İnkişaf edən
Azərbaycan-Almaniya əlaqələri
Almaniya Azərbaycanın Avropada ən vacib
siyasi-iqtisadi tərəfdaşlarındandır. Azərbaycan
bu ölkə ilə əlaqələrin inkişafına
mühüm önəm verir. 2022-ci ilin fevralın 20-də iki
ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi qeyd olunub. Bu müddət ərzində
Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə
əməkdaşlıq sürətlə inkişaf edib. Bu
baxımdan dünya iqtisadiyyatında və siyasətində
mühüm rol oynayan dövlətlərdən biri kimi Almaniya
ilə qarşılılı hörmət və
qarşılılı faydalılıq prinsipi əsasında əməkdaşlığımızın
davamlı olaraq inkişaf etdirilməsi çox mühüm əhəmiyyət
kəsb edir.
Xalqlarımız arasında əlaqələrin dərin
tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailə
Azərbaycan ərazisinə köçüb, burada
üzümçülüyün və şərabçılığın
inkişafında mühüm rol oynayıb, eləcə də
iqtisadiyyatın digər sahələrinin inkişafına
böyük töhfə verib. Azərbaycanda ilk alman
koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda,
Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri)
salınıb. Sonradan isə Gəncədən 35 kilometr
şimal-qərbdə yerləşən indiki Şəmkir
torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb.
Sonradan isə almanlar bu ərazilərdə yayılaraq Gəncə
və Qazax qəzalarında Georqsfeld (Şəmkirin
Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld
(Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (Şəmkirin
İrmaşlı kəndi), Traubenfeld (Tovuz şəhəri) və
Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni koloniyalar
yaradıblar.
Onlar Azərbaycanın siyasi həyatında da
iştirak ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin
parlamentində milli azlıq fraksiyasının 4 üzvündən
biri alman əsilli Lorentz Kuntz olub. O, Azərbaycandakı alman
icmasını təmsil edib. İndi də Azərbaycan
dövləti və xalqı ölkəmizdə alman tarixi və
mədəni irsinə böyük hörmətlə
yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.
Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr
yüksək səviyyədədir, ali səviyyəli dialoq
mövcuddur. Aprelin 2-də
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin
Azərbaycana rəsmi səfəri Almaniya və Azərbaycanın
əlaqələri genişləndirmək və dərinləşdirmək
sahəsində birgə səylərin əməli addıma
çevrilmiş əyani nümunəsi kimi mühüm əhəmiyyət
kəsb edir. Səfər çərçivəsində iki
prezident arasında təkbətək və geniş tərkibdə
görüşlər olub. İki ölkə arasında əlaqələrin
inkişaf perspektivləri barədə çox geniş fikir
mübadiləsi aparılıb. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Almaniya
Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata
bəyanatlarla çıxış edib və jurnalistlərin
suallarını cavablandırıblar. Əsas müzakirə
Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə
bağlı əldə olunan nəticələrin
reallaşdırılması imkanlarına köklənib.
Bununla yanaşı, aparılan danışıqlarda Almaniya-Azərbaycan
əlaqələrinin gələcək inkişafı ilə
bağlı bir sıra məsələlər, Orta Dəhliz
layihəsi və bu layihədə Azərbaycanın rolu,
ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq
məsələləri müzakirə edilib, yaşıl
enerji ilə bağlı əməkdaşlığa, humanitar
əlaqələrin inkişafına toxunulub. Azərbaycan
Prezidenti cənab İlham Əliyev bildirib ki, “bu səfər
bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir.
İqtisadi sahədə əldə edilmiş nəticələr
bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin
yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən
üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan
Almaniyaya ixrac edilən xam neftin həcminin artması
olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək
illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi
ilə bağlı daha fəal addımlar atmalıyıq,
xüsusilə bərpaolunan enerji sahəsində – harada ki,
Almaniya şirkətlərinin çox böyük təcrübəsi
var, Azərbaycanın da çox böyük proqramı,
planları var. Biz xarici investorların sərmayəsi
hesabına 2030-cu ilə qədər bərpaolunan enerji
növlərinin istehsal gücünü 6 giqavata
çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir
hissəsi Avropaya ixrac ediləcəkdir... Bu səfərin
çox müsbət nəticələri olacaqdır. İkitərəfli
münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana
birinci rəsmi səfəridir.Səfərin yekunları bizim
ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.
Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş
kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin
beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilində suverenliyini və ərazi bütövlüyünü
tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rolunu təqdir edir. Qeyd edək ki,
Almaniya Prezidentinin Azərbaycana səfəri Azərbaycan-Almaniya
etibarlı tərəfdaşlığının hərtərəfli
və yüksələn xətlə inkişafının əyani
göstəricisidir. Əminliklə söyləmək olar ki,
bu səfər bütün sahələr üzrə əməkdaşlığın
daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli
təkan verəcək, gələcək inkişaf
üçün böyük perspektivlər açacaq.
