Aqil Abbasın zəhləsi
gedən qız
2003-cü ildə Ağcabədidə keçirilən
bir tədbirdə rayon rəhbərinin təltifi olan Fəxri
fərmanı mənə sevilən yazıçımız,
millət vəkili Aqil Abbas təqdim etdi. Təqdim edəndə də
yalnız mənim və ön tərəfdə əyləşənlərin
eşidəcəyi səslə bir xoş söz də dedi,
güldük. Zalda olmuş insanlardan bir çoxu sonradan israrla
Aqil müəllimin mənə nə dediyini soruşsa da, demədim.
Eləcə gülüb keçdim. Hərdən belə
davranışım olur, insanları maraqda saxlamaq xoşuma gəlir. Nə isə, mən həmin fotonu
sosial şəbəkələrdən birində
paylaşıb belə başlıq yazdım: "Nədənsə
həmişə elə bilirdim Aqil müəllimin məndən
zəhləsi gedir". Bu paylaşıma reaksiyalar müxtəlif
oldu. Amma hiss etdim ki, əksər izləyicinin dodağı
qaçdı. Başqa paylaşımlar kimi, bu
paylaşdığım da bir-iki günə yaddan
çıxdı. Amma sən demə, bizim əzizimiz Rəşad
Məcid heç də həmin statusu unutmayıbmış.
Ağcabədidə Aqil Abbasın yubileyi keçirilirdi.
Moderator Rəşad müəllim idi. O, məni
çıxışa dəvət edərkən təbəssümlə
məhz bu mövzuya toxundu. Həmin paylaşımımdan
söz açdı. Və təbii ki, mən də
çıxışımda bu məqama toxunmalı oldum.
Zarafatyana palaşdığım statusa həm də balaca bir əsas
gətirmək istədim. Amma Aqil müəllim
sözümü kəsərək, "ay xanım, mənim nəinki səndən,
ümumiyyətlə heç kimdən zəhləm getmir"
dedi. Bundan sonra söhbəti bağlayıb onun yeni çap
olunmuş kitabı haqqında danışdım.
Növbəti il Rəşad
Məcidin də rayonumuzda yubiley tədbiri keçirildi. Bu tədbirin
moderatoru isə Aqil Abbas idi. Yenə də
çıxışım vardı. Bu dəfə məhz Aqil
müəllim məni tribunaya dəvət edərkən həmin
"zəhləsi getmək" məsələsinə
toxundu. Niyə belə düşündüyümü bilmədiyini,
məni zəhmətkeş bir xanım kimi
tanıdığını filan söylədi.
Çıxışımda bu haqda bir cümlə ilə bir
zarafat olduğunu, əslində ciddi qəbul edilməməli
olduğunu vurğulayıb keçdim. Amma hiss edirəm ki, hələ
də insanlarda bir sual var: "Aqil Abbasın Məhsətidən
niyə zəhləsi gedir?"
Deməli, hardasa 15-16 il əvvəl, necə deyərlər,
gənc vaxtlarımda doğulub -böyüdüyüm
Ağcabədi üçün mən də bir iş görmək
həvəsi ilə rayonumuzun tanınmış və
tanınmamış yazarları haqqında məlumat
toplayırdım ki, "Ağcabədi yazarları"
adlı bir kitab tərtib edim. Dünyasını dəyişmiş
şair və yazıçıların haqqında mövcud məlumatları
toplasam da, digərlərinin özündən də icazə və
məlumatlar almalı idim. Açığı, çox gənc
olduğum üçün düşünürdüm ki, belə
tanınmış simalar təklifimi rədd edəcək. Amma
istər Rəşad Məcid, istər digərləri xətrimə
dəymədən dərhal razılıq verdilər. Aqil Abbas
da eləcə. Amma Aqil müəllimdən əlavə bir istəyim
də oldu. Çünki digər yazarlardan fərqli olaraq onun
məndə az kitabı var idi. Odur ki, bəzi məlumatlar
götürməyim üçün mənə
kitablarını göndərməyini xahiş etdim.
Razılaşdı. O gündən gözümün
kökü saraldı, kitablar gəlib çıxmadı.
Sonra tez-tez zəng vurmağa başladım. Amma Aqil müəllim
telefonu açmırdı ki, açmırdı. Əslində
mən də uşaqlıq etmişdim. Durub gözləyirdim
ki, o boyda kişi işini - gücünü atıb dünənki
uşağa kitab göndərəcək. Beləcə, bir dəfə
də cavabsız qalan zəngimdən dərhal sonra anamdan
xahiş etdim ki, onun telefonu ilə də zəng vuraq. Booy, elə
ilk zəngdə Aqil Abbas telefonu açdı.
