Media nə
üçündür?
Sosial şəbəkədə yazılanlar
Aqşin Yenisey, şair:
- Özünü "çoban" adlandıran bir
şəxsin alimləri işlətdiyini deməsini
qıcıqla qarşılamaq həyat məktəbini
"qırmızı diplomla" bitirməməkdən xəbər
verir.
Bu mövzuda əsas məsələ niyyətdir.
Alim pul qazanmaq niyyəti olub qazana bilməyən adam
deyil. Alim pul qazanmaq niyyəti olmayan adamdır. Yəni alim
öz varlığını pulla mənalandırmayan
adamdır.
İnsan özünü nəylə mənalandırmaq
istəyirsə, ona çevrilir. Biz öz mənamızıq.
Hətta bəzilərimiz bizi mənaladıracaq vasitədən
savayı bir şey deyilik. Pul sıraviləri mənaladıran
bir dəyərdir.
Napoleon deyəndə kimin ağlına onun
pulqabısı gəlir?
Alimin niyyəti pul qazanmaq olsa, o, bəsit iqtisadi
münasibətlər sistemində şeytana da papış tikər.
Alim pulu qarnı üçün qazanır,
varlığını mənalandırmaq üçün
deyil.
Varlığı qarnından, əyin-başından
ibarət olan adamlara baxıb alimi, elmi yazıqlaşdırmaq
yanlış düşüncədir.
Alim o vaxt yazıqlaşar ki, onu xoşbəxt edən
dəyər çobanı xoşbəxt edən dəyərlə
eyniləşər.
Qismət Rüstəmov, şair:
- "Kulis"də Axundov haqqında primitivlikdə
tayı-bərabəri olmayan bir yazı oxudum. Müəllifin
iddiası belədir: Axundov "Hacı Qara" pyesini
sifarişlə yazıb, səbəbi də budur ki,
Şekspirin "Venesiya taciri" əsərində yəhudilər
aşağılanır, onu unutdurmaq üçün müsəlmanları
tənqid edən əsər sifariş edilib.
Maarifçiliyin mahiyyətini aydın şəkildə
dərk etmək lazımdır. Axundov özündən ədəbi
istiqamət, cərəyan kəşf etməyib; ondan əvvəl
bütün Avropada geniş vüsət alan maarifçilik hərəkatı
vardı, hamısı da öz cəmiyyətlərini tənqid
edirdilər. İndi nədir, Russonun, Volterin məqsədi
fransız xalqını, Tomas Hobbsun, Con Lokun da əsas qayəsi
ingilis xalqını, eləcə də xristianlığı
gözdən salmaq idi?!
Şair düz deyib e: "İnsan bir
akşamüstü ansızın yorulur..."
Şəfəq Mehrəliyeva, media eksperti:
- Audiovizual Şuranın "Kanal S"
televiziyasında yayımlanan "Sözün bitdiyi an"
proqramında səsləndirilən fikirlərlə
bağlı açıqlamasını gördükdən
sonra orijinal videoda aparıcının
çıxışı ilə tanış oldum.
Şuranın narahatlıq və qınağı çox
yerində ifadə edilmişdir.
Milli mətbuatımızın 150 illiyini qeyd etdiyimiz
bir dönəmdə ölkədə media və jurnalistika
mövzuları həmişəkindən daha çox diqqətə
saxlanılmalıdır. Media mühiti informasiya
texnologiyalarının inkişaf sürəti təzyiqi ilə
dəyişdikcə jurnalistika, azad söz, ictimai kürsüdən
məsuliyyətli rəyin formalaşması kimi mövzular dəfələrlə
ələkdən keçirilməlidir.
Sözü gedən proqramda aparıcının "mən...mənim"
və subyektivliyində israr edən digər ifadələrdən
istifadə etməsi jurnalistikanın - istər informativ, istər
müəllif- kanonlarını əks etdirmir.
Bir daha xatırlatmağa dəyər ki,
MEDİA NƏ ÜÇÜNDÜR?
Media ictimai vəkil missiyasını yerinə yetirərək
mənbələri sorğulayır və ictimaiyyəti daha
yaxşı qərarlar qəbul etmək üçün dəqiq,
qərəzsiz, faydalı, operativ məlumatla təmin edir!
