Təbiət
insanı yaşadır və bəzən sınağa çəkir
(Əvvəli 20 mart sayımızda)
Təbiət insanın doğma evi və son mənzilidir.
Təbiətin ona göstərdiyi qayğıya o da nankorluqla
deyil, minnətdarlıqla cavab verməlidir. Heç kəs
öz evinin dağılmasına, yaşayış
üçün yararsıza çevrilməsinə imkan verməməyə
çalışır. Ailə belə münasibəti ilə
yaşadığı evin qorunub saxlanmasını təmin
edir. Buna böyük xərc çəkmək ehtiyacı da
yaranmır, sadəcə, bu evin abad və rahat olmasına diqqət
vermək kifayətdir. Təbiət isə bəşəriyyətin
ümumi evidir, Yer kürəsi hələlik insanın
yaşadığı yeganə planet kimi tanınır. Onu
qorumaq, ona zərbə dəyməsinə imkan verməmək,
bu hazır binanın sahiblərinin çox mühüm
borcudur. Övlad valideyninə xilaf çıxdıqda, onun lənəti
ilə "mükafatlanır". Təbiətin ümumi
övladı olan bəşəriyyət, onun hər bir hissəsi
bu ümumi evin salamat qalmasına çalışmalı, bu
yolda özünün zərərli ambisiyalarını da kənara
qoymalıdır. Təbiətə vurulan hər bir ziyan Yer
kürəsinin ümumi landşaftını korlayır, əvvəlki
vəziyyəti bərpa etmək isə olduqca çətin
olur, bəzən hətta sağalma heç cür
mümkün olmur.
Təbiət ona nankorluqla yanaşana hökmən lənət
timsallı münasibət bəsləyəcəkdir.
Çünki haradasa təbiətin sarsılmaz sayılan
arxitekturasının pozulması, ekologiyaya antropogen xüsusiyyətli
ziyanın vurulması heç vaxt cavabsız qalmır, təbiət
öz qisas mexanizmini işə salır. Hansısa bir ərazidə
təbiətin nizamı pozulursa, Yer kürəsinin ən uzaq
nöqtələrində də onun əks-sədası hiss
olunur. Ona görə də torpaqla, təbiətlə
onların başa düşdükləri qaydada davranmaq
lazımdır. Güman edilir ki, torpağın ağlı
vardır. Bizim isə onu anlamaq üçün
ağlımız vardırmı?
Meşələr
qırıldıqca, çayların su mənbəyi tükənməyə,
bütövlükdə su ehtiyatı azalmağa
başlayır, bu isə öz növbəsində
quraqlığın baş verməsinə, böyük
ölçüdə məhsul itkisinə səbəb olur.
İnsanlar çəkdiyi zəhmət müqabilində məhsul
şəklindəki mükafat imkanından məhrum olur.
Amazonka selvasında ağacların qırılması, meşə
sahəsinin azalması, dünyanın oksigen
rezervuarının sıradan çıxmasına gətirib
çıxara bilər. Atmosferdə istilik zərərli
qaydada artdıqca, quraqlıq, arid zonaların sahəsi
böyüyəcək, Afrikada isə səhralar daha geniş
şəkildə yeni əraziləri zəbt edəcəkdir.
Öz dövlətini daha varlı etmək vəzifəsinə
xidmət edən siyasət isə bəzən hər cür
şərdən xəbər verən macəraların meydana
gəlməsinə səbəb oir.
Bütün bunlar sadəcə əylənmək
xatirinə baş vermir. Var-dövlət hərisliyi öz məqsədinə
çatmaqla yanaşı, həm də belə bədbəxtliklərlə
nəticələnir. Dövlət başçıları
çalışır ki, onun ölkəsi daha varlı olsun,
bunun üçün hər işə əl atır, bu vaxt məqsəd
vasitələrə haqq qazandırır. Digər pis cəhət
bir də ondan ibarətdir ki, var-dövlətə sahib
olmağa can atmaq insan təbiətindəki ən iyrənc
xüsusiyyətləri də üzə çıxarır.