Açığı, buna görə çox pis oldum. Bu dəfə
Aqil müəllimlə elə anam danışdı. O, anama da
söz verdi. Bəli, bəli, söz verdi, amma kitab vermədi
ki, vermədi. Məlumatları sonra başqa vasitələrlə
əldə etdim, kitab da çap olundu, bu söhbəti də
unudacaqdım. Amma sonralar da bir neçə dəfə
yığıncaqlarda salamlaşmaq istəyərkən Aqil
Abbas məni ya görməzdən gəldi, ya üzünü
turşutmuş halda keçdi. Belə-belə,
düşündüm ki, deyəsən, bu kişi məni
üzlü biri kimi tanıyır və məndən zəhləsi
gedir. Lakin zaman keçdikcə, Aqil müəllimi
başqalarının gözü ilə də gördükcə,
tanıdıqca nə salam umdum, nə incidim. Anladım ki, bu
insan başqa bir dünyanın insanıdır. Başqa ruh
halı var. Durub kiminləsə salamlaşmaq və ya məni
tanımaq hayında deyil. O, kefinin ağasıdır. Harda, nə
vaxt, nə etmək istəsə edəcək, nə
danışmaq istəsə, danışacaq. Yəni xüsusi
çəkilmiş, cızılmış yol onun
üçün deyil. Bəzən kənardan başqa cür
görünsə belə, reallıq budur ki, Aqil Abbas çərçivəsiz
insandır. Biz də onu elə olduğu kimi görməli,
olduğu kimi qəbul etməli, olduğu kimi sevməliyik. Və
sevdik də. Yazıçımızın reklamsız
yaxşılıqlarını başqalarından eşitdikcə,
dostların sosial şəbəkə statuslarında oxuduqca
ona xüsusi rəğbətim yarandı. Bu gün hansısa
imkansız ailənin uşağına bir saqqız, iki
şirniquş alan kimi bunu camaata car çəkən, sosial
şəbəklərdə, saytlarda paylaşanların
çoxluğu içində Aqil Abbasın etdiyi böyük
xeyirxahlıqlar, yaxşılıqlar həmişə kölgədə
qalıb. Daha doğrusu, kölgədə qalmayıb, bu insanın
böyüklüyü ondadır ki, o özü bu
yaxşılıqları qaranlıq yerə itələyib,
gizlədib. Bunlardan yaxşı obraz yaratmaq üçün
istifadə etməyib. Bu məsələlərdə planlı
iş görməyib.
Bəlkə də sabah üz-üzə gələndə
əziz yazıçımız məni yenə də
tanımayacaq, yenə də salamlaşmayacağıq. Amma
reallıq budur ki, Aqil müəllimi çox istəyirik.
Hazırda onun məndə telefon nömrəsi yoxdur. Olsa belə,
zənglərə cavab vermir axı yığıb doğum
gününü təbrik edəm... Hə, ona görə də
təbrikimi mənim üçün ən doğma qəzet
olan "525-ci qəzet" vasitəsilə
çatdırıram. Təbrik edirəm, Aqil müəllim!
Çox yaşayın, sağlam yaşayın, Ağcabədiyə
də tez-tez gəlin. Yadımdadır, əvvəllər
rayonumuzda bəzi toplantılarda, hesabatlarda millət vəkili
kimi iştirak edirdiniz. Rəsmi, kağızdan oxunan, rəqəmlərdən
ibarət hesabatların, məruzələrin fonunda əsnəyən
kim, arxada peçenye xırtıldadaraq "sən Allah,
qurtarın, çıxaq gedək evə" deyən kim, əməlli-başlı
xorultuyla yatan kim... Hamının hərtərəfli
çökdüyü vaxtda elan olunanda ki, söz aqil Abbasa
verilir, yatanlar oyanır, əsnəyənlər gözlərini
geniş açır, aclıqdan gileylənənlər
dişlənmiş peçenyelərini unudub diqqət kəsilərdilər.
Çıxışlarınız həmişə içdən,
təbii, səmimi, əsl Ağcabədi camaatının
ürəyindən xəbər verən
çıxışlar olardı. Hamının
yorğunluğu canından çıxardı. Üzlərə
təbəssüm qonardı. Baxmayaraq ki, ağcabədili
olduğunuzu hərdən etiraf etmirsiniz, amma ağcabədililər
sizi çox istəyir.
Hə, bu arada, o məlum şəkli sosial şəbəkədə
paylaşanda məndən zəhlənizin getdiyini zarafatla
yazsam da, tədbirlərdə hər dəfə bu mövzuya
toxunulmasının özü də bir xatirəyə
çevrildi. Və Ağcabədidə məni işimlə
tanıyanlar onsuz da tanıyırdı, tanımayanların da
yaddaşında Aqil müəllimin zəhləsi gedən
qız kimi qaldım.
Məhsəti MUSA
525-ci qəzet .- 2025. -3 aprel(№54).- S.10.