Biri şəhid, biri qazi...
İKİ QARDAŞIN QƏLƏBƏ DASTANI
Müharibəyə fərqli təriflər verilsə
də, o güc nümayişinin bir formasıdır əslində.
Bir zamanlar həyatda qalmaq, qidalanmaq, qorunmaq və nəhayət
öldürmək üçün daş atan insanın əli
bir düymə ilə bir şəhəri yerlə-yeksan etməyə
qadir olandan sonra yaşamaq uğrunda mübarizə fikri də
fəlsəfi gücünü itirdi.
Dünyanı dəyişdirən reallıqlar
müharibələrin gücünü, güclünün
iradəsi ilə baş verməsini bir daha gözlər
önünə sərdi. Gəlin etiraf edək:
çağdaş müharibələrin səbəbi dil, din,
irq ayrı-seçkiliyi, yeni ərazilərin zəbti, daha
çox gəlir əldə etmək, sərvətlərə
yiyələnmək deyilmi? İbtidai icma dövründəki
insanla müasir insanın bir fərqi var: o, həyatda qalmaq,
aclıqdan ölməmək üçün mübarizə
aparırdı, bu gün dünyanı yenidən
bölüşdürmək istəyənlər isə həyatda
qalmaq istəyəni acından öldürmək, onun əldə
etdiklərinə sahiblənmək üçün müharibə
aparırlar.
Məhz ötən əsrin tariximizə qara
damğası kimi vurulan sonuncu deportasiyadan sonrakı dönəm,
daha doğrusu, doxsanıncı illər xalqımızı
süni yaradılan müharibənin əsirinə
çevirdi. Bu müharibənin əsəri isə
yurdsuz-yuvasız, evsiz-eşiksiz qalan insanlar idi...
Mənim qəhrəmanımın babaları bu mənzərələri
1948-1953-cü illərdə dədə-baba yurdları Dərələyəzdən
Saatlıya, Kür-Araz ovalığına
köçürüləndə görmüşdülər.
Taleyinə qaçqınlıq yazılanların nisgili,
ahı-naləsi heç vaxt dinmir, çünki itirdiklərinin
sənin varlığının bir parçası olduğunu
və necə dəyərli olduğunu bilirsən.
Sadaladıqlarım, müharibənin daş
üzü, xalqımızın üzləşdiyi faciələr
onunla həmsöhbət olandan sonra yazımın
axarını dəyişdi. Məni tamam bir başqa havaya
köklədi. "Babalarımın zorla qovulduğu Vətən
torpaqları uğrunda da döyüşmək
arzusundayam", - deyən həmkarım xalqımızın
unutqan olmadığının, qanında, canında, ruhunda
itirdiklərini qaytarmaq eşqi ilə
yaşadığının bariz nümunəsi idi.
Vətən qarşısında vəfa borcumuz olan Vətən
müharibəsinin, eləcə də ərazi
bütövlüyümüzün, suverenliyimizin təcəssümü
kimi tarixə düşən antiterror tədbirlərinin
iştirakçısıdır Əlahiddə Çevik Polis
Alayının əməkdaşı polis baş serjantı Vəfadar
Bayramov. O, torpağı şəhid kimi müqəddəsləşdirən,
qazi kimi azadlığına qovuşduran, Vətənə
layiq övladlar yetirşdirən atanın, ananın
övladıdır. Vəfadar 1993-cü ildə Saatlı
rayonunun Məmmədabad kəndində dünyaya göz
açıb. Şəhid Azad Bayramov adına Məmmədabaddakı
tam orta məktəbi 2010-cu ildə bitirib və 2011-ci ildə
həqiqi hərbi xidmətə çağırılıb.
Qartalların yuva qurduğu Murovdağdakı
"N" saylı hərbi hissədə Vətənin
keşiyini çəkib və həqiqi hərbi xidmətini
2013-cü ildə başa vurub. Müharibənin izi qalan
dağlarımızda mövqe tutan düşməndən əmisinin,
əmisi oğlunun və bir çox doğmalarının
qisasını almaq üçün hərbçi peşəsini
seçir. 2017-ci ildə Daxili İşlər Nazirliyinə
müraciət edir. DİN-in Daxili Qoşunlarında xidmətə
qəbul olunur. Xidməti dövründə bir çox əməliyyatlarda
iştirak edir, qarşıya qoyulan tapşırıqları
layiqincə yerinə yetirir. Adı qorxulu olsa da, nəticədə
Vətəni azadlığına qovuşduracağına
görə silaha sarılan yüzlərlə igid
oğullarımız kimi Vətən müharibəsinin qəbul
olunan dua, çin olan arzu kimi sevincini yaşadı o da.
Ali Baş Komandanın əmri ilə düşmən təxribatının
qarşısını almaq üçün əks həmlə
əməliyyatına başlanılanda ilk istiqamətləri
Füzuli rayonu olub. Düşmən əlverişli mövqedə
qərar tutsa da, qısa zamanda yaratdığı süni cəbhə
xətti darmadağın edilib.
"Azad etdiyimiz yüksəkliklər, ərazilər
sanki bizə yuxu kimi gəlirdi. Döyüş filmlərində
gördüyümüz səhnələrin içində
idik. Son anlarında gülə-gülə canını
tapşırıb şəhid olan
döyüşçülərimizin qisasını almaq
üçün hətta ağır yaralanan
silahdaşlarımız belə ilkin tibbi yardım göstərildikdən
sonra yenidən sıramıza qoşulurdular"...