İqtisadiyyat sahəsinə gəldikdə, Azərbaycanla
Almaniya arasında əlaqələr kifayət qədər
inkişaf edib. Ticarət dövriyyəsi genişlənib,
qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə
arasında ümumi ticarət dövriyyəsinin həcmi 1
milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın
xarici ticarət dövriyyəsində əsas ölkələr
sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan
Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon
ABŞ dolları olub. Azərbaycanda qeydiyyatdan keçmiş
239 alman şirkəti var və hazırda onlardan 166-nın fəaliyyəti
aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı,
nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və
xidmət sahəsində fəaliyyət göstərirlər.
Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa-quruculuq işlərində iştiraka maraq
göstərirlər və bununla bağlı müraciət
ediblər.
İki ölkə arasında enerji sahəsində də
əməkdaşlıq yüksələn xətlə
inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti
2013-cü ildə uzunmüddətli qaz tədarükü
haqqında müqavilə imzalayıblar. 2020-ci il dekabrın
31-dən Cənub Qaz Dəhlizi Azərbaycan təbii
qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə
Avropa İttifaqının bazarına çatdırır.
“Uniper” şirkəti Avropa bazarında təbii qazın əsas
alıcılarından biridir. Bu, şirkətin ən
uzunmüddətli qaz alışı layihəsidir (2020-2045).
Bu günə qədər “Azərbaycan Qaz Təchizatı”
şirkəti tərəfindən “Uniper”ə 3,1 milyard kubmetr
qaz təchiz olunub. Bundan əlavə, ötən il SOCAR tərəfindən
Almaniya istiqamətində 1,764,5 min ton xam neft ixrac edilib.
Azərbaycandakı alman şirkətləri bərpaolunan
enerjinin inkişafı layihələrinə də maraq
göstərirlər. Almaniyanın “Berlin Wind” şirkəti tərəfindən
Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin
ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək
Elektrik Parkında yenidənqurma işləri aparılıb və
2018-ci il oktyabrın 11-də parkın
açılışı olub. Ölkələrimiz
arasında səhiyyə sahəsində də əməkdaşlıq
genişlənir. 2008-2016-cı illərdə tibbin prioritet sahələri
üzrə 300-ə yaxın azərbaycanlı tibb mütəxəssisi
Almaniyada təkmilləşmə kurslarına göndərilib.
Bu gün də Almaniyada tibb sahəsində təhsil alan tələbələrin
sayı kifayət qədərdir. Azərbaycan və Almaniya
arasında müqavilə-hüquq bazası olduqca genişdir.
Bu sahədə indiyədək 77 sənəd imzalanıb və
7 sənəd layihəsi baxılmaqdadır.
İki ölkə arasında humanitar əlaqələrin
inkişafından danışarkən qeyd etmək olar ki,
Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində
900-dən çox azərbaycanlı tələbə Almaniyada
təhsil alıb. Eləcə də Alman Akademik Mübadilə
Xidmətinin (DAAD) məlumatına görə, hazırda iki
min nəfərə qədər Azərbaycan vətəndaşı
Almaniyada təhsil alır. Onlardan 75-i DAAD təqaüdçüsüdür
(magistratura və doktorantura səviyyələri üzrə).
Bütün bunlarla yanaşı, ölkəmizdə
alman dilinə böyük maraq var. Belə ki, alman dili ölkəmizdə
bir sıra orta və ali təhsil müəssisələrində
tədris olunur. 2018-ci ildə açılmış Bakı
Qöte Mərkəzi alman dilinin tədrisinə mühüm
töhfə verir.
Azərbaycan Almaniya şəhərləri ilə də
əməkdaşlıq əlaqələrinin qurulmasına
maraq göstərir. Belə ki, Bakı ilə Maynts,
Sumqayıt ilə Lüdviqşafen şəhərləri
“qardaşlaşıblar”. Bütün bunları nəzərə
alaraq əminliklə demək olar ki, bu səfər zamanı
keçirilən görüşlər, aparılan
danışıqlar nəticəsində Azərbaycanla Almaniya
arasında münasibətlər yeni inkişaf mərhələsinə
qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq
əlaqələrinin qurulması və genişləndirilməsi
üçün əlverişli imkanlar yaranacaqdır.
Akif Rəfiyev
Binəqədi rayon Ağsaqqallar Şurasının sədri,
ədliyyə general-mayoru
525-ci
qəzet .- 2025. -4 aprel(¹55).- S.7.