Rəy jurnalistikasına gəldikdə,
aparıcılar yuxarıda qeyd edilən medianın təyinində
obyektivlikdən çox yayınmamaq məqsədi ilə
empatiya hissini qurmağı bacarmalıdılar. Çünki
onlar öz adlarından deyil, kürsüdə ictimaiyyət
adından çıxış edirlər.
Bunun ən doğru yolu, ADA Universitetinin media dərslərində
tələbələrimizə
xatırlatdığımız kimi, ritorikada şəxsi əvəzliklərin
istifadəsinə fikir vermək və ehtimal, fərdi rəy
deyil, faktoloji məzmuna üstünülük verməkdir.
"Mən", "mənim fikrimcə", "məncə",
"mənim misalımda", "hamı kimi",
"heç zaman" və s. ifadələr jurnalistin istifadə
etməkdən mümkün qədər çəkinməli
olduğu siyahıda olmalıdır. Onlardan istifadə etdikdə
isə, arxasında duran obyektiv dəlillər göstərilməlidir.
Jurnalistin işi "ictimai vəkil" olaraq
müzakirə prosesində ictimaiyyətin marağını təmsil
etməkdir. Burada fərdi subyektiv rəydən çəkinmək
peşəkar jurnalisti daha dəqiq, qərəzsiz və
faydalı məzmuna və nəticədə, öz
missiyasını daha yaxşı yerinə yetirməyə
istiqamətləndirə bilər.
Elxan Şahinoğlu, politoloq:
- Ermənistanın ikinci böyük şəhəri
olan Gümrüdə bələdiyyə seçkilərində
Komminist Partiyasının hakim "Vətəndaş
Müqaviləsi" Partiyasından sonra ikinci yeri tutması
diqqət çəkicidir. Ermənistan Kommunist Partiyası
Gümrüdəki uğurunu ölkə ərazisinə
yaymağa çalışacaq. Kommunist Partiyası erməni cəmiyyətində
nüfuzu azalan keçmiş prezidentlər Robert Köçəryan
və Serj Sərkisyanın partiyalarını müxalifət
cinahında əvəz etmək istəyəcək. Əslində
Ermənistan Kommunist Partiyasının digər müxalif
partiyalardan elə böyük fərqi yoxdur. Bu partiya da
Qarabağ separatizminə dəstək verib və İkinci
Qarabağ müharibəsində məğlubiyyətə
görə Baş nazir Nikol Paşinyanın istefasını tələb
edib. Erməni kommunistlər son illərdə parlament
seçkilərində uğur qazanmayıblar, ancaq
Gümrüdəki nailiyyət onları ölkə üzrə
fəallaşdıracaq. Partiyanın adından və
ideologiyasından aydındır ki, erməni kommunistləri Qərblə
əməkdaşlıq əvəzinə Rusiya ilə müttəfiqliyin
tərəfdarıdırlar. Son çıxışında
Robert Köçəryanın və Serj Sərkisyanın
ünvanına "sizi divara çırparam" deyən
Paşinyan parlament seçkilərinə qədər erməni
kommunistlərin də zəif nöqtələrini
tapmalıdır.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun
prezienti:
- "Starlink" Azərbaycanda nəyi dəyişəcək?
Güman ki, biz bundan sonra siyasi müxaliflərin
maşınlarında və mənzillərinin balkonlarında
mini Starlink antenləri görə biləcəyik.
Uzun müddət "Starlink"in Azərbaycan
bazarına daxil ola bilməməsi, tənzimləyici
qurumlardan, qanunvericilikdə nəzərdə tutulan qaydada
DTX-dan icazə məsələləri də müzakirə
predmeti olmuşdu.
Nəhayət, hökumət həm də 4-cü
magistral operator hesab olunacaq bir provayderin - "Starlink"in
internet bazarına girişinə icazə verib.
Bu, nəyi dəyişəcək ?
Dərhal qeyd edim ki, çox şeyi dəyişəcək.
"Starlink" sadəcə yeni bir internet provayderi
deyil. Bu, Azərbaycan internetinin daha da
müstəqilləşməsi, alternativliyin artması və
həm də, necə deyərlər, rəqəmsal ədalətin
genişlənməsi deməkdir.
