Meyitləri çıxaranda
yaralandım
Vardanyanın məhkəməsində zərərçəkmiş
şəxslər ifadə verib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
sülh və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə ilə
bağlı maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı
Ruben Vardanyanın barəsində cinayət işi üzrə
məhkəmə prosesinin baxış iclası aprelin 1-də
davam etdirilib.
525.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən
və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən
açıq məhkəmə iclasında (ehtiyat hakim Günel
Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə,
yəni, rus dilində tərcüməçi, habelə
müdafiəsi üçün özünün seçdiyi
vəkillə təmin olunub.
Məhkəmənin bugünkü iclasında Ermənistanın
dövlət qurumlarının, vəzifəli şəxslərinin,
hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin
bilavasitə rəhbərliyi və iştirakı,
şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş
və təlimatları, maddi, texniki, şəxsi heyətlə
verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında,
eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə,
Azərbaycana hərbi təcavüz etmək məqsədilə
yaradılmış, Ermənistan dövləti tərəfindən
aparılan təcavüzkar müharibənin gedişində
çoxsaylı cinayət faktları törətmiş cinayətkar
birliyə təqsirləndirilən şəxs Ruben Vardanyan
2020-ci ilin dekabr ayında qoşulduqdan sonra həmin birlik tərəfindən
törədilən cinayətlər nəticəsində zərərçəkmiş
şəxslər dindirilib.
İclasa sədrlik edən Zeynal Ağayev dindirmədən
əvvəl zərərçəkmiş şəxslərə
qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini
izah edib.
Zərərçəkmiş şəxs, Azərbaycan
Müdafiə Nazirliyinin işğaldan azad edilmiş Kəlbəcər
rayonunun “N saylı” hərbi hissəsinin maddi-texniki təminat
bölməsinin rəisi Söhbət Şükürov ifadə
verərək xidmət yerinin Ermənistan silahlı qüvvələri
ilə təmas xəttindən uzaq məsafədə yerləşməsinə
baxmayraq, Ermənistan Silahlı Qüvvələrinin
keçirdiyi hərbi təxribat zamanı minaatanlardan
açılmış atəş nəticəsində
müxtəlif dərəcəli bədən xəsarətləri
aldığını bildirib.
Bundan başqa, ifadə verən Azərbaycan Müdafiə
Nazirliyinin “N saylı” hərbi hissəsinin tibb bölməsinin
feldşeri Samir Yusifov Ermənistan Silahlı Qüvvvələri
tərəfindən Kəlbəcər rayonunda
genişmiqyaslı təxribat xarakterli hərəkətlər
törədilməsinin qarşısı alınan zaman Azərbaycan
Silahlı Qüvvələrinin şəhid olmuş hərbi
qulluqçularının meyitlərini atəş altından
çıxarmaq istəyərkən Ermənistan Silahlı
Qüvvələri tərəfindən atılmış
minaatan mərmisinin partlaması nəticəsində müxtəlif
dərəcəli bədən xəsarətləri
aldığını bildirib.
Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş
şəxslər Samir Kərimov, Orxan Nəcəfov, Əliyar
Məmmədov, Əli Qarazadə, Qurban Qurbanov, Hüseynbala
Sayıllı, Rəhman Qasımov, Ülvi Musayev, Ruslan
Əliyev, Bəxtiyar Salmanov, Ariz Qəhrəmanov, Azər
Abdullayev, Tofiq Abışov, Asif Mikayıllı, Qasım Qəribov,
Anar Nəbiyev, Ehtiram Səmədov, Rəşmi Hümbətov,
Ceyhun Rzaquliyev, Yunis Abdiyev, Dilqəm Səfərov, Əhməd
Əhmədzadə və digərləri təqsirləndirilən
şəxs Ruben Vardanyanı media və sosial şəbəkələr
vasitəsilə tanıdıqlarını, onunla şəxsi
tanışlıqlarının olmadıqlarını bildiriblər.
Onlar hərbi xidmətdə olarkən Kəlbəcər
və Ağdam rayonlarında Ermənistanın hərbi təxribatı
zamanı müxtəlif təyinatlı silahlardan, o cümlədən
snayper tüfəngindən açılmış atəş,
minaatanların mərmilərinin partlaması nəticəsində
müxtəlif dərəcəli bədən xəsarətləri
aldıqlarını bildiriblər.
Dindirmədən sonra zərərçəkmiş
şəxslər hakimlərin, dövlət ittihamını
müdafiə edən prokurorların xidmət yerləri, hərbi
təxribatların törədildiyi konkret ərazilər, hadisə
nəticəsində yetirilmiş xəsarətlərin
ağırlıq dərəcəsi və lokalizasiyası barədə
suallarını cavablandırıblar.
Ardınca məhkəmə prosesində zərərçəkmiş
şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi
ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası aprelin 8-nə
təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 100.1-ci, 100.2-ci (təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 107-ci (əhalini deportasiya etmə və məcburi
köçürmə), 109-cu (təqib), 110-cu (insanları
zorakılıqla yoxa çıxarma), 112-ci (beynəlxalq
hüquq normalarına zidd azadlıqdan məhrum etmə),
113-cü (işgəncə), 114.1-ci (muzdluluq), 115.2-ci
(müharibə qanunlarını və adətlərini pozma),
116.0.1-ci, 116.0.2-ci, 116.0.10-cu, 116.0.11-ci, 116.0.16-cı, 116.0.18-ci
(silahlı münaqişə zamanı beynəlxalq humanitar
hüquq normalarını pozma), 120.2.1-ci, 120.2.3-cü,
120.2.4-cü, 120.2.7-ci, 120.2.11-ci, 120.2.12-ci (qəsdən adam
öldürmə), 29,120.2.1-ci, 29,120.2.3-cü, 29,120.2.4-cü,
29,120.2.7-ci, 29,120.2.11-ci, 29,120.2.12-ci (qəsdən adam
öldürməyə cəhd), 192.3.1-ci (qanunsuz
sahibkarlıq), 214.2.1-ci, 214.2.3-cü, 214.2.4-cü
(terrorçuluq), 214-1-ci (terrorçuluğu maliyyələşdirmə),
218.1-ci, 218.2-ci (cinayətkar birlik yaratma), 228.3-cü (qanunsuz
olaraq odlu silah, onun komplekt hissələrini, döyüş
sursatı, partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2-ci, 270-1.4-cü (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 278.1-ci (hakimiyyəti zorla ələ
keçirmə və ya onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1-ci,
279.2-ci, 279.3-cü (qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və ya
qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının
dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri
ilə ittiham olunur.
525-ci qəzet .- 2025. -3 aprel(№54).- S.6.