"Xaricdə təhsil vəd edən
şirkətlərə ehtiyatla yanaşmaq lazımdır"
Azərbaycan vətəndaşları bir sıra media
resurslarında, eləcə də bəzi şirkətlərin
müvafiq elanlarında müxtəlif xarici universitetlərdə
təhsil almağa təşviq olunur və sonda diplomların
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən
tanınacağı ilə bağlı vədlər, hətta
"zəmanət" də verilir.
Agentlikdən bildirilib ki, xaricdə təhsil şirkətlərinin
fəaliyyətinə nəzarət TKTA-nın səlahiyyətləri
xaricindədir, həmçinin Agentlik xaricdə təhsil sahəsində,
o cümlədən tanınma prosedurları ilə
bağlı heç bir şəxslə, şirkətlə və
ya universitetlə əməkdaşlıq etmir və bu kimi
vasitəçilərin fəaliyyətlərinə görə
heç bir məsuliyyət daşımır.
Xarici dövlətlərin ali təhsilə aid
kvalifikasiyalarının tanınması Prezidentin müvafiq fərmanı
ilə təsdiq edilən "Xarici dövlətlərin ali təhsilə
aid kvalifikasiyalarının tanınması Qaydaları" əsasında
həyata keçirilir.
TKTA xaricdə təhsil almaq istəyən vətəndaşlara
təhsillərini tamamladıqdan sonra əldə olunan
kvalifikasiyanın tanınmasında hər hansı bir çətinliklə
qarşılaşmamaq üçün bir sıra məqamlara
diqqət etmələrini tövsiyə edir.
Seçilən ixtisasların Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq
edilən "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı",
Nazirlər Kabinetinin qərarı ilə "Ali təhsilin
bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı",
"Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi
üzrə ixtisasların Təsnifatı" və "Ali təhsilin
magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda
yer alması, kvalifikasiyanın aid olduğu təhsil müəssisəsinin
fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli
keyfiyyət təminatı qurumu tərəfindən
akkreditasiyadan keçməsi və dövlət
lisenziyasının olması (enic-naric.net keçidindən istifadə
etməklə müvafiq məlumatı əldə etmək
mümkündür) mütləqdir.
Nəzərdə tutulmuş təhsilin normativ müddətinin
azı yarısı qədər təhsil alınan ölkənin
ərazisində olmaq və tədris müddətinin azı
üçdə ikisində ənənəvi təlim
metodlarına əsaslanan formal təhsilin əldə
olunması (tibb və səhiyyə ixtisaslarına münasibətdə
təhsilin bütün normativ müddətində təhsil
alınan ölkənin ərazisində olmaq), müvafiq
qaydalara əsasən ölkə ərazisində yalnız ənənəvi
təlim metodlarına əsaslanan formal qaydada əyani və
qiyabi təhsilalma formasında (qiyabi "Baytarlıq təbabəti"
və "Əczaçılıq" ixtisasları istisna
olmaqla) əldə olunmuş kvalifikasiyalara münasibətdə
tanınmanın həyata keçirildiyinin nəzərə
alınması vacibdir.
Tədris müddətində seçilən dərslərin
ixtisasla uyğunluq təşkil etməsi və minimum kredit həcminin
qarşılanması, "Açık öğretim" təhsilalma
formasında əldə olunmuş kvalifikasiyaların ölkə
ərazisində tanınmaması mütləqdir.
Agentlikdən qeyd olunub ki, sözügedən Qaydalara əsasən,
xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan
Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə
qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə
məşğul olmaq hüququ əldə edə bilməsi
üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən
tanınması şərt olaraq qanunvericilikdə təsbit
olunub.
