Təhsilin inkişafı naminə
mühüm addım - "Rəqəmsal məktəb"
Fevralın
7-dən etibarən ümumi təhsil müəssisələrində
proseslərin elektronlaşdırılması çərçivəsində
"Rəqəmsal məktəb" platforması istifadəyə
verilib. Bu platforma rəqəmsal mühitdə öyrənmə,
tədris, ünsiyyət və əməkdaşlıq
platformasıdır. Yeni sistem şagird, valideyn, müəllim
və direktorun iştirakı ilə tədris
resurslarının idarəedilməsi və tənzimlənməsi
imkanlarını təmin edir. Platformaya giriş "Digital
login" üzrə aparılır. Belə ki, valideyn, müəllim
və məktəb rəhbərləri "SİMA" rəqəmsal
imza vasitəsi ilə bütün digital login imkanlarından təhlükəsiz
istifadə edərək şəxsi səhifəsinə
giriş imkanına malikdir. Giriş üçün
www.reqemsal.edu.az ünvanına keçid etmək lazımdır.
"Rəqəmsal
məktəb" layihəsi ilk olaraq Bakıda test rejimində
tətbiq edilir. Platformada şagird, valideyn, müəllim və
direktor üçün bölmələr var. Şagirdlər
burada günün dərsi, dərs cədvəli, dərsliklər,
videodərslər, ev tapşırıqları, testlər, qiymətlər,
şəxsi iş bölmələri ilə tanış ola
bilərlər. Valideynlər isə platforma vasitəsilə məktəblə
birbaşa ünsiyyət qura, övladının nəticələri
ilə tanış ola, həmçinin tədrislə
bağlı rəy və təkliflərini verə bilərlər.
Həmçinin müəllimlər və direktorlar da öz vəzifələrinin
icrası ilə bağlı işləri elektron formada yerinə
yetirə biləcəklər. "Sima" və identifikasiya
kodu ilə valideyn övladının təhsil göstəricilərini
onlayn izləmə imkanına sahib olacaq. Giriş məlumatları
hər bir şagird üçün valideyni tərəfindən
təyin edilmiş şifrə və UTİS kod vasitəsilə
mümkündür. Şagirdlərin elektron resurslardan istifadəsi
imkanının təmin olunması məqsədilə hər
fənn üzrə mövzuya uyğun elektron resurlar - video dərslər,
tapşırıqlar və kvizlər (test) yerləşdirilib
ki, şagirdlər məktəbdə keçirilən hər
hansı mövzu üzrə çətinlik çəkdikdə
və yaxud müəyyən səbəblərdən dərsdə
iştirak etmədikdə platforma üzrə
yaradılmış elektron resurslardan istifadə edə bilsinlər.
Tədris prosesini daha maraqlı və cəlbedici edən, həmçinin
şagirdlər tərəfindən məlumatın
qavranılmasını asanlaşdıran video dərslərin
önəmli rolu var. Bu proses fizika, kimya, Azərbaycan dili, təbiət,
riyaziyyat və s. kimi məktəb proqramını və
ibtidai sinifləri əhatə edir. Video dərslər hər
bir şagirdə olduğu məkandan asılı olmayaraq geniş
öyrənmə imkanları yaradır. Eyni zamanda, platforma
şagirdə dərs tapşırıqlarının həllini
müəllimin dilindən vizual izahlı şəkildə
dinləmək imkanı da verir.
Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin
Keyfiyyətə nəzarət və monitorinq sektorunun
müdiri Fidan Nəcəfovanın sözlərinə görə,
"Rəqəmsal məktəb" platforması hazırda
pilot rejimdə fəaliyyət göstərir. Platformanın
yaradılmasında əsas məqsəd tədrisin, öyrənmə
və öyrətmə prosesinin rəqəmsallaşması və
elektronlaşması ilə yanaşı, tədrisin keyfiyyətinin
artırılması, dərs prosesinin izlənməsi,
şagirdlərin nailiyyətləri, davamiyyəti, nizam-intizam
qaydalarına riayət olunması kimi fəaliyyətlərin
effektiv icrasına nəzarəti təmin etməkdir.
