Milli mətbuat
tariximiz: iki "Yoldaş"a bir nəzər
Azərbaycan milli mətbuatının təməl
daşı "Əkinçi"dən iki il sonra Tiflisdə
"Ziya", "Ziyayi-Qafqaziyyə, "Kəşkül"
meydana gəldi. Ardınca "İrşad", "Həyat",
"Molla Nəsrəddin","Füyuzat", "Zənbur","Arı",
"Yoldaş" (qəzet), "Sədayi-həqq",
"İqbal", "Sədayi Qafqaz", "Tuti",
"Sovqat", "Açıq söz",
"Şeypur", "Zəhmət sədası",
"Azərbaycan füqərası", "Məşəl",
"Yoldaş" (jurnal), "Yeni yol", eləcə də
digər qəzet və jurnallar işıq üzü
gördü. Bütün bunlar Həsən bəy Zərdabinin
xalqın ictimai şüuruna milli dirçəliş toxumunu
səpmək arzusunun reallaşdığı zaman idi.
İstər çar mütləqiyyəti, sonrakı
müvəqqəti hökumət zamanında, Azərbaycan Xalq
Cümhuriyyəti, eləcə də Sovetlər hakimiyyəti
dövründə nəşr olunmuş mətbuat orqanlarının
təqib etdiyi məqsəd və məramlar müəyyən
mənada fərqli olsa belə, onları birləşdirən
bir sıra mühüm amillər vardı. Millətin avam,
savadsız olması, mədəni geriliyin hökm sürməsi,
dini xurafatın, fanatizmin xalqı kor qoyması... bütün
bunlar maarifçi ziyalıların, naşirlərin, qəzet
və məcmuə sahiblərinin ürəkdə
daşıdığı dərdlər idi və onlar bu
naqisliklərə qarşı mübarizə aparmaq əzmilə
meydana çıxdılar.
Bu gün XX əsrin əvvəllərinin dövri mətbuatını
vərəqləyərkən, bəlkə də, 100-130 il əvvəlin
mətbuatında qaldırılan problemlərlə, hadisələrlə
artıq qarşılaşmadığımızdan indi
onlardan bəhs etməyin elə də böyük əhəmiyyətə
malik olmadığı düşünülə bilər. Eləcə
də o zaman işıqlandırılan məsələlər
günümüzlə səsləşmədiyindən, mətnlərin
dil-üslub cəhətdən zəif, qüsurlu olduğu
vurğulanar. Unutmayaq ki, həmin dövrdə insanları
ağır şəraitdə yaşamağa məhkum edən,
məhvə sürükləyən idarəçilik
üsullarını, millətin inkişafına qənim kəsilənləri
ifşa etməyin özü böyük cəsarət idi.
Başqa bir tərəfdən, dilimizin inkişaf etmədiyi bir
zamanda mətnlərdə çətin anlaşılan
sözləri qüsurlu hesab etmək doğru deyil. Əslində
hər biri dövrünün aynası olan qəzet və
jurnalların mətbuat tariximizin inkişafına təsirini
etiraf etməliyik...
Beləliklə, sərlövhədə adını
çəkdiyimiz qəzet və jurnal haqqında icmal xarakterli
yazımızda məqsəd XX əsrin əvvəllərində
fəaliyyət göstərmiş bu mətbuat
orqanlarının dövrün ictimai, siyasi həyatını
əks etdirməsi istiqamətində dərc etdirdiyi
materiallara nəzər salmaqdır. 1907-ci il avqust ayının
22-də "Hümmət" sosial-demokrat qrupunun orqanı
olan, siyasi, iqtisadi, ictimai və ədəbi istiqamətli
"Yoldaş" qəzeti olduqca çətin bir dövrdə
meydana gəlmişdi. Xalqın ağır güzəranı,
çar rejiminin sərt qayda-qanunları, maddi çətinlik,
yeni üsullu məktəblərin olmaması, millətin ictimai
halına təsir edəcək mətbuatın
yaranmasını zəruri edirdi. "Yoldaş" qəzeti də
bu səbəbdən meydana gəldi və məramı
xalqı öz azadlığı yolunda mübarizəyə
hazırlamaq, mədəni inkişafına təsir göstərmək
idi. Həftədə iki dəfə -şənbə və
çaharşənbə günləri nəşr olunan qəzetin
baş redaktoru Əsədulla Axundov, redaktoru isə Məhəmməd
Əmin Rəsulzadə olmuşdur. Qəzet Nikolayevski
küçəsində yerləşən Orucov
qardaşlarının mətbəəsində nəşr
olunurdu.