Pis davranışın miqyasının artması isə Yer
kürəsinin də məhvinə səbəb ola bilər.
Bütün belə fəaliyyət qlobal fəlakətə,
ömür sürdüyümüz planetin real məhv
olması təhlükəsinə gətirib çıxara bilər.
Bu vaxt insan nəslini qoruyub saxlamaq üçün başqa
planetdə yaşamaq imkanını axtarmaq variantı meydana gəlir.
Marsda suyun mövcudluğu təsdiq olunduqdan sonra, onun insanlar
üçün sığınacaq yeri olması ideysı
daha əlverişli şans kimi qəbul edilmişdir.
Böyük amerikan tədqiqatçısı, öz kəşfləri
və inqilabi lahiyələri ilə məşhurlaşan
İlon Mask bu ideyanı var
gücü ilə müdafiə edir. O, başqalarından fərqli
olaraq utopiya generatorluğu ilə məşğul olmur,
sırf iş və yorulmaz fəaliyyət adamıdır.
Maskın raketləri "Shuttle" ("məkik")
prinsipi ilə uçmaqla, Yerdən Marsa uğurlu səfərlər
edib, qayıdır. O, Marsda insanlar üçün
sığınacaq yaradılmasında fəal iştirak etməyə
də hazırdır. İnsan qrupu Qırmızı planetdəki
lava mağaralarında yerləşəcəkdir. Bu
mağaraların ərazisi də nisbətən genişdir.
Lakin onlarda yaşamaq heç də asan olması ilə
seçilmir. Mağarada gün ərzində
temperatur 10 dərəcə istidən 40-50 dərəcə
şaxtaya qədər dəyişir. Yəqin ki, insanlar
soyuğa davamlı paltarla və digər vasitələrlə
təmin ediləcəkdir ki, belə şəraitdə
yaşaya bilsinlər.
Əlbəttə,
Marsdakı sığınacaqda hətta qısa müddətə
də yaşamaq, Yer üzündə olduğundan çox
çətindir. Axı
sığınacaq kimi istifadə edildiyindən, ondan rahat
şərait ummaq da düzgün deyildir. Buradan belə bir
şübhə edilməyən nəticə
çıxır - bəşəriyyət öz rahat evi olan
Yer kürəsini qorumalıdır, ona ziyan vurmağa son
qoymalıdır. Belə münasibət təkcə doğma
planetimizi deyil, bütövlükdə bəşəriyyətin özünün də müdafiəsini
təmin edəcəkdir.
Vaxtilə böyük türk şairi Nazim Hikmətin
başqa məqsədlə dediyi kimi:
"Biz öz-özümüzlə
yarışdayıq, gülüm,
Ya səadətə pənah aparacağıq,
ya da dünyamıza çökəcək
ölüm".
Şair atom silahından istifadə təhlükəsinə
görə belə kəskin proqnozla çıxış
etmişdi, çünki ona 1945-ci ilin avqustunda Hirosima və
Naqasakinin atom bombası zərbəsindən görünməmiş
dağıntıya məruz qalması və böyük sayda
insan tələfatına səbəb olması məlum idi.
Soyuq müharbənin daha da qızışması, iki fövqəl
dövlət arasında silahlanmanın böyük
ölçüdə artması da yeni təhlükələr
meydana gətirirdi. Müəllif düzgün seçimin yenə
insandan asılı olduğunu vurğulamışdı. Bundan
hələ 60 il əvvəl, 1903-cü ildə Nobel
mükafatı laureatı Pyer Küri arvadı Mariya
Skladovskaya-Küri ilə birlikdə icad etdikləri uran atomunun
parçalanmasının və atom enerjisindın istifadənin
həm də bədbəxtlik gətirməsi
mümkünlüyü barədə xəbərdarlıq
etmişdi. Təəssüf ki, onun öncəgörməsi təkcə
düşməni məğlub edib, diz çökdürmək
naminə amerikanların Yaponiyaya atom bombası atılması
ilə deyil, həm də 1986-cı ildə SSRİ ərazisindəki
Çernobıl atom elektrik stansiyasında baş verən dəhşətli
qəza vaxtı öz təsdiqini tapmışdı.
