Xeyirxahlıq mücəssəməsi
Ötən əsrin səksəninci illərinin
ortaları idi, "Kommunist" qəzetində işləyirdim.
Erməni məsələsi cəmiyyət üçün
ortada yox idi, arada şayiələr gəzir, bəzi söhbətlər
danışılırdı.
Zeydulla müəllim - filoloq alim, tərcüməçi,
filologiya elmləri doktoru, professor Zeydulla Ağayev Xarici Dillər
İnstitutunda kafedra müdiri işləyirdi. Tez-tez redaksiyaya
gəlir, respublikanın ictimai-siyasi həyatında baş verən
hadisələr, yeni elmi nailiyyətlər, xarici ölkələrdə
yaşayan azərbaycanlılardan bəhs edən çox
oxunaqlı publisistik yazılar gətirərdi.
1986-cı ilin sentyabrında isə demək olar ki, hər
gün redaksiyaya gəlib əməkdaşlar və redaktor Rəşid
Mahmudovla görüşsə də, qəzetdə
yazısı görünmürdü...
Nəhayət ki, 27 sentyabr sayında
üçüncü səhifənin aşağısında
altı kalonda - "Publisistin qeydləri" rubrikası
altında "Aşkarlıq" adlı bir padval
yazısı işıq üzü gördü. Məqalə
bəzi yuxarı dairələrdə bomba partlayışı
effekti yaratmışdı.
Bu yerdə Zeydulla müəllimin
"Aşkarlıq" məqaləsindən sonra baş
vermiş hadisələri yada salmaq istərdim:
Moskvadan və Azərbaycan KP MK-dan zəng vurub ciddi
narazılıq bildirmişdilər. Günün sonunda və
daha bir neçə gün redaktorumuz Rəşid müəllimin
üzü gülmür, çox qayğılı
görünürdü. Bir qədər sonra Rəşid
müəllimi "Kommunist" qəzetinin redaktorluğundan
"Azərbaycan Kommunisti" - "Kommunist Azerbaydjana"
ideoloji jurnalına baş redaktor göndərdilər.
"Aşkarlıq" yazısından bir neçə
sətri yada salmaq istərdim...
"...Böyük binada qəflətən
yanğın baş verməsi də, həmin gözlənilməz
hadisələrdən biri oldu. Səhərisi milyon yarımlıq
şəhər sakinlərinin hərəsinin ağzından
bir avaz gəlirdi:
- Şəhərdə quldur dəstəsi var, nə
istəyir onu da eləyir, milis də izə düşə
bilmir...
Avtobusu da həmin dəstə partlatmışdı...
Səbr edin görək qəzetlər nə yazacaq...
Qəzetlər isə heç nə yazmadılar. Uzaq
Çili, yaxın İran-İraq hadisələrindən gen
bol yazılmışdı.
...Yenidənqurma, cəsarət pərdəsi
altında problemlərin şərhində nöqsanların tənqidində
ifratçılığın, qüsurların ümumiləşdirilib
başqa məna verməyin əleyhinəyəm və buna yol
verilə bilməz".
Zeydulla müəllimin yazısından gətirdiyim
iqtibasda qırx il bundan əvvəl baş vermiş hadisələrdən
söhbət getdiyindən yaşı altmışdan az olanlar
üçün aydın olmaya biləcəyini nəzərə
alıb kiçik bir şərh vermək istərdim...
Bir qədər əvvəl 106 saylı şəhərdaxili
marşrutda işləyən, iri tutumlu avtobus indiki Milli Məclisin,
o vaxtkı Ali Sovetin binasının önündə
partladılmış, onlarla azərbaycanlı paytaxt sakini, erməni
terrorçuları tərəfindən şəhid
edilmiş, yenicə təmir edilmiş, Şərqdə ilk
tikilmiş opera binası da təmirdən sonra ermənilər
tərəfindən yandırılsa da, hadisəninin məhz
kimlər tərəfindən və kimlərin sifarişi ilə,
nə məqsədlə törədildiyi haqda mətbuatda bir
cümlə də danışılmamış, günahkarlar
tapılmamışdı....
Bu cür hadisələrə seyrçi münasibətimizi
görən düşmən və mərkəzi mətbuat -
"Şelskaya jizn", "Literaturnaya qazeta" və digər
milyon tirajlarla çap olunan mətbuat səhifələrində
Azərbaycan ərazilərini - Dağlıq Qarabağı Ermənistan
ərazisi kimi göstərməklə Azərbaycan xalqı və
dövlətinə qarşı açıq təxribat
aparır, mərkəzi hökumət də onlara havadarlıq
edirdi.
Zeydulla müəllim bu məsələlərə
biganə qala bilmədiyindən "Aşkarlıq" məqaləsini
yazmış və çətinliklə onu "Kommunist"
qəzetində ixtisar və müəyyən düzəlişlərlə
nəşrinə nail ola bilmişdi. Əslində Zeydulla
müəllimin yazdıqları redaktorun və digər
ziyalılarımızın qəlbinin səsi idi. Kimsə,
hansısa hörmətli ziyalı sözünü deməli
idi. Bu cəsarətli addımı atanlardan, erməni
terrorizminə qarşı səsini ucaldanların birincisi, ilki
məhz Zeydulla Ağayev oldu.