Bundan əlavə bildiririk ki, vətəndaşlarımıza
dəstək məqsədilə TKTA-nın internet səhifəsində
Agentliyə edilən müraciətlər əsasında
"Tanınmayan universitetlərin siyahısı"
(https://www.tkta.edu.az/p/diplomlari-taninmayan-universitetlerin-siyahisi) və
"Ən çox imtina alan universitetlərin
siyahısı"
(https://www.tkta.edu.az/p/en-cox-imtina-alan-universitetlerin-siyahisi) dərc
edilib.
Eyni zamanda vətəndaşlarımız qeyd edilən
məsələlərlə bağlı daha ətraflı məlumat
əldə etmək üçün
Agentliyin 146-8 Çağrı Mərkəzinə zəng
edə və ya info@tkta.edu.az elektron poçt ünvanına
yaza bilərlər. Agentlik, vətəndaşlarımıza
müvafiq seçim etməmişdən əvvəl
yuxarıda qeyd edilən Qaydalarla tanış olmağı
tövsiyə edir.
Agentlikdən qeyd olunub ki, xarici dövlətdə əldə
edilən kvalifikasiyanın tanınması şəxsin həmin
kvalifikasiyaya Azərbaycan ərazisində ekvivalent (bərabərhüquqlu)
hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil
müəssisələrindən birində davam etdirmək və
həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə
məşğul olmaq üçün hüquq əldə etməsidir.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq
edilən qaydalara əsasən, ekspertiza zamanı sənədi
verən ölkədə və Azərbaycanda təhsilin
müvafiq strukturlarına qoyulan tələblərin
uyğunluğu, tədris planının və
proqramlarının məzmunu, eləcə də öyrənilən
fənlərin həcmi nəzərə alınaraq müəyyən
olunur. Bu səbəbdən, xaricdə alınan ali təhsil
ixtisasının ekvivalentinin Azərbaycanın mövcud təhsil
qanunvericiliyində nəzərdə tutulan ixtisasların təsnifatında
olması zəruridir. Əks təqdirdə, qaydalara uyğun olaraq,
əldə olunan ixtisasın ölkə ərazisində
tanınması və ekvivalentliyinin müəyyən edilməsi
mümkün hesab edilmir: "Ali təhsil sahəsində əldə
edilən ixtisasların tanınması prosesi Nazirlər
Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən
qaydalarda nəzərdə tutulan meyarlar üzrə həyata
keçirilir. Sözügedən meyarlar üzrə təhlilin
nəticəsi müsbət qiymətləndirilərsə, əldə
olunan ali təhsil ixtisasının tanınması
mümkün hesab edilir".
Onun sözlərinə görə, xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyalarının tanınması məqsədilə
ərizələrin qəbulu yalnız elektron qaydada həyata
keçirilir: "Qeyd edim ki, bakalavr diplomu xarici ali təhsil
müəssisəsi tərəfindən verildikdə, ilk
öncə həmin diplom üzrə kvalifikasiyanın
tanınması üçün müraciət
olunmalıdır. Tanınma üçün tələb
olunan sənədlər elektron ərizə vasitəsilə
müraciətçinin şəxsi kabinetinə əlavə
olunmalıdır. Elektron poçt, məktub və ya fiziki
qaydada təqdim olunan sənədlər icraata
götürülmür. Sənədlərin elektron ərizədən
kənar vasitələrlə göndərilməsi müraciətlərə
baxılmasında ciddi gecikmələrə səbəb ola bilər.
Təhsil haqqında sənəd (diplom) və ona əlavə
(transkript) tanınma üçün müraciət olunmadan
verildiyi ölkədə leqallaşdırılmalıdır.
Sonra ərizəçilər tərəfindən təqdim
olunan sənədlərin ekspertizası həyata keçirilir".