Bu vaxt amerikan yazıçısı Cek Londonun "Həyat
eşqi" hekayəsində təsvir etdiyi hadisə yada
düşür. Uzun müddət ac qalan adam qarlı düzənlikdə
taqətdən düşdüyü bir vaxtda, özü kimi
ac canavarla rastlaşır. Canavar onu yesə,
aclığına son qoya bilər. İki zəif varlıq
öz həyatlarını xilas etmək naminə savaşa
girirlər. Canavar öz təbiətinə xas olan
yırtıcılıq keyfiyyətlərini, qüvvəsini məhvedici
aclıq hesabına itirdiyindən, həmin adam var
gücünü toplayıb onu boğub öldürə bilir
və özü də bu vaxt huşunu itirir. Təsadüfən
bu bədbəxtə rast gələnlər onu xilas edib, gəmiyə
gətirirlər. Aclıq onun psixikasına elə güclü
təsir göstərmişdi ki, bol-bol yedizdirildiyinə
baxmayaraq, qara günün qorxusundan özünə
yığdığı çörək
qırıqlarından ehtiyat yaratmışdı.
Bəşəriyyət isə indi o qədər də
zəif deyildir və heç də başqa planetdən gələn
hansısa bir yırtıcı tipli varlıqla hələlik
rastlaşmamışdır. Dövlətlər timsalında o
özü özüylə vuruşmağa girişmişdir,
görünür, bəzi dövlət rəhbərlərinin
şüurunda da xoşagəlməz dəyişikliklər
meydana gəlmişdir. Axı tarixən xalqın
başladığı müharibə nümunəsi mövcud
olmamışdır. Müharibələri adətən
güc başlayır və onlara da yalnız güc son qoyur.
Güc isə real hakimiyyətə malik olan dövlət rəhbərinin
səlahiyyətindədir. Diplomatiya da gücə tabe
olduğundan, yalnız müharibəyə son qoymaq barədə
dövlət rəhbərinin iradəsini yerinə yetirmək
üçün sənədlər hazırlamaqla məşğul
olur. Hərb maşınını işə salan da, onun fəaliyyətini
dayandıran da məhz dövlət rəhbəridir.
Hazırda müharibə aparmaq kimi belə sərsəm fəaliyyət
davam etsə, həddi aşan cəhdlər planeti məhv etmək
kandarına yaxınlaşdıra bilər. Əgər belə
intensiv dağıdıcı fəaliyyətə xidmət edən
siyasət dayandırılmasa, faciəli sonluq nə vaxtsa
özünü büruzə verməkdə heç də
gecikməyəcəkdir.
Təəssüf ki, XXI əsrin
başlanğıcında dünyanın müxtəlif
guşələrində yanan müharibə tonqalı
böyük təhlükədən xəbər verir. Bu alov təkcə
qonşu regionları deyil, bütün dünyanı qarsa bilər.
Son vaxtlar müxtəlif bəhanələrlə
ört-basdır edilən imperialist meyllər güclənmişdir.
SSRİ-nin mövcudluğu dövründə həqiqi və
ya saxta olmasının fərqinə varmadan, xalqlar
dostluğunun süni nazik folqasına bürünmüş
birgəyaşayış, bir andaca qatı millətçilik
həmləsi ilə dağıldı, yeni yaranmış
qurama yorğan tipli kiçik bir dövlət öz
qonşusuna silahlı təcavüzü ilə onun geniş ərazini işğal etdi.
Bu iyrənc haqsızlığa yalnız üç onillik
sonra son qoymaq mümkün oldu və təcavüzkar
ağır məğlubiyyətə düçar oldu.
