Ankarada “Zəfər dastanı:
Çanaqqaladan Qarabağa” adlı qala-konsert təşkil olunacaq
Mayın 31-də Ankara Dövlət Opera və Balet
Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin anadan olmasının 140 illiyi ilə əlaqədar
Azərbaycan-Türkiyə opera sənətçilərinin
iştirakı ilə “Zəfər dastanı: Çanaqqaladan
Qarabağa” adlı qala-konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ankaradakı Azərbaycan
Mədəniyyət Mərkəzinin Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin Opera və Balet Baş İdarəsi ilə
birgə layihəsi əsasında keçirilməsi
planlaşdırılan konsert proqramında Üzeyir Hacıbəylinin
əsərləri ilə yanaşı, qardaş ölkə bəstəkarlarının
da bir neçə əsəri ifa olunacaq.
Konsert proqramını Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov və
Türkiyə tərəfdən Rüstem Rahmedov idarə edəcəklər.
İfaçılar sırasında Azərbaycanın Xalq
artistləri Azər Zeynalov, Samir Cəfərov, Fidan
Hacıyeva, Türkiyənin tanınmış opera müğənniləri
Güner Erkan, Ece İşcan, Yiğitcan Tatlıoğlu,
İbrahim Sarıpinar, Arda Doğan, Ezgi Bıçıcı
və Beste Şahin yer alır. Onları Ankara Dövlət
Sinfonik orkestri və TRT Xor Kapellası müşayiət edəcək.
Türkiyədəki Azərbaycan Mədəniyyət
Mərkəzindən verilən məlumata görə, mərkəzin
direktoru Samir Abbasovla Türkiyə Mədəniyyət və
Turizm Nazirliyi Dövlət Opera və Balet Baş İdarəsinin
rəhbəri Tan Sağtürk arasında keçirilən
görüş nəticəsində iki ölkə mədəniyyət
nazirlikləri arasında imzalanmış 2025-ci il üzrə
“Azərbaycan və Türkiyə arasında mədəniyyət
sahəsində əməkdaşlığa dair yol xəritəsi”nə
uyğun olaraq hər iki ölkə sənətçilərinin
iştirakı ilə Ankarada Azərbaycan bəstəkarlarının
opera əsərlərindən ibarət ortaq konsert
proqramlarının təşkili, habelə Üzeyir Hacıbəylinin
əsərlərinin Türkiyədə opera ilə
bağlı konsertlərin daimi repertuarına daxil edilməsi
razılaşdırılıb.
525-ci
qəzet .- 2025. -4 aprel(¹55).- S.9.