Vurğulanıb ki, Təhsildə Keyfiyyət Təminatı
Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların
tanınması üzrə müraciət edən ərizəçilər
barədə mənfi qərarların səbəbləri
arasında iki göstərici üstünlük təşkil
edir. Tələbənin təhsil səviyyəsi və
forması üzrə ali təhsil müəssisəsində tələb
olunan müddətdən az olması. Təhsilin məzmununu mənimsəmək
üçün tələb olunan minimal dil biliklərinin
olmaması: "Yekun olaraq mənfi rəy bir sıra hallarda
verilə bilər. Xarici dövlətdə ali təhsil sahəsində
ixtisas almaq üçün ümumi normativ müddət Azərbaycanda
təhsilin dövlət standartlarında nəzərdə
tutulduğundan bir il az olduqda. Təhsil haqqında sənədin
verildiyi ölkədə onların sahiblərinə həmin sənədin
verdiyi hüquqlar Azərbaycanda müvafiq sənədin verdiyi
hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin
doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə
məşğul olmaq hüququ yoxdursa). Xarici ölkələrdə
verilən təhsil, istiqamətlər (ixtisaslar) üzrə
qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycanda həmin
istiqamət (ixtisas) üzrə belə təhsil formasına
yol verilmədikdə. Sənədi verən ölkədə və
Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan digər
tələblərin uyğunsuzluğu (təhsil müddətində
ciddi fərqlər, təhsil formasının distant olması,
ali təhsil müəssisəsinin akkreditasiyasının
olmaması və s.) aşkarlandıqda. Verilən qərarla
razılaşmadığı təqdirdə, vətəndaşlar
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
38-ci maddəsinə əsasən, inzibati aktın təqdim
(elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul
edilən qərara dair məhkəmədə iddia qaldıra
bilərlər".
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Elm və Təhsil
Nazirliyi tərəfindən diplomları tanınmayan
universitetlərin hər il siyahısı çıxsa da, bu
ali təhsil müəssisələrinə qəbul davam edir.
Azərbaycandan hər il yüzlərlə gənc Ukrayna,
Gürcüstan və Dağıstandakı ali təhsil müəssisələrinə
müraciət edir. Belə demək olar ki, Azərbaycanda gənclər
öz gəncliyini mənasız yerə sərf edirlər:
"Düşünürəm ki, diplomu tanınmayan xarici
universitetlərlə bağlı xeyli maarifləndirmə
işləri aparılmalıdır. Uşaqların çoxu
təhsil şirkətlərinin qurbanına çevrilir".
Ekspert deyir ki, bəzən tələbələri
diplomu tanınmayan xarici universitetlərlə əlaqələndirən
təhsil şirkətləri özlərini reklam edirlər:
"Onlar həmin universitetləri təbliğ edirlər.
İnsanlar belə təhsil şirkətlərinin vədlərinə
ehtiyatla yanaşmaq lazımdır. Nəzərə almaq
lazımdır ki, bu, xeyli sayda tələbənin həyatı
ilə oynamaq deməkdir. Çünki həmin təhsil
şirkətlərinin vasitəsilə Ukraynada,
Gürcüstanda, Dağıstanda və digər xarici ölkələrdə
təhsil alanlar sonda lazımsız sənədə sahib
olurlar. Bu gün məhkəmələrdə nə qədər
belə işlər var ki, həmin universitetlərin məzunları
diplomlarının tanınması üçün
çalışırlar".
N.İsrafilov vurğulayıb ki, saxta diplomlu şəxslərin
ölkəyə heç bir faydası yoxdur: "Əmək
bazarında bu gün diplomlu, amma ixtisası üzrə
savadlı kadrlara ehtiyac var. Ona görə də gənclər
də bu məqamı nəzərə almalı, savadsız
diplomun əhəmiyyətsiz olduğunu anlamalıdırlar. Təssüflər
olsun ki, bu gün də belə şirkətlər fəaliyyətlərini
davam etdirirlər. Onlar hüququ şəxs kimi qeydiyyata
düşərək tələbə qəbulunda həmin
universitetlərə köməklik göstərirlər. Nəticədə
özləri də xidmət haqqı alırlar".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025. -5 aprel(№56).- S.23.