Qəzetdə yer almış həcmcə ən
kiçik məlumat-xəbərlər belə, zamanı
üçün böyük maraq kəsb edirdi. Elə əlimizdə
olan iki nömrədə (22 avqust və 1 sentyabr) verilmiş
yazıları nəzərdən keçirdikcə
düşüncəmizdə qəzetin ideya istiqaməti
haqqında ilkin təsəvvür yaranır. İlk və son
səhifələrində kiçik xəbərlər, elan və
bildirişlər, digər səhifələrdə isə
ciddi, siyasi, ictimai məzmunlu məqalə, felyeton, şeirlər
yer alıb.
Qəzetin ilk sayında diqqətimizi cəlb edən
siyasi, iqtisadi, ictimai və qeyri islahatlara dair türk-rus və
rus-türk lüğətinin nəşri, digər
kitabların, kağız, dəftər, qələmlərin
satışı, teatrlarda nümayiş olunacaq "Hacı
Qara" tamaşası barədə müxtəsər məlumat,
mətbuata edilən təcavüzlərlə bağlı xəbərlər
nəzərə çatdırılır. Bakıda, xarici olkələrdə
baş vermiş hadisələr haqqında siyasi, ictimai məzmunlu
yığcam yazılar əslində mətbuatla oxucu
arasında ünsiyyət yaratmağa təşəbbüslər
kimi anlaşılır.
Bütün zamanlarda maarifçi ziyalılar,
yazıçılar, mühərrirlər mətbuatı
xalqın tribunası hesab ediblər. Çünki xalqın
gözünün açılması, elmə, təhsilə
cəlb olunması və maariflənməsində mətbuatın
rolu misilsizdır. Elə bu səbəbdən də çar
üsul-idarəsi qəzet və jurnalların nəşrinə
həm çox çətinliklə icazə verir, həm də
onların yaşamasına maneələr yaradır, əksərinin
fəaliyyətinə qadağalar qoyurdu. Belə bir mühitdə
mətbuat güclə "nəfəs alır"dı.
"Yoldaş" yazırdı ki, mətbuata edilən təcavüzlər
bütün qəzet və məcmuə naşirlərini həddən
ziyadə narahat edir. "Hər gün təzələnən
qaydalar, nəşriyyatı öylə bir çətin,
müşkül hala salmışdır ki, bir çox qəzetə
idarələri bu şərtlərin nəhayət dərəcədə
ağır olduğuna qatlaşa bilməyib özləri
öz qəzetlərini bağlayıb getmişlər..."
Bakıda keçirilən "İkinci müəllimlər
ictiması"nın (toplantısı) mahiyyətini
açıqlayan, müəllimlərin
hazırlığı, uşaqlarla iş prinsipinin analitik
düşüncəylə xarakterizə olunan məqaləni
həyəcansız oxumaq mümkün deyil. Həmin
toplantıdan bəhs etdiyi məqalədə Məhəmməd
Əmin Rəsulzadə mollanümaların müəllimlərə
etdiyi hücumlardan, yaşatdığı acılardan bəhs
edir, tövsiyəsini verir, sonda isə onlara
çağırış edirdi: "Haydı, müəllim
qardaşlar! Hümmət ediniz, burası camaat işidir, səmimiyyət
istər, qeyrət tələb edər. Camaatımızın
ehtiyacları çoxdur... Çalışın ki, camaat məktəblərini
aldığı ada layiq edəsiniz! Çalışın
ki, camaatı təhlükəyə salan bəzi hissiyyat, onu qəflətdə
saxlayan mövhumat və bunlara meydan açan üsuli-tədris
və təlim bilmərrə məktəblərdən
qovulsun!" Yazının altında "İdarədən"
verilmiş belə bir qeyd var: İctima
açıldığı gündən qurtardığı
günə kimi etdiyi müzakirəni ixtisarla qəzetəmizdə
dərc edəriz". Qəzetin sentyabrın 1-də dərc
olunmuş sayında bu müzakirələrin mətni
verilmişdir.
