Azad xatirələr
(1-ci yazı)
Orta məktəb illərinin yay tətilləri hər
il bir-birindən maraqlı keçirdi. Demək olar ki, hər
şey yadımdadır. Dağlar, dərələr, təpələr,
çaylar. Dünyanın möcüzəsi idi. Gün ərzində
dəfələrlə dəyişən gah yağmurlu, gah
dumanlı, gah da ki, günəşli hava. Heyranedici mənzərələr
yaranırdı. O mənzərələr heç vaxt
yadımdan çıxmır. Xatirələr sanki canlı
şəkildə daim mənimlə danışır. Səhər
tezdən gün çıxmamış qoyun-quzuların mələşməsi,
çobanların hay-küyü elə bil hər
açılan səhərimizin melodiyası idi. Bu melodiya
alaçıqlarda səhərin şirin yuxusunda olan hər
bir kəsə "sabahınız xeyir olsun" deyirdi. Kəlbəcər
yaylaqlarında gün bax beləcə başlayırdı.
Açılan səhər süfrələrindəki
qaymağın, südün, pendirin, balın ətri hər
bir alaçıqdan ətrafa yayılırdı. Dupduru
bulaqların suyundan hazırlanan samovar çayının ləzzəti
isə bambaşqa zövq idi.
Kəlbəcərin hər qarışı gözəldir.
Tanrı bu diyara sanki ən xoş anlarında sığal
çəkib. Hər yan kəklikotu, qantəpər,
yarpız, saysız-hesbsız gül-çiçəyin ətrinə
bürünüb. İnsan o yerlərlə bağlı xatirələrə
dalarkən həmin ətirlərin təsirindən bihuş
olur, özünü sanki cənnət bir məkanda hiss edir. Kəlbəcərin
dağları, yaylaqları, dərələri, təpələri,
çayları, qayaları, bulaqları, gül-çiçək
ətirli düzləri xatirəmdə daim yaşayıb və
yaşayır. Amma bu xatirələr torpaqlarımız,
Qarabağımız və Kəlbəcərimiz kimi
düşmən girovluğunda idi, dustaq idi, təcavüzə
məruz qalmışdı, işğal olunmuşdu. Ona
görə 30 il müddətində xatirələrimi
çözələyə bilmirdim.
Uşaqlığımın xatirələri məni əzirdi,
incidirdi. Gözəl, əsrarəngiz Kəlbəcərim barədə
xatirələrim qatı dumandan görünməyən
dağ zirvəsi idi. Ha istərdim ki, o dumanı qovam, zirvəni
aydın görəm. Amma bunu bacarmırdım, nail ola
bilmirdim. İndi isə xatirələrim azaddır.
Torpaqlarımız, Qarabağımız, Kəlbəcərimiz,
Laçınımız, Zəngilanımız və digər
ərazilərimiz kimi mənim xatirələrim də
işğaldan, dustaqlıqdan, girovluqdan azad oldu. Bu Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun
şücaəti sayəsində oldu.
44 günlük Vətən müharibəsi və
antiterror əməliyyatı düşmənin
başını əzdi, məhv etdi, torpaqlarımız
işğaldan azad oldu, düşməndən təmizləndi.
Azad olan torpaqlarımız yenidən dirçəldi,
gül-çiçək ətri yenidən o ərazilərə
qayıtdı. O yerlərin sakinləri kimi. Xatirələrimiz
də yenidən yaddaşımızın ala-toran səhifəsindən
ağ, işıqlı səhifəsinə keçdi.
İndi Kəlbəcərlə bağlı xatirələrimi
qürurla, sevinclə çözələyə bilərəm.
Xatirələrim çoxdur. Amma bəzi məqamlar barədə
böyük həvəslə yazmaq istəyirəm.
Akif TƏVƏKKÜLOĞLU
525-ci
qəzet .- 2025. -4 aprel(№55).- S.10.