Çünki platforma bizə imkan verəcək ki, real rejimdə
dərs prosesində - 45 dəqiqə ərzində baş verən
proseslərdən anında xəbərdar olaq. Platforma dərs
prosesində şagirdlərin davamiyyəti, müxtəlif fənlər
üzrə göstəricilərinin daha yüksək və zəif
olması barədə real rejimdə məlumat əldə etməyə
kömək edir: "Platforma hazırda Bakı şəhərində
yerləşən 324 təhsil müəssisəsini əhatə
edir. Bunlar Bakı Şəhəri üzrə Təhsil
İdarəsinə və birbaşa agentliyə tabe olan təhsil
müəssisələridir. Pilot rejimdə olduğu
üçün hazırda platformanın texniki imkanları,
müəllimlərin istifadə zamanı qarşılaşa
biləcəyi çətinliklər
araşdırılır. Sentyabr ayından platformanın
ölkə miqyasında genişləndirilməsi
planlaşdırılır. Bu zaman təhsil müəssisəsinin
müvafiq infrastrukturunun olması mütləqdir. Rəqəmsallaşma
prosesi olduğu üçün müəyyən texniki məsələlərin
həlli vacibdir. Platforma təkmilləşdirildikcə yeni
funksiyalar əlavə edildi.
Müəllimlərin
perspektiv və dərs planlarının əlavə edilməsində
məzmun eyniləşməsi aparıldı. Müvafiq olaraq,
hər bir müəssisədən əlaqədar şəxslər
təyin olunub. Qarşıya çıxan çətinlikləri
bizə bildirirlər. Məsələ dərhal
araşdırılır, əgər texniki problemdirsə,
platformaya müvafiq funksionallıqlar əlavə edilir, əgər
pedaqoji məsələdirsə, müəllimlərin təlimatlandırılması
istiqamətində fəaliyyətlər icra edilir".
Fidan
Nəcəfova bildirib ki, ümumiyyətlə, məktəbdə
müvafiq sürətli internet şəbəkəsinin
olması mütləqdir. Platforma real rejimdə işlədiyi
üçün dərs prosesində şagirdlərin qiymətləndirilməsi,
davamiyyət göstəricisinin yazılması
üçün kompüterlər internetə
qoşulmalıdır. Müəllimlərin istifadə etməsi
üçün Bakı şəhərindəki bütün
təhsil müəssisələrinin sinif otaqlarını
kompüter avadanlıqları ilə təmin edilib. Platformaya
qoşulan təhsil müəssisələrinin sayı
artdıqca sinif otaqları yeni kompüter avadanlıqları ilə
təmin edilməlidir. Çünki 45 dəqiqə müddətində
şagirdlərin davamiyyəti, formativ və ya yarımillikdə
summativ qiymətləndirilməsi həmin gün ərzində
qeyd olunmalıdır: "Bu proses hazırda davam edir.
Platformada ibtidai sinif üzrə Azərbaycan dili, riyaziyyat və
xarici dil fənlərini əhatə etməklə, 930-dan
çox video resurs yerləşdirilib. 5, 6 və 7-ci sinif
şagirdləri üçün ana dili, riyaziyyat, biologiya,
kimya, təbiət və xarici dil fənləri üzrə
350-dən artıq video resurs yerləşdirilib. Bu sayın
artırılması planlaşdırılır. Mövcud
video resurslar şagirdlərin çətinlik çəkdiyi,
tədris zamanı öyrənmə, mənimsəmə dərəcəsinə
görə çətin mövzuları əhatə edir.
Şagird artıq dərsdən sonra həmin dərsin video
izahını təkrar izləyə, həmin video dərslə
əlaqəli yerləşdirilən test
tapşırıqlarını işləyə və dərhal
öz nəticəsini görə bilir. Hazırda bu istiqamətdə
müvafiq qanunvericilik aktları araşdırılır. Rəqəmsallaşma
prosesi çərçivəsində sadəcə
kağız jurnalların deyil, şagirdlərin şəxsi
işləri ilə bağlı digər kağız
materialların, müəllimlərin perspektiv, tematik və dərs
planlarının, şagirdlərin gündəliklərinin
elektron versiyaya keçidi nəzərdə tutulub. Prosesin
elektronlaşdırılması ilə müəllimin iş
yükü azalacaq, qənaət edilmiş vaxtdan daha səmərəli
istifadə ediləcək. Kağız jurnalların şagirdlərin
summativ qiymətləndirilməsi ilə bağlı olan hissəsinin
5 il və daha artıq müddətdə dövlət sənədi
kimi saxlanması mütləqdir. Elektron versiyada da həmin məlumatlar
eyni zaman aralığında saxlanılacaq".
