıb. Burada o, müxtəlif mədəniyyətlər
və pedaqoji ənənələrlə tanış olub, beynəlxalq
elmi əməkdaşlıqlara qoşulub. Yaponiyadakı praktik
və nəzəri təcrübələri, dünya
xalqlarının pedaqoji irsini dərindən öyrənməsi
və elmi müzakirələrdə iştirak etməsi, onun
pedaqoji düşüncəsini zənginləşdirib,
zaman-zaman pedaqogikanın fundamanetal qlobal mövzularında
araşdırmalar aparmasına, aparıcı fikir və
ideyalar irəli sürməsinə yol açıb.
İNGİLİS PEDAQOGİKASINA ELMİ BAXIŞ
1950-1960-cı illərdə Qədriyə-Ülkər
Səlimova SSRİ Pedaqoji Elmlər Akademiyasının
Ümumi Pedaqogika Tarixi sektorunda çalışaraq Qərb
pedaqoji fikrini araşdırmağa başlayıb. Onun elmi
maraqları İngiltərə təhsil sisteminə yönəldi
və uzunmüddətli araşdırmaları nəticəsində
1971-ci ildə "İngilis pedaqogikasında əmək təlimi
problemi (1870-1970)" mövzusunda doktorluq dissertasiyasını
müdafiə edib.
PEDAQOGİKADA YENİLİKÇİ ADDIMLAR
1970-ci illərdən etibarən alimin rəhbərliyi
altında SSRİ Pedaqoji Elmlər Akademiyasının Xarici
Ölkələrin Məktəb və Pedaqogikası
Laboratoriyası fəaliyyət dairəsini genişləndirib.
O, ənənəvi yanaşmaları aşaraq Qədim Şərq,
Hindistan, Çin və Yaponiya pedaqogikasını tədqiq etməyə
başlayıb. Bu yanaşma sovet pedaqogikasında yenilikçi
addım idi.
Qədriyə-Ülkər Səlimova Pedaqogika
Tarixçilərinin daimi Beynəlxalq Konfransının (ISCHE)
fəal üzvü kimi pedaqogika tarixçiləri arasında
beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə
öz töhfəsini verib. Onun təşəbbüsü ilə
gənc tədqiqatçılar Avropa elmi mərkəzlərində
təcrübə keçmək imkanı qazanıblar. Alimin rəhbərliyi
ilə 20-dən çox aspirant xarici ölkələrin təhsil
tarixinə dair sanballı elmi işlər müdafiə edib.
O, pedaqogika tarixini yalnız keçmişin öyrənilməsi
kimi deyil, gələcəyə yönəlmiş bir elm sahəsi
kimi təqdim edirdi.
DÜNYA PEDAQOGİKASINA AÇILAN PƏNCƏRƏ
XX əsrin sonu - XXI əsrin əvvəllərini Qədriyə-Ülkər
Səlimovanın elmi fəaliyyətində yeni zirvə hesab
etmək olar. O, 2001-ci ildə pedaqogika tarixi sahəsində
nüfuzlu araşdırmaları ilə tanınan, Utrext
Universitetinin professoru Nana Dodde ilə birlikdə "Dünya xalqlarının
pedaqogikası" adlı fundamental dərs vəsaitini
hazırladı. Bu kitabın əsas özəlliyi hər
ölkənin təhsil tarixinə dair fəsillərin həmin
ölkədən olan alimlər tərəfindən
yazılması idi. Bu yanaşma dərsliyə obyektivlik
qazandırmaqla yanaşı, pedaqoji ənənələrin
daha dərindən öyrənilməsinə imkan yaratdı.
O, bu layihədə Azərbaycan təhsilinin tarixini
işıqlandırmağa, pedaqoji irsimizi dünyanın elmi
ictimaiyyətinə çatdırmağa nail oldu. Onun təşəbbüsü
yalnız bir dərsliyin nəşri ilə məhdudlaşmadı,
O, həm də elm adamlarını müxtəlif təhsil
sistemlərini öyrənməyə, müqayisə etməyə
və yeni yanaşmalar formalaşdırmağa təşviq
edirdi. Qədriyə-Ülkər Səlimovanın bu əsəri
dünyanın nüfuzlu universitetlərinin kitabxana fondunda
saxlanılır, əhəmiyyətli mənbə kimi istinad və
tədris olunur.
QƏRB VƏ ŞƏRQ ARASINDA TƏRBİYƏ
DİALOQU
Qədriyə-Ülkər Səlimovanın fundamental əsərlərindən
biri olan "Qərb. Şərq. Tərbiyə haqqında
dialoqlar" pedaqoji fikrin təkamülünü Qərb və
Şərq təhsil ənənələrinin
qarşılıqlı təsiri fonunda araşdırır.
Müəllif burada tərbiyə və təhsil sistemlərinin
formalaşmasını intellektual dialoq,
dünyagörüşlərinin, mənəvi dəyərlərin
qarşılaşması çərçivəsində təqdim
edir. Görkəmli Şərq və Qərb maarifçilərinin
fikir və ideyalarını, pedaqoji yanaşmalarını
müqayisə edərək, oxucuya pedaqogikanın elmi
inkişaf yolunu anlamağa imkan yaradır.
ŞƏRQİN PEDAQOJİ XƏZİNƏSİ
Qədriyə-Ülkər Səlimovanın elmi irsində
xüsusi yer tutan əsərlərdən biri də "Şərqin
pedaqoji irsi" (2009) adlı monoqrafiyası, pedaqoji fikrin tarixi
ilə bağlı fundamental bir tədqiqatdır.