Döyüşçü yoldaşları kimi onun da
həsrətlə, qisas hissi ilə gözlədiyi an gəlir.
Növbəti tapşırıq Şuşanın azad
olunması idi. Bunun üçün əvvəlcə
Şuşaya gedən yollar, strateji yüksəkliklər nəzarət
altına alınmalıydı. Xüsusi təyinatlılar digər
qüvvələrin Şuşa istiqamətində hərəkət
etmələri üçün oktyabrda Hadrutu və ətraf kəndləri
düşməndən təmizləyirlər.
Qırmızı bazar istiqamətində irəliləyən
qüvvələrimiz düşmənin planlarını
alt-üst edir.
"Komandanlığın qərarı ilə 400 nəfərlik
heyətlə sıx meşələrdən keçib
Şuşaya doğru istiqamət götürdük.
Düşmən gəlişimizdən xəbər belə
tutmadı. Noyabrın 4-də Şuşa-Laçın yolunun
bir hissəsini düşməndən təmizləyib, nəzarətə
götürmüşdük. Noyabrın 6-da səhər tezdən
kiçik qruplar şəklində Şuşaya daxil olmaq
üçün hərəkətə keçdik".
Düşmən özü də etiraf edir ki, Azərbaycan
əsgəri Şuşanı yüngül atıcı
silahlarla və əlbəyaxa döyüşlə geri
aldı. Şuşa təbii istehkam olduğundan ora
ağır texnika ilə girmək mümkün deyildi.
Düzdür, düşməni hava zərbələri ilə
məhv etmək olardı. Lakin bu böyük
dağıntılara səbəb olacağından
yüngül silahlarla döyüşmək taktikası
seçilmişdi.
Şuşa ordumuzun nəzarətində idi.
Düşmən hətta ballistik raketlərdən belə
istifadə etsə də, bu döyüşün taleyini dəyişə
bilmədi.
"İlk tapşırığımız
Şuşa-Xankəndi yolunu bağlamaq oldu. Biz 22 nəfərlə
düşmənin böyük bir qüvvəsinin
qarşısını alıb onun 200 nəfərə
yaxın canlı qüvvəsini, xeyli ağır
texnikasını məhv etdik.
Noyabrın 7-də daha bir döyüş
tapşırığı zamanı mən və yanımda
olan 4 nəfər döyüşçü yoldaşım
yaralandıq. Bizi digər döyüşçü
yoldaşlarımız döyüş gedən ərazidən
çıxarıb ilkin tibbi yardım göstərdilər.
Bizi arxa cəbhəyə təxliyyə etmək istəsələr
də, razılaşmadıq".
Noyabrın 9-dan 10-na keçən gecə saat 2-3 radələrində
atəşi dayandırın tapşırığı
gözlənilməz olur. Lakin növbəti xəbər hər
kəsi sevindirir: müharibə bitib, düşmən
kapitulyasiya aktına imza atıb.
Ancaq o, Şuşa uğrunda döyüşlərdən
öncə görüşdüyü qardaşından - Fərruxdan
nigaran idi. İçindəki narahatlıq onu dinc
buraxmırdı. Döyüşə birlikdə
atılmışdılar, qələbəni də birlikdə
qeyd etməliydilər. Ancaq Fərrux Şuşa uğrunda gedən
döyüşlərdə şəhidlik zirvəsinə
ucalmışdı. Düşmən snayperindən atılan
güllə Vətən üçün döyünən
ürəyini əbədi susdursa da, Şuşa qalasında
dalğalanan üçrəngli bayrağımız onun kimi
yüzlərlə şəhidimizin ruhunu şad etmişdi.
Çünki uğrunda can verdikləri Vətən
torpaqları düşməndən azad edilmişdi.
Polis baş serjantı Vəfadar Bayramov Müzəffər
Ali Baş Komandanın müvafiq sərəncamları ilə
"Rəşadət" ordeni, "Füzulinin azad
olunmasına görə", "Şuşanın azad
olunmasına görə" və "Vətən müharibəsi
iştirakçısı" medalları ilə təltif
olunub.
Həmkarımız 2024-cü ildən Əlahiddə
Çevik Polis Alayında xidmət edir.
Deyir ki, asayişi, sabitliyi qorumaq postu, səngəri
qorumaq kimidir. İkisi də məsuliyyətlidir. İkisində
də sənə etibar edilir, etimad göstərilir.
Sözardı: Müharibə ağ-qara şəkil
kimidir. Şəkil demiş, bu gün həmkarım
Şuşa əməliyyatına girməzdən öncə
qardaşı Fərruxla çəkdirdiyi xatirə şəklini
döş cibində, ürəyinin başında qoruyub
saxlayır. Bu şəkil, qardaşının
övladları, ən əsası azad olunmuş Vətən
torpaqları onun kimi bizə də əmanətdir. O əmanətləri
qoruyaq, sahib çıxaq ki, bayraq kimi enməz oğulların
ruhu şad olsun.
Hafiz TƏMİROV
Polis polkovniki
525-ci
qəzet .- 2025. -4 aprel(№55).- S.14.