Milli musiqimizin fəal
və fədakar təəssübkeşi
PROFESSOR NAZİM KAZIMOVUN 75 İLLİYİNƏ
İllər elə tez ötüşür ki! Yeni il
başlayır, gözünü açıb görürsən
ki, artıq il yarı olub. Eşidirsən, kim isə:
"Heç bilmədim may nə zaman yetişdi", - deyir. O
biri söhbətə qarışır: "A kişi, may nədir,
il artıq sona yetir", - cavabını verir.
Bax belə illərin işığında Nazim
Kazımov bir də gördü ki, yaşının
üstünə xeyli yaş gəlib, 75-ə çatıb.
75 yaş əsrin dörddə üçüdür. Nazim
ötən illərə boylandı. Öz-özündən
soruşdu: "Papağımı günə
yandırmamışam ki?" "Yox", - dedi.
Ötüb-keçən illəri vərəqlədi.
Haqlı olduğunu gördü. Sonra özünə
baxdı. Maşallah boy-buxun onda. Özünü qıvraq,
gümrah, sağlam hiss edir. Necə deyərlər, "dəyərəm
min cavana".
Nazim Kazım oğlu Kazımov 4 aprel 1950-ci ildə
Naxçıvan şəhərində doğulub, şəhər
1 nömrəli məktəbində təhsil alıb. Hələ
orta məktəbdə oxuyarkən onda musiqiyə dərin maraq
yaranıb. Ümumtəhsil məktəbi ilə yanaşı,
eyni zamanda şəhər musiqi məktəbinin tar sinfində
təhsil almağa başlayıb.
Nəhayət, orta məktəbdə təhsil illəri
arxada qaldı. Musiqi həmişə Nazimlə idi. Azərbaycan
musiqi alətlərinin şahı sayılan tara sevgi,
vurğunluq onu Bakıya - Asəf Zeynallı adına Azərbaycan
Dövlət Musiqi Texnikumuna (1966) gətirib
çıxardı. O, xalq çalğı alətləri
şöbəsinin tar sinfinə qəbul olundu.
Nazim musiqimizlə bərabər, Azərbaycan ədəbiyyatının
da vurğunu idi. Musiqi ilə ədəbiyyatı bir-birində
ayrı təsəvvür etmirdi. Həm də ali təhsil
almaq arzusunda idi. Odur ki, texnikumda təhsil ala-ala sənədlərini
Bakı Dövlət Universitetinə təqdim etdi və
universitetin filologiya fakültəsinə (qiyabi) daxil oldu (1967).
Arzular tükənməzdir. Sevdiyi filologiya üzrə ali təhsilə
yiyələnən Nazim musiqi sahəsində də ali təhsil
almağı arzulayırdı. Bakı Dövlət
Universitetinin diplomunu aldıqdan sonra Azərbaycan Dövlət
Konservatoriyasında qəbul imtahanlarında iştirak edərək
konservatoriyanın tələbəsi oldu. Xalq
çalğı alətləri şöbəsində xalq
artistləri Səid Rüstəmovdan (tar ixtisası üzrə)
və Süleyman Ələsgərovdan (dirijorluq ixtisası
üzrə) dərs almağa başladı. Yaxşı tələbə,
yaxşı mütəxəssis olmağa
çalışırdı.
lll
Nazimin əmək fəaliyyətinə
başlaması Əli Bayramlı (hazırda Şirvan) şəhəri
ilə bağlıdır. O, Asəf Zeynallı adına Azərbaycan
Dövlət Musiqi Texnikumunda təhsilini tamamlayanda (1970) təyinatını
bu şəhərdəki musiqi məktəbinə verdilər.
Nazim Kazımov Əli Bayramlı musiqi məktəbində 3 il
müəllim vəzifəsində çalışdı.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil
aldığı illərdə (1973-1978) eyni zamanda
Bakının 15 nömrəli musiqi məktəbində xalq
çalğı alətləri şöbəsinin müdiri
olaraq əmək fəaliyyətini davam etdirdi.
Konservatoriyanı bitirdikdə (1978) onun təyinatını
yenidən Əli Bayramlı (hazırda Şirvan) musiqi məktəbinə
verdilər. Nazim Kazımov bu musiqi məktəbində bir daha
4 il işlədi, müəllim, direktor müavini oldu.
Buradakı musiqi məktəbində
çalışarkən Ariz Abduləliyev, Fəxrəddin
Qafarov, Vaqif Abuzərov, Vüqar Nəzərov və başqa
bu kimi musiqiçiləri yetişdirdi. Onlar hazırda musiqi sahəsində
özlərinə məxsus ad-san yiyəsidirlər.