Rəşid müəllimlə sonrakı illərdəki
görüşlərimizdə "Aşkarlıq" məqaləsi
ilə bağlı belə deyirdi: "Sənin dostun da o vaxt mənim
başıma iş açdı, deyər və qeyd edərdi
ki, nə yaxşı ki, o yazını çap etdirdik"...
Mən Zeydulla müəllimi Bakıya gəldiyim ilk
günlərdən tanımışam. Bakı Dövlət
Universitetinin mətbəəsində işləyir, jurnalistika
fakültəsinin qiyabi şöbəsində oxuyurdum. Çətinliyə
düşən tələbələr universitetdə işlədiyimdən
məni özlərinə hayan bilirdilər. Xarici Dillər
İnstitutunda kəsri olan, təqaüdü kəsilən və
digər problemləri olan tələbələr yanıma
qaçırdılar. O vaxt Zeydulla müəllim Xarici Dillər
İnstitutunda dərs deməklə "Bilik" qəzetinin
redaktoru idi. Mən də gələcək jurnalist kimi ona
müraciət edirdim. Heç vaxt yox deməzdi. Hamıya
kömək etməyə çalışardı, həmişə
üzündə təbbəsüm olardı. Tədricən
tanışlığımız dostluğa çevrildi.
Bir-birimizin evinə get-gəlimiz oldu. Tez-tez qəzetlərdə,
tədbirlərdə, teatr tamaşalarında, operada və
xeyir-şər məclislərində görüşərdik.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində
Amerikaya iki illik ezamiyyətə getmişdi. Amerikada ezamiyyətdə
olduğu müddətdə zamanın bir anını da
boşa vermədən gecə-gündüz
çalışmış, dilimizdən və dilimizə tərcümələr
edib nəşr etdirmişdi. Dünyanın ən böyük
alimlərindən biri sayılan həmyerlimiz, Bakıda
doğulmuş Lütfizadə ilə və dünya
şöhrətli yazıçı bakılı, qırx il
yaşadığı 37-ci mərtəbədəki evindən
kənara çıxmayan yüzlərlə elmi fantastik
kitabların müəllifi Ayzek Əzimovun evində qonaq
olmuş və burada - vətəndə baş verənlərdən
onları məlumatlandırmışdı.
Ezamiyyətdən qayıtdıqdan sonrakı
görüşümüzdə mənə və
dostlarımıza üstündə Amerika bayrağı
çap olunmuş diyircəkli qələm
bağışlayıb, baxın Amerika özünün
dövlət atributlarını, xüsusi ilə
bayrağını necə təbliğ edir. Hər bir məktəbli,
əlinə qələm alıb, hər yazan adam sanki
Amerikanın bayrağını daşıyır. Bu, çox
gözəldir. Biz də öz dövlətçiliyimizi,
dövlət atributlarımızı belə təbliğ etməliyik.
Zeydulla müəllim bu sözləri deyərkən,
müstəqil deyildik, ancaq bayrağımız və gerbimiz
var idi. Bu gün artıq 30 ildən artıqdır ki, müstəqilik.
İş adamlarımız Çin, Türkiyə və digər
ölkələrdən qələm gətirib satışa
verirlər, üstündə istehsal ölkəsi
yazıldığından həmin ölkələr təbliğ
olunur.
50 ildən artıq mətbəə və nəşriyyatlarda
işlədiyim vaxtlarda 30-40 kvadratmetrlik otaqlarda istehsal sahələri
yaratmış və işçilərə yüksək əmək
haqqı verməklə böyük gəlir əldə
etmişik. Üçrəngli bayrağımızın və
gerbimizin üstündə həkk olunduğu məktəbli qələmi
və ümumiyyətlə bütün istifadəçilər
üçün gözəl dizaynla çox da baha olmayan qələmlərin
istehsalı üçün nə böyük ərazi, nə
də böyük vəsait tələb olunar. Bu cür qələmləri
bizim xaricdə yaşayan milyonlarla həmvətənlərimiz
ölkəyə gəlib-gedəndə yaşadıqları
yerlərdəki soydaşlarımıza və dostlarına ən
yaxşı hədiyyə kimi təqdim edəcəklər.
Zeydulla müəllim Amerikada
çalışdığı illərdə dövlətlərarası
və xalqlararası xidmətlərinə görə Luiziana
ştatının "Fəxri vətəndaşı"
adına layiq görülmüşdü.
Bu illərdə Artur Heylinin ingilis dilindən
birbaşa ilk tərcümə hesab olunan irihəcimli
"Aeroport" romanı böyük tirajla çap
olunmuşdu. İki ay sonra kitabdan bir nüsxə belə tapmaq
müşkül məsələ idi. Zeydulla müəllimin
dili çox gözəl və oxunaqlı idi. Oxuduqca
yazılarından ayrılmaq olmurdu. Mən ingilis və rus
dilindən müxtəlif tərcüməçilər tərəfindən
dilimizə çevrilmiş yüzlərlə kitab
oxumuşam. Və bunların içində ən
oxunaqlısı və orijinala yaxın olanı Zeydulla
Ağayevin tərcümələridir desəm, yanılmaram.
