Xalqının qəhrəman
oğlu
Tofiq Şəmsəddin oğlu Əmirli 28 illik
qısa ömründə vətəni, xalqı üçün
olduqca gərəkli işlər gördü. 44 günlük
haqq savaşımızda canı bahasına 30 il əsir
düşən Qarabağımızı azad edən qəhrəmanlardan
biri kimi adını şanlı tariximizə yazdırdı.
Ömrünü vətənin azadlığı, gələcək
nəsillərin xoşbəxtliyi naminə qurban verən Tofiq
ucaldığı hünər və şərəf zirvəsində
daha möhtəşəm görünür. Necə deyərlər,
müqəddəsliyinə tapındığı doğma Azərbaycanla
döyünən ürəyi indi milyonların qəlbində
vurur...
Bu gün adını böyük iftixarla çəkdiyimiz
unudulmaz qəhrəman Tofiq
Əmirli Cəlilabad rayonunun Göytəpə şəhərində
boya-başa çatıb. 1998-2009-cu illərdə Göytəpə
şəhər Vüqar Mürsəlov adına 1 saylı tam
orta məktəbində təhsil alıb. Məktəbdə
oxuduğu zaman vətəninə, xalqına fayda vermək onun
həyat amalına dönüb. Müəllimləri və
sinif yoldaşlarının sevimlisinə çevrilən
Tofiqin vətən üçün layiqli övlad
olacağına bütün el-oba inanırdı.
Torpaqlarımızın düşmən tapdağı
altında olması ilə barışmayan Tofiq Əmirlinin əsgərliyi
Naxçıvan sərhəd diviziyasında keçib. Vətən
torpaqlarını qorumaq bacarığı, haqq naminə
yüksək döyüş ruhu, vicdanlı, qeyrətli
olması ona həmişə ehtiram qazandırıb.
Vətənpərvər gəncin sərhədçi
peşəsinə olan marağı onu 2014-cü ildən yenidən
Dövlət Sərhəd Xidməti sıralarına
qaytarıb. Təlim
kurslarını uğurla başa vurandan sonra 2018-ci ilin
may ayının dördünə qədər Çevik Hərəkət
Briqadasında manqa komandiri, kəşfiyyatçı vəzifələrində
çalışıb. Xüsusi peşəkarlıq göstərərək
böyük hörmət sahibi olub. Həmçinin işgüzar
keyfiyyətlərinə görə Çevik Hərəkət
Qüvvələrinin Çevik Hərəkət Dəstəsinə
seçilib, zəhmətsevərliyi və intizamı sayəsində
qısa müddət ərzində əməliyyatçı-snayper
kimi formalaşıb. Bütün bunlarla bərabər, vətəni
canından əziz bilən Tofiqin qəlbində düşmənə
qarşı intiqam, qisas hissi bir an belə olsa, azalmayıb.
30 ilə yaxın erməni əsarətində qalan
Qarabağın azadlığı naminə başlanan Vətən
müharibəsinin birinci günü Tofiq Əmirli Füzuli
rayonunda döyüşlərə qatılıb. Onun
bacarığı və qorxmazlığı, yüksək
döyüş məharəti ilk zəfərimizə səbəb
olub. Cəbrayılda və Qubadlıda ağır müharibə
meydanında göstərdiyi rəşadət yeni-yeni qələbələrə
yol açıb. Oktyabrın 13-də Cəbrayılın Minək
kəndi uğrunda gedən savaşda qəhrəmanlıqla
döyüşən Tofiq özünü təhlükəyə
ataraq səngərdə susuz qalan əsgər
yoldaşlarına 500 metr uzaqdan su gətirib. Döyüş
vaxtı Tofiq və digər hərbçi yoldaşı
silahlarını dolduran zaman ikisinin arasına mərmi
düşüb. Hərbçi yoldaşı ağır
yaralanıb. Tofiq isə şəhid olub.
Gizir Tofiq Əmirli ölümündən sonra Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev tərəfindən
3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni, "Vətən uğrunda", Cəbrayılın,
Xocavəndin azadlığına görə medalları ilə
təltif olunub.
Yazımı şəhidimiz Tofiqin atası Şəmsəddin
kişinin ürək göynədən fikirləri ilə
tamamlayıram. O deyir: "Mən gecə yuxuda
görmüşdüm ki, Tofiq şəhid olub. Amma
özümü inandırmağa
çalışırdım ki, ona heç nə olmayıb.
Çünki anası da narahat idi, istəmirdim o da bilsin.
Yuxuda gördüm ki, evimizə hücum ediblər, amma silah
aşağı mərtəbədədir. Anasını
yuxudan oyadırdım ki, silahın yerini desin, çünki
düşmən yaxınlaşırdı. Elə oldu ki,
oktyabrın 13-də Tofiqin şəhid xəbəri gəldi.
Oktyabrın 14-də isə onu böyük izdihamla dəfn
etdik. Tofiq həmişə deyirdi ki, "şəhid olmaqdan
qorxmuram, amma qorxuram ki, anam dözməyə". Belə də
oldu. Tofiqdən sonra anası da dünyasını dəyişdi".
Zəfər ORUCOĞLU
525-ci
qəzet .- 2025. -4 aprel(№55).- S.14.