Nazim müəllim 4 ildən sonra təzədən
Bakıya qayıtdı. Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasında Xalq musiqisi kafedrasında
müəllim vəzifəsində çalışmağa
(1981-1984) başladı. İş elə gətirdi ki, Nazim
Kazımov üçüncü dəfə Əli Bayramlı
musiqi məktəbinə qayıtmalı oldu. Bu dəfə
musiqi məktəbinin direktoru təyin olunmuşdu. 8 il
(1984-1992-ci illər) bu vəzifədə işlədi. Musiqi
kadrlarının hazırlanması sahəsində səmərəli
fəaliyyət göstərdi. Yenə Bakı şəhərinə
gəldi. Bu dəfə respublika Təhsil Nazirliyində işə
çağırılmışdı. Burada inspektor,
aparıcı mütəxəssis, baş mütəxəssis
və idarə rəisinin müavini vəzifələrini
tutdu, 9 il fəaliyyət göstərdi.
Nazim Kazımov Asif Zeynallı adına Musiqi Texnikumunun
məzunu idi. Tale elə gətirdi ki, onu bu məşhur,
nüfuzlu tədris müəssisəsinə (hazırda Azərbaycan
Milli Konservatoriyası nəzdində Musiqi Kollecidir) direktor təyin
etdilər. 2001-ci ildən həmin vəzifədə işləyir.
Eyni zamanda Azərbaycan Milli Konservatoriyasının Xalq
çalğı alətləri kafedrasının professorudur.
lll
Nazim müəllim musiqi təhsilinin müasir problem və
inkişaf meyllərinə dərindən yiyələnmiş
mütəxəssisdir. Geniş erudisiyaya, musiqi savadına malikdir.
Təhsil təşkilatçısı, tədris prosesinin, təhsil
müəssisəsinin, tələbələrin, tələbə
auditoriyasının idarə olunması, müəllim-tələbə
münasibətlərinin səmərəli qurulması sahəsində
səriştəyə yiyələnmiş şəxs,
alimdir. O, yüksək ifaçılıq məharətinə
malikdir. Xalq musiqisini, o cümlədən
muğamlarımızı çox gözəl bilir.
Professor Nazim Kazımovun pedaqoji və elmi fəaliyyəti
üzvü vəhdət təşkil edir. Azərbaycan
muğamlarının tərbiyəvi əhəmiyyəti və
təlim-tərbiyə prosesində onlardan istifadə ilə
bağlı onun bir sıra araşdırmaları, əsərləri
vardır. 1997-ci ildə professor Vidadi Xəlilovun elmi rəhbərliyi
ilə "Ümumtəhsil məktəblərində
şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında
muğam nümunələrindən istifadə üzrə
işin sistemi" mövzusunda dissertasiya yazaraq müdafiə
etmiş, pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almışdır, professordur. Həmin dissertasiya əsasında
"Ümumtəhsil məktəblərində
muğamların tədrisi məsələləri"
monoqrafiyasını (2000) çap etdirmişdir. Həmin
monoqrafiya, eyni zamanda "Tar, kamança, qanun ixtisası
üzrə pedaqoji təcrübə" proqramı (Bakı
1998), "Ümumtəhsil məktəblərində
muğamların tədrisi və tərbiyəvi əhəmiyyəti"
(1996), "Tar ilə fortepiano üçün pyeslər"
mövzusunda proqram, metodik vəsait və kitabçalar, bir
çox elmi məqalə musiqi müəllimlərinin,
Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli
Konservatoriyanın, həm də orta ixtisas musiqi məktəblərinin
müəllim və tələbələrinin stolüstü
kitabıdır.
N.Kazımov milli musiqimizin fəal təbliğatçısıdır,
məşhur musiqi xadimlərimizin həyat və fəaliyyətini
tədqiq edir, respublikamızın musiqi ictimaiyyətinə, vətəndaşlarımıza
çatdırır. Asəf Zeynallı, Səid Rüstəmov,
Asəf Zeynallı adına Musiqi Texnikumu (İndiki Musiqi
Kolleci) haqqında əsərlər yazaraq nəşrinə
nail olmuşdur.
"Tar ilə fortepiano üçün pyeslər"
(1999), "Ümumtəhsil məktəblərində
muğamların tədrisi məsələləri"
(2000), "Səid Rüstəmov", "Asəf
Zeynallı", "Musiqi kolleci-110" (2008), "Adil Gəray
Məmmədbəyli" monoqrafiyaları, "Pedaqoji təcrübə"
kitabı (2007) sevilə-sevilə oxunur.
Bundan başqa, Nazim müəllim təlimi Azərbaycan
və rus dillərində aparılan ümumtəhsil məktəblərinin
I, V, VII və VIII sinifləri üçün "Musiqi"
dərsliklərinin həmmüəlliflərindəndir.
Professor Nazim Kazımovun direktoru olduğu Musiqi
Kollecinin tələbələri də öz uğurları ilə
respublikaya səs salır. Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə təşkil
olunan muğam ifaçılığı müsabiqələrində
Musiqi Kolleci tələbələri hər dəfə
böyük nailiyyətlər qazanırlar. Müsabiqələrdə
Kollecin məzunlarından Təyyar Bayramov, Babək Niftəliyev,
Güllü Muradova, Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Rəvanə
Ərəbova müsabiqədə layiqli yerlər tutmuşlar.
lll
Nazim Kazımovun Azərbaycan musiqisi haqqında fikirləri
ciddi maraq doğurur. Ötən ilin sentyabrında "Azərbaycan
müəllimi" qəzetində Nazim müəllimin
Günel Abbaslıya verdiyi müsahibə dərc edilib. O
müsahibədə xüsusən iki suala Nazim müəllimin
cavablarını təqdim etmək istəyirəm:
- Musiqinin bugünkü vəziyyəti bir peşəkar
kimi sizi nə dərəcədə qane edir?
