Türkiyənin müdafiə naziri azərbaycanlı
rəssamın sərgisində
Türkiyənin milli
müdafiə naziri Yaşar Gülərin rəhbərlik
etdiyi nümayəndə heyəti Çanaqqala Dəniz
Muzeyində Azərbaycanın Əməkdar incəsənət
xadimi, Yedditəpə Universitetinin professoru, Türkiyənin Hərbi
Dəniz Qüvvələrinin baş rəssamı Rafiq
Əzizin fərdi sərgisini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazir Gülərlə bərabər
Türkiyənin Baş Qərargah rəisi, ordu generalı
Metin Gürak, Dəniz Qüvvələri komandanı admiral
Ərcümənt Tatlıoğlu, Quru Qoşunları
komandanı general Səlcuq Bayraktaroğlu və Hərbi Hava
Qüvvələri komandanı general Ziya Camal
Kadıoğlunun da daxil olduğu heyət Çanaqqalada
Barbaros Şəhidliyini ziyarət edib.
Daha sonra nazir Gülər və onu müşayiət
edən Türkiyə Silahlı Qüvvələrinin
komandanları Çanaqqala Dəniz Muzeyinə gələrək
azərbaycanlı rəssamın sərgisi ilə yaxından
tanış olublar.
Sərgi Çanaqqala Dəniz Zəfərinin 110-cu
ildönümü münasibətilə Türkiyə Hərbi
Dəniz Qüvvələri Komandanlığı və
Çanaqqala Dəniz Muzeyinin birgə təşəbbüsü
ilə açılıb. Burada Rafiq Əzizin Türkiyənin
Hərbi Dəniz Qüvvələrinin İstanbul,
Çanaqqala, Mersin, Hatay-İskenderun Dəniz muzeylərində,
o cümlədən 15 il bundan əvvəl Çanaqqalanın
tarixi Gelibolu rayonunda açılmış Piri Rəis muzeyində
sərgilənən, eləcə də Türkiyənin Milli
Müdafiə Nazirliyinin kolleksiyasında yer alan yağlı
boya ilə çəkilmiş 37 əsəri nümayiş
olunur.
Əsərlər arasında 1081-ci ildən
günümüzə qədər Türkiyənin
şanlı Dəniz Qüvvələrinin, eləcə də
Çaka bəydən Oruc Barbaros və ya Oruc rəis kimi
tanınan əfsanəvi komandanların, dünya dəniz xəritəsini
hazırlayan ilk türk admiral Piri Rəisin, eləcə də
məşhur türk admirallarının portretləri və
onların iştirak etdikləri dəniz müharibələrinin
təsvir olunduğu tablolar yer alıb. Sərgidə Rafiq
Əzizin Mustafa Kamal Atatürkə həsr olunan əsərləri
də nümayiş etdirilir.
Aprelin 25-dək davam edəcək sərginin
açılışında Türkiyənin Hərbi Dəniz
Qüvvələri Komandanlığının Amfibiya
Korpusunun komandanı, vitse-admiral Serhat Sözbir, Çanaqqala
Boğazı və Qarnizon komandanı, kontr-admiral Mustafa
Biçen, Çanaqqala Dəniz Muzeyinin komandanı, 1-ci dərəcəli
kapitan Serhan Aras iştirak ediblər.
525-ci qəzet .- 2025. -3 aprel(№54).- S.9.