"Almaniya Prezidentinin Azərbaycana səfəri münasibətlərdə yeni səhifə aça bilər"

 

 

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana ilk rəsmi səfəri iki ölkənin münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Almaniya münasibətləri hər zaman yaxşı səviyyədə olub, rəsmi Bakı Berlinlə bir sıra sahələrdə, o cümlədən enerji üzrə sıx əməkdaşlıq qurub. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Amma son zamanlar münasibətlərdə soyuqluq müşahidə olunurdu ki, bu da rəsmi Berlinin müəyyən məsələlərdəki yanaşması ucbatından baş vermişdi.

Bakıda dövlət başçılarının görüşləri zamanı verilən bəyanatlar onu deməyə əsas verir ki, artıq münasibətlərdə daha yeni bir dönəm başlayır.

Azərbaycan Prezidenti alman həmkarının səfərinin iki ölkənin əlaqələrinə yeni müsbət təkan verəcəyini söyləyib: "İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir".

Dövlət başçısı deyib ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır: "Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olub. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir".

Prezidentlərin mətbuata bəyanatları zamanı Frank-Valter Ştaynmayer bir vacib məqama da toxunub: "2022-ci ildə Azərbaycan Almaniyada böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü və mən buna görə Sizə çox təşəkkür edirəm. Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik. Çünki o, hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var".

Almaniya Prezidentinin "Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, bizim mövqeyimizdir və bu mövqe Azərbaycan tərəfindən də konkretləşdirilə bilər", - fikirləri isə səfərdən əvvəl baş vermiş bir sıra təxribatlara ən yüksək səviyyədə münasibətin bildirilməsi idi.

Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra - sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra iki ölkə arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri almanəsilli Lorentz Kuntz olub (Azərbaycanda alman icmasını təmsil edib). Hazırda da ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşılır.

Prezident Frank-Valter Ştaynmayer bu mövzuya diqqət çəkərək şvabiyalı kəndlilərin Azərbaycanda məskunlaşması, şərabçılıq ənənələrini yaratmasından danışıb: "Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar. Bunu ona görə xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir".

Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı "525"ə açıqlamasında Prezident Frank-Valter Ştaynmayerin səfərindən sonra Azərbaycan-Almaniya münasibətlərinin stabil olaraq inkişaf edəcəyinə ümidvar olduğunu deyib. Onun sözlərinə görə, bundan əvvəl hansısa anlaşılmazlıqlar, eyni zamanda kimlərinsə təxribat törətmək istəkləri artıq demək olar ki, Almaniya tərəfindən tam rədd edilib: "Əminəm ki, günahkarlar öz cəzalarını alacaqlar. Azərbaycan ənənəvi olaraq Almaniya ilə çoxşəxəli əməkdaşlığı həyata keçirib və indi bu əməkdaşlıq daha da genişlənəcək. Azərbaycan Almaniya ilə enerji, nəqliyyat, iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlıq edir və ölkəmiz bu istiqamətdə Almaniya üçün ciddi maraq kəsb edir. Ənənəvi enerji sahəsində olan əməkdaşlıqla bağlı onu deyə bilərəm ki, artıq yaşıl enerji sahəsində də mən geniş əməkdaşlıq gözləyirəm. Azərbaycan bu istiqamətdə çox ciddi irəliləyişlərə nail olub və biz istərdik ki, Almaniya ilə əməkdaşlıq, xüsusilə yaşıl enerji sahəsində, eyni zamanda azad edilmiş ərazilərdə də davam etdirilsin".

Deputat söyləyib ki, Azərbaycan ənənəvi olaraq Almaniya ilə mədəniyyət, təhsil sahələrində çox ciddi əməkdaşlıq edib və bu əməkdaşlığın inkişafı üçün böyük bir potensial var: "Düşünürük ki, bu sahədə bizim əməkdaşlığımız yeni bir mərhələyə qədəm qoyacaq".