- Azərbaycan musiqisi dünya miqyasında bəyənilir.
İstər muğamlarımız, istər klassik musiqimiz bizim
üçün bir xəzinədir. Musiqiçilərimiz
dünya səhnələrində, beynəlxalq müsabiqələrdə
iştirak edirlər və dünyanın bir çox ölkələrində
uğur qazanırlar. Bizim musiqini eşidənlər ondan doya
bilmirlər. Mən bir faktı söyləmək istərdim.
Fikrət Əmirovun "Azərbaycan kapriççiosu"
deyilən bir əsəri var. Amerikalı bir dirijor yazır:
"Maestro, mən sizin kapriççionu konsertin
ortasında ifa edəndə həmin mahnıdan sonra zal
boşalır. Tamaşaçılar deyir ki, biz başqa musiqi
eşitmək istəmirik. Bizə icazə verin, sizin
kapriççionu konsertin axırında çalaq ki, camaat
getməsin və xahiş edirik, siz hansı musiqi alətində
çalmısınızsa, onu gətirin Amerikada
görüşək". Fikrət Əmirov tarını
götürüb gedir.
- Bəstəkarlıq da musiqimizlə eyni dərəcədə
inkişaf edir?
- Gənc bəstəkarlarımız var, ancaq qəbul
edirik ki, musiqilər o dövrdəki kimi deyil. Buna müəyyən
zaman lazımdır. O musiqiçilər intibah dövründə
yetişdi. Bu, bütün dünyada belədir, indi Almaniyada da
Bethovenlər yetişmir. Sanki Üzeyir bəy, Qara Qarayev
yazılması lazım olan hər şeyi yazıb gediblər.
Bu gün də gənc bəstəkarlar yazır, yaradır. Mən
əminəm ki, bizim musiqimiz inkişaf edəcək.
Çünki görürəm ki, bu gün də istedadlı
gənclər var, onlar beynəlxalq arenalarda ölkəmizi təmsil
edirlər. Azərbaycan xalqı öz musiqisi ilə
bütün dünyanı fəth etməyə qadirdir.
lll
Nazim Kazım oğlu Kazımovun uğurları
çoxdur. Bu uğurlara görə o başqalarının
qarşısında öyünmür. Sadəcə
çalışır ki, öz əməyi, zəhməti ilə
nailiyyətlərinin sayını artırsın. Nazim müəllim
sadə, mehriban, xeyirxah, humanist, səmimi, alicənab
insandır. Yüksək insani keyfiyyətləri ilə
böyük hörmət və nüfuz qazanmışdır.
İstər rəhbərlik etdiyi pedaqoji kollektivin üzvləri,
istər tələbələr, istərsə də musiqi aləmində
sevilir.
Professor Vidadi Xəlilov "Sadiqlik nümunəsi"
adlı kitab nəşr etdirib. Həmin kitab Əməkdar incəsənət
xadimi, professor Nazim Kazımovun həyat və
yaradıcılığını diqqət mərkəzinə
gətirir.
lll
Dövlətimiz musiqinin tədrisi, musiqi
kadrlarının yetişdirilməsi, musiqi sahəsindəki
şəxsi xidmətlərini nəzərə alaraq, onu
Əməkdar incəsənət xadimi fəxri adına layiq
görmüşdür. O, Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə II dərəcəli
Əmək ordeni; Təhsil və Elm Nazirliyinin "Qabaqcıl
təhsil işçisi" döş nişanı ilə təltif
edilmişdir. Bundan başqa, Nazim müəllim
"Qızıl qələm" mükafatı
laureatıdır.
lll
Professor Nazim Kazımov vaxtilə dahi Üzeyir Hacıbəylinin
direktoru olduğu, zəngin ənənələri ilə
seçilən Musiqi Kollecinə rəhbərlik edir. Üzeyir
bəy iki dəfə fasilələrlə kollecin direktor olub.
Bu təhsil müəssisəsi təkcə respublikamızda
deyil, Yaxın Şərqdə ilk musiqi təhsili məktəbidir.
Nazim müəllim var gücü ilə
çalışır ki, Üzeyir bəyin ənənələrini
qorusun, yaşatsın, onun adına layiq rəhbərlik
üslubu tətbiq etsin.
75 illik yubiley günlərində ona nə arzu edərdik?
Xoş əhval, sağlam və uzun ömür,
yaradıcılıq uğurları, Musiqi Kollecinin
uğurlarını görüb sevinmək arzusu! Əziz Nazim
müəllim, 75 yaşın mübarək!
Akif ABBASOV,
Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi
katibi, Əməkdar müəllim, pedaqogika elmləri doktoru,
professor
525-ci
qəzet .- 2025. -4 aprel(№55).- S.12.