Mövzular müxtəlif olsa da, onların ruhu, qayəsi
bütövlükdə xalq həyatına, təhsilə, gənclərin
tərbiyəsinə, mədəniyyətə söykənirdi.
"İkinci dövlət dumasının qurulması",
"Felyeton" (siyasi mübarizə), "Anarxislərə
dair", "Səmimanə bir dəvət", "Ədəbiyyat"
bölməsində verilmiş şeirlərdə, müxtəlif
məzmunlu xəbərlərdə xalqın həyatında
baş vermiş hadisələrdən bəhs olunur. Qəzetdə
yeni nəslə həsr olunmuş yazılarda qeyd edilir ki,
cavanların avara, davakar, yalançı, səhlənkar, savadsız
olmasının başlıca səbəbi onların
düzgün tərbiyə almaması, məktəbdən kənarda
qalması, anlaqsız, gözübağlı olmasıdır.
"Cavanlara necə kömək etməli" məqaləsinin
müəllifi cavanları məhvə aparan pis vərdişlərin
aradan qaldırılması üçün onlara məxsus bir
qəzetin açılmasını təklif edir.
Qəzet təkcə bizdə deyil, başqa məmləkətlərdə
də dərdlərimizə oxşar hadisələrdən, ədəbiyyata,
mətbuata vurulan zərbələrdən yazır və onlara
münasibət bildirir. Tibbi məlumat, vəba xəstəliyinin
yaranma səbəbləri və ondan qorunmağın yolu geniş bir felyetonda (əslində
məqalədir - Ş.N.) ətraflı şərh olunur.
İdarəyə gələn məktublardan xülasə kimi
bəhs olunan yazılarda isə xalqın açınacaq
halı açıq-aydın göstərilir. Qəzetin nəzər
yetirdiyimiz hər iki sayının materiallarından
göründüyü kimi, onun tək amalı xalqı
mütləqiyyətin, cəhalətin fanatizmin
caynağından qoparıb almaq olmuşdu. Təəssüf
ki, qəzet sentyabr ayında fəaliyyətini
dayandırdı.
lll
1920-ci il ölkədə siyasi mübarizələrin
kəskinləşdiyi vaxtlar idi. Bu dövrdə Bakıda nəşr
olunan qəzet və jurnallarda ölkə həyatında
baş vermiş hadisələrin mahiyyətini xalqa anlatmaq
üçün əsasən siyasi ruhda yazılar dərc
olunurdu. Bu sahədə çoxluq təşkil edən
bolşevik mətbuatı idi. Həmin illərdə
Bakının Spasski (Qasım İsmayılov, indiki Zərgərpalan
- Ş.N.) küçəsindəki binada yerləşən
"Turan" mətbəəsində müxtəlif dillərdə
kütləvi tirajla buraxılan vərəqələrdən
başqa, Bakı bolşeviklərinin orqanı olan "Azərbaycan
füqərası", "Hürriyyət" qəzetləri,
"Bakı fəhlə konfransı əxbarı", "Məşəl"
və "Yoldaş" jurnalları da çap olunurdu.
"Yoldaş" qəzetindən 13 il sonra Gənc
İşçilər İttifaqı tərəfindən həftədə
bir dəfə nəşr olunan ədəbi, siyasi, iqtisadi,
ictimai beynəlmiləl işçi məcmuəsi -
"Yoldaş"ın bu gün yalnız 3-cü nömrəsi
mövcuddur. Lakin bir nömrə də jurnalın məramı,
mətnlərin məzmun və ideyasından bəhs etməyə
imkan verir. Mir Cəfər Cavadzadənin müdirliyi ilə
işıq üzü görən jurnalda dərc olunmuş
yazıların dili sadə, təmiz və asan oxunandır. Həcmcə
çox da böyük olmayan "Yoldaş"ın ilk səhifəsində
yer alan "Fəal qəzetlərin qapanması münasibətilə"
məqaləsinin sinfi mübarizənin vüsətləndiyi
bir vaxtda mətbuatın xalqı oyada bilən ən
mühüm vasitə olduğu diqqətə
çatdırılır: "Qəzetlər məzlum zəhmətkeşlərin
ürəyindən çıxan fəryaddır, bir
insanın ağzını qapamaqla ürəyindəki atəşi
söndürə bilməz... İştə mətbuat da
böylədir. Əgər zəhmətkeşlərdə
inqilabi ruh varsa, mətbuatın bağlanması ilə sönməyib,
daha da yüksələcəkdir".