Onun
dediyinə görə, platformada SİMA vasitəsilə və
şəxsi identifikasiya kodu ilə qeydiyyatdan keçmək
olar. Şagirdlərin birbaşa qeydiyyatı mümkün
deyil. Əvvəlcə valideyn qeydiyyatdan keçməlidir ki,
onun övladı ilə bağlı məlumatlar səhifəsində
əks edilsin. Valideyn hər hansı bir fin kodu yazıb
platformaya kimisə əlavə edə bilməz. Əlavə
edilən şagirdin valideynin öhdəliyində olub-
olmaması yoxlanılır. Bu məsələ təsdiqini
tapırsa, valideyn şagird olan övladı ilə
bağlı məlumatları görmə hüququnu əldə
edir. Müəllim və direktorlar şəxsi identifikasiya kodu
ilə və ya SİMA vasitəsilə qeydiyyatdan keçdikdən
sonra UTİS (Ümumi Təhsil Müəssisələrinin
İnformasiya Sistemi) vasitəsilə onların müvafiq təhsil
müəssisəsində fəaliyyət göstərib-göstərmədikləri
yoxlanılır. Təsdiq olunduqdan sonra həmin şəxsin
platformada qeydiyyatına icazə verilir. Əks halda, qeydiyyatdan
keçmədən heç bir vətəndaş əsas baza
məlumatlarını görə bilməz. Sadəcə,
ümumi təhsil müəssisəsinin yerləşdiyi
rayonu, şagirdlərin sayını, yəni ictimaiyyətə
açıq olan məlumatları görə bilər:
"Valideyn iki istiqamət üzrə rəy verə bilir.
Birincisi, təhsil müəssisəsinin direktoru ilə
birbaşa ünsiyyət yarada bilir. Bu zaman direktora hər
hansı bir müəllimdən razı və ya narazı
olması haqqında məlumat verə bilir. Yaxud övladı
ilə bağlı hər hansı problem varsa, birbaşa
direktora sual ünvanlaya, nə isə soruşa və ya öz
rəyini bildirə bilər. Bu onun direktorla real rejimdə
ünsiyyətini təmin edir və cavabı da birbaşa təhsil
müəssisəsinin rəhbərindən alır. Valideynin
müəllim haqqında verdiyi rəyi sadəcə direktor
görür. Valideyn məhz övladının təhsil
aldığı məktəblə bağlı olan sorğuda
da iştirak edə bilir. Sorğunun nəticələri
direktora və Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinə ünvanlanır.
Növbəti mərhələdə toplanan məlumatlar əsasında
detallı təhlillərə başlanılır. Valideynlərin
rəyi, müəllim və şagirdlərinin müəyyən
nailiyyətləri və göstəriciləri əsasında
məktəbin ümumi reytinqi formalaşacaq".
Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq
müəllim və direktorlara platformadan istifadə ilə
bağlı təlimlər təşkil edirik. Bu istiqamətdə
müraciət olarsa, proses davam edəcək. Valideynlərin
maariflənməsi üçün müvafiq təlimat
videoları çəkilib və bunun davam etdiriləcəyi
planlaşdırılır. Platformadan istifadə
üçün valideynlərin sadəcə qeydiyyatdan
keçmələri kifayətdir. Bu zaman onların çətinliklə
üzləşməmələri üçün müvafiq
video təlimatlar çəkilib. Pilot rejimin mahiyyəti ondan
ibarətdir ki, vətəndaş və müəssisələrdən
daxil olan müraciətlər əsasında müvafiq tədbirlər
görülsün. Amma valideynlər üçün real
rejimdə təlimlər nəzərdə tutulmur.
Sevinc
QARAYEVA
525-ci
qəzet .- 2025. -4 aprel(№55).- S.15.