Bu əsərdə alim Çin, Hindistan, Yaponiya,
İran, Türkiyə, ərəb ölkələri və Azərbaycanın
təhsil ənənələrini qədim dövrlərdən
müasir zamana qədər araşdıraraq, Şərqin
pedaqoji irsini sistemli şəkildə təhlil edir, tarixi faktlarla
yanaşı, pedaqoji ideyaların necə
formalaşdığını, nəzəriyyələrin
bir-birinə təsirini dərindən öyrənib meydana
çıxarır. Müəllif pedaqogikanı təkcə
bir elm sahəsi kimi deyil, həm də mədəniyyətlərarası
dialoqun, dəyərlərin formalaşması, tərbiyə və
bilik ötürülməsi prosesinin ayrılmaz hissəsi kimi
təqdim edir. Görkəmli alimin bu monoqrafiyası Şərq
pedaqoji düşüncəsinin çoxşaxəli və dərin
köklərə malik olduğunu göstərməklə
yanaşı, onun müasir təhsilə təsirlərini də
açıq şəkildə ortaya qoyur.
Qədriyə-Ülkər Səlimova elmi-pedaqoji tədqiqatlar
sahəsində böyük xidmətlərinə görə
2002-ci ildə Rusiya prezidentinin mükafatına layiq
görülüb.
Pedaqoji elmlər doktoru Yelena Roqaçeva, 2024-cü ildə
yazdığı məqalədə Qədriyə Səlimova
ilə uzun illər elmi əməkdaşlıq etdiyini və
onunla yaxın dostluq münasibətləri qurduğunu qeyd
edir. O, Səlimovanın rəhbərlik etdiyi laboratoriyada
çalışmaqdan və burada dövrünün görkəmli
alimləri ilə əməkdaşlıq etməkdən
böyük xoşbəxtlik duyduğunu vurğulayır,
yazır ki, Qədriyə-Ülkər Səlimova, beynəlxalq
aləmdə, xüsusilə İngiltərə və Yaponiya
kimi ölkələrdə tanınır. Onun elmi fəaliyyəti
bir çox alimlərin pedaqoji araşdırmalarına təsir
göstərib.
1990-cı ildə Praqada Pedaqogika Tarixçilərinin
Beynəlxalq Konfransında iştirak edərkən, onun təşəbbüsü
ilə pedaqogika tarixçiləri arasında beynəlxalq tədqiqatçılar
qrupu yaradılır. Bu qrupa Avropanın aparıcı ölkələrindən
- Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, eləcə də
ABŞ, Avstraliya və Cənubi Afrika Respublikasından olan
tanınmış alimlər daxil olur. 1991-ci ildə isə o,
Suzdalda görkəmli pedaqogika tarixçisi Feliks Aronoviç
Fradkinlə birlikdə pedaqogika tarixi üzrə mühüm
bir elmi görüş təşkil edir. Bu
görüşün nəticəsində Qədriyə Səlimovanın
redaktorluğu ilə "Pedaqogika tarixi tədris vəsaiti
kimi (Beynəlxalq təcrübə)" adlı monoqrafiya
hazırlanır. Qədriyə-Ülkər Səlimovanın
bu təşəbbüsləri onun pedaqogika tarixi sahəsindəki
əvəzsiz töhfələrini bir daha təsdiqləyir.
Qədriyə Səlimova Şərq xalqlarının
pedaqoji fikir tarixi ilə bağlı tədqiqatlar apararkən
Yaponiyaya bir neçə dəfə səfər edib. Bu zaman
o, yapon alimləri Toşio Nakauçi və Coşio Kataqiri ilə
pedaqoji irs və ənənələr barədə dərin
müzakirələr aparıb. Tanınmış amerikalı
pedaqogika tarixçisi Qlena Smit, yapon tədqiqatçı Keyko
Seki, İngiltərədən olan tanınmış pedaqoq
Riçard Oldric və Brayn Saymon, Polşadan Çeslav Mayorek,
Norveçdən Gündəm Bork Qədriyə xanımla
yaxın dostluq və elmi əməkdaşlıq münasibətlərində
olublar.
Qədriyə Səlimovanın elmi irsi beynəlxalq aləmdə
böyük əhəmiyyət kəsb edir. Onun əsərləri
ABŞ, Yaponiya, Portuqaliya, Çin və digər ölkələrdə
nəşr edilib. Məqalədə qeyd etdiyim əsərləri
ilə yanaşı, "İngiltərədə əmək
təliminin tarixi" və "A. Qramşi. İnsanın
formalaşması" kimi əsərləri də pedaqoji
fikir tarixində əhəmiyyətli yer tutur. Yaponiyanın təhsil
uğurlarına həsr etdiyi "Uğura çatmaq"
kitabı da geniş maraq doğurub. Professor Qədriyə-Ülkər
Səlimovanın pedaqoji tədqiqatları, əsərləri
bu gün də aktuallığını qoruyub saxlayır, təhsil
və pedaqoji fikir tarixi tədqiqatçıları tərəfindən
qiymətli elmi mənbə kimi istifadə olunur.
Qeyd: Məqalənin hazırlanmasında tibb elmləri
doktoru, professor, Tacikistan Respublikası Tibb Elmləri
Akademiyasının xarici üzvü Mehman Məmmədovun və
pedaqoji elmlər doktoru Yelena Roqaçevanın
araşdırmalarından istifadə edilib.
Böyükağa MİKAYILLI,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
"Məktəbəqədər və ibtidai təhsil"
elmi-metodik jurnalın baş redaktoru
525-ci qəzet .- 2025. -3 aprel(№54).- S.12;13.