"Zəhmət-kapital" şeirində
kapitalın insan həyatında yaratdığı
"sıxıntı, zülm, cəhalət, kədər, əzab,
zillət"lə zəhmətin ali varlığa verdiyi
"səfa, behcət, səadət, hörmət, şəfaət"
kimi nəcib keyfiyyətlər qarşılaşdırır.
"Sərvətdarlara xitab"da insafsız, namussuz, ədalətsiz
varlıların yoxsullara etdiyi zülmlər ifşa olunur.
"Sərvətdarlara" şeirində isə "Çəkil
ey zülm edən zalım! - yazıq işçi əziyyətdən,
Qurtarsın, olsun azad həm də bu azar möhnətdən"
deməklə, müəllif fəhlə-kəndliyə
göz açmağa imkan verməyən mərhəmətsizlərə,
zülmkarlara nifrət püskürür.
Bu elə bir vaxtdır ki, Qırmızı ordunun səsi,
avazı yaxınlıqdan eşidilir, "füqərayi-kasibə"
şadlanır, yeni islahatlar qurmaq arzuları ilə yaşayan
demokratik hökumətin adamları isə təşvişdədirlər.
Onların xəyallarla yaşadığını israr edən
müəllifin fikirləri "Xülyalar"da bolşevizm
mövqeyindən xarakterizə olunur. Bir qədər pafoslu səslənən
"Azad Dağıstan" məqaləsində çarizmin
camaata yaşatdığı ağrılar xatırlanır.
"Kommunist mütəəllimlərin mütəəlim və
mütəəllimə yoldaşlara xitab"ında məktəblərdə
Nikolay hökumətindən qalan qaydalar pislənir, məktəblərdə
yeni düşüncəli, savadlı müəllimlərin
işləməsi arzu edilir.
Jurnalda maraq doğuran məqalələrdən biri də
"İrəvanda firqəçilik, yaxud tarixi məlumat"dır.
İrəvanda təxminən 1917-18-ci illərdə məsləksiz
ağaların zərərli məramnamələrlə
yaratdıqları firqələrin fəaliyyəti ifşa
olunur. Zalım daşnakların məramını anlayan
müsəlman ziyalılarının münaqişənin
yatırılmasından ötrü yaratdıqları beynəlmiləl
Şura və onun orqanı olan "Cavanlar
şurası"nın az müddətdə fəaliyyəti
- dövrün tarixi hadisələri ardıcıllıqla izlənilir.
Bu tarixi, siyasi hadisələrin iştirakçısı olan
M.Ə.İrəvanlının zamanı güzgü kimi əks
etdirən xatirə yazısı tarixilik baxımından
çox dəyərlidir. "Yoldaş"ın son
yazısı, Məlikə xanımın "Zəhmətin nəfi"
hekayəsində Qarabağ mahalının
"Qaryağin" kəndinin relyefi, təbiəti, əhalisinin
güzaranından bəhs olunur. Və hekayə, əsas mətləb
açıqlanmadan, "Mabədi var"la bitir.
Biz bu yazıda hər iki mətbu orqan haqqında
müxtəsər məlumat verməyə, onların məramını
xarakterizə etməyə çalışdıq. Əsas da
odur ki, eyni adda mətbuat orqanının fərqli cəhətlərinə
və onları birləşdirən bir sıra mühüm
amillərə nəzər saldıq. Mühüm olan da budur
ki, hər iki qəzet və jurnalın milli mətbuatımızın
inkişafına təsiri danılmazdır.
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
525-ci
qəzet .- 2025. -4 aprel(№55).- S.11.