Bəzən, siyasi müxaliflər, ictimai fəallar,
siyasi jurnalistlər internet bağlantısı
imkanlarının olmaması, onun məhdudlaşdırılması
və izlənilmə ilə bağlı açıqlamalar
verirdilər.
"Starlink" peyk internet isə baha olsa da,
dünyada daha müstəqil və hökumətlərin
müdaxiləsindən daha az asılı bağlantı hesab
olunur.
Əlbəttə, əgər hökumət icazə
veribsə, düşünmək olar ki, "Starlink"lə
də sorğu əsasında
qanunvericilikdə nəzərdə tutulan məlumatların
hökumətə təqdim edilməsi məqamları nəzərə
alınıb.
Amma istənilən halda hökumətin ölkədə
belə bir imkan yaratması ciddi məsələdir.
Bununla da, ölkədə informasiya azadlığı
və internet azadlığının daha da inkişaf edəcəyini
proqnozlaşdırmaq olar.
Yəni bundan sonra güman ki, bizim müxaliflərin,
siyasi partiya rəhbərlərinin, fəalların maşınlarında, mənzillərinin
balkonlarında ən azı mini "Starlink"antenləri
görə biləcəyik.
Eyni zamanda ölkəmizdə ucqar kəndlər,
dağlıq bölgələr, sərhəd əraziləri
üçün həyat dəyişəcək. İllərlə
keyfiyyətli internetdən məhrum olmuş ucqar məktəblər,
bələdiyyələr, mədəniyyət evləri ,
kitabxanalar, dənizdəki platformalar, tikinti-kəşfiyyat sahələri,
aqro təsərrüfatlar qlobal şəbəkəyə
çıxış əldə edə biləcəklər.
Bu isə ölkədə rəqəmsal transformasiyaya daha da təkan
verəcək.
Azərbaycanda indiyədək 3 bəkbon (magistral)
provayder olub. Yəni ölkəyə interneti 3 qurum gətirirdi.
İndi isə bunların sayı 4 oldu.
Yəni "Starlink" ölkəmizdə magistral
provayder hesab oluna biləcək bir operatordur.
Biz 16 noyabr 2015-ci il ildə "Delta Telecom"da
baş verən partlayışla ölkəyə daxil olan
internetin bir nöqtədən asılı olmasının ciddi
fəsadlarını görmüşük.
Daha müstəqil 4-cü magistralın,
"Starlink"in ölkəmizdə fəaliyyətə
başlaması Azərbaycan internetinin
dayanıqlığı və informasiya təhlükəsizliyi
üçün də mühüm addımdır.
Düşünürərm ki, "Starlink"in bazara
daxil olması internet və mobil sektorda rəqabət və
keyfiyyətin artmasına da müsbət təsir göstərəcək.
Doğrudur, RİNN-in ölkə üzrə internet
problemini həll edəndən sonra "Starlink"i Azərbaycan
bazarına buraxması da diqqət cəlb edəndir.
Görünən odur ki, mobil operatorlar hər gün bəsit
xidmətlərinin tariflərini qaldırılar, keyfiyyətə
və yeni xidmətlrə, 5G-yə etinasız
yanaşırlar.
Bəzən müşahidə edirik ki, bəzi ənənəvi
provayderlər xidmət göstərdikləri ərazilərdə
alternativlərin olmamasından sui-istifadə etməkdə,
inhisarçılıq yaratmaqda maraqlı olurlar.
Güman ki, "Starlink" belə halların
qarşısnın alınmasında da ciddi rol oynayacaq.
Beləliklə, qlobal bir operatorun gec də olsa Azərbaycan
bazarına daxil olması ciddi hadisədir. Bu, ölkədə
innovasiyaların, transformasiyanın inkişafına xeyli
müsbət təsir göstərəcək.
Xatırlayıram ki, nazir Rəşad Nəbiyev bir
neçə dəfə "Starlink" rəsmiləri ilə
görüşmüşdülər.
Hökumətin, RİNN-in bu istiqamətdə səyləri
təqdirəlayiqdir.
525-ci
qəzet .- 2025. -4 aprel(№55).- S.8.