Əsr boyu özlərini qardaş adlandıran iki slavyan
xalqı arasında qanlı müharibə başlandı və
ona son qoyulması cəhdi də ciddi xarakter
daşımadığından, hələlik fayda vermir.
Yaxın Şərqdə də bomba partlayışları
musiqi alətlərinin yaratdığı zəif
melodiyaların səsini batırmaqla, daha çox eşidilir.
ABŞ-nin dövlət siyasətində də iqtisadi məcburiyyət
vasitələrini tətbiq etməklə qonşu dövlətləri
öz tərkibində ştat kimi əritmək niyyətləri
açıqca elan edilir. Birləşmiş Ştatların
tarixində belə hallar olmuşdur. XIX əsrin ortalarında
Meksikadan ayrılıb, özünü müstəqil dövlət
elan edən Texas az sonra ABŞ-nin yeni ştatına
çevrilmişdi.
Vaxtilə dünyanın Almaniya kayzeri II Vilhelmin
iddialarına və yenə həmin ölkədə fürer
titulunu daşıyan Adolf Hitler kimi yeni quduzun baş
qaldırmasına məhəl qoylumaması ilə başlanan
iki Dünya müharibəsi, insan həyatının
ağır itkilərinə və nəhəng miqyasdakı
dağıntılara səbəb oldu. Bəşəriyyət,
onların ambisiyalarının həyata keçirilməsi cəhdlərinə
görə ağıla gəlməyən qurbanlar verməyə
məcbur oldu. İndi də kiminsə hansısa
aldadıcı ideyasına məhəl qoymamaq, daha
böyük fəlakətlərə səbəb ola bilər.
Ona görə də müharibə alovu daha iri regionlara
yayılmamış, bu odu söndürmək zərurəti
yaranır. Adətən yanğın çox sürətlə
yayılır və daha böyük əraziləri məhv
etməyə başlayır. Bu yaxınlarda Los-Ancelesdə
baş verən yanğın yaratdıgı fəlakətə
görə deyilənləri təsdiq edir. Ağılsız
siyasət cəhdləri davam etsə, gündəliyə
Üçüncü Dünya müharibəsinin də
qoyulması baş verə bilər və bu dəhşətli
variantın reallaşması
planetin bütünlüklə məhvinə aparıb
çıxarardı. Vaxtilə gestapo tərəfindən
tutulub həbs edilmiş və 1943-cü ildə dustaqxanada edam
edilən görkəmli çex antifaşisti Yulius
Fuçikin "Boynunda kəndir asılanın
reportajı" əsərində yazdığı
"İnsanlar, sayıq olun"
çağırışı bu gün həmişə
olduğundan, bəlkə də daha aktual səslənir.
Planetin taleyi səlahiyyət sahibləri olan xırda
bir qrup insanın əlindədir. Dünya, arası kəsilməyən
müharibələrə cəlb olunmaqla, həm də təbiətə
izafi təzyiq göstərməklə öz məhvinə
yaxınlaşa və ya onu sürətləndirə bilər.
Bəşəriyyət, özünün daha xoşbəxt gələcəyi
naminə təbiət adlanan öz evini hər cür təhlükələrdən
qorumalıdır. Rahat yaşamağa öyrənmiş insan
öz doğma evinə azacıq da olsa təhlükə
törətmək kimi ağılsız fikirə düşsə,
birinci növbədə üstündə oturduğu
budağı kəsməklə, özünü daha
ağır problemlərlə üzləşdirəcəkdir.
Böyük inkişaf yolu keçmiş və homo sapience
adlanan müdrik insan buna yol verməməlidir,
əks təqdirdə, bu, özünün məhvinə aparan
intihar qaydasındakı sərsəm bir hökmü icra etmək
xarakteri daşıyacaqdır.
SON
11.01.2025-ci il
Telman ORUCOV
525-ci qəzet .- 2025. -5 aprel(¹56).- S.22.