Moskvada “Azərbaycanın
mühacir ədəbiyyatı” kitabı nəşr olunub
Rusiya paytaxtında “Azərbaycanın mühacir ədəbiyyatı”
kitabı nəşr olunub.
APA-nın Rusiya bürosu xəbər verir ki, kitaba
Baninin “Qafqaz günləri” avtobioqrafik romanı və Qurban Səidin
“Əli və Nino” romanı daxil edilib.
Banin “Qafqaz günləri” avtobioqrafik romanında 1920-ci
illərdə Bakı cəmiyyətinin müxtəlif təbəqələrinin
həyatından, varlıların və kasıbların
zövq və vərdişlərindən, sadə insanların
durumundan bəhs edir. Romanda yazıçının ailəsinin
şəxsi faciəsi və ötən əsrin əvvəllərində
böyük sarsıntılar dövründə Azərbaycan
xalqının həyatında baş verən faciəvi hadisələr
öz əksini tapıb.
Qurban Səidin "Əli və Nino" romanı isə
azərbaycanlı müsəlman Əli Xan Şirvanşir ilə
gürcü xristian Nino Kipiani arasındakı məhəbbətdən
bəhs edir.
“Azərbaycanın mühacirət ədəbiyyatı”
kitabı məhdud tirajla nəşr olunub və Rusiya
Federasiyasının və MDB ölkələrinin
kitabxanalarında və ixtisaslaşmış müəssisələrində
təmənnasız yayım üçün nəzərdə
tutulub.
Kitabının təşəbbüskarı, tərtibçisi
və müqəddiməsinin müəllifi tibb elmləri
doktoru, professor Mehman Məmmədovdur. Son 5 ildə alimin
Moskvada Azərbaycanın mədəniyyətinə və
tarixinə dair silsilə kitabları çap olunub.
525-ci
qəzet .- 2025. -4 aprel(¹55).- S.9.