A.Mollazadə Almaniya liderinin səfərindən əvvəl baş vermiş təxribatların bundan sonra davam edəcəyini də istisna etməyib: "Belə hallar yenə də olacaq. Çünki bu kimi təxribatlara əl atanlar Azərbaycana, dünyaya düşmən gözü ilə baxırlar və qisas almaq istəyirlər. Onların fəaliyyəti məhz nifrət üzərində qurulub. Mən ilk növbədə erməni diasporasının və onlara bağlı olan qüvvələri nəzərdə tuturam. Amma əminəm ki, qarşılıqlı əməkdaşlıq bu cür mənfi halların qarşısını almaq üçün imkanlar yaradacaq. Təbii ki, onlar yenə də cəhdlər edəcəklər, ona görə ki, belə təxribatlar bütün dünyada həyata keçirlir və yenə də davam olunacaq. Çünki zəngin, ancaq nifrətlə yaşayan müəyyən bir şəbəkəyə malik olan erməni icması öz təxribatlarını davam etdirəcək və korrupsiyaya qurşanmış qüvvələri də öz ətraflarına toplayacaqlar". Ermənistanla sülh prosesi və Almaniyanın burada oynaya biləcəyi rola gəlincə, deputat deyib ki, Azərbaycan sülhə hazırdır və dəfələrlə bəyan edib ki, Ermənistanla sülh sazişini imzalamaq üçün bizə hansısa bir platforma, hansısa bir təşkilat, ölkə lazım deyil: "Biz sülh sazişini sərhəddə də imzalaya bilərik. Bu, ikitərəfli proses davam etməlidir, sadəcə olaraq Ermənistan bu prosesdə səmimi olmalıdır, oyunlar oynamamalıdır. Azərbaycanın şərtlərinin qəbul etməklə biz sülh sazişini imzalaya bilərik. Biz bu məsələdə hansısa vasitəçi köməyinə də ehtiyac görmürük".  

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə "525"ə deyib ki, Almaniya-Azərbaycan münasibətlərinin çox böyük perspektivləri var. Bu perspektivlər həm də tarixə söykənir: "Amma çox təəssüf ki, son dövrlərdə Almaniya-Azərbaycan münasibətlərində bir soyuqluq yaranmışdı. Bu da Almaniyanın xarici siyasətdə Fransanın mövqeyindən çıxış etməsi ilə əlaqədar idi. Mənə elə gəlir ki, Almaniya Prezidentinin Azərbaycana səfər etməsi münasibətlərdə yeni bir səhifə aça bilər.

Almaniya tərəfinin Azərbaycan-Almaniya münasibətlərini obyektiv şəkildə qiymətləndirməsi bu münasibətlərin daha da inkişaf etməsinə gətirib çıxara bilər. Hələ tarixə ekskursiya etsək, biz görəcəyik ki, ATƏT-in Minsk qrupu yaradılan zaman Türkiyənin Azərbaycan tərəfindən bu qrupa həmsədr kimi müəyyənləşdirilməsinə digər üzv ölkələr razı olmadıqda, Ulu öndər, böyük dövlət xadimi Heydər Əliyev heç olmasa Almaniyanın həmsədr olmasını təklif etmişdi. Amma buna da razılıq verməmişdilər. Yəni Almaniya ilə Azərbaycan arasında tarixən müəyyən bir etimad mühiti olubdur. Buna görə mən düşünürəm ki, hazırda Almaniya Azərbaycan münasibətlərini yeni səhifədən,  yenidən başlatmaq üçün yaxşı perspektivlər var".

Deputat əlavə edib ki, həm iqtisadi, həm siyasi mənada, həm də nəticə etibarilə mədəni və humanitar sahələrdə əməkdaşlıq imkanları genişdir.

H.Babaoğlu bildirib ki, Azərbaycanın qərb bölgəsində almanların vaxtilə məskunlaşması, bu günə qədər də bəzi ərazilərimizdə, sənayemizdə alman izlərinin qalması bu əsaslar üzərində yeni bir Almaniya-Azərbaycan münasibətlərinin qurulmasına yaxşı bir zəmin yaradır: "Görünən odur ki, Almaniya bu istiqamətdə addımlar atmaq qərarına gəlib. Azərbaycan isə daima Almaniya ilə münasibətlərin yaxşı olmasında maraqlı olub. Son zamanlar ticarət mübadiləsinin artırılması, enerji daşıyıcıları ilə bağlı qarşılıqlı əlaqələrin dərinləşməsi kimi məsələləri qeyd etmək olar. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Almaniya Avropanın ən böyük iqtisadiyyatıdır, ən müasir texnologiyalara sahib olan iqtisadiyyatı var və maşınqayırma sənayesində də müəyyən perspektivlər mümkündür. Bütün bunlar Aımaniya-Azərbaycan münasibətləri üçün yaxşı perspektivlər yaradır. Ümid edirik ki, bu səfərdən sonra Almaniya-Azərbaycan münasibətlərində yeni bir başlanğıc yaranacaq".

 

Pərvanə

525-ci qəzet .- 2025. -4 aprel(№55).- S.5.