Hərbi nəşriyyatda işlədiyim vaxt ordu zabitlərimiz
Türkiyədə türk və ingilis dillərindən hərbi-texniki
ədəbiyyatların bir neçəsini ordumuzda istifadə
olunması üçün tərcümə etmiş,
üç dilli hərbi terminlər lüğəti
hazırlamışdılar. Zeydulla müəllim tərcümələri
çox qısa bir müddətdə redaktə etdi. Kitablar
işıq üzü gördü, ordumuz onlardan bəhrələnir.
Azərbaycan Dövlət Konstitusiyasını ilk dəfə
ingilis dilinə təmənnasız tərcümə etmiş
və bu sənəd Hərbi nəşriyyatda nəşr
olunmuşdu.
Amerikanın müdafiə nazirinin Bakıya gəlişi
gözlənilirdi. Nazirlikdən mənə
tapşırıldı ki, Castin Makkartinin "1918-1920-ci illərdə
Türk-müsəlman əhalisinə qarşı həyata
keçirilən soyqırım problemi" adlı ermənilərin
iç üzünü ifşa edən kitabı ABŞ-ın
müdafiə nazirinə və respublikamıza gələn digər
xarici qonaqlara təqdim etmək üçün təcili
axtarış aparım.
Zeydulla müəllimə müraciət etdikdən bir
həftə sonra kitabın əlliyə yaxın nüsxəsini
Amerikadan gətizdirdi və kitab olduğu kimi burada 1000 nüsxə
tirajla çap olunaraq Müdafiə Nazirliyinə və digər
orqanlara verildi. Zeydulla müəllim böyük vətənpərvər
ziyalı, xalqını sevən idi.
Daim axtarışda idi. Avropada ən çox
tanınmış azərbaycanlı yazıçı, 30-dan
çox romanın müəllifi Muhəmməd Əsəd bəy
Qurban Səid - Lev Nissenbaum imzasıyla yazan həmyerlimizi Azərbaycan
oxucusuna tanıdan, onun əsl müsəlman və azərbaycanlı
olduğunu bizə çatdıran Zeydulla Ağayev
olmuşdur.
Muhəmməd Əsəd bəyin ölümündən
əvvəl can üstə olduğu vaxt dostu tərəfindən
oxunan Quran sədaları altında haqqa qovuşmasını və
İtaliyadakı müsəlman qəbiristanlığında əmanət
dəfn olunduğunu da Zeydulla müəllimin yazılarından
öyrənmişik.
Muhəmməd Əsəd bəyin "Şərqdə
neft və qan" əsəri barədə mətbuatda
çıxışı Müdafiə Nazirliyinin rəhbərliyini
maraqlandırmışdı. Nazirlik tərəfindən mənə
əsərin Azərbaycan dilinə tərcümə edilib,
çap olunması tapşırıldı. Zeydulla müəllimə
müraciət etdikdən sonra o, alman dilində olan kitabın
tərcümə edilməsi üçün məni professor
Həsən müəllimlə tanış etdi. Əsər
qısa müddətdə tərcümə olunaraq 1000
nüsxə tirajla çap olunaraq Müdafizə Nazirliyinə
təhvil verildi və yayıldı.
Zeydulla müəllim Xalqını, müstəqil Azərbaycan
Dövlətini canından əziz bilir, dövlətçiliyimizi
qorumağı, Ulu öndər Heydər Əliyevə və
Prezidentimiz Ali Baş Komandan möhtərəm cənab
İlham Əliyevə sədaqətli və dəstək
olmağı həmişə bizlərə tövsiyə edərdi.
Zeydulla Ağayev ruhu, cismi və bütün varlığı
ilə xeyirxahlıq mücəssəməsi idi.
Ruhu şad olsun!
Ötən ay - mübarək Ramazan günlərindən
birində Bakıda Nizami kino mərkəzində Zeydulla
Ağayevin 80 illik yubileyi təntənə ilə
keçirildi. Tədbir çox gözəl keçdi: Zeydulla
müəllimi sevənlər, Milli Məclisin deputatı, Elm və
Təhsil Komitəsinin sədri, professor Anar İskəndərov,
deputat Məşur Məmmədov, Respublika Ağsaqqallar
Şurasının üzvü İmran Əbilov, professor Qəzənfər
Paşayev, Əsədulla Cəfərov, yazıçı-tədqiqatçı
Nurəddin Ədiloğlu, Ağacəfər Həsənli və
digərləri, bu sətirlərin müəllifi ürək
sözlərini, xatirələrini Zeydullasevənlərlə
bölüşdülər.
Zeydulla Ağayev uzun illər xatirələrdə, onu
tanıyanların, yetişdirdiyi tələbələrinin,
yazdığı və tərcümə etdiyi kitabların səhifələrində
yaşayacaq, seviləcək və xatırlanacaq.
Hacı Mehman FƏRZULLAYEV
525-ci qəzet .- 2025. -3 aprel(№54).- S.11.